Yaroslav PALAS: Azərbaycanda yetkin vətəndaş cəmiyyəti formalaşır

 

Ölkəmizdə 9 oktyabrda keçirilən prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilər arasında Çexiya parlamentinin yuxarı palatasının üzvü, senator  Yaroslav Palas da vardı. Mən hörmətli qonaqla “Hilton” otelində Çexiya müşahidə qrupunun təşkil etdiyi hesabat konfransından sonra görüşdüm. Y.Palas tələssə də qəzetimiz adından ona ünvanladığım suallara lütfkarcasına cavab verdi.

- Cənab Palas, siz Çexiya müşahidəçilər qrupunun rəhbərisiniz. Qrupun üzvləri  hansı partiyaları təmsil edirlər və onların Azərbaycandakı seçkilərə münasibəti necədir?

- Bizim müşahidəçilərin arasında Çexiyanın üç əsas partiyası - Sosial-Demokrat, Vətəndaş Demokrat və Vətəndaş Hüquqları partiyalarının təmsilçiləri var. Çexiya nümayəndə heyətinin üzvlərinin hər birinin seçkilərin monitorinqi sahəsində  zəngin təcrübəsi var.  Mən həm öz adımdan, həm də çexiyalı müşahidəçilərin hər birinin adından tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara tam cavab verdi. Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu, sakit, sülh, tam aşkarlıq şəraitində keçdi.

- Siz mətbuat konfransında bəyan etdiniz ki, Azərbaycanda bundan əvvəl də olubsunuz... 

- Mən 1998-ci ildə Azərbaycanda olmuşam. O dövrdə də prezident seçkilərini izləmişəm. O zaman da seçkilər azad, ədalətli təşkil olunmuşdu. Amma bu dəfə hiss olunurdu ki, seçkilər daha mükəmməl təşkil olunub. Həm seçkilərin texniki təşkili, həm də vətəndaşların seçkiyə münasibətində müsbət mənada dəyişikliklər hiss olunurdu. 

- Müşahidə apardığınız məntəqələrdə sizi ən çox qane edən nə idi?

- Səsvermənin sakit, mən hətta deyərdim, mehriban bir əhval-ruhiyədə keçməsi məni çox sevindirdi. Şəxsən mən paytaxtdakı bir çox seçki məntəqələrində olmuşam. Hər yerdə vətəndaşların yaxşı ovqatda olmalarını gördüm.  Bilirsinizmi, hər bir ölkədə seçkilər vətəndaş cəmiyyəti quruculuğunun göstəricisidir, yəni bu, bir imtahandır, gərək bu imtahandan üzüağ çıxasan. Azərbaycanda yetkin cəmiyyət quruculuğu formalaşır. Seçkilər bunu bir daha sübut etdi.

- Hazırda Azərbaycan-Çexiya dövlətləri arasındakı əlaqələri necə qiymətləndirirsiniz?

- Bu əlaqələr yüksələn xətlə davam edir. Çexiya Azərbaycanın ən böyük iqtisadi partnyorlarından biridir. Bizim enerji sahəsində əlaqələrimizin geniş perspektivi var. Mən Azərbaycana budəfəki gəlişim zamanı bir daha yəqin etdim ki, ölkələrimiz arasında turizm sahəsində uğurlu əməkdaşlıq üçün böyük imkanlar açılır.

Yeri gəlmişkən,  Azərbaycanın zəngin mədəniyyəti barədə yeni, maraqlı məlumatlar əldə etdim. Mənim üçün böyük sürpriz oldu ki, böyük çex yazıçısı Yaroslav Qaşek Azərbaycanda dəfələrlə nəşr olunub, onun yaradıcılığına bu gün də böyük maraq var.

Az qala unudacaqdım. Bakı şəhəri çox xoşumuza gəldi. Son on ildə paytaxtınızın yaxşı mənada bu qədər dəyişə biləcəyini ağıla gətirmək belə çətin idi.

- Azərbaycan vətəndaşlarına arzularınızı eşitmək istərdik...

- Azərbaycan vətəndaşları 9 oktyabrda bir daha yüksək seçki mədəniyyətinə sahib olduqlarını nümayiş etdirdilər. Xalqınızı qəlbən təbrik edirəm, rifah və xoşbəxtlik arzulayıram. Ölkənizdə azad, demokratik seçkilərin nəticəsi olaraq ədalətli qələbə çalmış Prezident İlham Əliyevi təbrik edirəm. Onun düzgün, ağıllı idarəçiliyi ilə Azərbaycan bütün sahələrdə uğurlar qazanır. Bu uğurlar müstəqil Azərbaycanı vahid Avropa ailəsinə daha da yaxınlaşdırır.

Söhbəti qələmə aldı: Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında