Azərbaycan Türkiyədə ən böyük investor ölkə kimi tanınır

 

 

 

 

Qədim neft diyarı olan Azərbaycanda hələ neftin kustar üsulla çıxarıldığı zamanlardan Bakı neftçilərinin fədakar əməyi, onların neft işinə gətirdiyi mütərəqqi yeniliklər dünyada maraqla qarşılanmışdır. Bu gün də Azərbaycan dünya neft sənayesinin beşiyi kimi tanınmaqdadır. XX əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanan yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına təkan verdi.

 Azərbaycanın dinamik inkişafında müstəsna rol oynayan  strateji kurs

1994-cü ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri ilə “Əsrin müqaviləsi”nin imzalanması və sürətlə reallaşması təkcə respublikamız üçün deyil, Qərbin  aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya ölkələri üçün də strateji əhəmiyyət daşıyır. Saziş regionda qlobal layihələrin gerçəkləşməsinə yol açmış, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırmış, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs müstəqil dövlətimizin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının mühüm təminatıdır. Bu gün Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlar həm də bu müdrik, uzaqgörən konsepsiyanın təntənəsidir.

Güclü, modern, çevik və rəqabətədavamlı energetika qurumu kimi fəaliyyətini durmadan genişləndirən ARDNŞ bu gün böyük enerji və biznes imkanlarına malik beynəlxalq şirkətlər sırasına daxil olaraq dünya enerji sektorunda özünə layiqli yer tutmuşdur. Uğurlu marketinq və koordinasiya işinin nəticəsidir ki, ARDNŞ dünyada baş verən qlobal maliyyə-iqtisadi böhranın nəticələrini müvəffəqiyyətlə dəf edərək, xarici ölkələrdə həyata keçirdiyimiz layihələrdə ciddi irəliləyişə nail olmuşdur. Ölkədə hasil olunan neftin və qazın dünya bazarlarına çıxarılması məqsədi ilə şaxələndirilmiş boru kəmərləri sisteminin yaradılması və müvəffəqiyyətlə istismar olunması Azərbaycan neft sənayesinin uğurlarındandır.

Bütün Avrasiya regionunun analoji mühəndis qurğuları arasında unikallığı ilə seçilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri bu gün dünya enerji təhlükəsizliyinin əsas elementlərindəndir. Ötən 8 ayda kəmərlə 20 milyon 220 min tondan çox neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il sentyabr ayının 1-nə qədər BTC-yə 225 milyon 671 min 819 ton neft vurulub. Ceyhan limanından 223 milyon 564 min 270 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. BTC Xəzər hövzəsində hasil olunan qeyri-Azərbaycan mənşəli neft həcmlərinin nəqlində də mühüm rol oynayır. Bu vaxtadək kəmər vasitəsilə 8,6 milyon ton Türkmənistan nefti də nəql olunub. Sevindirici haldır ki, son vaxtlar Qazaxıstan və Rusiya şirkətlərinin də BTC-yə marağı artmaqdadır.

Türkiyənin neft-kimya sənayesinin nəhəngi: “Petkim Petrokimya Holdinq A.Ş.”

Türkiyədə olarkən çox qürurverən bir məlumat da aldıq ki,  Türkiyə Respublikasının neft-kimya sənayesinin aparıcı qüvvəsi olan “Petkim Petrokimya Holdinq A.Ş.”-nin səhmlərinin əhəmiyyətli hissəsinə -70 faizinə ARDNŞ nəzarət edir, onun idarəçiliyini uğurla həyata keçirir. Holdinq 2013-cü ilin birinci yarısını müvəffəqiyyətlə başa vurmuşdur. İstehsal olunmuş neft-kimya məhsullarının ümumi həcmi 1393,8 min ton təşkil etmişdir. Hazırda ARDNŞ-in “SOCAR Turkey Enerji A.Ş.” şirkəti tərəfindən idarə olunan “Petkim” Türkiyənin termoplastik məhsullar bazarının tələbatının 25 faizini ödəyir. Şirkət yeni investisiyalar hesabına 2023-cü ilədək bu rəqəmi 40 faizə qaldırmağı planlaşdırır. Bu isə mövcud 3,2 milyon tonluq istehsal potensialını təxminən iki dəfə artıraraq 6 milyon tona çatdırmaq deməkdir.

Hazırda “Petkim” kompleksinin tələb olunan xammalla təminatının artırılması məqsədi ilə Türkiyədə “STAR” Neft Emalı Zavodunun (NEZ) tikintisi həyata keçirilir. Bu il mayın 20-də ARDNŞ və “STAR” NEZ-i inşa edəcək konsorsium arasında saziş imzalandı. Konsorsiuma İspaniyanın “Tecnicas Reunidas”, İtaliyanım “Saipem”, Cənubi Koreyanın “GS Engineering” və Yaponiyanın “İtochu” şirkətləri daxildir. Yeni, ekoloji cəhətdən ən qabaqcıl texnologiyalar əsasında qurulacaq NEZ illik 10 milyon ton xam neft emal etmək gücündə olacaqdır. ARDNŞ həmçinin “Petkim” Neft-Kimya Holdinqinə məxsus limanın genişləndirilməsi və burada böyük konteyner terminalının yaradılması işlərini də həyata keçirir. Bu məqsədlə Hollandiyanın “APM Terminals” şirkəti ilə əməkdaşlığımız uğurla davam etdirilir.

“SOCAR bu gün Türkiyənin ən böyük investor şirkətidir”

Bu sözləri “Petkim”in baş direktoru Sadəttin Qorqud söylədi. Müsahibimiz suallarımızı da ətraflı cavablandırmağa calışdı.

-Sadəttin bəy, sizi gəzetimizin oxucuları adınan salamlayıram. İlk olaraq bəlkə özünüzdən- həyat yolunuzdan danışasınız.

-Mən də sizə və oxucularınıza könül dolusu salamlarımı çatdırıram. 1960-cı ildə İzmirdə doğulmuşam. İzmir Atatürk liseyini və sonra Dokuz Eylül Universitetini bitirib  1983-cü ildə əmək fəaliyyətinə başlamışam. 1988-ci ilə qədər Sultan Marketinq A.Ş və Eti Marketinq A.Ş kimi qida şirkətlərində satış meneceri vəzifələrində çalışmışam. 1988-1993 illər arasında Ülker Qida A.Ş-də bölgə satış müdiri,  1993-2007-ci illərdə Polinas Plastik San A.Ş-də satış və marketinq müdiri, sonralarsa  müdir köməkçisi, baş direktor və idarə heyəti üzvü olaraq çalışdım. Ülker Qrupunda 19 il çalışdıqdan sonra 2007-2010-cu  illərdə İmic Qablaşdırma A.Ş-nin baş direktor vəzifəsini icra etdim.    

 2010-2012-ci illər arasında isə Naksan Holding A.Ş-nin Naksan Plastik və Enerji A.Ş- də direktor oldum. 20 dekabr 2012 tarixindən bu günə qədər “Petkim”in baş direktoru vəzifəsindəyəm.  İş həyatım boyunca müxtəlif sahələrdə bir çox rəhbər vəzifələr daşımışam. Hələ də Qablaşdırma Sənayeçiləri Dərnəyi ( ASD ) İdarə heyəti rəhbərliyi, Qablaşdırma Sənayeçiləri Dərnəkləri Federasiyası  İdarə heyətinin sədri , TOBB - Qablaşdırma Məclisi sədrinin müavini , Ege Bölgəsi Sənaye Palatası (EBSO) Məclis üzvlüyü və EBSO Kimyəvi Məhsullar Peşə Komitəsi Başçılığı vəzifələrini davam etdirirəm.

- Ömür yolunuzun  bir hissəsinin kimya sənayesi ilə əlaqədar olduğunu söyləyə bilərik. Baş direktor olmanız da  təbii ki, bu yolun davamıdır...

-30 ili aşan iş həyatımdan qida, qablaşdırma, plastik kimi sahələrdə yer almış çox məşhur şirkətlərin rəhbəri oldum. “Petrokimya” bu sektorların təməl xammal tədarükçüsü olduğu üçün yaxından təqib etdiyim bir sahədir. “Petkim” isə tək və böyük yerli istehsalçı olduğu üçün onsuz da yaxından izləməmiz lazım olan bir şirkət idi. Dövlət şirkəti olaraq uzun illər öncə qurulan, ancaq 2008-ci ildə  ARDNŞ-in Türkiyəyə qoyduğu  böyük sərmayə ilə çalışan “Petkim” bu gün yeni fərqli bir dünyagörüşüylə  tanınan modern neft-kimya nəhəngidir. Onu idarə etmək çox böyük qürur hissi yaradır, eyni zamanda, mən bu böyük etimada sayğı ilə yanaşıram.

 Türkiyənin iqtisadiyyatına dəyərli töhfələrimizi verməkdəyik

-Qısaca da olsa, “Petkim”in keçmişi və bu günü haqqında məlumat verərdiniz...

 -1965-ci ildə dövlət tərəfindən qurulan “Petkim” Türkiyənin ilk və tək neft-kimya məhsulları istehsalçısı olub. Az əvvəl də bəhs etdiyim kimi 30 may 2008-ci ildə reallaşan özəlləşdirilmə tenderi nəticəsində “Blok satış ” üsulu ilə 2 milyard 40 milyon dollar satış qiyməti ilə ARDNŞ-in idarəçiliyinə girdi. İnsani dəyərlərə hörmət, ətraf mühitə həssas istehsal texnologiyası, mədəni, sosial, iqtisadi həyatımıza etdiyi himayə  təməl prinsiplərimizdir. Ölkəmizin qürur qaynağı olmağa və iqtisadiyyata dəyərli töhfələrimizi verməkdəyik. 60-dan çox neft-kimya məhsulları istehsal edən şirkətimiz  türk sənayesinin tikinti, kənd təsərrüfatı, avtomobil, elektrik, elektronik, qablaşdırma, tekstil sektorlarının marağındadır. Bu sənaye sahələrində yaşanan inkişaf və ixracat artımında bizim də çox əhəmiyyətli payımız var.

Türkiyənin ən əhəmiyyətli ixracatçı şirkətləri arasında “Petkim” 2012-ci ildə 1 milyard 41 milyon dollar ilə tarixinin ən yüksək səviyyəsinə çatan ixracat durumunu bu il də davam etdirir. Hələ də İstanbul Sənaye Odasının “500 Böyük Sənaye Quruluşu ” sıralamasında 11-ci, Türkiyə İxracatçılar Məclisinin “Ən çox ixrac edən 1000 firma ” sıralamasında 13-cü,  Egey Bölgəsi Sənaye Palatası tərəfindən açıqlanan “Egeyin ən böyük 100 sənaye quruluşu və ən çox ixracat edən firmalar” sıralamasında isə birinciyik. Türkiyə Keyfiyyət Dərnəyi ( Kalder ) tərəfindən hər il verilən “Milli keyfiyyət müvəffəqiyyəti mükafatı”nı 2012-ci il noyabr ayında qazanmağımız da yeni müvəffəqiyyətimizi göstərdi. Beləliklə, Türkiyənin iqtisadiyyatına dəyərli töhfələrimizi verməkdəyik

-Qardaş ölkə Türkiyədəki bu neft-kimya nəhəngi  Azərbaycanın xaricdə ən böyük layihəsi kimi qiymətləndirilir. “Petkim”in inkişaf perspektivlərini necə dəyərləndirirsiniz?

  -Bəli haqlısınız. “Petkim”, Azərbaycanın ölkə sərhədləri xaricindəki ən əhəmiyyətli investisiyası kimi ölkənizi ən böyük xarici yatırımcı mövqeyinə çıxardı. Azərbaycan ilə əlaqələrimiz mərhum Prezident Heydər Əliyevin “Bir millət, iki dövlət ” idealı üzərində inşa edildi. SOCAR bu gün ölkəmizin ən böyük investor şirkəti, Azərbaycan isə ən böyük investor ölkədir. Bu layihəyə 2018-ci ilə qədər 17 milyard dollar investisiya qoyulacaq. “Petkim yarımadası” üzərində planlanan investisiyalar “Petrokimya- Enerji- Logistika İnteqrasiyası” üzərində qurulub. Bu vizionu “Value -Site 2023" adlandırdıq.

Bu layihədə ARDNŞ Türkiyə damı altında həyata keçirəcəyi “STAR Rafinerisi”, STEP Enerji Santrali yanında Petkim Konteyner Limanı  və yenə “Petkim” tutum artımı və məhsul portföyünü genişləndirməyə istiqamətli işlərimiz sürətlə davam edir. “STAR Rafinerisi”ndən sonra  strateji təşviq əhatəsinə alınan ikinci investisiya layihəsi olan Etilen və PTA artımı sərmayələri tamamlandığında “Petkim”in illik ümumi istehsal gücü 3,4 milyon tondan təxminən 3,6 milyon tona yüksələcəkdir.

- ARDNŞ-in “Petkim”ə qoyduğu sərmayələr və onun perspektivləri Egey bölgəsinə yeni bir həyat gətirdi. Son illərdə həyata keçirilən layihələr göz qarşısındadır: “STAR Rafinerisi”nin tikintisi, görkəminə görə ən məşhur universitetlərə bənzəyən “Heydər Əliyev Sənaye Peşə Lisesi”nin həyata vəsiqə alması bu günün gerçəkləridir... Daha nə kimi işlər görülür?

-Az əvvəl bəhs etdiyim xam neft ilə başlayan və son məhsulla bitən əlavə dəyər zəncirini həyata keçirməyi planlaşdırırıq. Yerli istehsalın və ixracın xaricə asılılığını azaltmaq təməl hədəflərimiz arasındadır. Türkiyə Respublikasının 100 illiyində-2023-cü ildə, ölkənin ilk Kimyəvi Sənaye Parkı olacaq “ Value-Site 2023 ” layihəsinin tətbiqi ilə ölkəmizin rəqabət gücünü artırmağı planlaşdırırıq. Qrupumuzun “Petkim yarımadası” üzərindəki gələcək layihələrin önünü açacaq və xammal etibarlılığını təmin edə bilən 10 milyon ton xam neft emal tutumlu “STAR Rafinerisi”nin tikinti işləri sürətlə davam edir. Müasir texnologiya ilə qurulacaq zavodlar neft-kimya sektorunu xarici asılılıqdan qurtaracaq. 1,6 milyon tonluq neftə və ölkəmizdə dizel, reaktiv yanacağı və yenə petrokimyasal məhsulların xammalı olan LPG kimi neft məhsullarının istehsalı reallaşdırılacaq.

Təxminən 5 milyard dollara başa gələcək zavodların istehsala başlaması ilə ölkəmizin xaricdən aldığı məhsullara xərclədiyi milyardlarla dollarlıq valyuta qənaəti təmin ediləcək. 2015-ci ildə dövrəyə alınması planlaşdırılan “STAR Rafinerisi”, “Value -Site 2023" layihələrinin həyata vəsiqə alması yeni və çoxsaylı iş yerlərinin açılmasına imkan verəcək, rəqabət gücünü artıraraq bölgənin  və ölkəmizin iqtisadiyyatına əhəmiyyətli dərəcədə töhfələrini verəcəkdir.

Əlaqələrin bilavasitə yardımçısı  olan “Petkim konteyner limanı”nda inşaat işlərinə başladıq. Dünyanın konteyner terminalı əməliyyatlarında tanınan şirkətlərdən biri olan “APM Terminals” ilə ortaq bir investisiyaya imza atırıq. İnşallah, 2015-ci ilin iyun ayında limanımızın ilk  investisiya müddəti tamamlanıb dövrəyə alınacaq. İkinci mərhələni isə 2016-cı ildə yekunlaşdıracağıq.

Bir başqa əhəmiyyətli yatırımımız ARDNŞ-in Petkim yarımadasında reallaşdıracağı enerji stansiyasıdır. Enerji stansiyası “Petkim” və yarımadada qısa vaxtda gerçəkləşdirəcəyimiz digər investisiyaların enerji ehtiyacını təmin edəcək. 612 mv tutumlu “STEP Enerji Santralı”nda ətraf mühitə təsirləri azaldan AB normalarında mövcud olan ən modern texniki sistemlərdən istifadə edəcəyik. Bunun üçün dünyada investisiyanın xərci 700 milyon dollar olduğu halda, biz 1 milyard dollar büdcə ilə ətraf üçün əlavə 300 milyon dollar xərcləyəcəyik.  Eyni zamanda, “Petkim” yarımadada yeni enerji investisiyalarına da ev sahibliyi edəcək. “Petkim”in otoprodüktör lisenziyasını aldığı 25 mv tutumlu külək enerji stansiyasının da  təməli bu il qoyulacaq və bir il içində külək enerjisi ilə   sərfiyyatımızın bir qismini təmin edəcəyik.

Türkiyə və Azərbaycan qədər kədəri, sevinci bir olan başqa iki ölkə görmədim

-İşinizlə əlaqədar olaraq dəfələrlə Azərbaycanda olmusunuz. Bakı ilə bağlı fikirlərinizi bizlərlə paylaşa bilərsinizmi?

-Bakı ilə İzmir qardaş şəhərlərdir. Hər iki şəhər bir-birinə çox bənzəyir. Bakıya hər dəfə gedəndə bir yenilik görürəm, inkişaf etmiş və abadlığı günbəgün artan tərtəmiz bir şəhər  qarşımıza çıxır. Yeni binalar, otellər, iş mərkəzləri, rezidansiyalar, avtomobil yolları, şoselər diqqəti cəlb edir və az vaxtda həyata keçirilən bu işlər adamı valeh edir. Azərbaycanın yeraltı zənginliklərinin qardaş Azərbaycan xalqının rifahına və hüzuruna xidmət etdiyini görməkdən son dərəcə xoşbəxt oluram. 2012-ci ildə “Avroviziya” mahnı yarışmasına  ev sahibliyi Bakını bir daha dünyaya tanıtdı.  Əminəm ki, Bakı bir neçə il içində Qafqazın Parisi olacaq. Bütün bunlarla birlikdə beynəlxalq idman yarışları və iqtisadi forumların keçirildiyi bu şəhərin  inkişaf tempinə turizm gəlirləri də öz layiqli töhfələrini verəcəkdir. 

- “Petkim”də çalışan azərbaycanlı mütəxəssislər haqqında nə deyərsiniz?

-"Petkim"də  azərbaycanlı mütəxəssislər uğurla calışmaqda və müxtəlif məsuliyyətli vəzifələri yerinə yetirirməkdədirlər. Onların hər biri öz sahəsində yaxşı mütəxəssis, inkişafa uyğun işlərini quran, çalışqan və zəhmətkeş insandır. Azərbaycanlı mütəxəssislər sahib olduqları xarici dil bilgiləri ilə də şirkətdə ünsiyyət yaradılması istiqamətində də çox böyük işlər görürlər. Bir millətin mənsubları olaraq şirkətimizin gələcək hədəflərinə çatmaq və bizlərə verilən hədəfləri təmin etmək üçün var gücümüzlə çalışırıq.

-Sonda oxucularımıza sözünüz?

-Sizin qəzetiniz vasitəsi ilə dost və qardaş ölkə olan Azərbaycandakı soydaşlarımızla ünsiyyət fürsəti qazandım. Çox təşəkkür edirəm. Az əvvəl də dediyim kimi, iki ölkə arasındakı əlaqələr və qardaşlıq münasibətləri “Petkim”in özəlləşdirilməsindən sonra dünyanın da gözünü dikdiyi bir strateji ortaqlığa çevrildi. Bu birliyi və strateji tərəfdaşlığı, inkişafı görməkdən böyük qürur və xoşbəxtlik duyuruq. Dünyanın bir çox ölkələrini gəzib-görmüşəm. Türkiyə və Azərbaycan qədər kədəri, sevinci bir olan, keçmişi bu qədər qaynayıb-qarışan başqa iki ölkə görmədim. Türkiyə və Azərbaycan hamımızın səyi ilə dünyanın ən inkişaf etmiş və sivilizasiya səviyyəsi ən yüksək ölkələri arasında layiqli yerini tutacaqdır. Buna ürəkdən inanıram.

Müsahibimizin söylədiklərinə əlavə olaraq bildirirəm ki, Prezident seçkilərindən sonra ənənəvi olaraq ilk rəsmi səfərini Türkiyəyə edən Prezident    İlham Əliyevin dedikləri də bu gerçəkliyin əyani təzahürüdür: “Tale elə buyurdu ki, yetmiş il ərzində biz bir-birimizdən ayrı düşmüşdük. Ancaq xalqlarımızın qəlbində olan sevgini o ayrılıq söndürə bilməmişdir. Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra dərhal Türkiyə ilə əlaqələr qurdu. Türkiyə müstəqilliyimizi tanıyan ilk ölkə olmuşdur və o gündən bu günə qədər biz daim Türkiyənin dəstəyini hiss edirik. Bu, bizə əlavə güc verir.”

Namiq ƏHMƏDOV,          “Xalq qəzeti”

Bakı-İzmir-Bakı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında