Mətbuatda xəbər verildiyi kimi, bu yaxınlarda İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisad elmləri namizədi Vüqar Bayramov Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri seçilmişdir. Bu münasibətlə müxbirimiz V.Bayramovdan müsahibə almışdır. Həmin müsahibəni oxuculara təqdim edirik.
– Vüqar müəllim, Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri seçilməyiniz münasibətilə sizi təbrik edirik. Bu forumun fəaliyyəti və iş prinsipləri barədə ətraflı məlumat verməyinizi xahiş edirik.
– Səmimi təbriklərə görə təşəkkür edirəm. Bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2009-cu ilin may ayında Şərq Tərəfdaşlığının təsis edildiyi Praqa sammitində Avropa Birliyi (AB) ilə birgə anlaşmanı imzalayaraq ölkəmizin Vətəndaş Cəmiyyəti Forumunun formalaşmasında iştirakını təsdiq etmişdir. Məhz bu bəyannamənin dövlət başçısı tərəfindən imzalanması ölkəmizdə bu foruma ciddi önəm verildiyini və Azərbaycanın sözügedən qurum ilə birbaşa əməkdaşlıqda maraqlı olduğunu göstərir. Praqada imzalanan anlaşmaya əsasən, forumun əsas dörd məqsədi göstərilmişdir: vətəndaş cəmiyyətinin Şərq Tərəfdaşlığına cəlb olunması, Şərq Tərəfdaşlığına daxil olan altı ölkədən olan vətəndaş cəmiyyəti təşkilatları (VCT) arasında əməkdaşlığın genişləndirilməsi, vətəndaş cəmiyyətinin hökumətlə dialoqu, AB və altı tərəfdaş ölkədən olan VCT-lər arasında əməkdaşlıq.
Şərq Tərəfdaşlığı çərçivəsində ilk Vətəndaş Cəmiyyəti Forumu 2009-cu ilin noyabrında Brüsseldə keçirilmişdir. Forumda təxminən 200 vətəndaş cəmiyyəti təşkilatı iştirak etmiş, Şərq Tərəfdaşlığı çərçivəsində vətəndaş cəmiyyəti təşkilatlarının daha çox iştirak etməsi üçün böyük potensial aşkar olunmuşdur. İkinci forum bir il sonra Berlində təxminən 230 vətəndaş cəmiyyəti təşkilatının iştirakı ilə baş tutmuşdur. Forumlar çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları təcrübə mübadiləsi aparmış, Şərq Tərəfdaşlığının icrasını müzakirə etmiş, nazirlər səviyyəli görüşlərdə xarici işlər nazirlərinin təklif etdikləri tövsiyələr nəzərdən keçirilmişdir.
Bu il 4-cü forum Moldovanın paytaxtı Kişinyovda təşkil olundu. Həmin forumda 500-dən artıq dövlət, qeyri-dövlət və həmkarlar ittifaqlarının nümayəndələri iştirak etdilər. Azərbaycandan foruma 30-dək təşkilat qatılmışdı.
Qeyd edim ki, Vətəndaş Cəmiyyəti Forumu Belçikada qeydiyyatdan keçib və baş qərargahı Brüssel şəhərində yerləşir. Hazırda forumun daimi katibliyi fəaliyyət göstərir. Forum Şərq Tərəfdaşlığı Proqramına üzv olan ölkələrin hökumət və vətəndaş cəmiyyəti institutları, eləcə də Avropa Birliyinin rəhbərliyi ilə birgə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Avropa Birliyi 2011-2013-cü illər üzrə Qonşuluqda Vətəndaş Cəmiyyəti Mexanizminə dair 20 sentyabr 2011-ci il tarixində qərar qəbul etmişdir. Mexanizm AB-nin şərq və cənubundakı qonşu ölkələrdə islahatların təşviqi və dövlətin cavabdehliyini artırmaq üçün vətəndaş cəmiyyətinin potensialını qüvvətləndirəcəkdir. Ümumi büdcəsi 22 milyon avro olan proqram çərçivəsində qeyri-dövlət təşkilatlarının regional və ölkə səviyyəsində dəstəklənməsi nəzərdə tutulmuşdur.
Bütövlükdə forum Avropa Birliyinin əsas üstün qurumlarından hesab edilir. Qeyd edim ki, Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumu ilə yanaşı, eyni zamanda, regionu əhatə edən ölkələrin millət vəkillərinin cəmləşdiyi AVRONESTİ də təsis etmişdir. Praktiki olaraq forum vətəndaş cəmiyyəti səviyyəsində, AVRONEST isə qanunvericilik sahəsində AB-nin əsas dəstək verdiyi qurumlardır.
Artıq Vətəndaş Cəmiyyəti Forumunun müxtəlif ölkələrdə təşkil etdiyi tədbirlərdə və eləcə də məsləhətləşmələrdə minlərlə hökumət və qeyri-hökumət nümayəndələri iştirak etmişdir. Forum, eyni zamanda, Avropa Birliyi rəhbərliyi ilə də məsləhətləşmələr və müzakirələr aparır. Forumun qərargahının Avropanın siyasi paytaxtında yerləşməsi də onun əsas qərarverici qurumu ilə birbaşa müzakirələr aparmaq və qərarlara təsir göstərmək imkanı verir.
– Bu forum Azərbaycanın Avropa Birliyinə inteqrasiya prosesinə necə təsir edəcək?
– Bildiyiniz kimi, Azərbaycan ötən ayın sonunda keçirilən Vilnüs sammitində Avropa Birliyi ilə viza sadələşdirilməsi barədə anlaşma imzaladı. Bu anlaşmaya sadəcə Şengen vizasının alınmasının sadələşdirilməsi aspektindən deyil, eyni zamanda, Azərbaycanın Avropa Birliyi standartlarına uyğunlaşdırılması konktekstindən yanaşmaq lazımdır. Belə ki, bu anlaşma ölkədə biometrik pasportların dövriyyəyə buraxılmasını təmin etməklə yanaşı, bu sahədə sənədlərin təhlükəsizliyini də reallaşdırır. Sənəd riadmisiya və qeyri-leqal miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi, təhlükəsizlik və ədliyyə sahəsində əməkdaşlıq, həm də Azərbaycanın xarici əlaqələrinin təkmilləşdirilməsi baxımdan da əhəmiyyətlidir. Bu anlaşma Azərbaycan ilə birlik arasında aparılan, eləcə də başlanılması gözlənilən digər əməkdaşlıq istiqamətlərinin reallaşdırılması baxımdan pozitiv təsirlərə malikdir. Ümumiyyətlə, bu anlaşma Azərbaycanın Avropaya yaxınlaşması baxımından yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.
Forum da AB ilə Azərbaycan arasında viza sadələşdirilməsi və digər mühim sənədlərin imzalanmasının reallaşması istiqamətində fəaliyyət göstərir. Sözügedən təşkilat AB ilə Şərq Tərəfdaşlığı Proqramına üzv olan ölkələr arasında hazırda icra edilən yol xərtəsinin monitorinqini həyata keçirir. Forum yalnız AB ilə Azərbaycan arasında deyil, eyni zamanda, digər ölkələr arasında gedən danışıq və müzakirələrdə fəal iştirak edir.
AB-nin sözügedən forumunun əsas məqsədi ölkələrin Avropaya inteqrasiyası olduğundan təbii ki, bu qurum Azərbaycanın da “köhnə qitə”yə inteqrasiyasına müsbət təsir göstərəcək və bu prosesə öz töhfəsini verəcək. Qeyd edim ki, Gömrük İttifaqına yeni üzv olan Ermənistanın Avropa Birliyi və Rusiyaya münasibətdə siyasətini təhlil etdikdə, Azərbaycanın bu sahədəki xarici siyasətinin necə uğurlu bir siyasət olduğu daha aydın görünür. Ermənistanın Avropa Birliyi ilə uzunmüddətli müzakirələr apararaq Azad Ticarət Anlaşmasını (DCFTA) imzalamağa bir neçə ay qalmış Gömrük İttifaqına qoşulması Brüsseldə İrəvana olan inamın ciddi şəkildə itməsinə gətirib çıxardı. Ermənistan əhəmiyyətsiz oyun oynadı. Azərbaycanın sözügedən məsələlərdə balanslaşdırılmış siyasəti Bakıya imkan verir ki, hər iki tərəflə mövcud münasibətləri davam etdirə bilsin. Bu baxımdan, biz də Azərbaycanın hazırkı xarici siyasətinin davam etdirilməsini dəstəkləyirik.
– Sizin belə nüfuzlu beynəlxalq təşkilatda həmsədrliyiniz Azərbaycana nə verəcək?
– Bu posta seçilməyimi ilk növbədə Azərbaycana olan etimad kimi qiymətləndirmək lazımdır. Nəzərə alsaq ki, bu seçimə bütün Şərq Tərəfdaşlığ ölkələri, eləcə də Avropa Birliyinə üzv olan ölkələr səs veriblər, o zaman ölkə təmsilçiliyi olduqca əhəmiyyətlidir. Bu, eyni zamanda, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf göstəricisidir. Artıq Azərbaycanın vətəndaş cəmiyyəti institutları Avropanın aparıcı qurumlarına rəhbərlik edirlər. Bu isə təbii ki, sözügedən sektordakı inkişafdan xəbər verir.
Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumuna azərbaycanlının həmsədr seçilməsi sadəcə Azərbaycanın beynəlxalq aləmdə düzgün və proqressiv təqdim edilməsi baxımından deyil, eyni zamanda ölkəmizlə, xüsusən Qarabağ münaqişəsi ilə bağlı məsələdə Azərbaycanın mövqeyinin müdafiəsi baxımından da əhəmiyyətlidir.
Eyni zamanda, nəzərə alsaq ki, mən forumda ilk azərbaycanlı həmsədrəm, bu baxımdan yeni post daha ciddi məsuliyyət tələb edir. Forumun həmsədri kimi Avropa Birliyində qərarlara təsir imkanları olan şəxslərlə görüşmək və müzakirələr aparmaq imkanına malik olacağam. Bu imkan mənə ölkəmiz haqqında doğru fikrin formalaşdırılması və eləcə də Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məsələləri beynəlxalq müstəvidə qaldırmaq və təqdim etmək üçün yeni rıçaqlar verəcək. Bir məsələni xatırlatmaq istərdim ki, 2011-ci ilin oktyabrında Brüsseldə keçirilən Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin növbəti yığıncağında Polşanın Poznan şəhərində təşkil ediləcək beynəlxalq forumla bağlı məsələlər müzakirə olunurdu. Bu zaman Dağlıq Qarabağda yaşayan ermənilərin 2 nümayəndəsinin iştirakı məsələsi də gündəliyə daxil edildi. İdarə Heyətinin ermənistanlı üzvləri Qarabağ ermənilərinin qondarma “Dağlıq Qarabağ Respublikasının” nümayəndələri kimi foruma dəvət edilməsinə nail olmağa çalışsalar da, mən milli koordinator olaraq bunun qarşısını ala bildim. Azərbaycanın ayrılmaz ərazisi olan Qarabağdan ermənilərin dəvət ediləcəyi halda Qarabağın Azərbaycan icmasından da eyni sayda nümayəndənin dəvət edilməsi təklifini irəli sürdüm. O zaman tərəflərin birinin Qarabağın erməni icması, digərinin isə Azərbaycan icması nümayəndəsi kimi təqdim edilməsinin zəruriliyini bildirdim. Bütün hallarda hər iki tərəfin Azərbaycanı təmsil etməsinin alternativsizliyini söylədim. Erməni tərəfi bu təklifə etiraz etdiyindən məsələ Avropa Komissiyasının rəhbərliyi ilə müzakirə olundu. O zaman müzakirələrdə bir daha bildirdim ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir və qondarma respublika heç bir ölkə tərəfindən tanınmır. Buna görə də Qarabağ erməniləri yalnız Azərbaycan nümayəndələri kimi dəvət edilə bilərlər. Uzun sürən müzakirələrdən sonra İdarə Heyəti Qarabağ ermənilərinin foruma dəvət edilməsinin yolverilməzliyi haqqında qərar çıxardı. Bununla da qondarma respublika nümayəndələrinin beynəlxalq forumda iştirakının qarşısı alındı. Bu tip faktlar göstərir ki, ermənilər hər zaman beynəlxalq arenada bu cür vasitələrdən faydalanmağa çalışırlar. Həmsədrlik postu milli maraqlarımızın qorunmasına yardım edəcək.
– İlkin mərhələdə hansı məsələləri qabartmağı planlaşdırırsınız?
– Vilnüs sammiti çərçivəsində Litva Prezidenti ilə görüşümüz təşkil edildi. Avropa Birliyinə sədrlik edən ölkənin Prezidenti Azərbaycan ilə Avropa arasındakı münasibətləri çox yüksək qiymətləndirərək birliyin hər zaman ölkəmizlə əlaqələrə ciddi önəm verdiyini dedi. Ölkəmiz avrointeqrasiya sahəsində ciddi addımlar atır. Vilnüs sammitində imzalanan son anlaşma da məhz bu əməkdaşlığın genişlənməsindən xəbər verir. Genişlənən əməkdaşlıq, eyni zamanda, Vətəndaş Cəmiyyəti Forumunun da proseslərdə daha fəal olmasını zəruri edir.
Yeni mərhələdə forumun həmsədri olaraq Azərbaycanın avrointeqrasiya prosesinə dəstək vermək əsas vəzifəm olacaq. Eyni zamanda, iqtisadi inteqrasiya və standartların uyğunlaşdırılması sahəsində fəaliyyətlərin genişləndirilməsinə çalışacağam. Azərbaycan artıq bu sahədə kifayət qədər ciddi işlər görüb. Qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi çox uğurla gedir. Artıq ölkəmizdə əksər sahələrdə avrostandartlar tətbiq edilir. Bununla yanaşı, bu fəaliyyətin sürətləndirilməsi çox vacibdir.
Şərq Tərəfdaşlığı Proqramının 4 işçi qrupu üzrə əməkdaşlığın genişləndirilməsi qarşıda duran əsas məqsəddir. Amma həmsədr kimi mənim qarşımda duran vacib vəzifə Azərbaycan həqiqətlərini Avropa və dünya birliyi ölkələrinə daha düzgün çatdırmaq, işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı ölkə Prezidentinin həyata keçirdiyi sülh siyasətinə Avropanın aparıcı paytaxtlarında daha çox dəstək qazandırmaq olacaqdır.
Müsahibəni apardı: Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.