Doktor Bəhram Əmirəhmədiyan: "Azərbaycan Respublikası regionda yeni və strateji güc mərkəzidir"

1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı təkcə Azərbaycan Respublikasında yox, bütövlükdə Qafqazda baş verən ictimai-siyasi, iqtisadi və hərbi proseslərin məcrasını müsbətə doğru dəyişdi.
Heydər Əliyevin uzaqgörən siyasəti, yeni müharibələr və münaqişələr ocağına çevrilən Qafqazda uzunmüddətli sülhün, əmin-amanlığın, səmərəli iqtisadi inkişafın əldə edilməsinin əsasını qoydu. Azərbaycanın uzaqgörən neft strategiyası dünya birliyinin diqqətini Qafqaza yönəltdi. Bununla da böyük dövlətlər və beynəlxalq təşkilatlar regionun perspektiv imkanları ilə hesablaşmalı oldular. Mövzunun aktuallığını nəzərə alaraq bu barədə xarici ekspertlərin fikir və mülahizələrini, təhlil və proqnozlarını oxuculara təqdim etmək maraqlı olar. Beləliklə müsahibimiz Tehran Universitetinin professoru, Qafqaz və Orta Asiya məsələləri üzrə ekspert, doktor Bəhram Əmirəhmədiyan suallarımızı cavablandırır.
- Bəhram bəy, Azərbaycan Respublikasının inkişaf strategiyasını necə qiymətləndirirsiniz?
- Azərbaycan tarixən Qafqazda ən böyük təbii imkanlara malik bir ölkə olmuşdur. Bu imkanlar müasir dünyanın ortaya çıxardığı perspektiv resurslar - müasir texnologiyalar, sənayenin, kənd təsərrüfatının və başqa sahələrin inkişafı əsasında daha da genişlənmişdir. Azərbaycan Respublikası həm geosiyasi, həm də coğrafi mövqeyinə görə Qafqazda və Xəzəryanı dövlətlər arasında xüsusi əhəmiyyətə malikdir. Qafqaz və Xəzəryanı dövlətlərdən heç biri Azərbaycanın coğrafi imkanlarından istifadə etmədən böyük nailiyyətlər əldə edə bilməz. Azərbaycan xalqının lideri, mərhum Prezident Heydər Əliyev məhz sadaladığım imkanları düzgün qiymətləndirməklə böyük nailiyyətlər qazana bilmişdi. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan Respublikasını regionda yeni və strateji güc mərkəzinə çevirmişdir. Çox əlamətdardır ki, dövlət öz gücündən sülhməramlı məqsədlər üçün istifadə etmək niyyətindədir. Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələr region ölkələrinin kompleks inkişafına hesablanmış strategiyadır.
- Azərbaycanın neft strategiyasının regional inkişafa təsirini necə görürsünüz?
- İnkişaf ilk növbədə insanların rifahına, sülhə, əmin-amanlığa xidmət etməlidir. Hazırda Azərbaycan Respublikası 1990-cı illərdəki kasıb və zəif ölkə deyildir. Dövlətin o dövrdəki qarışıq siyasəti ilə indiki məqsədyönlü və böyük nailiyyətlər əldə edən siyasətini də eyniləşdirmək olmaz. Prezident İlham Əliyev dövlət idarəçiliyi təcrübəsini həm ailədə toplayıb, həm də Moskva Beynəlxalq Münasibətlər İnstitutunda əldə edibdir və dövlət başçısı kimi qazandığı uğur və nailiyyətlərdə həmin faktlar inkarolunmazdır. 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqavilələri imzalanandan az sonra neft hasilatı artmış, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri istifadəyə verilmişdir. Azərbaycanda mərkəzi hakimiyyətin güclü olması və Yeni Azərbaycan Partiyasının xalq kütlələrini tam əhatə etməsi ölkə daxilində ictimai-siyasi sabitliyin qorunmasını təmin edən əsas amillərdəndir.
