Jurnalistikada peşəkarlığın artırılması zamanın tələbidir

Umud RƏHİMOĞLU, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini:
-Azərbaycan mətbuatının 135 illik yubiley tədbirləri, sözün əsl mənasında, mətbuat tariximizdə xüsusi yer tutacaq bir hadisəyə çevrildi. Bu yubiley ilə bağlı dövlət tərəfindən, xüsusi ilə şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən görülən işləri yüksək qiymətləndirirəm. Dövlətimiz tərəfindən mətbuatımızın inkişafı üçün kifayət qədər iş görülüb və bu iş ardıcıl olaraq davam edir. Hələ mərhum Prezidentimiz, ümummilli liderimiz Heydər Əliyevin dövründən mətbuatın inkişafı üçün başlayan islahatlar onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bir neçə il əvvəl Azərbaycan Mətbuat Şurasının təşəbbüsü və media ictimaiyyətinin iştirakı ilə kütləvi informasiya vasitələrinə dövlətin dəstək verməsinin əsasları geniş müzakirə olundu, konsepsiya hazırlandı. Bunun ardınca Azərbaycan Respublikası Prezidenti tərəfindən Mətbuata Dövlət Dəstəyi Konsepsiyası təsdiq olundu.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Yarandığı bir il müddətində fond xeyli işlər görüb, onun fəaliyyəti mətbuatın inkişafına öz töhfəsini verməkdədir. Milli mətbuatımızın 130 illik yubileyi də geniş şəkildə qeyd olunmuşdu. Onda Prezident İlham Əliyev Azərbaycan Mətbuat Şurasının maddi-texniki bazasının daha da yaxşılaşdırılacağını bildirmişdi. Mətbuatımızın 135 illiyində, iyulun 22-də Prezidentin iştirakı ilə Azərbaycan Mətbuat Şurasının müasir avadanlıqla təchiz edilmiş yeni ofisinin açılışı oldu. 32 qəzetin hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə isə 10 min manat yardım göstərildi. İlham Əliyev jurnalistlərin mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayırdı. Neçə vaxtdır ki, jurnalistlərimizin mənzil-məişət problemləri media ictimaiyyəti tərəfindən geniş müzakirə olunur. Nəhayət, jurnalistlərin mənzil məsələsinə ölkə başçısı səviyyəsində konkret münasibət bildirildi, onların bu problemlərinin həlli istiqamətində çox zəruri bir addım atıldı. Şübhəsiz ki, bu addım da jurnalistlərimizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq, bütövlükdə mediamızın inkişafına müsbət təsir edəcək. Eyni zamanda, kütləvi informasiya vasitələrində reklamın həcminin artırılmasının da nəzərdə tutulması redaksiyaların iqtisadi vəziyyətini yaxşılaşdıracaq, müstəqilliyinin möhkəmlənməsinə mühüm təsir göstərəcək.
Mətbuat işçilərinin fəxri adlarla və mükafatlarla təltif olunması da Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi ilə əlaqədar mətbuata dövlət qayğısının bir nümunəsi idi. Düşünürəm ki, mətbuat işçilərinə fəxri adların və mükafatların verilməsi çox vacibdir. Bu, media işçilərinin daha yaxşı, səmərəli fəaliyyəti üçün bir stimuldur. Fəxri adlar və mükafatlar verilən zaman heç bir ayrı-seçkiliyə yol verilmədi, təltif olunanlar arasında həm iqtidar, həm də müxalifət mətbuatının təmsilçiləri yer aldı. Mükafatlandırılan zaman jurnalistlərin siyasi baxışları yox, onların peşə fəaliyyəti əsas götürüldü. Xatırlayırsınızsa, İlham Əliyev Prezident seçilən zaman hər kəsin Prezidenti olacağı ilə bağlı çox vacib bir bəyanat vermişdi. Media işçilərinə təltiflər və mükafatlar verilən zaman cənab Prezident bunu öz əməli ilə bir daha təsdiq etdi.
Yeri gəlmişkən, mənə böyük etimad göstərərək, "Əməkdar mədəniyyət işçisi" adı ilə təltif etdiyinə görə cənab Prezidentimizə öz minnətdarlığımı bildirirəm. Bu fəxri ad şəxsən mənim üzərimə böyük bir məsuliyyət qoyur. Bundan sonrakı fəaliyyətimdə də cənab İlham Əliyevin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam.
Əliağa QURBANOV, Saatlı rayonunda çıxan "Dönüş" qəzeti baş redaktorun müavini:
-Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, müstəqil mətbuatın inkişafında da əsaslı dönüş yarandı. Azərbaycan milli mətbuatının keçdiyi zəngin və kəşməkəşli yolu hər dəfə diqqətə çatdıran ulu öndər müstəqil mətbuatı demokratiyanın əsas atributlarından hesab edərək bu sahənin inkişafına qayğı göstərir, yaranmış problemlərin aradan qaldırılmasını prioritet vəzifə kimi qarşıya qoyurdu.
Böyük tarixi şəxsiyyətin sərəncamı ilə milli mətbuatımızın 125 illiyinin təntənəli şəkildə qeyd olunması, bunun ardınca müxtəlif qanunvericilik aktlarının qəbul edilməsi bu sahəyə diqqəti daha da artırdı. Ulu öndərin digər sərəncamı ilə mətbuat üzərindəki senzuranın ləğv edilməsi Azərbaycanda azad sözün, müstəqil mətbuatın inkişafına geniş meydan yaradılmasından xəbər verirdi. Onu da qeyd edək ki, ümummilli lider Heydər Əliyevin senzuranın ləğv edilməsi ilə əlaqədar imzaladığı sərəncam beynəlxalq miqyasda da yüksək qiymətləndirildi. Artıq beynəlxalq qurumlarda da Azərbaycanda azad sözün və müstəqil mətbuatın inkişafı istiqamətində atılan addımlar yüksək qiymətləndirildi. "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə və dəyişikliklər edilərək daha da təkmilləşdirilməsi müstəqil mətbuatın inkişafında əsaslı dönüş yaratdı.
Ulu öndərin ideyalarını böyük müvəffəqiyyətlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin müstəqil mətbuatın inkişafına xüsusi önəm verməsi hər bir jurnalistin ürəyincədir. Bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dövlət büdcəsi hesabına ödənilməsi kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində atılan qətiyyətli addım oldu. Dövlət başçısının 2005-ci ildə milli mətbuatımızın 130 illiyi ilə əlaqədar imzaladığı sərəncamla kütləvi informasiya vasitələrinə və mətbuat agentliklərinə maliyyə yardımları ayrılması, bu sahədə uzun müddət fəaliyyət göstərən jurnalistlərə fəxri adların verilməsi, müxtəlif mükafatlarla təltif olunması jurnalistlərin gələcəyə olan inamını daha da artırdı. Bu il iyulun 21-22-də dövlət başçısının milli mətbuatımızın 135 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamlar jurnalistikanın inkişafında bu sahədə peşəkarlığın artırılmasında yeni dövrün başlanğıcını qoydu. Bu dəfə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində daha qətiyyətli addımlar atıldı. Hətta dünya praktikasında nadir hallarda qeydə alınan, bəlkə də bu vaxta qədər ilk dəfə Azərbaycanda həyata keçirilən bir tədbirə imza atıldı: jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrıldı.
Onu da qeyd edim ki, dövlət başçımızın Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar imzaladığı sərəncamla əlaqədar yerli icra hakimiyyəti orqanları da müxtəlif tədbirlər keçirmiş, mətbuatın inkişafına diqqəti artırmışlar. Mənim də çalışdığım "Dönüş" qəzetinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Prezident İlham Əliyevin Azərbaycan Mətbuat Şurasının yeni binasının açılışı zamanı jurnalistlərə verdiyi tövsiyələr, xüsusilə bu sahədə peşəkarlığın artırılmasının vacibliyini diqqətə çatdırması hamımızın ürəyincədir. Açığını deyək ki, son illər kütləvi informasiya vasitələrinə qeyri-peşəkarların axını başlanmışdır. Bu da qəzetlərdə dərc olunan məqalələrdə təhqirlərə, şərəf və ləyaqətin alçaldılmasına gətirib çıxardı. Ona görə də jurnalistikada peşəkarlığın artırılması zəruri məsələlərdəndir. Dövlət başçımız da haqlı olaraq bildirdi ki, jurnalistikada peşəkar kadrların işləməsi vacibdir. Peşəkarlıq artdıqca qəzetlərdə dərc olunan məqalələrdə təhqirlərin, şərəf və ləyaqətin alçaldılması hallarının da qarşısı tədricən alınar.
Regionlarda fəaliyyət göstərən qəzetlərin qarşılaşdığı əsas problem çap məsələsidir. Bu da ondan irəli gəlir ki, müasir tələblərə cavab verən nəşriyyatlar əsasən Bakıda fəaliyyət göstərir. Əgər belə bir nəşriyyat evi regionlarda da fəaliyyət göstərsə, əyalət qəzetlərinin çapında yaranmış çətinlik aradan qaldırılar.
Ümid edirik ki, milli mətbuatımızın inkişafına dövlət dəstəyi bu problemin də aradan qaldırılmasına zəmin yaradacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında