Müsahibimiz Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur
- Nazim müəllim, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə diaspor təşkilatlarına, xaricdə yaşayan azərbaycanlılara nə kimi arzularınız, tövsiyələriniz var?
- Bu bayram hər bir azərbaycanlı üçün xüsusi məna kəsb edən bir bayramdır. Zaman keçdikcə biz Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunmasının nə qədər uzaqgörən və müdrik bir qərar olduğunu daha aydın şəkildə görə bilirik. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilməsi haqqında Naxçıvan Ali Məclisində qəbul olunmuş qərar 50 milyonluq bir xalqın tarixində mühüm bir hadisə idi. Azərbaycan xalqının tarixində əhəmiyyətli bayramlar çoxdur. Bu bayramın başqa bayramlardan fərqi ondan ibarətdir ki, o daha çox ideoloji məna kəsb edir. Azərbaycançılıq ideologiyasının təbliğini, dünya azərbaycanlılarının həmrəyliyi və birliyi ideyalarını təcəssüm etdirir. Dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi və xalqımızın dünyada layiqli yer tutması bu bayramın ideoloji məzmununu təşkil edir. Bu gün dünyanın hər bir yerində yaşayan azərbaycanlılar həmrəylik gününü qeyd edir və azərbaycanlıların yaşadığı bütün ölkələrdə müxtəlif tədbirlər təşkil olunur.Dünya Azərbaycanlılarının III Qurultayında və bu il keçirilmiş Dünya Azərbaycanlılarının Onlayn Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev diaspor təşkilatlarına çox dəyərli tövsiyələrini verdi, bir sıra ideyalar səsləndirdi. Hər bir diaspor təşkilatı cənab Prezidentin tövsiyələrini yerinə yetirmək üçün daha böyük əzm və səylə çalışmalıdır.
- Bu il ərzində diaspor qurumlarının gördüyü işlər nədən ibarətdir?
- Diaspor quruculuğu sahəsində 2013-cü ili uğurlu il hesab etmək olar. Belə ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların cəmiyyətə inteqrasiyası və milli maraqlarımızın müdafiəsinə cəlb olunması, müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması istiqamətində 472 tədbir həyata keçirilmişdir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkəmizin milli maraqlarının müdafiəsi işində çox fəal iştirak edir. Əsas məsələ ondan ibarətdir ki, diaspor təşkilatları artıq fəaliyyət göstərdikləri ölkələrin dövlət orqanları, kütləvi informasiya vasitələri, siyasi partiyaları, ictimai birlikləri, qeyri-hökumət təşkilatları ilə əlaqələr qurmağa nail olur. Bildiyiniz kimi, cənab Prezidentin Dünya Azərbaycanlılarının III Qurultayında diaspor təşkilatlarına əsas tövsiyələrindən biri ictimai-siyasi proseslərdə fəal iştirak etmələri ilə bağlı idi. Ona görə də diasporun siyasi partiyalar, dövlət orqanları, eləcə də QHT və KİV-lərlə əlaqələri çox mühüm əhəmiyyətə malikdir. Hesab edirik ki, bu sahədə işin miqyasını daha da genişləndirmək vacibdir.
- 2013-cü il ərzində keçirilən ən əhəmiyyətli tədbirlər hansılar olmuşdur?
- Bu il bizim bir çox əhəmiyyətli tədbirlərimiz keçirilmişdir. Mən ilk öncə beynəlxalq əhəmiyyət daşıyan Cənubi Qafqaz Forumunu qeyd etmək istəyirəm. Belə ki, bu il may ayının 7 və 8 - də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Madrid Klubunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş forumun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. Forumda Madrid Klubunun, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, dünyanın müxtəlif ölkələrindən 300-dən çox ekspert, yüksək səviyyəli rəsmilər, sabiq dövlət və hökumət başçıları, alimlər iştirak etmişdir. Cənubi Qafqaz Forumunun sonuncu günü Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb. Daha sonra iyunun 21 - də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci forumu keçirilmişdir. Forumun işində dünyanın 44 ölkəsindən 446 nümayəndə iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubu oxunmuşdur. Forumda, həmçinin Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentlərinin də iştirakçılara təbrik məktubları səslənmişdir. Forumun yekununda Bakı Bəyannaməsi və Azərbaycan Prezidenti İlham Əliyevə, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan Prezidenti Almazbek Atambayevə və Türkiyə Prezidenti Abdullah Gülə müraciət qəbul olunmuşdur. Məlum olduğu kimi, bizim fəaliyyətimizin əsas istiqamətlərindən biri də Xocalı soyqırımının dünya ölkələri tərəfindən rəsmi şəkildə tanınmasına nail olmaqdır. Bu səpkidə fəaliyyətimizin nəticəsidir ki, ABŞ-ın Nyu-Meksiko, Arkanzas, Oklahoma, Tennensi, Pensilvaniya və digər ştatlar Xocalı soyqırımını rəsmən tanımışdır. Daha sonra bu ilin yanvarın 26-da Amerika Azərbaycanlılarının şəbəkəsi (USAN) və ABŞ-da yaşayan azərbaycanlılar Prezident Barak Obama Administrasiyasının Xocalı qətliamını və müharibə cinayətlərini, eləcə də faciə qurbanlarını tanıması məqsədilə ağ evin rəsmi veb-səhifəsində petisiya yerləşdirmişlər. Xarici ölkələrdə yaşayan həmvətənlərimizin, Azərbaycan diaspor fəallarının, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının və yerli ictimaiyyətin aktiv fəaliyyəti nəticəsində petisiyaya toplanılan imzalar vaxtından əvvəl toplanmışdır. Fevralın 26 - da petisiyanı imzalayan hər bir kəsə Ağ Evdən gələn cavab məktubunda ABŞ-ın Azərbaycan və Ermənistan arasındakı müharibə zamanı insanların faciəli ölümünə dərindən təəssüfləndiyi vurğulanmışdır.
“2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq dekabrın 2 və 3 - də “BakuTel-2013" XIX Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Dünya Azərbaycanlıların Onlayn Forumu" layihəsi təqdim edilmişdir. Prezident İlham Əliyev onlayn videokonfrans sistemi vasitəsilə Azərbaycan diaspor nümayəndələri qarşısında çıxış edərək onlara öz tövsiyələrini vermiş, fəaliyyətlərində yeni uğurlar arzulamış və onlayn videokonfrans sistemi vasitəsiləAzərbaycan diaspor nümayəndələri ilə təmasda olmağından məmnunlugunu bildirmişdir. Bu il bizim üçün əhəmiyyətli olan digər tədbir isə, komitəmizin təşkilatçılığı ilə xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etmək məqsədilə distant təhsil üzrə layihənin reallaşması olmuşdur.
- Son zamanlar Rusiyada yaranmış vəziyyət haqqında rəhbərlik etdiyiniz komitənin mövqeyini öyrənmək istərdik.
- Son zamanlar Rusiyada miqrantlara qarşı göstərilən təzyiqlər tərəfimizdən narahatlıqla qarşılanmışdır. Bu problemləri yerindəcə araşdırmaq və həll etmək üçün əməkdaşlarımız Rusiya Federasiyasına ezam olunmuşdur. Həqiqətə sığmayan yanlış məlumatlar nəticəsində miqrantlara qarşı olan aqressiv münasibətlərə etiraz əlaməti olaraq diaspor təşkilatları bəyanatlarla çıxış etmişdir. Məişət zəminində baş vermiş adi bir qətl hadisəsinin Rusiya kütləvi informasiya vasitələrində etnik kontekstdə ictimailəşdirilməsi bizi çox narahat edir. Biz o zaman da məsələyə dair mövqeyimizi çox açıq şəkildə ifadə etdik və bildirdik ki, cinayətkarın milliyyəti olmur. Hər hansı bir şəxs cinayət törətməkdə şübhəli bilinirsə, onun bu cinayəti törətdiyi qanunauyğun şəkildə sübuta yetirilməlidir.
Hazırda biz bu məsələni diqqətdə saxlayırıq və Ümumrusiya Azərbaycanlıları Konqresinin mərkəzi ofisində həmvətənlərimizə hüquqi kömək göstərilməsi məqsədilə təcrübəli hüquqşünaslardan ibarət operativ qərargah fəaliyyət göstərir. Rusiyada yaşayan azərbaycanlı miqrantların hüquqi maarifləndirilməsi istiqamətində də bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Biz hesab edirik ki, meydana çıxan problemlərin həlli üçün ilk növbədə Rusiyada yaşayan azərbaycanlıların hüquqi maarifləndirilməsi işini gücləndirmək lazımdır. Bununla əlaqədar Dövlət Komitəsinin müvafiq şöbələri müxtəlif təkliflər, ideyalar üzərində işləyir. Eyni zamanda, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının daha da güclənməsi istiqamətində də tədbirlər görmək lazımdır. Paralel olaraq Rusiyanın müvafiq dövlət orqanları və hökumət strukturları ilə dialoqa xüsusi diqqət yetirilməlidir. Yəni bu istiqamətlərin hər biri üzrə ciddi iş aparılmalıdır. Çünki onlardan biri olmayanda digərinin səmərəliliyi də aşağı düşür. Biz işimizi bu cür qurmuşuq və hesab edirik ki, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi, Ümumrusiya Azərbaycan Konqresi ilə birlikdə bu sahədə yaranan problemlərin aradan qaldırılmasına nail ola biləcəyik.
- Növbəti illərdə fəaliyyət baxımından hansı planlar nəzərdə tutulmuşdur?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayında öz çıxışı zamanı qeyd etmişdir ki, hər bir vətəndaşımız məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməlidir. Bizim də gələcək illərə dair ən prioritet vəzifələrimizdən biri budur. Artıq bu istiqamətdə bir çox tədbirlər görülmüşdür. Amma biz bunu daha da genişləndirmək niyyətindəyik. Biz çalışırıq ki, xarici ölkələrdə məskunlaşan hər bir vətəndaşımız yaşadığı cəmiyyətdə özünə etimad qazansın. Belə olan halda, qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilərik. Eyni zamanda, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş Dünya Azərbaycanlılarının Onlayn Forumu layihəsini genişləndirməyi planlaşdırırıq. 2014-cü ildə Bakıda Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birlikdə II Cənubi Qafqaz Forumunun keçirilməsi nəzərdə tutulub.
Dövlət Komitəsinin dəstəyi ilə yaradılmış xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dilini tədris edən distant təhsil mərkəzinin fəaliyyətinin əhatə dairəsini daha da genişləndirmək də vəzifələrimiz sırasındadır. Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması və Rusiyada yaşayan soydaşlarımızın yaranmış problemlərinin həlli ilə bağlı planlarımız var. Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dünya azərbaycanlı alimlərinin forumunun keçirilməsi ilə bağlı məsləhətləşmələr aparılır.
Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.