Azərbaycan müstəqilliyinin ilk illərində qonşu dövlətlərdən çox asılı idi. Lakin indi çoxtərəfli inkişafın nəticəsidir ki, Azərbaycan öz asılılıq riskini tamamilə aradan qaldırmışdır. Bu ölkə faktiki olaraq beynəlxalq maliyyə qurumlarının və Qərb dövlətlərinin investisiya yönəltdiyi mərkəzə çevrilmişdir. Digər tərəfdən isə Azərbaycan artıq donor ölkəyə və sərmayə yatırmağa qadir bir məmləkət rolunda çıxış edir. Əlbəttə ki, neft həmişə iqtisadiyyatın inkişafında aparıcı resursdur. Lakin Azərbaycan ölkə iqtisadiyyatını hərtərəfli inkişaf etdirməklə büdcənin neftdən asılılığını aradan qaldırmağa səylər göstərir və nəticələr böyükdür. Artıq bir neçə ildir ki, Azərbaycanda ümumi daxili məhsul ikirəqəmli göstəricilərlə dünya ekspertlərinin diqqətini çəkmişdir. Dünyadakı iqtisadi böhrandan Azərbaycan alnıaçıq çıxa bildi. 2008-ci ildə Azərbaycanda iqtisadi artım 2007-ci illə müqayisədə 10,8 faiz olmuşdur. Adambaşına düşən ümumi daxili məhsul da sürətlə artmaqdadır. Təbii ki, bütün bunlar ticarət dövriyyəsinin həcmini qat-qat artırmışdır.
- Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə nə deyə bilərsiniz?
- Azərbaycan xarici siyasətini bərabərhüquqluluq əsasında qurmuşdur. Bu, xarici dövlətlərlə yaradılan ikitərəfli və çoxtərəfli əlaqələrdə olduğu kimi, beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərində də belədir. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, həyata keçirilən düzgün xarici siyasət Azərbaycana olan rəsmi get-gəli sürətlə artırmışdır ki, bu da birmənalı olaraq Azərbaycanın və ölkə əhalisinin maraqlarına uyğundur. Məsələn, YUNESKO və İSESKO tərəfindən 2009-cu ildə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindəndir. Bu sırada onlarla misal çəkmək olar ki, Azərbaycan öz real imkanları ilə bir tərəfdən bəşəri dəyərlərə xidmət edən layihələr reallaşdırır, digər tərəfdən isə öz tarixini və müasirliyini dünya birliyinə incə çalarlarla çatdırır.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə nə deyə bilərsiniz?
- Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Ermənilər keçmiş Sovetlər İttifaqının dağılması ərəfəsində yaranmış siyasi şəraitdən istifadə edərək Dağlıq Qarabağı və ona bitişik olan əraziləri zəbt ediblər. Lakin bu təcavüz uzun sürə bilməz. Ən azı ona görə ki, Azərbaycan Respublikası və onun xalqı bütün göstəriciləri ilə Ermənistandan və onun əhalisindən üstündür. Azərbaycanın ərazisi Ermənistandan təxminən 3 dəfə böyükdür. Azərbaycanda 9 milyon nəfər əhali yaşayır. Proqnozlara görə, bu ölkədə 2025-ci ilədək əhalinin sayı 9,7 milyon, 2050-ci ildə isə 11,6 milyon nəfərə qədər artacaqdır. Ermənistanda isə əhalinin sayı 3 milyon nəfərdir. Bu ölkədə 2025-ci ilə qədər təbii artımla əhalinin sayı təxminən 3,4 milyon nəfərə çatacaq və həmin dövrdən 2050-ci ilə qədər Ermənistanda əhalinin artmayacağı proqnozlaşdırılır. Azərbaycanda əhalinin əksəriyyətini gənclər təşkil edir ki, ölkədə həyata keçirilən siyasət gəncləri hərtərəfli təlim keçmiş milli qüvvəyə çevirir. Bütün bu sadalanan amillər təbii resurslardır ki, onların hamısında Azərbaycan üstündür. Lakin işğal faktı da gerçəkdir. Azərbaycan sülh danışıqları yolu ilə münaqişənin nizamlanmasına üstünlük verir. Bu istiqamətdə beynəlxalq ictimaiyyətlə böyük və tarixi əhəmiyyətli işlər görülüb.
Hesab edirəm ki, Azərbaycanın hərtərəfli inkişafı işğal faktını xeyli üstələmişdir. Bu inkişaf yaxın gələcəkdə Dağlıq Qarabağ ermənilərinin könüllü şəkildə Azərbaycan Respublikasının tərkibində yüksək muxtariyyatla yaşamalarına razı olmalarını təmin edəcəkdir.

{nl}

Sabir ŞAHTAXTI, AzərTAc-ın xüsusi müxbiri
Tehran


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında