Beynəlxalq müşahidəçilər seçkilərin demokratik və ədalətli keçdiyini bəyan edirlər

 

Frans Klintseviç Adamoviç, beynəlxalq müşahidəçi,  Rusiya Federasiyası Dövlət Dumasının müdafiə məsələləri üzrə komitə sədrinin müavini: – İlk dəfədir ki, Azərbaycana səfər etmişəm. Hər şey, eləcə də şəhəriniz, insanlar xoşuma gəldi. Azərbaycanda prezident seçkisi yüksək səviyyədə və peşəkarlıqla təşkil edilmişdi. Seçki prosesində 12-dən çox seçki dairəsində, 15 seçki məntəqəsində izlədim. Qeyd edim ki, seçki qanunvericiliyə uyğun keçdi. Seçki məntəqələrində hazırlıq prosesi çox xoşuma gəldi. Əlbəttə ki, məntəqə və dairə komissiyasının üzvləri müşahidəçilərin gəlişinə hazırlaşmışdılar. Hiss edilirdi ki, seçki prosesinin  normal qaydada keçməsi üçün məntəqələrdə xeyli hazırlıq görülmüşdü. İnsanların sakit şəkildə səs verdiklərini müşahidə etdim. Dairələrdə 15-ə yaxın müşahidəçi ilə qarşılaşdım. “Exit poll”u həyata keçirən xanımların iş prosesi ilə tanış oldum. Onlar günün müəyyən saatlarında seçki prosesinin səviyyəsi ilə bağlı hesabat verirdilər. Müxtəlif sosial təbəqələri təmsil edən seçicilərlə, yaşlı insanlarla, gənclərlə görüşüb  söhbət etdim. Onlar seçkiyə pozitiv yanaşırdılar.  Beş ballıq sistemlə seçki hazırlığına “beş” qiyməti verirəm. Çünki burada seçki təşkilatçılığı hətta Rusiyadan da yüksəkdir.  Müşahidəçi kimi deyə bilərəm ki, komissiya üzvləri işlərini peşəkarlıqla görürdülər. Bu, onların yüksək hazırlığından xəbər verir. Bu yüksək hazırlıq əlbəttə ki, öz müsbət nəticəsini göstərir. Azərbaycanda tətbiq edilən seçki texnologiyasını yüksək qiymətləndirirəm. Bəzi Qərb müşahidəçiləri var idi ki, onlar məntəqəyə gedir,  hər şeyin qaydada olmasına baxmayaraq, tənqidi yanaşırdılar. Beynəlxalq müşahidəçi kimi seçki prosesinə obyektiv yanaşmaq lazımdır. Hesab edirəm ki, Azərbaycanda seçkilər uğurla keçdi.

Xəlil Akınçı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi:

– Bundan əvvəl də mən burada keçirilmiş seçkilərdə iştirak etmişəm. Bu dəfə Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün nümayəndə heyətimiz Ağdamın Azərbaycanın nəzarətində olan kəndlərinə yollandıq. Heç bir xoşagəlməz halla qarşılaşmadıq. Həqiqətən hesab edirəm ki, bu seçkilər Azərbaycanda indiyə kimi texniki baxımdan ən yüksək səviyyədə gerçəkləşən seçki idi. Vətəndaşların seçki fəallığı yüksək idi. Baş çəkdiyimiz seçki məntəqələrində seçici siyahısında aparılan qeydiyyatlar düzgün idi. Bizim də adlarımızı beynəlxalq müşahidəçi kimi qeyd etdilər. Bu da hər kəsin işinə diqqət və məsuliyyətlə yanaşmasını göstərir. İnşallah, Azərbaycan bundan sonra da tərəqqi və inkişaf yolunda addımlayar. Azərbaycan xalqını təbrik edirəm.

Fransisko Rosales Arguello,  Latın Amerikası, Karib dənizi hövzəsi ölkələri siyasi partiyaları konfransının müşahidəçisi:

– Azərbaycanda prezident seçkiləri mütəşəkkil formada keçdi. Vətəndaşlar azad və sərbəst istədikləri namizədə səs verdilər. Bildirmək istəyirəm ki,  Mərdəkan, Şüvəlan, Türkanda yerləşən seçki məntəqələrinə baş çəkdik.  Seçkilər beynəlxalq normalara uyğun, şəffaf və azad keçib. Beynəlxalq müşahidəçi kimi heç bir narazılığımız yoxdur. Səhər saat 8-dən biz məntəqələrdə idik. Bütün namizədlərin adları və onlar haqqında məlumat tablolarda qeyd edilmişdi. Bütün seçki qutuları hazır şəkildə qoyulmuşdu. Seçkiyə hazırlıq yüksək səviyyədə idi.

Seçicilərin təkrar səs verib-verməməsini bilmək məqsədilə baş barmağın yoxlanılması, seçicilərin növbə ilə bülletenlərini götürüb gizli şəkildə kabinələrdə səs vermələri yüksək səviyyədə təşkil edilmişdi. Seçici masalarında oturan seçki komissiyalarında olan işçilərin çoxu xanım idi, lakin diqqətlə müşahidə etdikdə görürdük ki, onlar öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirirdilər. Görünürdü ki, onların bu sahədə təcrübələri var. O xanımlardan soruşduqda öyrəndik ki, ölkədə 5 milyondan çox seçici qeydiyyatdan keçib. Bildirmək istəyirəm ki, heç bir qanun pozuntusu olmayıb, seçki azad və şəffaf keçib. Biz səsvermə prosesindən çox razıyıq. Biz Bakıya seçkidən iki gün öncə gəlmişik,  paytaxtda heç bir küçə təbliğatına rast gəlmədik. Bu da seçki qanunvericiliyinə və qanunlara riayət edilməsi və hörmətdən irəli gəlir. Bu, o deməkdir ki,  Azərbaycan müstəqil, demokratik və azad ölkədir və burada keçirilən seçki beynəlxalq normalara cavab verir. Biz seçkidən öncə bir sıra namizədlərlə görüş keçirdik, onların seçki platformaları ilə tanış olduq. Biz həmçinin cənab İlham Əliyevin rəsmi səlahiyyətli nümayəndəsi ilə də görüşdük. Bütün namizədlərə eyni imkanlar və şərait yaradılmışdı. Qeyd etmək istəyirəm ki, cənab İlham Əliyevdən başqa, digər namizədlərdən heç birinin alternativ seçki platforması yox idi. Onlar seçilsəydilər, hansı yenilikləri gətirəcəklərinə dair ideyalara, platformalarına rast gəlmədik. Biz Latın Amerikası, Karib dənizi hövzəsi ölkələri siyasi partiyaları konfransının  nümayəndə heyəti olaraq Azərbaycanda keçirilən prezident seçkilərinin demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçirildiyini bəyan edirik.

Əfsanə BAYRAMQIZI, Ülviyyə VAHİDQIZI,  
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında