Şriftin ölçüsü:
31.07.2010 06:42 | Oxunma sayı: 717
Müstəqillik qazandıqdan sonra dövlətin mətbuata olan diqqət və qayğısı bu sahənin gündəlik həyatımızda, ictimai-siyasi proseslərdə necə əhəmiyyətli rol oynaması ilə bağlıdır. Həqiqətən də cəmiyyətin hərtətərfli inkişafında və formalaşmasında "dördüncü hakimiyyət" adlandırılan mətbuatın rolu çox böyükdür. Milli mətbuatımızın 135 iliyi münasibətilə cənab Prezident İlham Əliyevin mətbuatla bağlı imzaladığı sərəncamlar və onun mətbuata diqqəti bir sıra tanınmış jurnalistlər tərəfindən yüksək qiymətləndirilir.
Zemfira MƏHƏRRƏMLİ, İnsan Hüquqları üzrə Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri, "Tərəqqi" medalı mükafatçısı:
- Bu il jurnalistlərin yaddaşında milli mətbuatımızın yubiley ili, "mətbuata diqqət" ili kimi qalacaq. Milli mətbuatımızın illərdən bəri formalaşmış ənənələri çox dəyərlidir. Bu ənənələrin formalaşmasında Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli kimi ziyalıların böyük zəhməti olub. Milli mətbuat ənənələrimizlə yanaşı müasir dünyada medianın inkişafında da bir sıra müsbət cəhətlər var. Biz milli dəyərlərimizi qorumaqla yanaşı, dünya mətbuatına inteqrasiya üçün bu cəhətləri, yeni metodikaları mənimsəməliyik. Bu sahədə bir sıra nüfuzlu beynəlxalq təşkilatların ekspertləri Azərbaycana səfərlər edir, jurnalistlərimizi digər ölkələrin mətbuat ənənələri ilə keçirilən seminar və treninqlərdə tanış edirlər.
Cənab Prezidentin sərəncamı ilə jurnalistikada əməyi olan insanların mükafatlandırılması onların əməyinə verilən ən yüksək qiymətdir. Mükafat daha layiqincə fəaliyyət göstərmək istiqamətində bizim üçün bir stimuldur. Cənab Prezidentin sərəncamlarından biri jurnalistlərin sosial problemlərinin həlli , mənzillə təminatı məqsədilə beş milyon manat ayrılması ilə bağlı oldu. KİV-də çalışan elə jurnalistlər var ki, onların şəxsi mənzilləri yoxdur, buna baxmayaraq, onlar fəaliyyətlərini davam etdirirlər. Yaxşı yazmaq-yaratmaq, potensialını bütünlüklə işinə həsr etmək üçün sosial qayğıların həlli, şəxsi mənzilin olması önəmlidir. Gənc həmkarlarıma demək istərdim ki, yazdıqları sahəyə daha yaxşı bələd olmağa çalışsınlar, ancaq fakta söykənsinlər. Tanınmış jurnalist, müəllimimiz Nəsir İmanquliyevin bizə dediyi bir ifadəni həmişə xatırlayıram. " Elə yazı yazın ki, yerə düşəndə mis kimi cingildəsin."
Mən mətbuat xidmətinin işçisi kimi KİV-lərlə əməkdaşlıq edirəm, bu iş özü böyük məsuliyyət və diqqət tələb edir. Odur ki, mətbuat xidmətləri ilk növbədə öz informasiyasının dəqiqliyinin, obyektivliyinin keşiyində durmalıdır. Hansı KİV-də çalışmağımızdan asılı olmayaraq, hər birimiz öz fəaliyyətimizlə milli mətbuatımızın inkişafına çalışmalıyıq. Əməyimə verilən qiymətə-"Tərəqqi" medalına layiq görüldüyüm üçün cənab Prezidentə təşəkkür edirəm, bundan sonra da fəaliyyətimi uğurla davam etdirəcəyəm.
Əbülfət MƏDƏTOĞLU, "Ədalət" qəzetinin əməkdaşı, əməkdar jurnalist:
- Bu il milli mətbuatımızın 135 illik yubileyinin xüsusi təntənə ilə qeyd edilməsi yaddaşlarda qalacaq. Azərbaycanın müxtəlif bölgələrində 22 iyul Milli Mətbuat Günü aparıcı media təmsilçilərinin iştirakı ilə geniş şəkildə qeyd edildi. Bu tədbirlər, eləcə də cənab Prezident İlham Əliyevin mətbuatın maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə redaksiyalara ayırdığı maliyyə vəsaitləri, eləcə də sosial təminatla bağlı sərəncamları bir daha göstərdi ki, milli mətbuatımız onun daim diqqətindədir və mətbuata dövlətin qayğısı var. Mətbuat Şurasının yeni binasının istifadəyə verilməsi, "Gülüstan" Sarayında təşkil edilmiş yubiley tədbiri jurnalistlər üçün əsl bayram idi. Ölkə başçısının sərəncamı ilə bir qrup jurnalistin fəxri adlara və mükafatlara layiq görülməsi haqqında onu deyə bilərəm ki, ölkə başçısı heç bir fərq qoymadan hər kəsə onun fəaliyyətinə uyğun layiq olduğu qiyməti verdi. Mən təkcə aldığım ada görə yox, jurnalistlərin mənzil məsələsinin təminatı ilə ilə bağlı Prezident sərəncamına çox sevinir və bu addımı alqışlayıram. Cənab Prezident mətbuatla bağlı çıxışında bir sıra əhəmiyyətli məsələlərə toxundu. Onun çıxışı zamanı toxunduğu bir sıra vacib məqamlar biz jurnalistləri bu sahədə diqqətli olmağa səslədi. Ən əsası Azərbaycanın ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə mətbuatın diqqətli olması, həssaslıq nümayiş edərək bir yumruq kimi birləşməsi cənab Prezidentin ölkə başçısı və Ali Baş Komandan kimi göstərişidir. Bundan nəticə çıxarmaq, ümummilli məsələlərdə həmrəy olmaq hər birimizin mənəvi borcumuzdur. İnanıram ki, hər bir həmkarım bu tövsiyədən nəticə çıxaracaq və Qarabağ probleminin həllində həmrəyliyimiz öz sözünü deyəcək.
{nl}
Hazırladı: Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.