Mərkəzi Seçki Komissiyasının seçicilərə göstərdiyi xidmətlərin bir qrupu elektronlaşdırılmış və “elektron hökumət” portalına qoşulmuşdur

 

Mərkəzi Seçki Komissiyasının (MSK) seçicilərə göstərdiyi xidmətlərin bir qrupu elektronlaşdırılmış və “elektron hökumət” portalına qoşulmuşdur.

AzərTAc xəbər verir ki, bu sözləri MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov sentyabrın 3-də jurnalistlərə müsahibəsində demişdir.

Rüfət Gülməmmədov bildirmişdir ki, Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı müvafiq sərəncama uyğun olaraq dövlət qurumlarında elektron xidmətlərin inkişafı üzrə tədbirlər həyata keçirilir. Həmçinin 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən Tədbirlər Planı təsdiq olunmuşdur. Həmin Tədbirlər Planına uyğun olaraq, hər bir dövlət qurumuna aid müvafiq bəndlər nəzərdə tutulmuşdur. MSK-ya aid bənddə seçki prosesində müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi qeyd olunmuşdur. Bu iki mühüm sənəddən irəli gələn tədbirləri həyata keçirmək üçün müəyyən addımlar atılmışdır.

MSK-nın seçicilərə göstərdiyi elektron xidmətlərin sayının hazırda 6 olduğunu deyən Rüfət Gülməmmədov vurğulamışdır ki, seçki günü əlavə 3-4 xidmətin də göstərilməsi nəzərdə tutulmuşdur. Diqqətə çatdırmışdır ki, ümumilikdə 9-10 elektron xidmət “elektron hökumət” portalı vasitəsilə seçicilərin istifadəsinə veriləcəkdir.

Qeyd edilmişdir ki, əvvəlki illərdə seçicilər seçici siyahısında adlarını axtarmaq üçün mütləq öz dairələrini bilməli idilər. Hazırda isə seçicilər “elektron hökumət” portalına inteqrasiya olunmuş xidmət vasitəsilə adını, soyadını, atasının adını, cinsini və təvəllüdünü yazmaqla səs verəcəyi məntəqəni və həmin məntəqənin aid olduğu dairəni müəyyənləşdirə bilərlər. Seçicilər həmin dairənin və məntəqənin yerini xəritə üzərində görmək imkanı da əldə edəcəklər. Onlar, həmçinin daimi yaşadıqları ünvanın parametrlərini daxil etməklə də dairəni və məntəqəni müəyyənləşdirə bilərlər. Hər iki halda əgər seçici adını siyahıda tapa bilməsə “elektron hökumət” portalına daxil edilmiş müvafiq xidmət vasitəsilə məlumatlarını onlayn şəkildə MSK-ya təqdim edə bilər.

MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov vurğulamışdır ki, seçicilər istədikləri dairə və məntəqənin nömrəsini seçməklə onun ünvanını əldə edə bilərlər. Həmçinin seçicilərin MSK-ya olan müraciətlərinin məzmunu da genişləndirilmişdir. Artıq 5 adda müraciət forması mövcuddur. Seçicilər onlayn şəkildə müraciət formasının birini seçərək müraciətlərini MSK-ya göndərə bilərlər.

Diqqətə çatdırılmışdır ki, seçki günü 1000-ə yaxın məntəqədə veb-kameralar quraşdırılacaqdır. “Elektron hökumət” portalı və MSK-nın müvafiq internet səhifələri vasitəsilə həmin veb-kameralara qoşulmaqla səsvermə prosesini canlı izləmək mümkün olacaqdır. Seçkinin yekunları ilə bağlı ilkin məlumatlar da müvafiq xidmətdən istifadə etməklə operativ şəkildə əldə ediləcəkdir. Bu istiqamətdə addımlar davam etdirilir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında