Azərbaycanda 9 oktyabr prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilər arasında Müstəqil Dövlətlər Biriliyinin (MDB) nümayəndə heyətinin tərkibində ölkəmizə təşrif buyurmuş Qazaxıstanın Pavlodar Regional Ərazi Seçki Komissiyasının sədri Alla Sabırxanova da vardı. Onunla MDB müşahidəçilər misssiyasının rəhbəri Sergey Lebedevin bu ilin oktyabr ayının 10-da “Hilton” otelində keçirdiyi mətbuat konfransında tanış oldum. Qəzetimizə kiçik müsahibə verməsini xahiş etdim. Məmnuniyyətlə razılaşdı.
- Aliya Jakenovna, öncə özünüz barədə qısa məlumat verməyinizi xahiş edirəm.
- Məmnuniyyətlə. Mən ixtisasca həkiməm. Artıq xeyli vaxtdır ki, Pavlodar şəhərindəki tibb kollecində çalışıram. Bizim kollec 1949-cu ildən fəaliyyət göstərir, ölkəmizin qabaqcıl təhsil ocaqlarından biridir. Mən üç ildir ki, kollecə rəhbərlik edirəm. Eyni zamanda, Pavlodar Regional Ərazi Seçki Komissiyasının sədriyəm. Qeyd edim ki, Pavlodar Qazaxıstanın ən böyük vilayətlərindən biridir, sürətlə inkişaf edən böyük sənaye mərkəzidir.
- Bir halda ki, Pavlodarda seçki komissiyasına rəhbərlik edirdiniz, sizin üçün Azərbaycanda 9 oktyabr prezident seçkilərinin təşkilinin yaxşı və zəif cəhətlərini müəyyən etmək çətin olmaz. Buna görə də, bir peşəkar olaraq fikrinizi bilmək maraqlı olardı...
- Fikrimcə, Azərbaycandakı son seçkiləri qiymətləndirmək üçün xüsusi təcrübə və biliklərə malik olmağa heç bir ehtiyac yoxdur. Necə deyərlər, hər şey göz qabağında idi. Prezident seçkiləri çox yüksək şəkildə təşkil olunmuşdu. Mən bu uğur münasibəti ilə azərbaycanlı həmkarlarımı təbrik etməyi özümə borc bilirəm.
Yeri gəlmişkən, MDB Müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedev bir neçə dəqiqə bundan qabaq başa çatan mətbuat konfransında haqlı olaraq qeyd etdi ki, Azərbaycanda seçkilərin təşkili MDB ölkələri, eləcə də dünyanın bir çox dövlətləri üçün yaxşı nümunə ola bilər. Sergey Nikolayeviç tamamilə haqlıdır. Prezident seçkiləri bütün cəhətlərdən mükəmməl təşkil olunmuşdu.
- Əgər 9 oktyabr seçkilərini konkret, necə deyərlər, bir sözlə səciyyələndirməli olsanız, hansı ifadə və təyindən istifadə etməli olardınız?
- Maraqlı sualdır. Məncə, Azərbaycandakı son seçkilər daha çox insani, humanist siması ilə yaddaşlarda qalacaq. Yəni seçkilərdə hər şey vətəndaşın rahat səs verməsinə hesablanmışdı. Seçicinin səsvermə günü seçki məntəqəsinə gələrək öz iradəsini rahat, sərbəst şəkildə ifadə etməsi üçün hər cür şərait yaradılmışdı. Mən seçki məntəqələrində bu məsələyə məxsusi olaraq diqqət yetirirdim. Seçicinin seçki siyahılarında adının qeyd olunmasından tutmuş, seçki bülletenini alaraq səsvermə kabinəsinə daxil olması və sərbəst seçim etməsi üçün heç bir problem yox idi. Ətrafdakılar seçicilərə mane olmurdular. Çox yaxşı əhval-ruhiyyə vardı. Adamlar sanki bayrama gəlmişdilər. Bütün məntəqələrdə tibbi xidmət fəaliyyət göstərirdi. Xəstə və əlillər üçün səyyar qutular təşkil olunmuşdu. Yerli müşahidəçilərin səsvermə prosesini izləmələri üçün də qanunvericiliyə uyğun olaraq hər cür şərait yaradılmışdı. Bir sözlə, seçki prosesinin yüksək səviyyədə təşkilini görüb dəyərləndirməmək, sadəcə, insafsızlıq olardı.
-Aliya Jakenevna, Azərbaycan və qazax xalqları böyük türk ailəsinə məxsus olan xalqlardır. Müstəqil dövlətlərimiz və xalqlarımız arasındakı əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
-Azərbaycan və qazax xalqlarının iqtisadi, mədəni əlaqələri tarixən qədim olub. Bu əlaqələr respublikalarımız öz müstəqilliklərini əldə etdikdən sonra daha da genişləndirilib. Dövlətlərimiz arasında əlaqələrin hazırkı yüksək səviyyəyə çatdırılmasında dahi siyasətçi Heydər Əliyevin və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin böyük xidmətləri var.
Sevindirici haldır ki, Azərbaycanın hazırkı Prezidenti cənab İlham Əliyev də iki qardaş ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün davamlı böyük işlər görür. Mənə bəllidir ki, indi dövlətlərimiz arasında ticarət əlaqələri çox sürətlə artır. Hər iki tərəf bu əlaqələrin daim genişlənməsində maraqlıdır.
- Bu gün Qazaxıstanda Azərbaycanın böyük bir diaspor təşkilatı fəaliyyət göstərir. Ölkənizdə həmyerlilərimizə münasibət necədir?
- Qazaxıstan çoxmillətli ölkədir. Burada bir çox xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar azad, mehriban şəraitdə yaşayıb yaradırlar, biznes fəaliyyəti ilə məşğul olurlar. Onlar ölkəmizin mədəni həyatında da fəal iştirak edirlər. Yeri gəlmişkən, Qazaxıstandan gəlmiş müşahidəçilər arasında Qazaxıstanda çalışan azərbaycanlı iş adamı da var. Ondan da soruşa bilərsiniz, Qazaxıstan bütün xalqlara qarşı xeyirxah münasibət sərgiləyən çox tolerant bir dövlətdir. Mən bilirəm ki, Azərbaycanda da başqa xalqlara yalnız hörmətlə yanaşırlar.
- Bilmək istərdim ki, Azərbaycana budəfəki səfəriniz yaddaşınızda ən çox nə ilə qalacaq?
- Paytaxt Bakıda aparılan sürətli quruculuq işləri məni yaxşı mənada heyrətə gətirdi. Qədim Bakı hazırda çox sürətlə cavanlaşaraq modern bir şəhərə çevrilir. Şəhər sakinlərinin istiqanlılığı, qonaqpərvərliyi də diqqətimdən yayınmadı. Bir də mənim üçün çox xoş oldu ki, Azərbaycanda müasir qazax poeziyasının görkəmli nümayəndəsi Oljas Süleymanovu yaxşı tanıyırlar, onun şəxsiyyətinə və poeziyasına dərin rəğbət bəsləyirlər. Ümid edirəm ki, qardaş Azərbaycana yenə gələcəyəm.
Söhbəti qələmə aldı: M.HACIXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.