Almaniyanın “Tabula Rasa” nəşrində jurnalist Ştefan Qrossun Moldova ombudsmanı Aureliya Qriqoriu ilə müsahibəsi dərc olunmuşdur. AzərTAc həmin müsahibəni oxuculara təqdim edir.
- Moldova Respublikası “Şərq tərəfdaşlığı” proqramının iştirakçıları olan ölkələr arasında bəlkə də ən “nümunəvi” dövlət hesab edilir. “Şərq tərəfdaşlığı”nın bu il noyabr ayında keçiriləcək zirvə toplantısında Avropa İttifaqı ilə Moldova arasında assosiativ müqavilə bağlanması nəzərdə tutulur. Siz öz ölkənizin Avropaya yolunu necə qiymətləndirərdiniz?
- Moldova Respublikası demokratik hüquqi dövlət qurmaq məqsədini qarşıya qoymuşdur. Buna görə də insan hüquqlarına və əsas azadlıqlara ciddi riayət edilməsi elementar baza prinsipi olmalıdır. Bu prinsipə əsasən, dövlətdə vəzifə tutan hər bir şəxs ayrılıqda götürülmüş hər bir vətəndaşın ləyaqətinə hörmət etməyə və hüquqi dövlətin təməli kimi bərabərlik prinsipinə riayət etməyə borcludur. Bundan əlavə, hər bir insan onunla bağlı qərarlardan müstəqil və qərəzsiz məhkəmədə mübahisə qaldırmaq imkanına malik olmalıdır.
Moldova bu istiqamətdə müəyyən uğurlara nail ola bilmişdir, buna baxmayaraq demokratik təsisatların inkişaf səviyyəsi və insan hüquqları ilə bağlı vəziyyət hələ Avropa standartları səviyyəsindən uzaqdır. Moldovada hakimiyyətin bütün səviyyələrində insan hüquqları mütəmadi olaraq pozulur. Bunun əsas səbəbləri ədliyyə orqanlarında korrupsiyanın hökm sürməsi, dövlət strukturlarında səmərəli menecmentin azlığı və müstəqil mətbuatın olmamasıdır. Məhkəmə, polis və hökumət müəssisələri adi vətəndaşın müdafiəsini lazımi dərəcədə təmin edə bilmirlər.
Avropa İttifaqı Moldovanın inteqrasiya cəhdlərini müxtəlif üsullarla, məsələn, kreditlər və digər yardım ayrılması yolu ilə dəstəkləməyə çalışır. Lakin avropalıların bu səylərinə baxmayaraq, Moldova cəmiyyətində vəziyyətin yaxşılaşması müşahidə olunmur. Həyat səviyyəsi, sosial müdafiə, səhiyyə və təhsilin əlyetərlilik dərəcəsi ən çox narahatlıq doğuran sahələrdir. İslahatların yetərincə geniş əhatəli olmaması və hərtərəfli götür-qoy edilməməsi insan hüquqları ilə bağlı vəziyyəti pisləşdirir.
Mənim fikrimcə, dövlət tərəfindən insan hüquqlarının pozulması Moldovanın Avropaya inteqrasiyası prosesi üçün təhdiddir. Eyni zamanda ümid edirəm ki, gələcəkdə vəziyyət yaxşılaşacaqdır.
- Avropa İttifaqı Ermənistanla da assosiativ saziş bağlanmasına dair danışıqlar aparır. Son hadisələri (məsələn, Saak Nikoqosyanın işi üzrə Bavariya əyalətinin parlamentində debatları, habelə bu yaxınlarda sizin Ermənistana səfərinizi) nəzərə alsaq, necə düşünürsünüz, bu ölkə assosiativ saziş bağlanmasına hazırdırmı?
- Demokratik təsisatların yaradılması və inkişafı postsovet dövlətlərinin uzunmüddətli məqsədi kimi qalmaqda davam edir. Bu ölkələrdə yenə də demokratiya qıtlığı və insan hüquqlarının pozulması müşahidə olunur. Buraya “dondurulmuş münaqişələr”dən əlavə, korrupsiya, hakimiyyət nümayəndələrinin “hüquqi immuniteti”, demokratik proseslərin imitasiyası və insan hüquqlarının geniş miqyasda pozulması aiddir.
Mən Ermənistanda olmağımı, öz təcrübəmi əsas götürərək deyə bilərəm ki, bu ölkədə qanunun aliliyi prinsipi kimi Avropa dəyərlərinin tətbiq edilməsi barədə danışmaq düzgün olmazdı. Ermənistanda istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda birinci yeri milli maraqlar tutur.
Hüquqi dövlət və insan hüquqları barədə bütün söz-söhbətlərə baxmayaraq, Ermənistan əyani şəkildə göstərmişdir ki, orada insan hüquqlarına hörmət edilmir. Bundan əlavə, hökumət orqanlarının bu sahədə vəziyyəti yaxşılaşdırmaq arzusu yoxdur və yaxın gələcəkdə çətin ki, nə isə dəyişəcəkdir. Əks halda Ermənistan hökumətinin bir qadın və əcnəbi dövlətin insan hüquqları üzrə müvəkkili kimi mənə qarşı etdiyi hərəkətlərə nə ad vermək olar?
Yerevan parlamentindəki nitqimdən sonra Ermənistan məni təqib etməyə başlamış, insan hüquqlarının əsas prinsiplərini bilərəkdən pozmuşdur. Ermənistan mətbuatında bu ölkəyə gələn hüquqşünaslara, ombudsmanlara və hüquq müdafiəçilərinə nəzarət etməyin zəruri olması barədə dərc edilən yazıların şərhə ehtiyacı yoxdur. Nə qədər ki, Ermənistan əhalisi insanların öz fikrini sərbəst ifadə etməsinə hədə və fiziki zorakılıqla cavab verir, bu ölkənin Avropa İttifaqı ilə assosiativ sazişə hazır olub-olmaması barədə fikirləşməyə dəyər.
Güman edirəm ki, Avropa Şurası özü üçün müəyyən nəticələr çıxaracaqdır. Avropa dəyərlərinin tətbiqinin imitasiyası və onların gündəlik həyatda real tətbiq edilməsi arasında fərq qoyulmalıdır. Çox təəssüflə deməliyəm ki, Ermənistanın siyasi rəhbərliyi Avropa dəyərlərini gündəlik həyatda tətbiq etməkdən hələ çox uzaqdır.
- Siz Ermənistanla Azərbaycan arasında münasibətləri necə təsvir edərdiniz? Azərbaycanın bəzi rayonları hazırda Ermənistan tərəfindən işğal edilmişdir. BMT Dağlıq Qarabağın və onun ətrafındakı yeddi rayonun ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını dəfələrlə tənqid etmişdir. Sizin fikrinizcə, Ermənistan ilə Azərbaycan arasında etnik münaqişəyə son qoymaq üçün hansı tədbirlər görülməlidir?
- Məlum olduğu kimi, Avropa dövlətlərinin əksəriyyəti tərəfindən imzalanmış beynəlxalq sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrində, BMT Baş Məclisinin qətnamələrində (2008-ci il), “AŞPA-nın qətnaməsinin layihəsi”ndə (2013-cü il) birmənalı olaraq qeyd edilir ki, Azərbaycanın ərazisi Ermənistan tərəfindən işğal edilmişdir. Mənim fikrimcə, münaqişənin həll edilməsi üçün Ermənistan insan hüquqlarına riayət edilməsinə dair təsirli tədbirlər görməli, BMT qətnamələrini yerinə yetirməli və BMT-nin digər üzvü olan Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət etməlidir.
- Avropa dəyərlərinin reallaşdırılması məsələsində Moldova Respublikası ilə Ermənistan arasında əsas fərqlər nədən ibarətdir?
- Mənim fikrimcə, əsas fərq ondan ibarətdir ki, Ermənistandan fərqli olaraq Moldova Respublikası həm milli, həm də beynəlxalq səviyyələrdə Avropa dəyərlərinin reallaşdırılması üzərində işləməyə çalışır. Ermənistan isə özünün sırf milli maraqlarını Avropa dəyərləri kanonlarından üstün tutur, bununla da demokratik prinsipləri və insan hüquqlarını pozur.
- Xahiş edirəm, bu il iyulun əvvəlində sizin Ermənistanda olmağınızla bağlı hadisələr barədə danışın.
- Mən Yerevana 2013-cü il iyulun 4-də “Qanunun aliliyi və sərhədlər barədə Avropa standartları: Avropa Şurasının üzvü olan ölkələrdə hakimiyyət orqanlarının baxışları” mövzusunda Avropa elmi-praktiki konfransında iştirak etmək üçün gəlmişdim. Mən “dondurulmuş münaqişələr ərazilərində insan hüquqlarına riayət edilməsi” mövzusunda təqdimatla çıxış etdim.
Məlum olduğu kimi, insan hüquqlarının müdafiəsinə dair Avropa standartları Avropa Birliyinin sənədlərində müvafiq hüquqi normalarda təsbit edilmişdir. Bu, həmin standartların istənilən şəraitdə reallaşdırılmasına təminat verir. Mən bunu əsas götürərək “dondurulmuş” münaqişələr baş verən ərazilərdə insan hüquqlarının pozulmalarını identifikasiya etməyə risk etdim. Mənim məqsədim ondan ibarətdir ki, gələcəkdə həmin zonalarda insan hüquqlarının bu cür pozulmasının qarşısı alınsın və həmin münaqişələrin yalnız dinc vasitələrlə tənzimlənməsi təmin edilsin. Mən Gürcüstan, Azərbaycan və Moldova haqqında öz məruzəmdə beynəlxalq sənədlərə, “Promo-LEX” assosiasiyasının nəşrlərinə, habelə Moldova Respublikası prezidentinin rəhbərliyi ilə 2012-ci ildə keçirilmiş “Dövlət İdarəçilik Akademiyası” mövzusunda beynəlxalq konfransın materiallarına istinad edirdim. Ermənistanın Azərbaycana qarşı yönəlmiş təcavüz siyasətinə mənim şərhim BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (№ 822 (1993), № 853 (1993), № 874 (1993) və № 884 (1993)), habelə BMT Baş Məclisinin 62/243 №-li qərarının (mart 2008) məzmununa tamamilə müvafiqdir.
Mən çıxış edəndən sonra başa düşdüm ki, insan hüquqlarının və əsas azadlıqlarının mühüm komponentlərindən biri olan qanunun aliliyi prinsipi Ermənistanda tətbiq edilmir. Hələ bilavasitə parlamentin binasında keçirilən tədbir zamanı mənim ünvanıma siyasi satqınlıq və Azərbaycan təbliğatının yayılması ilə məşğul olmağım barədə yalançı ittihamlar səslənirdi. (Qeyd etmək lazımdır ki, Ermənistan parlamentinin vitse-spikeri Elmine Nağdanyan dünyanın 30-dan çox ölkəsini təmsil edən iştirakçıları konfransın yekun sənədində mənim çıxışımı pisləməyə çağırdı, lakin bu təşəbbüs dəstəklənmədi).
Bundan əlavə, məni öz nitqimə görə “cəzalandırmaq” üçün tədbirlər görüldü. Mənim mehmanxanada qaldığım nömrəyə zəng vurub mənə fiziki zor tətbiq ediləcəyi ilə hədələyirdilər. Mənim Facebook səhifəmə saysız-hesabsız hədə və təhqirlər daxil olurdu. Ermənistan KİV-lərində mənim fotoşəklimi və bütün hüquq müdafiəçilərinə münasibətdə zor tətbiq etmək barədə çağırışlarla dolu məqalələr dərc edilmişdi. Mənim bu ölkədən getməyimi çətinləşdirdilər. Sürücü məni aeroporta aparmaqdan imtina edəndə isə Moldova Respublikası Konstitusiya Məhkəməsinin hakimi və bizim nümayəndə heyətinin üzvü cənab V.Pops məni həyatım üçün təhlükəli vəziyyətdə atıb getdi. Yalnız Rumıniya (Avropa İttifaqının üzvü kimi) və Gürcüstan diplomatlarının təkidi ilə mənim həmin ölkədən çıxmağım təmin edildi. “Avropa standartları” üzrə Yerevanda aldığım dərsi heç vaxt unutmaram.
Ermənistanda qanunun aliliyi barədə tez-tez danışırlar. Bununla belə orada Avropa insan hüquqları konvensiyasının və Ermənistanın qoşulduğu digər beynəlxalq sazişlərin müddəaları mütəmadi pozulur. Ermənistan insan hüquqları haqqında konvensiyanın üzvü olmaqla, insanın əsas hüquqlarına ciddi riayət edilməsi barədə öhdəliklər götürmüşdü. Mənimlə bağlı hadisədə Ermənistan həmin konvensiyanın aşağıdakı maddələrini pozmuşdur:
Maddə 1 - İnsan hüquqlarına riayət etmək öhdəliyi.
Maddə 10 - Öz fikrini ifadə etmək azadlığı.
Maddə 14 - Ayrı-seçkiliyin qadağan edilməsi.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa konvensiyasına 4 nömrəli protokolun 2-ci maddəsi - Hərəkət azadlığı.
Mən Moldovaya qayıdandan sonra da ünvanıma yeni hədələr daxil olmaqda davam edir. O cümlədən müasir demokratiyanın beşiyi sayılan ölkənin - ABŞ-ın vətəndaşları olan ermənilərdən. Erməni diasporu mənim tutduğum vəzifədən istefa verməyimə nail olmağa cəhd göstərmişdir. Parlamentin insan hüquqları və etika üzrə daimi komissiyasının baxması üçün müvafiq iddialar təqdim etmişdir.
Moldova parlamentinin spikeri İqor Korman demişdir: “Qriqoriu ölkənin imicinə ziyan vurmuşdur”.
Parlament komissiyasının sədri Mizin demişdir: “Qriqoriunun şikayəti peşəkar səviyyədə tərtib edilməmişdir və bizim ölkənin mövqeyini əks etdirmir”.
Sual edilir, BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin qətnamələrini imzalamış ölkənin parlamentinin spikerinə və parlamentin insan hüquqları və etika komissiyasının sədrinə bu cür sözlər yaraşarmı? Axı həmin qətnamələrdə Ermənistanın təcavüzkar siyasəti pislənilir və Azərbaycanın ərazi bütövlüyü tanınır. Moldova KİV-lərinin əksəriyyəti vəziyyəti realistcəsinə qiymətləndirməkdən və mənim Yerevandakı nitqimin əsasını təşkil etmiş beynəlxalq sənədləri öyrənmədən, erməni mətbuatında dərc edilənlərin təsirinə düşmüşlər. Mənim mənəvi simamı şübhə altına alan Moldova mətbuatı özü hadisələrin tarazlaşdırılmış şəkildə işıqlandırılması prinsiplərinə riayət etmir. Ünvanıma səslənən təhqirlər mənim imicimə ziyan vurur və ləyaqətimi alçaldır.
Çox təəssüflənirəm ki, mənim hökumətim məni bu cür hücumlardan müdafiə etmədi. Moldova Konstitusiyasına görə öz vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün cavabdeh olan dövlət strukturları öz vətəndaşlarının hüquqlarının Ermənistan tərəfindən pozulmasına müqavimət göstərmirlər. Mənə münasibətdə əsas insan hüquqlarının pozulmasına beynəlxalq səviyyədə, Moldova ilə Ermənistan arasında münasibətlər səviyyəsində də bilərəkdən susurlar.
- Siz bu hadisə ilə əlaqədar Almaniyanın, Avropanın müvafiq beynəlxalq təşkilatlarından necə reaksiya gözləyirsiniz?
- Vurğulamaq istəyirəm ki, mənim Yerevandakı çıxışımın məqsədi “dondurulmuş” münaqişələr sahəsində, xüsusən Avropa ailəsinə üzv olmaq məqsədlərini bəyan etmiş dövlətlərdə insan hüquqlarının pozulmasına beynəlxalq birliyin diqqətini cəlb etmək idi. Mənim nitqimi münaqişələrin dinc yolla tənzimlənməsinə və insan hüquqlarına hörmət edilməsinə çağırış kimi başa düşmək lazımdır.
Ümid edirəm ki, Avropa Birliyi və beynəlxalq birlik Ermənistanın hərəkətlərini lazımınca qiymətləndirəcək və bu nəticəyə gələcəklər ki, mənə münasibətdə insan hüquqları pozulmuşdur və mənim vətənimdə də bu hüquqlar əvvəlki kimi pozulmaqdadır.
Həmçinin ümid edirəm ki, mənim çıxışım Avropa dəyərlərinin reallaşmasına çağırış kimi qəbul ediləcəkdir. İstənilən vəziyyətdə insan hüquqlarına riayət edilməsi hər şeydən üstün olmalıdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.