Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyası düzgün müəyyənləşdirilmiş siyasi strategiyanın nəticəsidir

 

Müsahibimiz hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseynovdur.

- Cahangir müəllim, Azərbaycan artıq özünün müstəqillik tarixinin 22-ci ilini yaşayır. Bu illər ərzində respublikamızın keçdiyi yol məşəqqətli olsa da, artıq beynəlxalq aləmdə söz sahibinə çevrilmişik. İstərdik ki, müstəqillik tariximizin keçdiyi yola  sizin də münasibətinizi öyrənək.

- Son iki ildir ki, mən Azərbaycanın XVIII əsr tarixinin araşdırılması ilə məşğul oluram. Bununla əlaqədar olaraq Azərbaycan tarixi ilə bağlı xeyli sayda yazılmış mənbə ilə tanış olmuşam. Tədqiqatlarımın xeyli hissəsini İran İslam Respublikasının və Türkiyə Cümhuriyyətinin  arxiv materialları əsasında aparmışam. Araşdırdığım tədqiqatlardan bir daha belə nəticəyə gəldim ki, Azərbaycan qədim və böyük bir tarixə malikdir. Çox təəssüflər olsun ki, uzun illər sovet tarixçiləri bunu saxtalaşdırmış, min il tarixi olan Azərbaycan dövlətini xırda xanlıqlar səviyyəsində təqdim etmiş və nəhayət, Azərbaycanın bir hissəsini XIX əsrin əvvəllərində işğal etməklə turançılığa və azərbaycançılığa böyük bir zərbə vurmuşdur. XX əsrin əvvəllərindən  İran  deyilən məkanda da farsların hakimiyyətə gəlməsi ilə böyük  Azərbaycan dövləti süquta uğramışdır. Məhz 1918-ci il mayın 28-də Şimali Azərbaycanda ilk müstəqil respublika yaranmışdır. Məhz bugünkü  Azərbaycan Respublikasını böyük və qədim bir Azərbaycan dövlətinin sələfi kimi tanımalıyıq. XVIII əsrdə Azərbaycan-Əfşar dövlətinin sahəsi 5 milyon kvadratkilometr ərazini əhatə etmişdir. Həmin ərazidə bu gün bizə gəlib çatmış Azərbaycanımızı hər birimiz göz bəbəyimiz kimi qorumalıyıq.

Azərbaycan müstəqillik əldə etdikdən sonra, keçən əsrin 90 - cı illərində yenidən ölkəmizin başı üzərini “qara buludlar” almışdı. Azərbaycan xarici və separatçı qüvvələrin təzyiqi ilə yenidən parçalanma təhlükəsi ilə üzləşmişdi. Həmin zaman mən Ali Sovetin deputatı kimi 1992-ci il martın 6-da parlamentin tribunasından “Birləşməsək, xalq bizi bağışlamaz” devizi ilə müraciət etdim. Həmin dövrdə respublikamızı separatçı qüvvələrdən və düşdüyümüz ağır vəziyyətdən qorumaq məqsədilə Heydər Əliyevin hakimiyyətə gətirilməsini ilk dəfə  parlamentdə təklif etdim. Onun nüfuzundan, dövlət idarəçiliyindəki zəngin təcrübəsindən, siyasi dünyagörüşündən istifadə olunmasına çağırdım.

Bu gün ölkəmizdə yaradılmış davamlı ictimai-siyasi sabitliyin əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Qüdrətli şəxsiyyətin  möhkəm təməllər üzərində bünövrəsini qoyduğu daxili və xarici siyasətin uğurlu davamı ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmaqdadır. Mən gündəlik mətbuatı çox yaxından izləyirəm və qardaş Türkiyə Cümhuriyyətində apardığım araşdırmalar zamanı da şahidi oldum ki, Azərbaycanın dünya birliyindəki mövqeyi əvvəlki illərlə müqayisədə xeyli artıb və iqtisadi cəhətdən daha da qüdrətli olub. Sevindirici haldır ki, bu inkişaf yalnız neft amili ilə əlaqəli deyil. Beynəlxalq standartlara cavab verən  çoxlu sayda istehsal və sənaye müəssisələri yaradılmış, bir milyondan artıq yeni iş yerləri  açılmış, ümumi daxili məhsul istehsalı bir neçə dəfə artmış, ən əsası isə  Azərbaycan dünya birliyində söz sahibinə çevrilmişdir. Bütün bunlar son on ildə həyata keçirilən məntiqli və düşünülmüş strategiyanın nəticəsidir.

Təbii ki, Azərbaycan  dünyada neft - qaz ölkəsi kimi tanınır. Onu da qeyd edək ki, dünyanın bir çox ölkələrində təbii sərvətlər, faydalı qazıntılar mövcuddur. Çox uzağa getməyək. Azərbaycanla qonşu  olan bir sıra dövlətlər zəngin neft və qaz yataqlarına malikdir. Ancaq dünyanın ən iri neft şirkətləri məhz ölkəmizlə bu sahədə əməkdaşlığa üstünlük verdilər. Bunun əsas səbəblərindən biri ölkəmizdə davamlı ictimai - siyasi sabitliyin yaradılması və dövlət başçısına olan inam və etimaddan irəli gəlir. Mən ulu öndər Heydər Əliyevin təşkilatçılığı və rəhbərliyi ilə imzalanmış neft müqaviləsini xatırlatmaq istərdim. Bu il “Əsrin müqaviləsi”nin 19 - cu ildönümü tamam oldu. Məndə olan məlumata görə bu müqaviləni imzalayan şirkətlər bu günə qədər Azərbaycana 300 milyard dollara qədər investisiya qoyublar. Bu milyardlar ölkəmizin inkişafına, yeni infrastruktur layihələrinin yaradılmasına, əhalinin həyat tərzinin yaxşılaşdırılmasına sərf olunub. Bu gün hər birimiz bu inkişafın, tərəqqinin, firavanlığın şahidiyik.

Mən iki ilə yaxın idi ki, Azərbaycandan ayrılmışdım. Qeyd etdiyim kimi, qardaş Türkiyə Cümhuriyyətində elmi yaradıcılıqla, tədqiqat işləri ilə məşğul olurdum. Bakıya qayıdanda isə gördüklərim məni heyrətə gətirdi. Mən sanki, dünyanın inkişaf etmiş ən gözəl şəhərlərindən birində idim. Bəli, bura doğma Bakı idi. Qısa müddət ərzində aparılan abadlıq və yenidənqurma işləri adamı valeh edir. Bütün bu işləri həyata keçirmək üçün təbii ki, iqtisadi güc lazımdır. Demək, ölkəmizin iqtisadi qüdrəti sürətlə artır. Dünyanın heç bir ölkəsində belə sürətli inkişaf ola bilməz. İndi şahidi oluram ki, bu yenidənqurma işləri təkcə paytaxtda deyil, bütün regionlarda həyata keçirilir. Rayonlarda elə istehsal müəssisələri yaradılıb ki, hətta inkişaf etmiş ölkələrdə belə müəssisə yoxdur. Sevindirici haldır ki, həmin müəssisələrdə işləyənlər də yerli sakinlərdir. Bu da hər bir soydaşımız üçün böyük bir problemə çevrilmiş işsizliyin aradan qaldırılmasında çox böyük əhəmiyyət kəsb edir.

- Azərbaycanda  demokratik proseslərin inkişafı daim diqqət mərkəzində saxlanılan prioritet sahələrdəndir. Siz bir hüquqşünas kimi bunu necə qiymətləndirirsiniz?

- Mən təcrübəmə əsaslanaraq deyə bilərəm ki, dünyanın heç bir yerində ideal cəmiyyət yoxdur. Dünyanın inkişaf etmiş, hətta, yüz - iki yüz il demokratiya təcrübəsi olan ölkələrində də narazılıqlar, nöqsanlar,  etiraz aksiyaları  mövcuddur. Hər bir ölkənin özünün daxili problemləri var. Mən elə Türkiyə Cümhuriyyətində olarkən müəyyən etiraz aksiyalarının şahidi oldum. Hətta, bu narazılıq o həddə çatdı ki, asayiş keşikçiləri ilə yerli sakinlər arasında qarşıdurma yarandı. Sonradan bu narazılıq tədricən aradan qaldırıldı və həyat əvvəlki axarı ilə davam etdirildi. Bunu şişirtmək, siyasiləşdirmək əhəmiyyətsiz bir şeydir. Bizdə də belə hallar olub. Lakin ulu öndərin həyata keçirdiyi uzaqgörən siyasət bunun qarşısını müdrikliklə alıb. Bir qədər əvvəl vurğuladığım kimi, “Əsrin müqaviləsi” imzalanandan bir qədər sonra bir neçə dəfə dövlət çevrilişinə cəhd oldu. Lakin qüdrətli siyasi xadim Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi və  siyasi uzaqgörənliyi xarici düşmənlərimizin və müstəqil dövlətimizin inkişafını gözü götürməyən dairələrin təhriki ilə hazırlanmış belə antikonstitusion hərəkətlərin qarşısını ustalıqla aldı. Bu da növbəti dəfə xarici şirkətlərdə ölkəmizə və dövlət başçısına böyük inam yaratdı. Ondan sonra  Azərbaycana investisiya qoyan şirkətlərin sayı daha da artdı. Bakı - Tbilisi - Ceyhan  əsas ixrac neft kəməri, Bakı - Supsa qaz kəməri, Bakı - Tbilisi - Qars dəmir yolu xəttinin əsası məhz bundan sonra qoyuldu. Ulu öndərin siyasi xəttinin  onun adına layiq davam etdirilməsi həmin infrastruktur layihələrin həyata vəsiqə almasına böyük imkanlar yaratdı. Bu gün hər  birimiz bu layihələrin uğurlarından bəhrələnirik. Müstəqil dövlətimizin sürətli inkişaf yoluna qədəm qoymasına məhz bu layihələr geniş yol açıb. İndi Azərbaycan öz təbii sərvətlərini heç bir dövlətin köməyinə ehtiyac olmadan Avropa və dünya bazarlarına çıxara bilir. Yeni TANAP qaz kəməri tezliklə Azərbaycan qazını Türkiyə vasitəsilə Avropa ölkələrinə çıxaracaq.

Bu gün torpaqlarımızın 20 faizi işğalçı Ermənistan dövlətinin nəzarəti altındadır. Buna baxmayaraq, Azərbaycan bütün sahələr üzrə Cənubi Qafqazın lider dövlətidir. Belə bir şəraitdə demokratik proseslərin inkişafı həmişə prioritet məsələ kimi diqqət mərkəzində saxlanılır. Hər bir ölkədə keçirilən seçki prosesinin nəticələri həmin ölkədə demokratiyanın inkişafının hansı səviyyədə olmasını səciyyələndirən əsas amillərdəndir. Son illər ölkəmizdə keçirilən seçkilər inkişaf etmiş bir sıra ölkələr üçün nümunə ola bilər. Bunu seçkiləri izləmiş beynəlxalq müşahidəçilərin yekun rəyləri də təsdiqləyir. Bir sıra araqarışdıran və kimlərinsə sifarişlərini icra edən xəyanətkarların və ermənipərəst  ekspertlərin yalan məlumatlar yaymaları da ədalətli keçirilmiş seçki prosesinə mənfi təsir göstərmir. Bunun əsas səbəbi ölkəmizdəki demokratik proseslərin inkişafının, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində dövlət başçısının həyata keçirdiyi tədbirlərin və qətiyyətli addımların dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən düzgün və obyektiv qiymətləndirilməsidir. Mən hamıya müraciət edərək deyirəm ki, gəlin, Azərbaycanımızı bizi gözü götürməyənlərdən qoruyaq. Gəlin, belələrinə qarşı birgə mübarizə aparaq. Kimlərsə antiazərbaycan dairələrin çirkli pullarına və yalan vədlərinə aldanıb onların sifarişlərini yerinə yetirməklə millətimizin adına ləkə gətirməməlidir. Ulu öndərin memarı olduğu müstəqil Azərbaycanımızı qorumaq hər bir soydaşımızın ən müqəddəs, ən ülvi borcudur. Müstəqilliyimizin gələcək taleyi gənclərimizdən aısılıdır. Hazırda  ölkəmizdə gənclərin beynəlxalq aləmə inteqrasiya olunması, hərtərəfli təhsil almaları, sərbəst fəaliyyətinin təmini üçün dövlət proqramları qəbul olunub. Bütün bunlar yetişən gənc nəslin hərətərəfli inkişafı məqsədini daşıyır. Ona görə də doğma, müstəqil Azərbaycanımızın qorunmasında gənclərin üzərinə daha böyük məsuliyyət düşür. Ümid edirəm ki, Azərbaycan gəncliyi dövlətimizin bu sahəyə göstərdiyi xüsusi qayğıdan yetərincə faydalanıb, bu gün həyata keçirilən daxili və xarici siyasətə sadiqlik nümayiş etdirəcək,  müstəqil dövlətimizin beynəlxalq aləmdəki reytinqinin daha da yüksəldilməsi üçün bütün imkanlardan istifadə edəcək. Mən inanıran ki, məhz bu gəncliyin qüvvəsi hesabına düşmən işğalında olan torpaqlarımız azad ediləcək. Bu gün həyata keçirilən uğurlu daxili və xarici siyasət də bundan xəbər verir.

- Hazırda ölkəmiz çox önəmli siyasi hadisə ərəfəsindədir. Təbii ki, mən bu yaxınlarda keçiriləcək prezident seçkilərini nəzərdə tuturam. Bu  seçkilərin də demokratik ruhda keçiriləcəyinə böyük inam var. Sizin də fikirlərinizi bilmək maraqlı olardı.

- Bilirsinizmi, Azərbaycanda demokratik, azad və ədalətli seçki keçirilməsi üçün mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Sevinirəm ki, bu sənədlərin hazırlanmasında mənim də zəhmət payım var. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin hazırlanmasında əməyim  az olmayıb. 2003 - cü ildə mən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının (indi Komitə) sədr müavini idim. Seçki Məcəlləsi hazırlanarkən biz dünyanın inkişaf etmiş dövlətlərinin seçki təcrübəsi və bu sahədəki qanunvericilik aktları ilə yaxından tanış olduq, qabaqcıl təcrübəni öyrəndik. Bundan əlavə beynəlxalq təşkilatların nümayəndələrinin, həmçinin tanınmış ictimai-siyasi xadimlərin, hüquq ekspertlərinin iştirakı ilə dəfələrlə monitorinqlər keçirdik. Nəticədə beynəlxalq standartlara uyğun mükəmməl Seçki Məcəlləsi hazırladıq. Artıq 10 ildir ki, ölkəmizdə  bütün seçkilər bu əhmiyyətli sənəd əsasında keçirilir. Söz yox ki, Seçki Məcəlləsinə bu illər ərzində bir sıra əlavə və dəyişikliklər edilmişdir. Bu da təbii qarşılanmalıdır. Çünki ölkəmiz sürətlə inkişaf edir, müxtəlif beynəlxalq konvensiyalara qoşulur, demokratik proseslərin inkişafına xüsusi önəm verilir. Belə bir şəraitdə Seçki Məcəlləsi daha da təkmilləşdirilməlidir. İnanıram ki, builki prezident seçkiləri də şəffaf və ədalətli olacaq və bu da ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq.

Müsahibəni qələmə aldı:  Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında