2 avqust Milli Kino günüdür

Azərbaycan kinosu inkişaf dövrünü yaşayır
Milli kinomuzun 109 yaşı tamam olur. 1996-cı ildə kinoşünas Aydın Kazımzadənin ciddi araşdırmaları nəticəsində Azərbaycan kino tarixinin 1898-ci ildən başlandığı sübut olundu. Həmin il avqustun 2-də Anton Mişonun çəkdiyi ilk film - "Balaxanıda neft fontanı" Bakıda nümayiş etdirilmişdi. Müsahibimiz kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə milli kinomuzun dünəni, bu günü və sabahı ilə bağlı məlumat verərək vurğuladı ki, bu sahənin sonrakı inkişafında dahi bəstəkarımız Ü.Hacıbəyovun həyat və yaradıcılığının böyük rolu olmuşdur. Onun əsərləri dəfələrlə ekranlaşdırılmış, hələ kinomuzun ayaq tutmağa başladığı illərdə bu əsərlərə müraciət olunmuşdur.
1916-cı ildə bəstəkarın "Arşın mal alan" operettası ekranlaşdırılmış və 1917-ci il yanvarın 3-də "Forum" kinoteatrında nümayiş olunmuşdur. Bu, Üzeyir bəy yaradıcılığına Azərbaycan kinosunun ilk müraciəti idi. 1945-ci ildə çəkilmiş "Arşın mal alan" isə ilk milli filmimizdir ki, SSRİ dövründə Dövlət mükafatına layiq görülüb. Sonrakı illərdə Üzeyir bəy yaradıcılığının ən gözəl nümunələrindən olan "O olmasın, bu olsun" (1956), "Leyli və Məcnun" operası ekranlaşdırıldı. Sonra isə yazıçı Anarın öz ssenarisi əsasında çəkdiyi dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən "Üzeyir Hacıbəyov: Uzun ömrün akkordları" filmi Azərbaycan musiqi tarixinin böyük bir salnaməsinə çevrildi.
- Müstəqil milli kinomuz nə vaxtdan formalaşmağa başladı?
-Müstəqil Azərbaycanın kino sənəti 1993-cü ildən formalaşmağa başladı. Həmin illərdə incəsənətin bu vacib sahəsi, sözün əsl mənasında, məhv olmaq təhlükəsi ilə üzləşmişdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə incəsənətə olan diqqət artırıldı. Milli kinematoqrafiyanın qazandığı ən mühüm uğurlardan biri "Kino haqqında Qanun"un qəbul edilməsi oldu. Bununla dövlət kinematoqrafın hüquqi bazasını yaratmış oldu. Qeyd edək ki, MDB ölkələri arasında Rusiyadan sonra yalnız Azərbaycanda belə bir qanun qəbul edilib.
Azərbaycanda kino çəkilişlərinə dövlətin qoyduğu vəsait ilbəil artırılır. Belə ki, bu sahəyə 2000-ci ildə 600 min, 2004-cü ildə 850 min, 2005-ci ildə 1 milyon 400 min, 2006-cı ildə 2 milyon, 2007-ci ildə isə 3 milyon 300 min manat vəsait ayrılmışdır. Bu vəsaitə uyğun olaraq əvvəllər 3-4 ildə cəmi 1-2 bədii film çəkilirdisə və ya heç çəkilmirdisə, son 5-6 il ərzində "Ovsunçu", "Hacı Qara", "Küçələrə su səpmişəm", "Arxada qalmış gələcək", "Girov", "Əlvida, Cənub şəhəri", "Cavid ömrü", "Hökmdarın taleyi", "Manifest", "Biz qayıdacağıq" kimi 15 bədii film, habelə bir neçə sənədli və cizgi filmləri çəkilmişdir. Bu inkişaf 1990-cı illərin əvvəllərində bəzi bədxahlarımızın Azərbaycan kinosunun getdikcə məhv olacağı barədə fikirlərini tamamilə alt-üst etdi. Bütün sahələrdə olduğu kimi, kinoda da durğunluq dövrü aradan qaldırıldı. Göründüyü kimi, hazırda bu sahəyə dövlət qayğısı sayəsində milli kinomuz inkişaf dövrünü yaşayır.
- Azərbaycan kinosunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində dövlətimiz nə kimi tədbirlər həyata keçirir?
- 2007-ci il fevralın 20-də Prezident İlham Əliyev "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncam imzaladı. Bu sərəncam kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni bir təkan verdi. Etiraf etmək lazımdır ki, hələ respublikamızda kinonun maddi-texniki bazası aşağı səviyyədədir. 1976-cı ildə ulu öndərimiz Heydər Əliyev "Kino sənətinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam imzalamışdı. Bu sərəncama əsasən o zaman valyuta hesabına kino avadanlıqları alındı və hazırda kinostudiyada istifadə olunan avadanlıqlar o dövrdə alınanlardır.
Prezident İlham Əliyevin imzaladığı sərəncamda isə kino sahəsində məsələlərin həlli kompleks şəkildə qoyulur. Yəni kinostudiyanın binasının ən müasir tələblərə cavab verən formada yenidən qurulması, ən yeni texniki avadanlıqlarla təchiz edilməsi, kadr siyasətinin həyata keçirilməsi və digər bu kimi mühüm məsələlər həmin sənəddə öz əksini tapmışdır. Bundan sonra xarici kinorejissorların respublikamızda kino çəkilişləri aparmaları və digər məsələlər öz həllini tapacaqdır.
1996-cı ildə Azərbaycan Dövlət Film Fondu yaradıldı. Hazırda bu fondda 10 mindən artıq milli və xarici filmlər saxlanır. Həmin filmlərin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə Dövlət Film Fondu üçün dünya standartlarına cavab verən 5 mərtəbəli bina inşa edildi.
- Kino sahəsində kadr məsələsi hansı səviyyədədir?
- SSRİ-nin dağılması ilə əlaqədar kino sahəsində kadrlar dağılmış, pərən-pərən düşmüşdülər. Respublikamızda, eyni zamanda dünyanın ən məşhur ölkələrinin inkişaf etmiş kinematoqrafiyalarında milli kadrların hazırlanması məsələsi prezidentin sərəncamında öz əksini tapmışdır.
Yerli və xarici filmlərin yüksək səviyyədə nümayiş etdirilməsi üçün kinoteatrların dünya standartlarına uyğun yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulmuşdur. "Nizami" kinoteatrı yalnız kinoteatr kimi deyil, həm də tarixi abidə kimi qorunduğu üçün o, ən müasir tələblərə cavab verən formada yenidən bərpa ediləcək, ən müasir texniki avadanlıqlarla təchiz olunacaqdır. Hazırda bu istiqamətdə qızğın iş gedir. Bununla yanaşı, paytaxtda olan bir sıra kinoteatrlar da təmir edilərək tamaşaçıların ixtiyarına veriləcəkdir.
- Milli kinomuz hansı problemlərlə yaşayır?
-Milli kino sahəsində əsas çətinliklərimizdən biri satış məsələsidir. Yəni çəkilən filmlərimizi dünya ekranlarına çıxararaq nümayiş etdirmək imkanlarımız məhduddur. Bu məsələni həll etmək məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsi filmlərin çəkilişlərinin və nümayişinin prodüser mərkəzlərinə həvalə edilməsi ilə bağlı layihə hazırlayıb həyata keçirmək üzrədir.
Kino sahəsində əsas problemlərimizdən biri də dublyaj işi ilə bağlıdır. Tamaşaçılar dublyajın çox aşağı səviyyədə olduğunu görürlər. Ona görə də dublyajın mərkəzləşdirilmiş qaydada və ixtisaslı kadrlar tərəfindən həyata keçirilməsi məsələsi gündəmdədir.
Digər problem isə prokat məsələsidir. Çəkilən filmlərin prokatı yoxdur. Yəni milli və xaricdən alınan filmlər kinoteatrlarda və lisenziyası olan telekanallar vasitəsilə nümayiş etdirilməlidir. Lakin hazırda həmin filmlər piratçılıq yolu ilə əldə edilərək evlərdə baxıldığına görə kinoteatrlara gedən yoxdur. Prezidentin imzaladığı sərəncamda pirat filmlərin baxılmasına da qadağa qoyulub.
- 2 avqust - Kino gününə hansı ovqatla gedirsiniz?
Biz kino işçiləri ürəkdən inanırıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin də böyük uğurlar qazanmasına şərait yaradacaq, Azərbaycan kinosu layiq olduğu yüksək sənət zirvələrinə ucaladaqdır.

{nl}

Mehdi MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında