Azərbaycan hazırda bölgənin internet mərkəzidir

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur ASLANOVUN AzərTAc-a müsahibəsi

-Azərbaycanda internet azadlığının qorunması üçün dövlət tərəfindən hansı tədbirlər görülür?

-Bu gün Azərbaycan hakimiyyəti vətəndaşlara informasiyanın sərbəst əldə olunması üçün bütün imkanları yaradıb, ölkədə internet azaddır. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir, onlarla internet-radiolar, eyni sayda internet-televiziyalar, yüzlərlə elektron qəzet və jurnallar mövcuddur, əhali arasında Facebook, Twitter, Instagram kimi sosial şəbəkələr olduqca populyardır. Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib, eyni zamanda, siyasi diskussiyaların, fikir mübadiləsinin aparıldığı bir məkan olub. Artıq internetdən istifadə Azərbaycan əhalisinin gündəlik həyat tərzinə daxildir. Dövlət bu gün hər bir vətəndaşın internetə rahat çıxış imkanı yaradılmasında bir nömrəli qarant rolundadır.

Müasir Azərbaycanda elektron demokratiya yüksək səviyyədə təmin olunur və ölkə bir sıra dövlətlərdə olduğu kimi, internetin məhdudlaşdırılması ilə bağlı heç bir tədbir həyata keçirmir.

Artıq respublika əhalisinin 70 faizə yaxını internet istifadəçisidir və bu rəqəm ilbəil artır. Azərbaycan Prezidenti İlham Əliyev ucqar kəndlərə belə genişzolaqlı internetin çəkilməsi göstərişini verib və hazırda internetin vətəndaşlara daha əlçatan olması üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sürətlə davam etdirilir.

Müqayisəli təhlil aparsaq görərik ki, Azərbaycanda internet tariflərinin region ölkələrindəkindən aşağı olması təmin edilib. 2012-ci ildə genişzolaqlı internet üzrə orta qiymət əhalinin orta aylıq gəlirinin 2,5 faizini təşkil edib ki, bu da Beynəlxalq Telekommunikasiya İttifaqının inkişaf etməkdə olan ölkələrdə bu nisbətin 2015-ci ilədək 5 faizdən az olması barədə hədəfinin artıq indidən təmin olunması deməkdir.

Xüsusilə qeyd etməliyəm ki, cənab Prezidentin siyasəti Azərbaycanda İKT sahəsinin maksimum inkişaf etdirilməsidir ki, bunun nəticəsi olaraq internet tariflərinin ucuzlaşdırılması meylinin davam etdirilməsi kütləviliyi daha da artıracaqdır. Misal üçün, son 10 ildə Azərbaycanda 1 Mbit/s. internetin qiymətində təxminən 1200 dəfə ucuzlaşma qeydə alınıb. Bundan başqa, ölkənin xarici tranzit dövlətlərdən internet asılılığına son qoyulub.

Təkcə son 5 il ərzində Azərbaycanda internet xidmətləri bazarının 4 dəfə böyüməsi dövlətin bu sahəyə nə qədər prioritet istiqamət kimi yanaşdığını əyani şəkildə göstərir. Buraya 2013-cü ilin Azərbaycanda “İKT ili” elan olunmasını, kadr bazasını möhkəmləndirmək üçün İnformasiya Texnologiyaları Universitetinin yaradılmasını, internet infrastrukturunun sürətlə müasirləşdirilməsini, fiber-optik kabel şəbəkəsinin durmadan genişləndirilməsini də əlavə etsək, mənzərə daha da aydın olar.

Azərbaycan hazırda bölgənin internet mərkəzidir. Təsadüfi deyil ki, Bakı VII İnternet İdarəçilik Forumu kimi nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib.

-İnternetin imkanlarından dövlət idarəçiliyində necə istifadə olunur?

-Azərbaycan hakimiyyəti internetə təkcə informasiya mübadiləsi məkanı kimi deyil, həm də hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsinin yeni imkanları kimi baxır. Elektron hökumət layihəsi, cənab Prezidentin Facebook səhifəsində dövlət qurumlarının vətəndaşların suallarını vaxtaşırı cavablandırması üçün platformaların yaradılması, ölkədə elektron sənəd dövriyyəsi sisteminin formalaşdırılması məhz bu  missiyaya xidmət edir. Xüsusilə əhaliyə xidmət sahəsində elektron  sənəd dövriyyəsinin getdikcə böyüməsi həyata keçirilən bütün işlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığına növbəti sübutdur. İnternetin “online” imkanlarının geniş istifadə olunduğu “ASAN xidmət” mərkəzlərinin ölkə boyu genişləndirilməsində, vətəndaşların elektron xidmətlərdən daha çox faydalanması üçün hətta dövlət başçısının özünün şəxsi nümunə göstərməsində məhz bu iradə həlledici rol oynayır.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi hallarda Azərbaycanda sürətli inkişafa qərəzli münasibət bəsləyən, erməni lobbi təşkilatlarına yaxınlığı ilə seçilən bir sıra təşkilatlar reallıqdan uzaq, saxta rəqəmlər əsasında, böhtan xarakterli məlumatlar yayaraq ölkənin müsbət imicini zədələməyə çalışırlar. Sifariş yerinə yetirən bu cür təşkilatlar reallığı təhrif etmək gücündə deyil, onların fəaliyyəti konkret faktlar əsasında daim ifşa olunur və bundan sonra da ifşa olunacaqdır. 

-İnternet seçkilərdə şəffaflıq göstəricisi ola bilərmi?

-Artıq prezident seçkisinə gedən namizədlər və onların təşviqat qrupları internetdə sosial şəbəkələr vasitəsilə geniş təbliğat işi aparırlar. Hətta ayrı-ayrı şəxslərin Facebook, Twitter səhifələrində paylaşdıqları statuslar media, qəzet səhifələrində əksini tapır. Bu faktın özü Azərbaycanda internetin nə qədər azad məkan olduğunu göstərir.

Eyni zamanda, budəfəki prezident seçkisində 1000-ə qədər seçki məntəqəsində vebkameraların quraşdırılması, ölkədə, xaricdə olmasından asılı olmayaraq, hər kəsə seçkinin gedişatı ilə sərbəst tanış olmaq imkanının yaradılması prosesin şəffaf keçirilməsinə “online” nəzarət olmaqla yanaşı, həm də Azərbaycanda açıq cəmiyyətin, internet şəffaflığının bariz nümunəsidir. 

Bu gün ölkədə ən yeni texnologiya - 4G tətbiq edilir. Dövlət internet mediasının inkişafını, internetdə fikir və söz azadlığını, sosial şəbəkələrin genişlənməsini dəstəkləyir. “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da internetin imkanlarından daha geniş yararlanmaq, qabaqcıl texnologiyaları Azərbaycana gətirməyi davam etdirmək kimi mühüm hədəflər müəyyən edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında