Şriftin ölçüsü:
27.07.2010 09:16 | Oxunma sayı: 803
Azərbaycanda azad sözə, müstəqil mətbuatın inkişafına daim diqqət yetirilir. Demokratiyanın atributlarından hesab edilən müstəqil mətbuatın fəaliyyətinə geniş meydan verilməsi, əlverişli şərait yaradılması ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına diqqət və qayğı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daha da gücləndirilib.
Azərbaycan milli mətbuatının yaradılmasının 135 illiyi ilə əlaqədar dövlət başçımızın imzaladığı sərəncam və bu əhəmiyyətli sənədin qarşıya qoyduğu vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyindən xəbər verir. Azərbaycan Prezidentinin sərəncamı ilə fəxri adlara layiq görülmüş jurnalistlərlə söhbətimiz də bu barədə oldu.
Şəmsiyyə Kərimova, "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist:
- Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra insanların öz fikirlərini azad və sərbəst ifadə etmələri üçün hər cür şərait yaradıldı. Demokratiyanın əsas atributlarından olan müstəqil mətbuatın fəaliyyətinə də geniş meydan verildi. Etiraf edək ki, müstəqilliyimizin ilk illərində anarxiya, xaos baş alıb getdiyindən müstəqil mətbuat qisas, təhqir, nalayiq sözlər mənbəyinə çevrilmişdi. Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, mətbuat aləmində də əsaslı dönüş yaradıldı. Demokratiyanı anarxiya kimi dərk edənlər tədricən mətbuatın həyatın aynası olduğunu anladılar. Tənqidlə təhqiri bir-birindən ayıra bilməyənlər getdikcə sıradan çıxdılar. Müdrik siyasi xadim Heydər Əliyevin səyi nəticəsində qəbul olunan qanunlar müstəqil mətbuatın fəaliyyətində əsaslı dönüş yaratdı. Məhz ulu öndərin demokratik prinsiplərin inkişafına verdiyi önəmin nəticəsi olaraq mətbuatdan senzura ləğv edildi, "Kütləvi informasiya vasitələri haqqında" Qanun qəbul edildi. Sonradan bu qanuna edilmiş əlavə və dəyişikliklər müstəqil mətbuatın fəaliyyətini daha da gücləndirdi.
Uzun illər bu sahədə çalışan bir jurnalist kimi xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycanda müstəqil mətbuatın inkişafına yaradılan əlverişli şərait digər ölkələrdə yaradılmayıb. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin mətbuatın inkişafına xüsusi diqqət yetirməsi ölkəmizi beynəlxalq aləmdə demokratik dövlət kimi tanıdıb. Dövlət başçımızın sərəncamları ilə son illər kütləvi informasiya vasitələrinə göstərilən yardımlar, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dövlət hesabına ödənilməsi, jurnalistlərə fəxri adların, mükafatların verilməsi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Milli mətbuatın 135 illik yubileyi ərəfəsində dövlət başçısının imzaladığı sərəncamla yubiley tədbirlərinin maliyyələşdirilməsi, kütləvi informasiya vasitələrinə birdəfəlik yardım göstərilməsi üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manat - 40 gündəlik qəzetin hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat verildi. Onu da qeyd edək ki, 2005-2008-ci illərdə möhtərəm Prezidentimizin imzaladığı sərəncamlarla kütləvi informasiya vasitələrində çalışan 300-ə yaxın əməkdaşın Prezident təqaüdü, fəxri adlar, orden və medallarla təltif olunması, bu ənənənin davamı olaraq bu il iyulun 21-də 92 nəfərin fəxri adlara layiq görülməsi və təltif olunması jurnalistlərə göstərilən yüksək qayğının bariz nümunəsidir.
Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da möhtərəm Prezidentimizin diqqət mərkəzində saxladığı əsas məsələlərdən olmuşdur. Dövlət başçımızın bu məqsədlə imzaladığı 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncamı mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılması ardıcıl tədbirlərin davamı oldu. Dünyanın heç bir ölkəsində jurnalistlərə dövlət vəsaiti hesabına mənzil tikintisi faktı olmayıb. Bütün bunlardan sonra biz jurnalistlər daha məsuliyyətli, obyektiv olmalı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəldilməsi istiqamətində bütün imkanlardan səmərəli istifadə etməli, kimlərinsə təhriki ilə böhtan və qarayaxmalara son qoymalı, bu çirkin vasitələrdən əl çəkməyənlərin qarşısını almalıyıq. Jurnalist obyektiv, demokratik olmalı, düzü düz, əyrini əyri yazmalıdır.
Dövlət başçımızın bizə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığımızı bildirir, dövlətçiliyimizin etibarlı əllərdə olmasından qürur hissi keçiririk.
Zöhrə Əliyeva, əməkdar mədəniyyət işçisi:
- Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamla bir qrup jurnalistə fəxri adlar verilmiş və "Tərəqqi" medalı ilə təltif olunmuşlar. Dövlət başçımızın digər sərəncamı ilə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır. Bu, dövlət başçımızın azad sözün və müstəqil mətbuatın inkişafına verdiyi çox yüksək qiymətdir.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda demokratik prinsiplərin inkişafı daim diqqət mərkəzində saxlanılıb. Demokratiyanın əsas göstəricilərindən biri olan müstəqil mətbuatın inkişafı üçün bütün maneələr aradan qaldırıldı. "Kütləvi informasiya vasitələri haqqında" Qanun daha da təkmilləşdirildi. İndi hər hansı bir şəxsin qəzet təsis etməsi bir o qədər də çətin iş deyil. Bütün bunlar mətbuatın inkişafına dövlət dəstəyinin yüksək səviyyədə qurulmasından xəbər verir.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə mətbuatımız daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş, senzura ləğv edilmiş və kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir. Böyük tarixi şəxsiyyətin ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də söz və mətbuat azadlığının inkişafına xüsusi önəm vermiş, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müxtəlif illərdə sərəncamlar imzalamışdır. Bu sərəncamlarla gündəlik nəşr olunan qəzetlərə və informasiya agentliklərinə maliyyə yardımı ayrılmışdır. Bu il iyulun 21 və 22-də dövlət başçımız jurnalistləri sevindirən daha bir sərəncam imzalamışdır.
Sevinirəm ki, fəxri ad alanlar sırasında mən də varam. Əməyimə verilən belə yüksək qiymətə görə möhtərəm Prezidentimizə minnətdarlığımı bildirirəm. İnanırıq ki, ulu öndər Heydər Əliyevin siyasi kursu və bu kursu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil dövlətimizin dünya birliyindəki nüfuzu daha da artacaq, mövqeləri getdikcə möhkəmlənəcək.
{nl}
Hazırladı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.