Vladas Qaydis: Azərbaycanda azad, demokratik seçkilər keçirildi

 

Azərbaycanda 9 oktyabrda keçirilən prezident seçkilərində iştirak edən Litvadan olan beynəlxalq müşahidəçi Vladas Qaydislə səsvermə başa çatan günün axşamı “Hilton” otelində tanış oldum. O, burada Litva nümayəndə heyətinin tərkibində seçkilərlə bağlı yerli və beynəlxalq media üçün təşkil olunan mətbuat konfransında iştirak edirdi.

Cənab V.Qaydis Litvadakı nüfuzlu “Market və rəy” tədqiqat mərkəzinin direktorudur. Ondan seçkilər barədə fikir və mülahizələrini soruşduqda böyük həvəslə vizit-kartını təqdim edərək qəzetimizə müsahibə verməyə razılıq verdi. İlk sözü bu oldu:

- Azərbaycanda keçirilən seçkilərdən mən çox razı qaldım. Hər bir ölkənin beynəlxalq aləmdə yüksək imicini yaradan bir sıra amillər var. Bunlar mədəniyyətdir, iqtisadi inkişafdır, turizm sahəsidir. Mənə elə gəlir ki, yüksək səviyyədə təşkil olunaraq keçirilən seçkilər yuxarıda sadaladığım amillərdən heç də az olmayaraq müasir dövrdə ölkələrin nüfuzuna təsir göstərir. Hesab edirəm ki, Azərbaycan azad, demokratik seçkilər keçirməklə beynəlxalq aləmdə öz nüfuzunu daha da artırdı.

- Əgər fikrinizi konrkretləşdirməli olsanız, deyə bilərsinizmi ki, sizi seçkilərdə ən çox razı salan hansı məqamlar oldu?

- Bilirsinizmi, hər bir seçki prosesində son mərhələ - səsvermə və səslərin sayılması prosesləri bütövlükdə görülən işlərə yekun vurur. Mən 9 oktyabrda beynəlxalq müşahidəçi həmkarlarımla paytaxt Bakının onlarla seçki məntəqəsində səsvermə prosesini izləmişəm. Səsvermənin yüksək səviyyədə təşkil olunduğu göz qabağında idi. Seçicilərin azad, sərbəst surətdə səs vermələri üçün heç bir maneə yox idi. Heç kim onlara təzyiq göstərmirdi. Müşahidə etdiyim əksər məntəqələrdə veb-kameralar qurulmuşdu. Seçki qutularının şəffaf olması da diqqətimdən yayınmadı.

Təqdirəlayiq haldır ki, seçki məntəqələrində çoxlu sayda yerli müşahidəçi vardı. Onlar səsvermə prosesini diqqətlə izləyirdilər. Yerli müşahidəçilərdən səsvermə prosesində hansı nöqsanlarla üzləşdiklərini soruşdum. Demək olar ki, heç bir şikayət eşitmədim.

Bir sözlə, Azərbaycan vətəndaşı bu seçkilərdə yüksək seçki mədəniyyəti nümayiş etdirdi. Ölkənizdə uğurla həyata keçirilən demokratik proses düşünülmüş, səriştəli idarəetmənin nəticəsidir. Vətəndaş ölkənin taleyinə biganə qalmırsa, seçim hüququndan bəhrələnərək ən layiqli hesab etdiyi namizədə səs verirsə, bu, onun dövlətinə, Vətəninə olan sevgisindən qaynaqlanır. Bəli, Azərbaycan vətəndaşı seçkilərdə fəal idi. Bu, çox yaxşıdır. Düşünürəm ki, Azərbaycanda iqtisadi inkişafdan güc alan, eləcə də xalqın özünə inam və rəğbət hissindən qidalanan demokratik ənənələr yaranır.

- Cənab Qaydis, sizin fikrinizdən belə başa düşdüm ki, Azərbaycanın iqtisadi cəhətdən davamlı inkişafı ölkəmizdə demokratik proseslərin sürətlənməsinə səbəb olub, deyilmi?

- Tamamilə doğrudur. Demokratiya ixrac olunmur. Bunu bəziləri başa düşmür. Demokratiya iqtisadi, mədəni inkişafla paralel getməlidir. Həm də siyasi iradə ortaya qoyulmalıdır. Azərbaycanda bu proseslər üzvi şəkildə, orqanik baş verir. Demokratik inkişaf istiqamətində Azərbaycanın uğurlarına yol açan da məhz bunlardır.

- Seçkilər insanları bir-birlərinə yaxınlaşdırır. Beynəlxalq müşahidəçi qismində çoxlu sayda qonaqların gəlişinə çox sevinirik. Vilnüs sakinlərinə, bakılılardan bir qucaq sevgi aparın...

- Çox sağ olun. Litva xalqının böyük şairlərindən biri olan Eduardes Mejelaytes yazıb ki, insan daim, aramsız olaraq yaxşılıq etməlidir, fikrində, əməlində xeyirxah olmalıdır. Mən Azərbaycan vətəndaşlarının simalarında xoş ovqat, mehribanlıq, qonaqpərvərlik duyğularını gördüm. Dost Azərbaycanın parlaq gələcəyinə inanıram.

Bir məqamı xüsusi vurğulamaq istəyirəm. Paytaxt Bakının hazırda olduqca gözəl müasir şəhərə çevrildiyini görməmək, bundan həzz almamaq qeyri-mümkündür. Bu, təkcə mənim şəxsi fikrim deyil, təmasda olduğum beynəlxalq müşahidəçilərin, demək olar ki, hamısı məqam düşən kimi Bakıda baş verən sürətli inkişafı tərifləyirdilər.

Paytaxtınız təkcə modernləşməyib, həm də tarixi simasını qoruya bilib. Mən düşünürəm ki, bütün bunlar Azərbaycan xalqının 1990-cı illərin əvvəllərində qazandığı milli istiqlalının, müstəqilliyinin bəhrəsidir. Xalqınıza, dövlətinizə, azad, demokratik seçkilər yolu ilə yenidən dövlət başçısı seçilmiş cənab İlham Əliyevə bir daha böyük uğurlar arzulayıram.

M.HACIXANLI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında