Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı ilə müsahibə
— Rüfət müəllim, Sizi və kollektivinizi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaranmasının 15 illik yubileyi münasibəti ilə təbrik edirik. Azərbaycanda mütəşəkkil qiymətli kağızlar bazarının yaranması və formalaşması prosesini necə qiymətləndirərdiniz?
— Təbrikinizə görə təşəkkür edirəm. QKDK-nın yaranmasının ildönümü, eyni zamanda, ölkədə mütəşəkkil kapital bazarlarının da yubileyi kimi qiymətləndirilə bilər. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatının bütün sahələri kimi qiymətli kağızlar bazarı da əhəmiyyətli institusional inkişaf yolu keçmişdir. Tarixi prizmadan baxdıqda, qiymətli kağızlar bazarının inkişafı ölkədə davam edən iqtisadi quruculuq proseslərinin tərkib elementlərindən biri olmuşdur.
Analoji sosial-iqtisadi keçmişə malik ölkələrdə olduğu kimi, bizdə də kapital bazarının yaranması özəlləşdirmə proseslərinin başlanması ilə üst-üstə düşür. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdışından sonra qısa müddətdə siyasi sabitlik təmin edildi, özəl mülkiyyət və azad sahibkarlıq prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər sistemi formalaşmağa başladı. Bununla əlaqədar olaraq, yeni biznes təşəbbüslərinə dövlət dəstəyi ilə yanaşı geniş dövlətsizləşdirmə — özəlləşdirmə proseslərinə ehtiyac var idi. 1995-ci ildən irimiqyaslı özəlləşdirmə proqramına start verildi. Qiymətli kağızlar bazarı bu proseslərdə hüquqların təminatı vasitələrindən biri kimi çıxış etməli idi. Bunun üçün qismən kapital bazarı mexanizmlərini də əhatə edən müvafiq institusonal bazanın formalaşdırılması zəruri idi. Bu dövrdə səhmlərin buraxılışı və tədavülünə dair ilkin hüquqi baza, habelə Auksion Mərkəzi, “Mülk” Milli Depozit Mərkəzi kimi səhmləşmə, onların uçotu və qeydiyyatını təmin edən infrastruktur təsisatları formalaşdı. Təxminən 3 ilədək davam edən qısa bir dövr ərzində 1000-dən çox səhmdar cəmiyyəti, 70 min səhmdardan ibarət fərdi investorlar təbəqəsi formalaşdı ki, bu da öz növbəsində yeni korporativ münasibətlər sisteminin əsasını təşkil edirdi.
O dövrdə özəlləşdirmə prosesləri nəticəsində qiymətli kağızlarla əlaqəli baza hüquqlar təmin edilsə də, onların özündə daşıdığı kompleks hüquqlar, o cümlədən qiymətli kağızların maliyyə bazarı aləti kimi istifadəsi yetərli dərəcədə təşkilatlanmamışdı. Artıq 90-cı illərin sonunda mütəşəkkil qiymətli kağızlar bazarının formalaşması, habelə bu sahədə vahid dövlət siyasəti və tənzimləmə mexanizmlərinin tətbiqi sosial sifarişə çevrildi. Mühüm məqam ondadır ki, yeni formalaşan, dinamik sosial təbəqənin tələbatı olan mütəşəkkil kapital bazarı həmçinin quruculuğu hədəflənən iqtisadi münasibətlər sisteminə dair dövlət strategiyası ilə də uzlaşırdı.
1998-ci il dekabrın 30-da ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzalandı. Fərmana müvafiq olaraq qısa müddətdə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi təşkilatlandı və artıq 1999-cu ilin mayından komitə real fəaliyyətə başladı. İlk dövrdən komitənin belə yüksək statusda (Azərbaycn Respublikası Prezidenti yanında bir orqan kimi) təsis edilməsi ölkədə mütəşəkkil fond bazarlarının yaradılması proseslərinə ali siyasi dəstəyi təmin edirdi.
Komitənin formalaşması ilə paralel olaraq, mütəşəkkil qiymətli kağızlar bazarının zəruri təsisatları da yaradıldı. 1999-cu ildə “Mülk” Milli Depozit Mərkəzi restruktizasiya edildi, onun əməliyyat infrastrukturu təkmilləşdirildi və qiymətli kağızlar bazarında mərkəzi depozitar funksiyasının icrasına başlandı. 2000-ci ildə qabaqcıl maliyyə institutlarının iştirakı və 100 faiz özəl sərmayə əsasında Bakı Fond Birjası yaradıldı.
2000-ci ildən etibarən Bakı Fond Birjasında dövlət qiymətli kağızları, 2001-ci ildən isə səhmlərlə ticarətə başlandı. Beləliklə, qiymətli kağızlar bazarının özəlləşmə proseslərini dəstəkləyən infrastruktur təsisatından maliyyə vasitəçiliyi institutuna transformasiyası tamamlandı.
2003-cü ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən posthasilat dövrünün iqtisadi doktrinası bəyan edildi. Dayanıqlı artım və yüksək rifahın təmin olunmasına hədəflənmiş bu doktrinanın əsasını iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi təşkil edirdi. Bu çağırışlar özəl sektorun maliyyə təminatı institutlarından olan qiymətli kağızlar bazarı üçün yeni inkişaf mərhələsinin başlanması demək idi.
Bəyan edilmiş iqtisadi prioritetlər şəraitində kapital bazarlarının yenidən restruktizasiyasına geniş hüquqi islahatlarla başlandı. 2004-cü ildə Mülki Məcəlləyə müvafiq əlavə və dəyişikliklərin edilməsi ilə kapital bazarlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazası əhəmiyyətli dərəcədə təkmilləşdirildi. Yeni hüquqi mühit bazarın əməliyyat və institusional arxitekturasında da köklü islahatlara zəmin yaratdı.
Bazarın əməliyyat infrastrukturu sadələşdirildi, yeni maliyyə vasitəçiliyi təsisatları — broker və dilerlər — formalaşdırıldı. 2004-cü ildən etibarən yerli və xarici valyutada korporativ istiqrazların və Mərkəzi Bankın notlarının fond birjasında kütləvi ticarətinə başlandı. Kapital bazarlarındakı pozitiv institusional proseslər və bu proseslərin ölkənin dinamik inkişafı və dayanıqlı makroiqtisadi mövqeyi ilə dəstəklənməsi xarici investorların da diqqətini çəkirdi. 2006-cı ildən etibarən xarici investorlar Azərbaycan maliyyə alətlərinə sərmayələr yatırmağa başladılar.
2009-cu ildən etibarən qiymətli kağızlar bazarının ticarət və postticarət sistemlərinin inteqrasiya edilməsi və ticarətin avtomatlaşdırılması proseslərinə başlandı. Maliyyə vasitəçilərinin əhatə dairəsi genişləndirildi və onlara ticarət sisteminə məsafədən çıxış imkanları təqdim edildi. Bazara müddəti və gəlirliyinə görə müxtəlif alətlər çıxarıldı, mövcud maliyyə alətlərinin ticarət həcmi əhəmiyyətli dərəcədə artdı. Bakı Fond Birjasında listinq və ticarət mexanizmləri təkmilləşdirildi və artıq 2009-cu ildə iki şirkət ən yüksək səviyyəli ticarət kateqoriyasına — listinqə daxil edildi. İpoteka istiqrazlarının Bakı Fond Birjasında ticarətinə start verilməsi ilə ipoteka kreditləşməsinin kapital bazarları vasitəsilə yenidən maliyyələşməsinə başlandı. 2010-cu ildə “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə bazarda institusional investorların fəaliyyəti və tənzimlənməsi üçün hüquqi və əməliyyat mühiti formalaşdırıldı.
Bütövlükdə bu proseslər nəticəsində 2003-2012-ci illər ərzində qiymətli kağızlar bazarında ticarətin həcmi orta hesabla illik 130 faiz artaraq qeyri-neft ÜDM-nə nisbətdə 2 faizdən 33 faizə yüksəldi. Bakı Fond Birjasında ticarətin həcmi 90 dəfə, Milli Depozit Mərkəzində saxlanılan qiymətli kağızların həcmi 10 dəfədən çox artdı.
Azərbaycan iqtisadiyyatının son illərdəki dinamik inkişafı kapital bazarları üçün yeni missiya və məqsədlər formalaşdırır. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müstəqilliyimizin 3-cü onilliyində ölkə iqtisadiyyatının ikiqat artımı və rifah səviyyəsinin inkişaf etmiş ölkə standartlarına çatdırılması hökumətin əsas iqtisadi prioriteti kimi müəyyən edilmişdir. Son 20 il ərzində həyata keçirilmiş uğurlu iqtisadi siyasət bunun üçün dayanıqlı baza formalaşdırmışdır. Sosial-iqtisadi həyatın bütün sahələrində əhəmiyyətli kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, əhalinin rifah səviyyəsi orta gəlirli iqtisadiyyatların səviyyəsinə yüksəlmişdir. Ölkədə insan kapitalı davamlı olaraq inkişaf etmiş, rəqabət qabiliyyətliliyi yüksəlmiş, sosial rifahın təmin olunmasında qeyri-neft sektorunun rolu xeyli dərəcədə artmışdır.
Növbəti on ilin iqtisadi inkişaf hədəflərinə daha geniş diversifikasiya edilmiş, ixrac yönümlü, rəqabət qabiliyyətli innovativ iqtisadiyyat sayəsində nail olmaq mümkündür. Belə iqtisadiyyat sayəsində formalaşdırılma yolu intensiv sərmayə qoyuluşlarından keçir. Bu çağırışlar kapital bazarlarının inkişaf üfüqləri üçün ambisiyalı gündəlik müəyyən edir. Effektiv kapital təminatı modelinin yaradılması və onun səmərəli infrastrukturunun təmin edilməsi bu gündəliyin mərkəzi elementidir.
– Effektiv fəaliyyət göstərən kapital bazarlarının çevik, innovativ, rəqabətyönümlü iqtisadiyyatların mühüm elementi olduğunu qeyd etdiniz. Bu kontekstdə Azərbaycan kapital bazarlarından nə kimi gözləntilər vardır?
– Azərbaycan iqtisadiyyatının son 20 ildəki inkişaf dinamikasına baxsaq, onun iki aktiv sərmayə dalğası ilə müşayiət olunduğunu görərik. 1994-2003-cü illərdə neft sektoruna yatırılan birbaşa xarici investisiyalar və 2003-2012-ci illərdə iri dövlət investisiyaları iqtisadiyyata zəruri kapitalizasiyanı təmin edirdi. Növbəti onillikdə ÜDM-in ikiqat artımı və 120 milyard dollarlıq iqtisadiyyatın formalaşdırılması 3-cü dalğa intensiv kapitallaşmanı — qeyri-neft sektoruna özəl investisiyaların illik həcminin 3,5-4 dəfə artırılmasını tələb edir. Bu isə dinamik institusional inkişaf, çevik biznes mühitinin təmin olunması, insan kapitalının yeni inkişaf səviyyəsinə çatdırılması ilə yanaşı, maliyyə sektorunun şaxələndirilməsi və dərinləşdirilməsini də tələb edir.
Məqsədimiz növbəti onillik ərzində maliyyə vəsaitlərinin çevik və əlverişli şərtlərlə əldə olunduğu, investorlara və bu xidmətlərin digər istehlakçılarına daha yaxın olan maliyyə sisteminin formalaşdırılmasıdır. Bununla yanaşı, sistem risklərinin adekvat tənzimlənməsi, investorların hüquqlarının qorunması və bütövlükdə maliyyə sektorunun sabitliyi məsələləri də xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Kapital bazarlarında dövlət siyasətinin əsasını da məhz bu prinsiplər təşkil edəcəkdir. Məlum olduğu kimi, 2011-ci ilin may ayında möhtərəm Prezidentimiz tərəfindən “2011-2020-ci illərdə Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı təsdiq olunmuşdur. Bu prinsiplərə əsaslanan inkişaf strategiyası və onun taktiki addımları Dövlət Proqramında müəyyən edilmişdir.
— Dövlət başçısının kapital bazarlarının inkişafına xüsusi diqqətini vurğuladınız. Cənab Prezident tərəfindən təsdiq olunmuş Dövlət Proqramının icrası ölkənin kapital bazarlarının potensialının realizasiyası üçün hansı imkanları yaradacaqdır?
– Proqramın məqsədi orta müddətli perspektivdə qabaqcıl standartlara uyğun, səmərəli fəaliyyət göstərən və tənzimlənən, özəl sektora geniş maliyyələşmə imkanları yaradan kapital bazarlarının formalaşdırılmasıdır. Bu çərçivədə qiymətli kağızlar bazarının institusional inkişafı, əməliyyat infrastrukturunun tam avtomatlaşdırılması, qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, tələb və təklifin genişləndirilməsi, qiymətli kağızlar bazarında tənzimləyici potensialın və peşəkarlığın yüksəldilməsi kimi istiqamətlər hədəf götürülmüşdür.
Proqram iki ildir ki, icra olunur və artıq ilk nəticələr əldə edilib. Kapital bazarlarının əməliyyat infrastrukturu əhəmiyyətli dərəcədə təkmilləşdirilib, ticarət sisteminin avtomatlaşdırılma səviyyəsi artırılıb. Misal üçün, Bakı Fond Birjasında əqdlərin icra müddəti 7 gündən 30 saniyəyə qədər azaldılıb. Qiymətli kağızların qeydiyyat və uçot mexanizmləri sadələşdirilib, qiymətli kağızlara beynəlxalq nömrələnmə sisteminin və bütövlükdə qeydiyyat uçot xidmətlərinin elektron qaydada tətbiqinə başlanılıb.
Yeni keyfiyyətdə fəaliyyət göstərəcək kapital bazarının 3-cü nəsil qanunvericilik bazasının formalaşdırılması davam edir. “Qiymətli kağızlar haqqında” Qanun layihəsinin hökumətdaxili müzakirəsi tamamlanıb. Proqramın qüvvədə olduğu son 2 il ərzində 24 normativ xarakterli qayda və standart qəbul edilib.
Broker və dilerlərin institusional potensialının artırılması, peşəkar hazırlığının yüksəldilməsi, risk menecmenti və daxili nəzarət sistemlərinin gücləndirilməsi və maliyyə dayaqlarının təmin edilməsi üçün yeni nəzarət və tənzimləmə konsepsiyasının tətbiqinə başlanılıb.
Qiymətli kağızlar bazarında tələb və təklifin artırılması məqsədilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı Fond Birjası tərəfindən “Listinq Məsləhət Proqramı” icra edilir. Proqram şirkətlərin kapital bazarlarına çıxış üçün hazırlanması məqsədini daşıyır və bununla əlaqədar qiymətli kağızları ticarət potensialına malik şirkətlərə peşəkar dəstəyi təmin edir.
Bütün bunlar qiymətli kağızlar bazarında əməliyyatların dinamikasına və ticarətin strukturuna müsbət təsir göstərir. Bir neçə il öncə bazarda dövlət qiymətli kağızları ilə ticarət üstünlük təşkil edirdisə, bu gün özəl sektorun qiymətli kağızları ilə əməliyyatların payı ümumi ticarətin 50 faizini keçib. Maliyyə sektoru ilə yanaşı, qeyri maliyyə sektorunu təmsil edən müəssisələr də yerli fond bazarı vasitəsilə maliyyələşmə imkanlarından istifadə edirlər. 2012-ci ildə ilk dəfə olaraq enerji sektorunu təmsil edən şirkətlər də fond bazarı vasitəsilə maliyyələşmə cəlb etməyə başladılar. Hazırda bu istiqamətdə bir neçə yeni layihə üzərində hazırlıq işləri davam edir və bu da növbəti mərhələdə bazarın daha dinamik inkişafı barədə fikir söyləməyə əsas verir.
Proqramın icrasına beynəlxalq ekspertiza da cəlb edilib. Bu məqsədlə Dünya Bankı ilə birlikdə “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi icra olunur. Layihə 2015-ci ilin sonuna qədər Azərbaycan kapital bazarlarının hüquqi və texniki infrastrukturunun beynəlxalq standartlara tam uyğunlaşdırılmasını hədəfə almışdır.
—Təkmilləşdirilmiş yeni kapital bazarı infrastrukturu şəraitində sahibkarlar iqtisadiyyatın bu sektorunun xidmətlərindən necə faydalana biləcəklər?
— Qeyd etmək lazımdır ki, özəl sektor hazırda da kapital bazarlarının imkanlarından istifadə edir. Hazırda Bakı Fond Birjasında 20-dən artıq şirkətin səhmləri aktiv ticarət olunur. Bu müəssisələr tikinti, nəqliyyat, maliyyə, ticarət, maşınqayırma, kənd təsərrüfatı, yeyinti, tekstil sənayesi kimi müxtəlif sferaları təmsil edir. Qeyd etmək lazımdır ki, bütövlükdə dünya birjalarında ticarət olunan şirkətlərin sayı 50 mini keçmir.
Maliyyələşmə üçün girovun tələb olunmaması, onun qiymətləndirilməsi və sığortalanması xərclərinin olmaması, vəsaitlərin geri ödənilməsi şərtlərinin bizneslər tərəfindən müəyyən olunması və aylıq,rüblük əsasda ödənişlərin tələb olunmaması, faiz dərəcələrinin aşağı, müddətlərin isə uzun olması və bir çox hallarda biznes risklərinin qarşılıqlı bölüşdürülməsi kimi üstünlüklər artıq yerli şirkətlər tərəfindən anlaşılır və onlar bu bazarın imkanlarından yetərli dərəcədə istifadə edirlər.
Keyfiyyətcə yeni səviyyəyə qaldırılmış kapital bazarları şirkətlərə ucuz və uzunmüddətli vəsaitləri daha əlverişli və çevik şərtlərlə əldə etmək imkanı təqdim edəcəkdir. Daha öncə qeyd etdiyim “Listinq Məsləhət Proqramı” da məhz bu üstünlüklərin şirkətlərə çatdırılması, onların fond bazarında maliyyələşmə imkanlarının genişləndirilməsi və bu sahədə zəruri peşəkar dəstəyin göstərilməsinə hədəflənib.
Texniki və hüquqi infrastrukturun beynəlxalq standartlara uyğunlaşdırılması həm xarici investorların Azərbaycan kapital bazarlarında, həm də yerli investorların xarici bazarlarda daha geniş iştirakına şərait yaradacaqdır. Məlum olduğu kimi, hazırda qlobal maliyyə bazarlarında gəlirlik minimal hədlərdədir, bu isə investorları daim yeni bazarlar və daha yüksək mənfəət axtarışına sövq edir. Azərbaycan iqtisadiyyatı isə yüksək investisiya reytinqi və çevik biznes mühiti ilə xarici investorları cəlb edir. Qeyri-neft sektorunun geniş diversifikasiyası fonunda yeni, innovativ biznes sahələrinə sərmayələr yatırmaq istəyən investorlara kapital bazarı institutları həm əlverişli giriş, həm də çıxış imkanları təqdim edir. Kapital bazarlarının yeni fəaliyyət mühiti fərdi investorların da xarici bazarlara sərmayə qoyuluşlarını həyata keçirmələri üçün şərait yaradacaqdır. Bu, Azərbaycan maliyyə bazarlarının qlobal iqtisadi proseslərdə daha aktiv iştirakı deməkdir.
Qeyd etmək lazımdır ki, kapital bazarları şirkətlərə heç də birtərəfli qaydada preferensiyalar təqdim etmir. Kapital bazarlarından maliyyələşən şirkətlər eyni zamanda bir sıra ciddi tənzimləmə tələblərinə və normativlərinə cavab verməlidirlər. Onlar korporativ idarəetmə standartlarını tətbiq etməli, maliyyə hesabatlığı və mühasibatlıq prosedurlarını təkmilləşdirməli, peşəkar kadr potensialını daha da gücləndirməlidirlər. Bu isə bütövlükdə iqtisadiyyatın rəqabət potensialının əhəmiyyətli dərəcədə artırılması deməkdir.
—Qiymətli kağızlar bazarının təqdim etdiyi bütün bu imkanlara baxmayaraq, dünya maliyyə bazarlarındakı proseslərin də nəticəsində cəmiyyətdə hələ də bu sektor haqqında nisbətən ehtiyatlı təsəvvürlər mövcuddur. Bu təsəvvürlər reallığa nə qədər uyğundur?
– Son onilliklər qlobal iqtisadiyyatda, xüsusilə də maliyyə bazarlarındakı volatilliklər bu kimi ehtiyatlı fikirlərin formalaşmasına səbəb olan amillərdəndir. Lakin unutmaq olmaz ki, bütün müşahidə olunan proseslərlə birlikdə dünya iqtisadiyyatı son 10 illiklər ərzində qat-qat sürətlə inkişaf etmişdir. XX əsrin əvvəllərindən bu günədək Qərbi Avropada adambaşına düşən real gəlir 10 dəfədən çox artıb. Müqayisə üçün bu gəlirlər 1500-cü ildən 1820-ci ilədək cəmi 56 faiz, ikinci minilliyin ilk doqquz əsri ərzində isə 3 dəfədən də az artmışdır. Bu inkişaf yeni fəaliyyət sferalarının yaranması, sənaye istehsalının artması, informasiya texnologiyalarının kütləvi istifadəsi ilə yanaşı, maliyyə bazarlarının və maliyyə vasitəçiliyinin də qlobal miqyasda genişlənməsi ilə mümkün olmuşdur.
İqtisadiyyatın periodik əsasda müsbət və mənfi dinamikası isə sərbəst bazar iqtisadiyyatının qaçılmaz atributlarındandır və real sektordakı durğunluğun səbəblərini həm də iqtisadi artım modellərində axtarmaq lazımdır. Artıq hamı tərəfindən qəbul edilən faktdır ki, İkinci Dünya müharibəsindən sonra tətbiq edilməyə başlanmış artım və rifah modelləri bu gün öz rəqabət qabiliyyətliklərini itirməkdədir. Son 5 ildə dünya iqtisadiyyatı cəmi 2,9 faiz artmışdır ki, bu da 70-ci illərdən bəri 5 illik periodda müşahidə olunan ən aşağı artım sürətidir. Qlobal rifahın pisləşməsində iqtisadi artım templərinin azalması ilə yanaşı, gəlirlərin ədalətli bölgüsü sferasındakı fundamental boşluqlar da əhəmiyyətli rol oynayır. Bu baxımdan, maliyyə sektorunu “bidətçilikdə” günahlandırmaq doğru olmazdı.
Bütün bunlarla yanaşı, 80-ci illərdən başlayaraq izafi derequlyasiya meyllərinin güclənməsi, sistem risklərinin adekvat qiymətləndirilməməsi, iqtisadi subyektlərin məsuliyyət və səlahiyyət çərçivələrinin təhrif olunması kimi mühüm tənzimləyici boşluqların mövcudluğu da danılmazdır. Bu baxımdan, sahənin mütəxəssisləri, akademik çevrələr və iqtisadi siyasəti müəyyən edənlər tərəfindən yeni nəzarət və tənzimləmə yanaşmalarının tətbiqinə dair axtarışlar davam etməkdədir. QKDK öz növbəsində bu prosesləri diqqətlə izləməklə yanaşı ölkənin maliyyə sektorunun dayanıqlılığı, qiymətli kağızlar bazarının sabit fəaliyyətini təmin edən qabaqlayıcı tənzimləmə və nəzarət mexanizmlərini tətbiq və inkişaf etdirir.
– Göründüyü kimi, qiymətli kağızlar bazarının inkişafı ilə yanaşı, nəzarət və tənzimləməsi məsələləri də komitənin fəaliyyətinin əsas predmetlərindəndir. QKDK-nın bu sahədə hansı nəticələri vardır?
— Mütərəqqi nəzarət və tənzimləmə mexanizmlərinin formalaşdırılması, eyni zamanda onların tətbiqi üzrə peşəkar hazırlığın təmin edilməsi orta müddətli strategiyamızın əsas prioritetlərindəndir.
Hazırda QKDK tərəfindən qiymətli kağızlar bazarında sistem xarakterli risklərin vaxtında aşkarlanması və effektiv tənzimlənməsi vasitələri tətbiq edilir. Son iki il ərzində bazar iştirakçılarının fəaliyyətinə nəzarət gücləndirilib, peşəkar fəaliyyətin lisenziyalaşdırılması prosesləri sistemləşdirilib, maliyyə vasitəçilərinin fəaliyyəti risk əsaslı nəzarət sistemi vasitəsilə tənzimlənir.
Qiymətli kağızlar bazarında hesabatlıq gücləndirilib və məlumatların açıqlanması mexanizmləri təkmilləşdirilib. Məlumat və hesabatların QKDK tərəfindən mütəmadi olaraq sistemli təhlili bazarda aparılan əqdlərin şəffaflığının artırılmasını, manipulyasiya və insayder ticarəti hallarının erkən rejimdə aşkarlanmasını təmin edir.
İnvestorların hüquqlarının müdafiəsi, habelə qiymətli kağızlar bazarı sahəsində hüquqi məsuliyyətin gücləndirilməsi və effektiv təsir mexanizmlərinin yaradılması işləri tamamlanmaq üzrədir. Bu məqsədlə bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin layihəsi hökumətə təqdim olunmuşdur.
Bütövlükdə komitənin fəaliyyətinin təkmilləşdirilməsi və mütərəqqi idarəetmə təcrübəsinin formalaşdırılması məqsədilə 2010-cu ildən etibarən ortamüddətli strateji planlaşdırma mexanizmlərinin tətbiqinə başlanılıb. 2013-cü ildə biz artıq ikinci ortamüddətli strateji planlama dövrünə başlamışıq. Hazırda hər bir funksional struktur bölmə öz fəaliyyətini qiymətli kağızlar bazarının inkişaf strategiyasına uyğun olaraq digər struktur bölmələri ilə əlaqəli şəkildə hazırlanmış ortamüddətli strateji və illik fəaliyyət planları əsasında qurur.
Komitənin kadr potensialının gücləndirilməsi və peşəkar hazırlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Bu gün QKDK kollektivi əsasən gənc, dinamik, yaxşı təhsilli və yüksək peşəkarlığa malik əməkdaşlardan formalaşıb. Azərbaycan Prezidentinin təşəbbüsü ilə icra olunan xaricdə təhsil proqramının məzunları bu gün kollektivimizin özəyini təskil edir. Güclü baza təhsili ilə yanaşı, QKDK-da insan kapitalının gücləndirilməsi “davamlı təlim” prinsiplərinə əsaslanır. QKDK-nın hər bir əməkdaşı ildə ən azı 30 saat təlim kurslarında iştirak edir. Bu da təbiidir, çünki qiymətli kağızlar bazarı dinamik inkişaf edən sahədir və buradakı proseslər kifayət qədər mürəkkəbdir.
QKDK beynəlxalq əlaqələr və əməkdaşlığın qurulmasına da xüsusi önəm verir. Beynəlxalq maliyyə institutları, kapital bazarları sahəsində ixtisaslaşmış qurumlar və digər ölkələrin tənzimləyiciləri ilə dayanıqlı qarşılıqlı münasibətlərimiz mövcuddur. Bu əlaqələrdən həm qiymətli kağızlar bazarının inkisafı və tənzimlənməsində, həm də Komitənin daxili potensialının gücləndirilməsində istifadə olunur.
Bütövlükdə isə növbəti onilllik ərzində kapital bazarları qarşısında duran mühüm mandatı və çağırışları nəzərə alaraq komitənin institusional potensialının gücləndirilməsinə daim diqqət yetiririk. Düşünürəm ki, bu vəzifələrin öhdəsindən yalnız ali dəyərlərə əsaslanan prinsiplər, yüksək peşəkarlıq və davamlı inkişaf vasitəsi ilə gəlmək mümkündür.
– Müsahibəyə görə çox sağ olun. Bir daha sizi və kollektivinizi təbrik edirik.
– Təşəkkür edirəm.
Müsahibəni apardı: Samirə ƏLİYEVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.