Prezident İlham Əliyevin seçkilərdəki inamlı qələbəsi qardaş ölkədə belə dəyərləndirilir
2013-cü ilin 9 oktyabr seçkiləri xalqın müdrik və dəyişməz seçiminə əsaslanmış, ölkə vətəndaşları növbəti dəfə Heydər
Əliyev siyasi kursunun zəfərinə, təntənəsinə səs vermişlər. Cəmiyyətdəki mütləq çoxluğun siyasi iradəsinə əsaslanan bu seçim, eyni zamanda, Azərbaycanda davamlı inkişaf və tərəqqiyə, mənəvi-intellektual yüksəlişə zəmin yaratmış siyasi kursun dəyişməz olduğunu bir daha təsdiq etmiş oldu. Müdrik xalqımız bu seçimi ilə təkamülə əsaslanan inkişaf tərəfdarı olduğunu, ölkənin taleyini yalnız konkret planlara malik, çevik, işlək və monolit komandaya etibar etdiyini təsdiqlədi. Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Prezident İlham
Əliyevin seçkilərdəki inamlı qələbəsini geniş işıqlandırdı və dünyaya yaydı. Onu ilk təbrik edən lider də Türkiyə Prezidenti Abdullah Gül oldu.
Xalqımız doğru seçimi ilə müdrik olduğunu bir daha sübuta yetirdi
Turkiyənin İzmir şəhərində yaşayan həmyerlimiz, “Petkim” şirkəti baş direktorunun elmi işlər üzrə müşaviri, kimya elmləri doktoru, professor Füzuli Nəsirovun sözlərinə görə, Azərbaycanda 9 oktyabrda keçirilən prezident seçkilərinin şəffaf, ədalətli və demokratik şəraitdə keçməsi burada yaşayan həmyerlilərimiz üçün də böyük hadisə oldu.
Müstəqil Azərbaycanın ən yeni tarixinə əlamətdar hadisə kimi daxil olmuş 2013-cü ilin 9 oktyabr seçkiləri nəticə etibarı ilə ölkəni dinamik inkişaf yoluna çıxaran Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha sübuta yetirdi. Azərbaycanın son 10 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələr göz önündədir. Bu gün respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir. İctimai-siyasi sabitlik mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla inkişaf edən ölkə imicini bütün dünyada təsdiq etdi.
Bu gün qloballaşan dünyada olduğu kimi, Azərbaycan da böyük islahatlar və demokratik inkişaf yolundadır. Dövlət başçısı İlham Əliyevin son 10 ildə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyinin və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində apardığı işlər onun ədalətli rəhbər obrazını təsdiq edən amillər sırasında xüsusi vurğulana bilər. Prezident İlham Əliyev bir rəhbər kimi götürdüyü kursda ölkənin inkişafının yeganə uğurlu və düzgün yolu demokratiya yolu olduğunu müəyyənləşdirir. Onun ötən 10 ildə yeritdiyi uğurlu siyasət deməyə əsas verir ki, Azərbaycan öz inkişafının Qərb modelini müəyyənləşdirərək demokratiyaya doğru irəliləməkdədir.
Xalqımız doğru seçim edərək yetkin olduğunu bir daha sübuta yetirdi. Bu müdrik seçim obyektiv reallığa, ölkənin son 20 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü həyat tərzinə əsaslanır. Seckilər bir daha göstərdi ki, Azərbaycan cəmiyyəti ulu öndərin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn mükəmməl siyasi konsepsiya kimi qəbul edir. İnanırıq ki, xalqın düzgün və obyektiv reallığa əsaslanan bu seçimi müstəqil respublikamızın yüksəlişini və firavanlığını təmin edəcək. Prezident İlham Əliyevin növbəti 5 ildə Azərbaycana rəhbərlik etməsi Türkiyə və Azərbaycanın-iki qardaş ölkənin inkişafı üçün daha geniş və perspektivli üfüqlər açacaqdır.
Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyənin Əlağa limanında inşasına başladığı “Star” neft emalı zavodunun tikintisinin 2018-ci ildə başa çatdırılması planlaşdırılır. Qeyd edək ki, “Petkim Holdinq”in tərkibində olacaq “Star” neft emalı zavodunun illik emal gücü 10 milyon ton neft, ümumi dəyəri isə 5,3 milyard ABŞ dolları təşkil edəcək. Zavodun tikintisinə 2011-ci ilin oktyabrında başlanılıb. Məhz möhtərəm İlham Əliyevin enerji, nəqliyyat, mədəniyyət, informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirdiyi uzaqgörən, müdrik daxili və xarici siyasət ölkəmizə beynəlxalq nüfuz və şöhrət qazandırıb, Azərbaycanı regionda mühüm rol oynayan lider dövlətə çevirib.
Azərbaycan–Türkiyə əlaqələri bundan sonra da inkişaf edəcəkdir
Türkiyə Böyük Millət Məclisinin (TBMM) MHP-li millət vəkili Sinan Oğan bildirir ki, artıq həm səsvermə zamanı “exit poll”u keçirən təşkilatların, həm də Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələr İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyini təsdiq edir. Bu seçim Azərbaycan xalqının iradəsinin göstəricisi idi.
Müsahibimiz sözünə davam edərək deyir ki, Azərbaycanda prezident seçkiləri seçicilərin fəallığı şəraitində, şəffaf və demokratik qaydada keçib. Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətinin prezident seçkilərinin yekunu ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında da bu barədə ətraflı danışılıb. “Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərində Türkiyə Böyük Millət Məclisindən 35 deputatın müşahidəçi kimi iştirak etdiyi nümayəndə heyəti sırasında mən də olmuşam. Seçkilərdə Bakı, Sumqayıt və Qubada olduq. Səsvermənin seçicilərin fəallığı şəraitində, şəffaf və demokratik qaydada keçirildiyinin əyani şahidləriyik.
Bu seçim Azərbaycan üçün son dərəcədə önəmli hadisədir. Azərbaycan iqtisadi siyasəti, inkişafı ilə yanaşı, seçkilər prosesində də mühüm yeniliklərə imza atdı. Gördüyümüz Azərbaycanda demokratiyanın təntənəsini bir daha sübut etməklə yanaşı, həm də seçkinin demokratik və şəffaf formada keçirildiyini söyləməyə imkan verir. Bu seçkilərdə yenidən Prezident seçilən İlham Əliyevi və Azərbaycan xalqını təbrik edirəm. İnanıram ki, Azərbaycan–Türkiyə dostluq və qardaşlığı bundan sonra da inkişaf edəcəkdir”.
Türkiyəli millət vəkili Azərbaycanda aparılan müşahidələr zamanı seçkilərdə ciddi və onun nəticələrinə təsir edə bilən nöqsanın aşkarlanmadığını da söylədi. Eyni zamanda qeyd etdi ki, seçki məntəqələrində veb-kameraların quraşdırılması və prosesin izlənilməsi şəffaflıq baxımından önəmlidir. Beynəlxalq müşahidəçilər tərəfindən də seçkilərin izlənilməsi şəffaflığın, demokratikliyin bariz nümunəsidir. Sonda S. Oğan vurğuladı ki, Azərbaycanda keçirilən seçkilərin və xalqın iradəsi ilə ortaya çıxan nəticələrin Azərbaycan–Türkiyə tarixi qardaşlıq münasibətlərinin gələcəyi üçün uğurlu olacağına böyük inamım var. Heç şübhə etmirəm ki, Prezident İlham Əliyevin növbəti 5 ildə Azərbaycana rəhbərlik etməsi iki qardaş xalqın inkişafı üçün daha geniş və perspektivli üfüqlər açacaqdır. Yaxın 5 ildə Azərbaycanla Türkiyənin yeni layihələr həyata keçirəcəyinə, hər iki ölkə üçün vacib olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atılacağına şübhə etmirəm.
Azərbaycanın, həm də Türkiyənin qələbəsi
Azərbaycanın paytaxtı Bakı şəhərində yaşayan, Türkiyənin “Okçu HOMES LDT”nin Azərbaycandakı nümayəndəsi, dünyanın müxtəlif ölkələrində iş təcrübəsi olan İlyaz Ayaydın seçkiləri çox böyük həyəcanla izlədiklərini söyləyir. O deyir ki, nə qədər həyəcanlı olsaq da Azərbaycan xalqının düzgün seçim edəcəyinə böyük ümidlərimiz var idi.
Oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərində seçicilərin fəallığı, Naxçıvan Muxtar Respublikasında xüsusi nəzərə çarpırdı. İlkin nəticələrə görə, muxtar respublikada səsvermədə iştirak edən seçicilərin 90,2 faizinin İlham Əliyevə səs verməsi bunu bir daha sübut etdi. İlham Əliyevi ilk təbrik edən liderin Türkiyə Prezidenti Abdullah Gülün olması isə Azərbaycanda yaşayan bütün türklərin qəlbini qürur hissi ilə doldurdu. Hər bir seçici bu seçkilərdə öz fikrini azad, sərbəst şəkildə ifadə etdi. Onlar birmənalı şəkildə cənab İlham Əliyevə səs verməklə, Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə, eləcə də ölkənizin dünya birliyində daha layiqli yer tutmasına, övladlarımızın, vətəndaşlarımızın firavan yaşamasına səs vermiş oldular.
Azərbaycan dövlətinin Türkiyədə və eyni zamanda Türkiyə dövlətinin Azərbaycanda yatırdığı sərmayələr hər iki ölkənin nəinki regionda, eyni zamanda dünyada aparıcı söz sahibi olmasına imkan yaratmaqdadır. Hörmətli Prezidentimiz İlham Əliyev bildirirdi ki, 2023-ilə–yəni Türkiyə Respublikasının qurulmasının 100-cü illiyinə qədər SOCAR-ın Türkiyə təmsilçisi olan “Socar Türkiyə Enerji A.Ş.”nin Türkiyənin birinci şirkəti olmaq imkanı gerçəkləşəcəkdir. Bu, olduqca məsuliyyətli bir işdir. Bunun həyata keçirilməsi yüksək yatırımlarla, eləcə də yüksək əzmkarlıq, yüksək iqtisadi bilik, istehsal mədəniyyəti ilə yanaşı, həm də hər iki ölkə rəhbərlərinin sarsılmaz dostluq-qardaşlıq münasibətləri sayəsində mümkün olacaqdır.
Müsahibimiz daha sonra bildirdi:
–İşimlə əlaqədar olaraq beş aydan çoxdur ki, Bakıdayam.On beş il əvvəl də Azərbaycanda çaləşmışam. “Çağ” şirkətinin Sumqayıtdakı məktəbinin müdiri olmuşam. Səmimiyyətlə etiraf edim ki, Azərbaycanın, eləcə də Bakımızın gündən-günə dəyişdiyinin fərqindəyəm. Şəhərin abadlaşması, gözəlləşməsi hamı kimi məni də sevindirir və qəlbimi qürur hissi ilə doldurur. Buraya müxtəlif tədbirlərdə iştirak etmək üçün gələn və Bakının gözəlliyi qarşısında təəccübünü gizlədə bilməyən türkiyəli və xarici qonaqlarımızın fərəh doğuran sözlərini də əlavə etsək, onda sevincimizi və bu şəraiti yaradan ölkə rəhbərliyinə minnətdarlıq hisslərimizi təsəvvür etmək çətin deyildir.
Hər zaman Azərbaycanın yanında güclü Türkiyənin, Türkiyənin də yanında güclü Azərbaycanın olması hər birimizin arzusudur. Heç şübhə etmirəm ki, Prezident İlham Əliyevin növbəti 5 ildə Azərbaycana rəhbərlik etməsi bu arzuların reallaşmasının təminatçısı olacaq. Cənab İlham Əliyevin yenidən Prezident seçilməsi Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə, eləcə də ölkələrimizin dünya birliyində daha da layiqli yer tutmasına geniş imkanlar açacaq. Bir sözlə, bu, Azərbaycanın, həm də Türkiyənin qələbəsi idi.
***
Azərbaycanda seçki başa çatdı. Bu tarixi hadisə indiki mərhələdə müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələyə qədəm qoyduğunu birmənalı olaraq təsdiq etdi. Müvafiq hüquqi prosedurlara uyğun olaraq andiçmə mərasimi keçirildi. Bu hadisə artıq Azərbaycanın bütün ictimai-siyasi həyatında, eləcə də taleyində yeni bir dövrün başlanğıcı oldu.
Heç də təsadüfi deyil ki, andiçmə mərasimində Prezident İlham Əliyev qeyd etdi: “Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm”. Bu, Azərbaycan Prezidentinin öz xalqına etimadı və verdiyi söz idi. Eyni zamanda, bu, hakimiyyət–xalq, xalq–hakimiyyət birliyinin ifadəsi idi–xalqın seçdiyi lider xalqa müraciət edir, ona arxalandığını bəyan edir, eyni zamanda xalq maraqlarının müdafiəçisi olacağına söz verirdi. Bu hesabatda əbəs yerə deyilmirdi: “Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri çox ağır keçmişdir, Azərbaycan böyük fəlakətlərlə üzləşmişdir. Demək olar ki, gənc müstəqil dövlət uçurum kənarında idi. Heydər Əliyev siyasəti, onun qətiyyəti, xalqın ona olan inamı bu ağır vəziyyətdən xalqımızı, dövlətimizi çıxara bilmişdir və ondan sonra Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur.” Daha sonra cənab Prezident onu da inamla qeyd edirdi: “Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır, heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır”.
Heç şübhəsiz ki, bu tarixi hadisələri diqqətlə izlədikcə hər birimizin ürəyindən bir qürur hissi keçir. Eşidəndə ki, Azərbaycanda növbəti müddətə Prezident seçilmiş İlham Əliyev ilk rəsmi xarici səfərini yenə də Türkiyəyə edəcək, bu, bizi bir daha qürurlandırdı. Səfər haqqında məlumatı mətbuata açıqlayan Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun onu da bildirdi ki, ənənəyə uyğun olaraq, Prezident İlham Əliyev ilk xarici səfərini Türkiyəyə edəcək və səfər zamanı iki ölkə arasında siyasi və iqtisadi sahədə bir sıra mühüm məsələlər müzakirə olunacaq. Səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, iqtisadi əməkdaşlığı daha da inkişaf etdirməyin yollarının axtarılması, Türkiyə və Azərbaycan sahibkarlarının qarşılıqlı sərmayə yatırmasını asanlaşdırmaq kimi məsələlər də müzakirə olunacaq.
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.