Nəsir ƏHMƏDLİ, BDU jurnalistika fakültəsinin professoru, əməkdar jurnalist:
- Bu il milli mətbuatımızın 135 illik yubileyi təntənə ilə qeyd edildi və bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Cənab Prezidentin milli mətbuatın bayramı ərəfəsində bir sıra əhəmiyytəli sərəncamlara imza atması Azərbaycan mətbuatı üçün əhəmiyyət kəsb edir. Onun sərəncamı ilə jurnalistlərin mükafatlandırılması, fəxri adlara layiq görülməsi ilə bağlı onu deyə bilərəm ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, xalqına xidmət edən jurnalistlərin əməyinə qiymət verilib. Bu həm də milli həmrəylik baxımından jurnalistlərin vahid ideya və dövlətçilik ətrafında birləşməsindən xəbər verir.
Jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması və onların mənzillə təminatı üçün 5 milyon manat vəsait ayrılması da mühüm addımdır. Düşünürəm ki, yaradıcı peşə sahibləri olan jurnalistlərin hər birinin ürəyincədir. Çünki mənzil, sosial şəraiti yaxşı olan jurnalist bütün potensialını yaradıcılığına daha rahat və ürəklə sərf edəcək. Mətbuat Şurasının yeni binasının açılışında cənab Prezident mətbuatla bağlı bir sıra əhəmiyyətli fikirlər səsləndirdi.
Dövlət başçısı ilə görüşdə Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov jurnalistikanın yaradıcı bir peşə olduğunu vurğuladı və gələcəkdə jurnalistika fakültəsinə qabiliyyət imtahanının vacibliyini diqqətə çatdırdı. Biz inanırıq ki, bu təklif nəzərə alınacaq. Çünki Sovet dövründə jurnalistika fakültəsində oxumaq istəyən gənclər üç mərhələdə imtahandan keçirdilər. İlkin şərt ondan ibarət idi ki, onlar mətbuatda çıxış etməli, yazıları dərc edilməli idi, biz həmin yazılara əsasən onların yaradıcılıq qabiliyyətinə rəy verirdik.
Daha sonra onlar yazı imtahanına buraxılırdı, sonda isə şifahi söhbət zamanı gənclərin dünyagörüşü yoxlanılırdı. Bu isə gələcəkdə daha peşəkar, istedadlı jurnalistlərin yetişməsində öz təsirini göstərirdi. Bəzən ali təhsil almaq xətrinə, eləcə də müəyyən bal nəticəsində jurnalistika fakültəsində oxuyan, bu peşəyə həvəsi və qabiliyyəti olmayan tələbələrə də rast gəlirik. Odur ki, yaradıcılıq imtahanı bərpa olarsa, bu peşəni sevən və istedadlı gənclərin üzə çıxarılmasına kömək edə bilər.
Sevinirəm ki, bir çox məsələlərdə, xüsusilə də Dağlıq Qarabağ məsələsi ilə bağlı mətbuatın yekdil və vahid ictimai mövqeyi var. Mətbuatın və jurnalistlərin üzərinə daha böyük məsuliyyət və vəzifələr düşür. Jurnalistlər çalışdığı mətbu orqandan asılı olmayaraq, həmişə milli mövqe nümayiş etdirməli, yazılarında buna daha çox fikir verməlidirlər. Jurnalistlərin mənəvi borcu bundan sonra da Həsən bəy Zərdabinin və digər ziyalılarımızın qoyub getdiyi xalqın maarifləndirilməsi, millətin inkişafı və onun gələcəyi, dövlətçiliyimizin inkişafı prinsiplərinə sadiq olması və hər bir qələm sahibinin ona xidmət etməsidir.
Bu gün aktual məsələlərdən biri də peşə etikası ilə bağlıdır. Təəsssüflər olsun ki, bəzən mətbuat səhifələrində jurnalist etikasına yaraşmayan materiallara da rast gəlirik. Çox istərdim ki, jurnalistlər, bu sahədə təzəcə addım atan qələm sahibləri peşə etikasını gözləsinlər, tənqidlə təhqiri səhv salmasınlar.
Cənab Prezidentin mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncamı da çox aktualdır. İnanıram ki, mətbu orqanların maddi-texniki bazasının daha da yaxşılaşdırılması onların fəaliyyətinə və keyfiyyətinə müsbət təsir edəcək. Dövlətin mətbuata qayğısı və onun problemlərinin gündəmdə saxlanılması, düşünürəm ki, jurnalistikanın daha da inkişafına, jurnalistlərin rahat fəaliyyəti üçün şəraitin yaradılmasına xidmət edir. Arzu edərdim ki, dövlətin mətbuata qayğısı və Prezident İlham Əliyevin bu tip sərəncamları davamlı olsun.
Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən mətbu oraqanlar da fəaliyyət göstərir. Bu gün bölgələrdə fəaliyyət göstərən qəzetlər bölgədə baş verən ictimai, sosial prosesləri işıqlandırırlar. Lakin onların bölgə xəbərlərini daha yaxşı və peşəkar işıqlandıra bilməsi üçün maddi-texniki bazanın gücləndirilməsinə ehtiyac var. Bölgə mətbuatının daha da inkişafı üçün bir sıra rayon qəzetlərinin bərpası, onların maddi texniki bazasının möhkəmləndirilməsi vacibdir. İnanıram ki, bunlar gələcəkdə öz həllini tapacaq.
Sonda Prezident İlham Əliyevə mənə "əməkdar jurnalist" adı verdiyinə görə təşəkkür edirəm.
Afət MƏMMƏDOV, "Respublika" qəzetinin əməkdaşı, əməkdar mədəniyyət işçisi:
- Milli mətbuatımızın 135 illiyi ölkəmizdə təntənəli şəraitdə qeyd edildi. Yubiley mərasimləri zamanı möhtərəm Prezidentimiz İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında çıxış edərkən mətbuatımızın keçdiyi şanlı yol, medianın bugünkü vəziyyəti haqqında söz açdı, qarşıda duran aktual məsələləri xatırladı, jurnalist kadrlarının hazırlanması, onların məsuliyyəti və hüquqlarının qorunması, kütləvi informasiya vasitələrində vətənpərvərlik mövzusunun genişləndirilməsi, Azərbaycan xalqında vətənpərvərlik ruhunun və duyğularının gücləndirilməsində mətbuatın rolu barədə fikir və düşüncələrini bildirdi.
"Gülüstan" sarayında keçirilən yubiley mərasimində hörmətli Prezidentimiz İlham Əliyevin Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi, kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, mətbuat işçilərinə "Tərəqqi" medalı və fəxri adların verilməsi haqqında sərəncamları elan olundu.
Respublikamızda mətbuatın inkişafı üçün belə sərəncamların həyata vəsiqə almasını kütləvi informasiya vasitələri işçiləri böyük razılıqla, sevinclə qarşıladılar. Mən də təltif edilənlər sırasında öz adımı eşidəndə böyük sevinc və iftixar hissi keçirdim. Fəxri ad almağımı ölkəmizdə azad sözə, mətbuatın inkişafına böyük dövlət qayğısı kimi qiymətləndirirəm. 35 il mətbuata çalışan təcrübəli bir jurnalist kimi bundan sonra da bütün biliyimi və bacarığımı doğma Azərbaycanımızın inkişafı, tərəqqisi, dünyaya tanıdılması naminə aparılan təbliğata həsr edəcəyəm.
Sadə əməyimə verilən yüksək mükafata görə möhtərəm Prezidentimizə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Və ölkə başçısı tərəfindən imzalanan bu sərəncamları mətbuatın sivil formada inkişafı yolunda atılan böyük addım kimi dəyərləndirirəm. Tam əminəm ki, Prezidentimizin jurnalistlərin əməyinə verdiyi bu yüksək qiymət mətbuatın daha da inkişaf etməsinə səbəb olacaq, ölkəmizdə azad, demokratik mətbuatın formalaşması üçün jurnalistlər məsuliyyətlərini artıracaq, vətənpərvər bir cəmiyyətin yaranmasına yeni-yeni töhfələr verəcəklər.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.