“Bu seçki Azərbaycan, Cənubi Qafqaz və türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir”

 

 

 

Müstəqil Mətbuat Mərkəzində ölkəmizdə keçirilən prezident seçkilərini müşahidə edən Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araçdırmalar Vəqfinin nümayəndələri ilə görüşdük.Onlar bizimlə seçki ilə bağlı təəssüratlarını bölüşdülər.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri dr. Akkan Suvər: “Bakının müxtəlif seçki dairələrində – təxminən 37 məntəqədə olduq,  seçki prosesini izlədik. Olduğumuz bütün məntəqələrdə seçkilərin şəffaf və demokratik şəkildə keçdiyini müşahidə etdik. Üstəlik, seçicilərin 50 faizi səhər saatlarında məntəqələrdə idi. Sevindirici haldır ki, müşahidəçilər arasında qadınlar daha aktiv iştirak edirlər. Sözsüz ki, bu da qadınların Azərbaycan cəmiyyətinin ictimai-siyasi həyatında mühüm rol oynadığını göstərir. Bu seçki  təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz, türk dünyası üçün mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, bu seçkinin nəticəsi gələcək 5 il ərzində Azərbaycanın fəaliyyət istiqamətıni, eləcə də türk dünyasında ölkənizin mövqeyini  müəyyən etməkdə yardım edəcəkdir. Seçıcılər prezident  seçkilərinə  məsuliyyətlə yanaşır, səsvermədə iştirak etməyi vətəndaşlıq borcu hesab edirlər. Seçki proseslərində müşahidəmiz zamanı heç bir intizamsızlıq və qanun pozuntusuna rast gəlmədik. Mən əvvəllər də Azərbaycanda seçki prosesini izləmişəm və nəticədən məmnun qalmışam.”

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təmsilçisi dr. Fatih Saraçoğlu: “İlk dəfədir ki, Azərbaycanda beynəlxalq müşahidəçi kimi iştirak edirəm. Həmkarlarımla birgə bir sıra  məntəqələrdə müşahidə apardıq. Qeyd edim ki, seçki günündə havanın xoş keçməsi də seçicilərin ovqatına müsbət təsir göstərir. Seçicilər arasında yüksək əhval- ruhiyyənin və fəallığın şahidi oldum. Bu, müsbət haldır. Bundan başqa, məntəqələrdəki  yüksək intizam və mütəşəkillik seçkiyə yüksək hazırlıqdan, eləcə də vətəndaşların seçki mədəniyyətindən xəbər verir. İnşallah, seçkinin nəticəsi qardaş Azərbaycan xalqı üçün xeyirli olar”.

Mərmərə Qrupunu təmsil edən beynəlxalq müşahidəçi Şamil Ayrım: “Qardaş ölkədə – Azərbaycanda seçkidə beynəlxalq müşahidəçi kimi iştirak etdiyimə görə şadam. Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri möhkəm və sarsılmaz tellərlə bağlıdır. Eyni ağacın budaqları, eyni kökdən olan qardaş xalqlarıq. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin Türkiyə olması da aramızda olan sıx münasibətlərdən xəbər verir. Bu gün Azərbaycan öz iqtisadi inkişafına, sabitliyinə və nüfuzuna görə Cənubi Qafqazda lider dövlət kimi diqqəti cəlb edir. İndiyə kimi  Azərbaycanın imza atdığı bir sıra regional və beynəlxalq iqtisadi, enerji layihələri dövlətinizin iqtisadi potensialını artırmaqla yanaşı, həm də Türkiyə – Azərbaycan iqtisadi əlaqələrinin möhkəmlənməsinə xidmət edir. İqtisadi inkişaf tempi gələcəkdə Azərbaycanın bu cür strateji əhəmiyyətli layihələrə daha çox yatırım edəcəyini göstərir.

Bu gün müşahidəçi kimi izlədiyimiz Azərbaycan Respublikasında  prezident seçkisinin  tam şəffaf və ədalətli şəkildə keçdiyinin şahidi oldum. Deyə bilərəm ki, məntəqələrdə seçicilərin fəal olduqlarını gördüm. Hər kəs öz növbəsini gözləyərək, şəxsiyyət vəsiqəsini təqdim edir, adını seçki siyahısında tapdıqdan sonra səs verirdi. İnanıram ki, ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan bu seçki dövlətin gələcəyinə öz müsbət təsirini göstərəcəkdir”. 

Əfsanə BAYRAMQIZI, Ülviyyə VAHİDQIZI,

 “Xalq  qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında