Oktyabrın 9-da Azərbaycan Respublikasının vətəndaşları öz iradələrini ifadə edərək hazırkı Prezident İlham Əliyevi yenidən dövlət başçısı vəzifəsinə seçdilər. Prezident İlham Əliyevin şəksiz qələbəsi ölkədə seçki prosesini izləmiş minlərlə beynəlxalq müşaşhidəçi tərəfindən də təsdiq edilib. Azərbaycan seçicilərinin birmənalı olaraq Heydər Əliyev siyasətinə dəstək nümayiş etdirməsi və İlham Əliyevi böyük səs çoxluğu ilə prezident seçməsi istər prezidentliyə namizədləri, istərsə də ölkədəki çoxsaylı partiyaları bu nəticə ilə hesablaşmağa vadar edir.
Artıq builki seçkilərdə
İlham Əliyevə rəqib olmuş namizədlərdən bir çoxu seçkinin nəticəsini qəbul etdiyini bildirib, dövlət başçısını yeni böyük qələbəsi münasibətilə təbrik edib. Ölkədəki digər siyasi partiyaların rəhbərləri də seçkinin nəticələrini tanıdıqlarını bildiriblər. Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadədən seçkinin nəticələri ilə bağlı mövqeyini açıqlamasını xahiş etdik.
ADİP sədri bildirdi ki, təmsil etdiyi partiya seçki günü ölkədəki bütün seçki məntəqələrinə öz müşahidəçilərini göndərib. “Mən özüm də müşahidəçi qismində seçki prosesinə qoşulmağı vacib hesab edərək üç dairə seçdim və bu dairələrin əhatə etdiyi bütün məntəqələrdə oldum. Həmin məntəqələrdəki prezidentliyə namizədlərin müşahidəçiləri ilə görüşərək onlarla birlikdə seçki prosesini izlədik. Deməliyəm ki, seçki çox yüksək səviyyədə keçdi və heç bir ciddi problemlə üzləşmədik” - Asim Mollazadə bildirdi.
Demokratik İslahatlar Partiyası ölkənin ciddi siyasi təşkilatlarından biri olaraq 9 oktyabr seçkiləri ilə bağlı müşahidələrinin nəticələri ilə bağlı açıqlama verməyi də unutmayıb. Bunula bağlı partiyanın qəbul etdiyi bəyanatda deyilir: “DİP-dən olan müşahidəçilər ölkə üzrə 125 seçki dairəsini və müvafiq olaraq 1000-dək seçki məntəqəsini əhatə ediblər. Onların verdiyi məlumatlara görə, namizədlərin qeydə alınması prosesində ciddi əngəllər müşahidə olunmayıb. Bütün namizədlərə elektron və çap kütləvi informasiya vasitələrinə çıxış imkanları yaradılıb. Siyasi qüvvələrin sərbəst toplaşmaq hüququ məhdudlaşdırılmayıb. MSK-nın seçkiləri yüksək səviyyədə təşkil etməsi, seçki maarifləndirməsi sahəsində gördüyü işlər, məntəqələrə müşahidə kameralarının yerləşdirilməsi, seçki günü ictimaiyyətin operativ şəkildə nəticələrlə bağlı məlumatlandırılması, qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara, beynəlxalq təşkilatların nümayəndələrinə seçkiləri müşahidə etmək üçün normal şəraitin yaradılması təqdirəlayiqdir.
9 oktyabrda seçkilər kifayət qədər şəffaf və demokratik şəraitdə keçib. Seçicilərə öz iradəsini ifadə etmək üçün sərbəst imkanlar yaradılıb, seçici fəallığı aşkar hiss olunub.
DİP-in müşahidəçilərinin qeydləri və əldə edilən yekun protokolların nəticələri MSK İnformasiya Mərkəzinin elan etdiyi nəticələrlə üst-üstə düşür. Bəzi istisnalar olmaqla, müşahidəçilər prosesdə ciddi qüsurlar, qeyri-qanuni hallar müşahidə etməyiblər. Ümumilikdə bu seçkilərdə ölkədə keçirilən əvvəlki seçkilərlə müqayisədə müsbət irəliləyişlər müşahidə olunub. Seçki prosesi əsasən ATƏT və Avropa Şurasının öhdəlik və standartlarına, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə keçirilib”.
Partiya sədri MSK-nin seçkinin nəticələrini elan etməsindən sonra Prezident İlham Əliyevə təbrik məktubu da göndərib. Məktubda deyilir: “Sizi 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası prezidenti seçkilərində inamlı qələbə qazanmağınız və yenidən prezident seçilməyiniz münasibətilə təbrik edirəm! Ümidvaram ki, seçicilərin Sizə göstərdiyi bu yüksək etimadı doğruldacaq, qarşıdakı beş il ərzində də ölkəmizə və xalqımıza xidmət göstərməkdə davam edəcəksiniz. Sizə bu şərəfli missiyanın həyata keçirilməsi yolunda uğurlar arzulayıram!”
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.