Azərbaycan Avropaya və dünya birliyinə sürətlə inteqrasiya edir. Son hadisələr bir daha təsdiqləyir ki, müstəqil dövlətimizdə demokratik prinsiplərin inkişafına xüsusi diqqət yetirilir, insanların hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir, onların seçmək və seçilmək hüququnun daha da təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Demokratiyanın əsas atributlarından biri də ölkədə azad, ədalətli, şəffaf və obyektiv seçki keçirilməsini təmin etməkdir. Tanınmış ekspert və hüquq müdafiəçilərinin rəylərinə diqqət yetirsək, bir daha şahidi olarıq ki, son illər ölkəmizdə bu sahədə ciddi tədbirlər həyata keçirilmiş, seçki prosesinin demokratik şəraitdə başa çatdırılmasının təmin olunması üçün beynəlxalq aləmdə yüksək qiymətləndirilən qanunvericilik aktları qəbul olunmuş, əvvəlki sənədlərin daha da təkmilləşdirilməsi üçün bir sıra əlavələr və dəyişikliklər edilmişdir.
Bu baxımdan qarşıdan gələn parlament seçkilərində demokratik prinsiplərin və obyektivliyin daha yaxşı təmin olunması üçün Milli Məclisdə Seçki Məcəlləsinə bir sıra əlavələr və dəyişikliklər edilməsi xüsusi qeyd olunmalıdır.
Həmin əlavə və dəyişikliklər siyasi partiya və qurumların nümayəndələri tərəfindən necə qarşılanıb? Əməkdaşımız bununla əlaqədar bir neçə siyasi partiya nümayəndəsinə müraciət edib.
Əli ƏHMƏDOV, YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı, professor:
- Artıq Azərbaycanda bir neçə ildir ki, seçki praktikası və qanunvericiliyi təkmilləşdirilir. Burada məqsəd seçki praktikasını inkişaf etdirmək və dünya təcrübəsinə maksimum uyğunlaşdırmaqdır. Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən millət vəkillərinin bir qrupu bu yaxınlarda parlamentin rəhbərliyinə Seçki Məcəlləsinin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə yaxınlaşdırılması məqsədilə bəzi təkliflərini irəli sürmüş və müvafiq qanun layihəsi təqdim etmişdi. Layihədə Seçki Məcəlləsinin tənzimlədiyi iki məsələ ilə əlaqədar təkliflər öz əksini tapıb.
Birinci təklif seçki kampaniyası üçün ayrılan vaxt müddətinin 75 gündən 60 günə endirilməsi ilə əlaqədardır. Təklif olunan ikinci dəyişiklik isə seçki kampaniyasına qoşulan namizədlərə Mərkəzi Seçki Komissiyası tərəfindən verilən vəsaitlərin ləğv edilməsi ilə bağlıdır. Bir daha qeyd etmək istəyirəm ki, bu təkliflərin arxasında duran məqsəd və niyyət Azərbaycanda seçki praktikasını təkmilləşdirməkdən ibarət olub. Hesab edirik ki, Azərbaycanda seçki praktikası və seçki kampaniyasını həyata keçirən müvafiq seçki administrasiyası kifayət qədər böyük təcrübə toplayıb, səriştəsi əhəmiyyətli dərəcədə yüksəlib və bu mənada seçki kampaniyasını yüksək keyfiyyətlə və qanunvericilikdə nəzərə alınması şərtilə həyata keçirmək iqtidarına malikdir. Dünya praktikasının öyrənilməsi onu göstərir ki, seçki kampaniyasının müddətləri kifayət qədər ölçülüb-biçilib və bütövlükdə seçki kampaniyasının səmərəli şəkildə həyata keçirilməsini təmin edən bir vaxt çərçivəsinə yerləşdirilib. Biz dünya praktikasını öyrənərkən belə bir reallıq ortaya çıxdı ki, Azərbaycandan həm ərazisi, həm də əhalisi çox olan ölkələrin özündə belə seçki kampaniyalarının keçirilməsi üçün ayrılan vaxt müddəti 60 gün çərçivəsindədir və ya daha azdır. Hesab etdik ki, seçkilərin keçirilməsi üçün 2 ay zaman müddətinin ayrılması heç bir halda onun demokratik mahiyyətinə xələl gətirmir və gətirə bilməz. 60 gün demokratiya prinsipləri də daxil olmaqla bütün seçki prinsip və normalarına tam riayət edilməsi üçün yetərlidir. Bu fikri beynəlxalq praktika təsdiq edir. Ona görə də Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən təkliflərin bəzi müxalifət partiyaları tərəfindən guya Azərbaycanda seçkilərin demokratikliyinə qarşı çevrilmiş bir addım kimi dəyərləndirilməsi hər cür arqumentdən məhrumdur. Belə yanaşma mahiyyətcə beynəlxalq təcrübəyə ziddir. Vaxt amilindən səmərəli istifadə istənilən proseslərin üstünlüklərindən sayılır. Başqa bir misal da gətirə bilərəm. Seçki praktikasının inkişafı və seçki orqanlarının peşəkarlığının artması Azərbaycanda səsvermənin nəticələrinin əvvəllərdəkindən fərqli olaraq, çox qısa bir zamanda elan olunmasını mümkün edib. Müxalifət və beynəlxalq təşkilatlar da daxil olmaqla, heç kim səsvermənin nəticələrinin az vaxt içərisində elan olunmasına qarşı çıxmır, onu qeyri-demokratik hal saymır. Heç bir prosedur pozuntularına yol vermədən və seçki imkanlarını məhdudlaşdırmadan, dünya praktikasına istinad edərək vaxt amilindən səmərəli istifadə etmək təklifinə qarşı çıxmaq, düşünürəm ki, səmərəsizdir.
Seçkilər Azərbaycanın ictimai-siyasi həyatının adi, mütəmadi keçirilən vacib hadisəsinə çevrilib. 2008-ci ildə prezident seçkisi keçirildi, 2009-cu ildə referendum və bələdiyyə seçkiləri oldu, 2010-cu ildə isə parlament seçkiləri baş tutacaq. Üç ildə dörd seçki kampaniyası. Növbəti illərdə də belə olacaq. Deməli, elə ağlabatan zaman müddəti seçilməlidir ki, cəmiyyətin həyatı yalnız seçkilərdən ibarət olmasın. Seçki öz-özlüyündə nə qədər əhəmiyyətli olsa da, həyat yalnız seçkilərdən ibarət deyildir. Digər tərəfdən, seçki orqanları təkmilləşdiyi və daha peşəkar olduğu kimi, seçkilərə qatılan partiyaların da təcrübəsi artıb. Onlar seçkiləri lazımi qaydada keçirmək üçün böyük səriştə toplayıb və vaxtdan səmərəli istifadə edə bilərlər. Onu da nəzərə almaq lazımdır ki, hər bir siyasi təşkilat seçki kampaniyasında böyük insan potensialı ilə iştirak edir, vəsait xərcləyir. Partiyaların seçki prosesinə cəlb etdiyi on minlərlə fəalın vaxtdan səmərəli istifadə edilməsi gündəlikdə duran vacib məsələdir. Çünki dediyim kimi, bu insanlar çox tez-tez seçki prosesinə cəlb olunurlar. Bir çox hallarda onlar işlərindən ayrılırlar.
Nəhayət, partiyalar seçki kampaniyasını layiqincə keçirmək üçün vəsait xərcləməlidirlər. Vaxt nə qədər çoxdursa, o qədər də çox vəsait xərclənməsi tələb olunur. Qeyd etmək istəyirəm ki, ağlabatan və məqsədəuyğun seçki müddəti təklifini irəli sürərkən məhz bu mülahizələrə istinad etmişik.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da seçki kampaniyasının maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilir. Azərbaycan dövləti seçki kampaniyasının bütün səviyyələrində maliyyələşdirilməsi üçün lazım olan maliyyə xərclərini öz üzərinə götürüb. Digər tərəfdən, Azərbaycan azsaylı ölkələrdəndir ki, daimi fəaliyyət göstərən seçki komissiyaları yaradılıb. O ki qaldı ayrı-ayrı siyasi partiyalara və namizədlərə seçkilərdə iştirak etmək üçün ayrılan pul vəsaitinin ləğv edilməsi təklifinə, qeyd etmək istəyirəm ki, Azərbaycanın Seçki Məcəlləsində təsbit olunan bu norma keçirilən bütün seçki kampaniyalarında mütəmadi olaraq kütləvi şəkildə pozulub. İndiyə qədər seçki kampaniyalarında iştirak edən siyasi partiyalar və namizədlər Mərkəzi Seçki Komissiyasından və digər seçki komissiyalarından aldıqları pulu qanunla müəyyənləşdirilmiş formada bu quruma qaytarmaq haqqında heç düşünməyiblər. Mövcud Seçki Məcəlləsinin tələbinə görə, seçkidə 3 faizdən az səs toplayan namizədlər və ya siyasi partiyalar MSK-dan aldıqları vəsaiti geri qaytarmalıdırlar. Amma indiyə qədər ayrı-ayrı seçkilərdə iştirak edən namizədlərin böyük bir hissəsi 3 faizlik səs topladığı halda, MSK-dan aldığı pulu geriyə qaytarmayıb və bunun nəticəsində də Seçki Məcəlləsinin müvafiq müddəası ardıcıl olaraq pozulub. Belə çıxır ki, Azərbaycanın Seçki Məcəlləsində bütün seçki kampaniyalarında namizədlər tərəfindən kütləvi şəkildə pozulan bir maddə var ki, onun qarşısının alınması mexanizmləri mövcud deyil. Ən maraqlısı isə odur ki, bir dəfə seçki prosesində iştirak edən 3 faizlik səs toplaya bilməyən və verilən vəsaiti MSK-ya geri qaytarmayan namizədlər növbəti seçkilərdə də həmin pul vəsaitini alıblar və yenə də lazımi səs toplamayıb, lakin pulu geri qaytarmayıblar. Beləliklə də, hesab edirəm ki, Seçki Məcəlləsinin daim pozulan belə bir müddəasının saxlanılmasına heç bir əsas yoxdur. Ümumiyyətlə, Seçki Məcəlləsinə edilmiş dəyişikliklər seçki praktikasının təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə yaxınlaşdırılması niyyətindən irəli gəlir. İstənilən halda, Azərbaycan iqtidarı ölkədə demokratik seçkilərin keçirilməsi üçün lazım olan bütün şərtlərin təmin edilməsinə indiyə qədər olduğu kimi, bundan sonra da zəmanət verəcək.
{nl}
Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.