Şriftin ölçüsü:
03.08.2010 05:23 | Oxunma sayı: 620
Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) sədri Sinan OĞAN AzərTAc-ın suallarını cavablandırmışdır.
-Türkiyənin xarici siyasəti, xüsusilə Qafqaz diplomatiyası üzrə ən tanınmış mütəxəssis kimi Azərbaycanın xarici siyasətini xarakterizə etmənizi xahiş edərdik.
-Bildiyiniz kimi, TÜRKSAM xarici siyasət üzrə fəaliyyət göstərən bir qurumdur. Biz, dünyanın bir çox ölkəsinin xarici siyasətini analiz edirik. Bu çərçivədə Azərbaycanın da xarici siyasətinin dəyərləndirilməsi təşkilatımızın mühüm fəaliyyət sahələrindən biridir. Rəsmi Bakının xarici siyasət kursunu təhlil edərkən bizim önümüzə çox mühüm bir məqam çıxır. Əslində, bu, Türkiyənin də örnək alması lazım olan bir diplomatiya davranışıdır. Bu gün Azərbaycan həm Rusiyanı, həm ABŞ-ı, həm də bölgədəki digər dövlətləri çox uğurlu şəkildə öz tərəfinə çəkmək üçün böyük səylər göstərir. Azərbaycan Prezidenti İlham Əliyev balanslaşdırılmış xarici siyasət kursunu o qədər uğurla həyata keçirir ki, Rusiya, ABŞ və digər ölkələr onunla hesablaşırlar.
Əlbəttə, burada diplomatiyanın ən mühüm şərtlərindən biri ondan ibarətdir ki, öz milli mənafeləriniz uğrunda xarici siyasət yürüdəsiniz. Azərbaycanın dövlət başçısı məhz bu cür siyasət həyata keçirir. Öz milli siyasətini masanın üzərinə qoyur və hər kəs onunla hesablaşmalı olur. Təsadüfi deyildir ki, Birləşmiş Ştatlar kimi super güclə əlaqələrdə elə bir diplomatiya həyata keçirildi ki, Vaşinqton dövlət katibini və müdafiə nazirini Bakıya göndərərək Azərbaycanla dil tapmaq ehtiyacı hiss etdi. Rusiya və digər güclü dövlətlər də rəsmi Bakının mövqeyi ilə razılaşırlar.
İndi Azərbaycan diplomatiyasının ən mühüm vəzifəsi Dağlıq Qarabağ probleminin həllidir. Münaqişənin nizama salınması prosesində rəsmi Bakı bu günədək kifayət qədər səbir nümayiş etdirmiş və bildirmişdir ki, sülh bizim üçün vacibdir, lakin səbrin də bir hüdudu vardır. Bu gün gəldiyimiz nöqtədə o səbrin daşmağa başladığını görürük. Azərbaycan Prezidentinin bəyanatlarına diqqət yetirsək, onun işğal olunmuş torpaqların lazım gələrsə güc yolu ilə azad ediləcəyi haqqında fikirləri Ermənistanı ciddi şəkildə əndişələndirmişdir. Biz Azərbaycan mətbuatı ilə bərabər, Ermənistan kütləvi informasiya vasitələrini də yaxından izləyirik və onların Azərbaycandan nə qədər qorxduğunu açıq şəkildə görürük.
Bir peşəkar xarici siyasət mütəxəssisi olaraq bütün məsuliyyətimlə söyləyirəm: Azərbaycan çox uğurlu xarici siyasət aparır və bu siyasət bir çox ölkə üçün nümunə ola bilər.
Diplomatiyanın mühüm elementlərindən biri də diasporla bağlı siyasətdir. Prezident İlham Əliyevin bu sahədə də fəaliyyəti təqdirəlayiqdir. Ələlxüsus, Prezidentin Türkiyə və Azərbaycan diasporu haqqında "bir millətin iki diasporu olmaz" kəlamını biz fəaliyyətimizin devizi kimi qəbul etdik və Türkiyə-Azərbaycan Dərnəyini yaratdıq. Fəaliyyətimizdə ulu öndərlər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və Heydər Əliyevin "biz bir millət, iki dövlətik" kəlamlarını da rəhbər tutacağıq.
-Sinan bəy, xarici siyasət üzrə mütəxəssis olsanız da, Azərbaycanda gedən quruculuq işləri, iqtisadi və sosial inkişafı da dəyərləndirmənizi istərdik.
-Mən dünyanın bir çox ölkələrini gəzmişəm. Bakıda da uzun müddət yaşadım və işlədim. Dünyada hər dəfə gedərkən yeni bir ölkə, yeni bir şəhərlə rastlaşacağınız ikinci bir yer yoxdur. İki ay fasilədən sonra Azərbaycana səfər etdiyim zamanı artıq bəzi ünvanları tapa bilmirəm. Hər dəfə yeni binalar, yeni yollarla qarşılaşıram. Azərbaycanın tərəqqisini oradakı insanların üzünə baxdıqda da anlamaq olar. Onların üzü gülür, hətta yerişləri belə daha cəld görünür. Bütün bunlar Azərbaycan iqtidarının iqtisadi siyasətinin uğurlarının nəticəsidir.
{nl}
Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.