Riaz Əhməd Xan: Azərbaycanda seçkilər ən yüksək beynəlxalq standartlar səviyyəsində keçirilmişdir

 

Azərbaycanda 9 oktyabr prezident seçkilərini izləyən xarici müşahidəçilər arasında Pakistan Senatı Aparatının rəhbəri Riaz Əhməd Xan da vardı. Bakını tərk etməzdən əvvəl əməkdaşımız onunla görüşərək seçkilər barəsində təəssüratlarını oxucularımızla bölüşməsini xahiş etmişdir. Pakistanlı qonaq sözünə belə başlamışdır:

- Pakistanın müşahidəçi missiyasının tərkibində Bakıya gəlməyimdən çox razıyam. Birinci növbədə, seçkilərin yüksək səviyyədə təşkil olunduğunu vurğulamaq istəyirəm. Birmənalı şəkildə deyirəm: Azərbaycanda seçkilər ən yüksək beynəlxalq standartlar səviyyəsində keçirilmişdir.

- Pakistan kifayət qədər geniş müşahidəçilərlə təmsil olunmuşdu. Bu maraq və diqqət haradan qaynaqlanır?

- Müstəqil Azərbaycan dövlətinə, onun rəhbərliyinə, dost və qardaş Azərbaycan xalqına olan dərin hörmət və maraqdan qaynaqlanır.  Siz düzgün qeyd etdiniz. Bizim nümayəndə heyəti, həqiqətən, geniş və nüfuzlu  tərkibdə təşkil olunub. Belə ki, Pakistan müşahidəçilər missiyasının tərkibində altı senator və üç konqresmen var. Bundan başqa, Pakistanın bir neçə aparıcı media qurumunun  təmsilçiləri də seçkiləri işıqlandırmaq üçün Bakıya gəliblər.

-Səsvermə prosesini harada müşahidə etdiniz və təəssüratlarınız necədir?

- Bizim müşahidəçilər əsasən Bakıdakı müxtəlif seçki məntəqələrində müşahidələr aparıblar. Mən 9 oktyabrda paytaxtdakı onlarla seçki məntəqəsində olmuşam. Diqqətimi, ilk növbədə, cəlb edən bu idi ki, seçkilər hər yerdə çox şəffaf keçirilirdi. Əksər məntəqələrdə veb-kameralar qurulmuşdu. Çoxlu sayda yerli müşahidəçilər vardı. Mən müxtəlif partiyaları təmsil edən yerli müşahidəçilərlə söhbət etmişəm. Onlardan heç biri demədi ki, səsvermə prosesində qanun pozuntusuna yol verilir.

Seçki məntəqələrində bütün seçicilər azad, sərbəst surətdə səs verirdilər. Mən onlara qarşı təzyiqlərin olduğunu heç bir yerdə hiss etmədim. Adamların yaxşı ovqatda olmaları da diqqətimdən yayınmadı. Azərbaycanda bu gün vətəndaş fəallığı var. Bu, çox yaxşı haldır. Xalqınızın yüksək seçki mədəniyyətinə sahib olması da bizi çox sevindirdi.

- Cənab Riaz Əhməd Xan, sizə bəllidir ki, Azərbaycan torpaqlarının bir hissəsi erməni silahlı qüvvələri  tərəfindən  işğal olunub. BMT 20 il əvvəl  bu təcavüzü kəskin pisləyən dörd qətnamə qəbul edib. Amma ədalət hələ də bərpa olunmayıb. Buna necə baxırsınız?

- Pakistan bütün nüfuzlu beynəlxalq qurumlarda Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləyir. Ölkəmizin rəsmi mövqeyi belədir ki, Ermənistan işğal etdiyi bütün Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxmalıdır.

Çox təəssüf ki, müasir dünyada bir çox məsələlərin həllində hələ də ikili standartlar mövcuddur. Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də bu, təəssüf ki, aşkar hiss olunur. Lakin gündən-günə güclənən, tərəqqi edən Azərbaycanın tez ya gec ədaləti bərpa edəcəyinə əminəm.

Azərbaycanda prezident seçkiləri uğurla başa çatdı. Azərbaycan xalqı Prezident İlham Əliyevə yenidən böyük etimad göstərərək ona növbəti beş il üçün ölkəni idarə etmək üçün ali mandat verdi. İnanıram ki, onun səriştəli rəhbərliyi ilə qarşıdakı illər ölkəniz və xalqınız üçün çox uğurlu illər olacaq.

- Siz tezliklə vətənə yola düşürsünüz. Maraqlıdır ki,  ölkəmiz ən çox nə ilə yaddaşınızda qalacaq?

- Paytaxt Bakının bu qədər gözəl bir şəhərə çevrildiyini təsəvvür etmirdim. Bakı bu gün, həqiqətən, olduqca gözəl bir şəhərdir. Şəhərin qeyri-adi arxitekturası Azərbaycanın həm keçmişini, həm bugününü, həm də gələcəyini özündə təcəssüm etdirir. Azərbaycanın ən böyük sərvəti isə onun işgüzar, yüksək intellektli, mehriban insanlarıdır. Bu insanları heç vaxt unutmayacağam. Bakıya yenidən gələcəyimə ümid bəsləyirəm. 

Söhbəti qələmə aldı: M.HACIXANLI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında