Əli HƏSƏNOV: Qəzetlərin tirajına təsir göstərən yeganə amil varsa, o da ictimai tələbatdır, insanların azad sözə olan ehtiyacıdır və mətbuat orqanlarının o ehtiyacı ödəmək qabiliyyətidir

Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi

- “Yeni Müsavat” və “Azadlıq” qəzetləri ilə bağlı yaranmış problemin azad mətbuata təzyiq kimi qiymətləndirilməsinə münasibətiniz necədir? Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

 -  Mən hakimiyyət nümayəndəsi olaraq bu qəzetlərin düşdüyü vəziyyəti hakimiyyətin gördüyü tərzdə ifadə etmişəm. Bu qəzetlər son zamanlar niyə pis satılır? Nəyə görə oxucular onları almırlar? Nəyə görə onların tirajları aşağı düşür? Mən bu məsələlərə münasibət bildirmişəm. Mənim bu münasibətlərimdə adıçəkilən qəzetlərin necə olmaları ilə bağlı tövsiyə və yaxud da göstəriş yoxdur. Onlar müstəqil mətbuatdırlar. Necə istəyirlərsə, o cür də işləyə bilərlər. Müstəqil mətbuatı hakimiyyətlə bağlayan yeganə amil onların eyni cəmiyyətdə fəaliyyət göstərməsidir. Mən o qəzetlərə nə hansısa təkliflər vermirəm, nə də hansısa məsələlər ətrafında öz mövqelərindən imtina eləməyə çağırıram. Sadəcə olaraq fikirlərimi bildirmişəm. Bu fikri onlar qəbul edə də bilərlər, etməyə də. O ki qaldı onların sonrakı fəaliyyətinə, hər biri maliyyə məsələlərini müstəqil həll etməli, cəmiyyətlə münasibətlərini media etikasına, əxlaq normalarına uyğun olaraq özləri müəyyənləşdirməlidirlər. Müvəffəqiyyətlərinə də, uğursuzluqlarına da özləri cavabdeh olmağı bacarmalıdırlar.

- “Yeni Müsavat” qəzetininin baş redaktoru Rauf Arifoğlu müsahibəsində qəzetin fəaliyyətini davam etdirməsi üçün hamı ilə görüşüb müzakirələr aparmağa, təkliflərini dinləməyə hazır olduğunu bildirmişdir.

- Bizim “Azadlıq” və “Yeni Müsavat” qəzetləri ilə bu məsələlər ətrafında danışıq aparmaq fikrimiz və ehtiyacımız yoxdur. O cümlədən, düşünürəm ki, bu qəzetlərin də buna ehtiyacı yoxdur. Əgər onlar özlərinin çətin vəziyyətə düşmələrinin səbəbini hakimiyyətlə bağlamaq istəyirlərsə, mən buna təəssüflənirəm.

 - Bakıda ən böyük qəzet satışı firmalarından olan “Metroservis” bu gündən fəaliyyətini dayandırdığını açıqlayıb. Necə düşünürsünüz, bu hadisə qəzet satışının azalmasına hansı təsir göstərəcək?

 - “Metroservis”in fəaliyyətinin dayanmasının mətbuatın tirajına heç bir təsiri yoxdur və olmayacaq da. Ümumiyyətlə, kim qəzet almaq istəyirsə, Bakı şəhərində kifayət qədər satış məntəqəsi var və həmin yerlərdə də qəzetlərin satışı təmin olunur. Metro insanların hərəkəti, bir yerdən başqa yerə getməsi üçündür. Metro insanların qəzet, kitab ticarəti fəaliyyəti ilə məşğul olması üçün heç də münasib yer deyil. İndiyə qədər metroda mətbuat yayımı və yaxud buna oxşar fəaliyyət olubsa, bu da qeyri-qanuni olub. Bu gün metro öz fəaliyyətini müvafiq istiqamətdə qurmaq yolunda addım atıb. Düşünmürəm ki, metroda mətbuat satışının dayanması qəzetlərin tirajına təsir göstərəcək. Qəzetlərin tirajına təsir göstərən yeganə amil varsa, o da ictimai tələbatdır, insanların azad sözə olan ehtiyacıdır və mətbuat orqanlarının o ehtiyacı ödəmək qabiliyyətidir.

 - Son günlər Azərbaycan-İran sərhədində yaranmış problemin yoluna qoyulması üçün hansı işlər görülür?

- Biz bu prosesdən narahatıq. İranda da çox gözəl bilirlər ki, Naxçıvan Muxtar Respublikasının əhalisi İran keçidindən ciddi şəkildə asılıdır. Əgər İrandan keçən nəqliyyat bir gün dayanarsa, bu o deməkdir ki, Naxçıvan Muxtar Respublikasının əhalisinin bir gün ərzağa, yanacağa olan tələbatında ciddi fasilə yaranır. Digər həyati zəruri məsələlərin təminatında da orada ciddi problemlərin olması mümkündür. Mən heç arzu etməzdim ki, məhərrəm ayında, insanlar arasında mərhəmət hissinin baş qaldırdığı bu günlərdə İranın hakimiyyət dairələri sərhədlərin bağlı saxlanılmasını davam etdirsinlər. Heç istəməzdim. Naxçıvan Muxtar Respublikasının əhalisi, onun təminatı, gündəlik həyatı İrandan keçməklə Azərbaycanla yaradılan əlaqədən ciddi şəkildə asılıdır. Əgər bu belə davam edəcəksə, biz müvafiq olaraq Naxçıvanın blokadadan çıxarılması üçün digər alternativ yollara əl atacağıq. Amma düşünürük ki, həm Azərbaycanda, həm də İranda müvafiq orqanlar bu problemin tezliklə aradan qaldırılması istiqamətində təcili, təxirəsalınmaz tədbirlər görəcəklər.

 - Seçkidən sonra ölkədəki siyasi vəziyyət və Yeni Azərbaycan Partiyasında aparılmış dəyişikliklər, yeni komissiyaların yaradılması ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Seçkidən sonra Azərbaycanda vəziyyət tam sabitdir. Respublikanın növbəti 5 il üçün inkişafının əsas prioritetləri ortadadır. Cənab Prezident bu ilin oktyabr ayında Nazirlər Kabinetinin iclasında qarşıdan gələn 5 il üçün Azərbaycanı gözləyən əsas vəzifələri müəyyənləşdirib və cəmiyyətə bəyan edib. Ölkədə vəziyyət kifayət qədər sabitdir, Azərbaycan öz dinamik inkişafını davam etdirir. YAP-da struktur dəyişikliyinə gəlincə, partiyada heç bir struktur dəyişikliyi olmayıb. YAP yaranandan partiyanın müxtəlif istiqamətlər üzrə komissiyaları mövcud olub. Sadəcə olaraq zaman-zaman bu komissiyaların adlarına və onların istiqamətlərinə müəyyən dəyişikliklər edilib. Son zamanlarda isə bu komissiyaların bir neçəsi yenidən formalaşdırılıb. Əvvəllər YAP-da 6-7 komissiya var idisə, indi onların sayı 12-yə çatdırılıb. Bu da partiyanın fəaliyyətinin ayrı-ayrı istiqamətlər üzrə stimullaşdırılması, o cümlədən koordinasiyasını gücləndirmək məqsədi daşıyır.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında