Eduard Linter: Azərbaycan xalqı yüksək seçki mədəniyyətinə sahib olduğunu nümayiş etdirdi

 

 

Azərbaycanda prezident çeçkilərini izləyən beynəlxalq müşahidəçilər arasında 36 nəfərdən ibarət almaniyalı müşahidəçilər də olmuşdur.

Bu qrupa Avropa Parlamentinin Almaniyadan seçilmiş üzvləri, Almaniya Bundestaqının hazırkı və keçmiş deputatları, eləcə də Bavariya Parlamentinin indiki və sabiq  üzvləri daxildir. Əməkdaşımız dünən Almaniya müşahidəçilər qrupunun rəhbəri Almaniya Federal Parlamentinin sabiq üzvü Eduard Linter ilə görüşərək, ondan seçkilərin gedişi barədə təəssüratlarını bildirməsini xahiş etmişdir. Cənab Eduard Linterin fikir və düşüncələrini oxucularımızın diqqətinə çatdırırıq:

- Azərbaycanda prezident seçkilərini izləməkdən dərin məmnunluq duydum. Mənim seçki proseslərini izləmək sahəsində böyük təcrübəm var. Avropanın, eləcə də dünyanın bir çox dövlətlərində çeşidli seçki proseslərini izləmişəm. Bunu ona görə vurğulayıram ki, seçki prosesinə kifayət qədər bələd olan şəxsəm.  Yeri gəlmişkən, təkcə mən deyil, bizim müşahidəçilər qrupunun əksər üzvləri seçki məsələlərində təcrübəli insanlardır. Biz başa düşürük ki, seçkilər ciddi bir işdir və buna hər zaman adekvat məsuliyyət nümayiş etdirmək lazımdır. Buna görə də bizim müşahidə qrupunun bütün üzvləri oktyabrın 9-da iştirak etdikləri bütün seçki məntəqələrində məntəqələrin açılmasından tutmuş son ana qədər, yəni seçkilərin başa çatdığı dəqiqəyə qədər  diqqətlə müşahidələr aparmışlar. Dərhal qeyd edim ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında dairə və məntəqələr arasında seçim edərkən bizə heç bir məhdudiyyət qoyulmayıb. Özümüz hansı dairəni və məntəqəni seçmişiksə, orada da iştirak etmişik.

Biz Bakıda müxtəlif mənbələrdən, həm hökumət, həm də müstəqil  mənbələrdən məlumat aldıq ki, seçkilərə hazırlıq və seçkiqabağı təbliğat prosesində prezidentliyə namizədlər öz seçki hüquqlarından tam istifadə edə biliblər. Bütün namizədlərə və onların nümayəndələrinə İctimai televiziyada bərabər vaxt ərzində sərbəst çıxış edərək fikirlərini xalqa çatdırmaq imkanı yaradılıb.

Şəxsən mən bu gün (dünən-red) bir çox seçki məntəqəsində müşahidələr aparmışam. Heç yerdə ciddi qanun pozuntusuna rast gəlməmişəm. Adamlar böyük həvəslə seçkilərdə iştirak edirdilər. Heç kəs onların iradələrinə təsir göstərmirdi. Hamı azad surətdə öz seçimini edirdi. Qeyd edim ki, vətəndaş fəallığı demokratiyanın əsas amillərindən biridir. Bunu Azərbaycanda müşahidə etdiyim uçün məmnun oldum.

Yaxşı haldır ki, bütün məntəqələrdə seçicilərin barmaqlarına xüsusi mürəkkəb vurulurdu ki, təkrar səvermə halları olmasın. Seçki qutularının şəffaf olması da diqqətimdən yayınmadı. Bu da çox yaxşıdır.

Almaniya müşahidəçilər qrupunun bütün üzvləri bu fikirdədir ki, Azərbaycanda prezident seçkiləri çox demokratik və ən yüksək standartlara uyğun keçirilib. Biz şahid olduq ki, Azərbaycandakı seçkilər həm yerli qanunlara, həm də beynəlxalq standartlara tam cavab verir. Sizin xalqınızın azad, demokratik seçkilər keçirmək mədəniyyəti həqiqətən yüksəkdir. Buna görə də Azərbaycanın hər bir vətəndaşını ürəkdən təbrik edirəm və ölkənizə uğurlar, xalqınıza rifah və səadət arzulayıram.

Söhbəti yazdı:

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında