“Azərbaycançılıq” bizi bütün dünyada tanıdan dəyərdir. Bu ideyanı daşımağın, onu yaşatmağın özü də ən böyük şərəfdir.
Bu fikirlərin müəllifi, həmsöhbətim, polis generalı, daxili işlər nazirinin sabiq müavini, daxili işlər orqanlarının “Əməkdar işçisi” Kamil Məmmədov müasir dövrümüzdə bu ideyanın daha da sürətlə və geniş şəkildə həyata keçirilməsinin vacibliyindən danışır. O deyir ki, ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri “azərbaycançılıq”la bağlıdır. Bu ideologiya Heydər Əliyevin müdrikliyinin, onun Vətən sevgisinin zirvəsi idi. Ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı dillər əzbəridir. Bu fikri tez-tez təkrar edirik. Amma gərək əməlimizlə sübut edək ki, bunu deməyə mənəvi haqqımız vardır.
- Hörmətli general, bu ideyanın reallaşdırılmasını daha da sürətləndirmək, geniş yaymaq, yaşatmaq üçün konsepsiya ilə çıxış etmisiniz. Bu barədə danışardınız.
- “Azərbaycançılıq” ideologiyası həqiqətən çox dərin və geniş fəlsəfi mənalara malikdir. Mən, təbii ki, “azərbaycançılıq” ideologiyasının elmi, metodoloji əsaslarından söhbət açmaq niyyətində deyiləm. Bu, alimlərin, bütöv bir institutun öyrənəcəyi, araşdıracağı, təhlil edəcəyi məsələdir, böyük işdir. Mən sadəcə bir azərbaycanlı kimi, Heydər Əliyev məktəbini keçən dünyagörmüş bir insan kimi bu ideyanın geniş təbliği işinə töhfələrimi verməyi özümə borc bilirəm. Konsepsiyamda məqsədim heç də insanları tərbiyə etmək, onlara dərs keçmək deyil. Demək istəyirəm ki, həm indiki, həm də gələcək nəsillər ulu öndər Heydər Əliyevin bu ideyasını qorusunlar, yaşatsınlar.
Bu gün Azərbaycan sürətlə inkişaf edir, güclənir. Paytaxtımızda yeni, müasir körpülər, tunellər tikilir, Avropa standartlarına uyğun yollar salınır, yeraltı və yerüstü körpülər inşa edilir. Azərbaycan artıq dünyada söz yiyəsi, nüfuz sahibidir. Ölkəmiz öz dəyərləri ilə dünyanın diqqətini cəlb edir.
Məhz buna görə də hər bir azərbaycanlı özünün davranışında, hərəkətlərində “azərbaycanlı”, “azərbaycançılıq” anlayışlarını yüksək tutmalı, onların dəyərini dərindən dərk etməlidir.
Azərbaycanın bugünkü uğurlarının kökündə ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Prezident İlham Əliyev ümummilli liderin bir vaxt bizə əlçatmaz kimi görünən ideyalarını böyük məharətlə reallaşdırır. Əgər ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək Azərbaycanın müstəqilliyini təmin etdisə, onu qorudusa, Prezident İlham Əliyev müstəqilliyimizin möhkəmləndirilməsi yolunda mühüm addımlar atdı, ölkəmizi sürətli yüksəliş yoluna çıxardı, onu qüdrətli bir ölkəyə çevirdi. Bu gün dəyişən, yeniləşən, müasirləşən Azərbaycan dünyanın diqqət mərkəzindədir. Bu gün Azərbaycan təkcə siyasi-iqtisadi cəhətdən qüdrətli dövlət deyil, həm də öz mədəniyyəti, milli dəyərləri, mənəvi, mədəni sərvətləri, insanlarının istedadı və intellektual imkanları ilə dünyanın diqqətini cəlb edir.
Heydər Əliyev xalqımıza vətənpərvərlik, ölkənin ən mühüm problemlərinin həllinə dövlət mövqeyindən yanaşma hissini aşılamışdısa, möhtərəm Prezidentimiz İlham Əliyev onun ideyalarını davam etdirərək Azərbaycan xalqında, insanlarda cəmiyyətdə öz mövqeyini dərk etmək, öz rolunu düşünmək hissini gücləndirdi. Əsl azərbaycanlıların siyahısını tutsaydım, birinci yerdə hörmətli Prezidentimiz İlham Əliyevin adını yazardım.
Son illərdə Azərbaycanda bütün sahələrdə o qədər nəhəng uğurlar qazanılıb ki, sadalamaqla qurtarmaz. “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsindəki möhtəşəm uğur bunlardan biridir. Hamımız bunun şahidiyik. Yarışmanın yüksək səviyyədə təşkili, keçirilməsi ilə bağlı müsbət fikirlər hələ də dünya mətbuatının səhifələrindən düşmür. Bu uğur möhtərəm Prezidentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, müsabiqənin Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın xidmətinin nəticəsidir. Bir faktı da xüsusi qeyd etmək istəyirəm. “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi günlərdə Bakıda insanların nizam-intizama, qayda-qanuna nümunəvi riayət etməsi də Təşkilat Komitəsinin uğurlu fəaliyyətinin nəticəsi idi. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin xaricdə təbliği üçün böyük işlər görür. Müxtəlif ölkələrdə keçirilən tədbirlər Azərbaycanın mədəniyyətini, dəyərlərini bütün dünyada tanıdır, dünyanın hər yerində insanlar zəngin mədəniyyətimiz, incəsənətimizlə tanış olurlar. Əlbəttə, bu bizi qürurlandırır, bir azərbaycanlı kimi sevindirir. Əminəm ki, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları da Mehriban xanım Əliyevanın rəhbərliyi altında uğurla keçəcəkdir.
Bu konsepsiya ilə çıxış etməmişdən öncə buna mənəvi haqqımın olduğunu düşündüm, bütün həyatımı nəzərdən keçirtdim. Mən 30 ildən çox daxili işlər orqanlarında çalışmışam. Ulu öndər Heydər Əliyevin məktəbini keçmişəm, onunla şəxsi görüşlərim hələ də xatirəmdə yaşayır. 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təqdimatı əsasında keçmiş SSRİ-nin Qırmızı Əmək Bayrağı ordeni, ötən il isə “Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarında səmərəli fəaliyyətimə görə” yubileyim ərəfəsində möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” qızıl ordeni ilə təltif olunmuşam. Yeri gəlmişkən, göstərdiyi diqqətə görə hörmətli Prezidentimiz İlham Əliyevə bir daha minnətdarlığımı bildirirəm. 1988-ci ildə Qarabağ münaqişəsi başlanan gündən vəzifə borcumu yerinə yetirmişəm, müharibənin dəhşətlərini gözümlə görmüşəm. 1992-ci ildə isə könüllü olaraq Qarabağın qaynar nöqtələrində olmuşam. Daxili İşlər Nazirliyinin arayışına əsasən “Kamil Məmmədov Qarabağ müharibəsinin veteranıdır, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə bağlı sağlamlığını itirmişdir”. Bunları nəzərə alaraq hesab etdim ki, belə bir konsepsiya ilə çıxış edib “azərbaycançılıq” ideyasını yaşatmaq üçün mən də öz töhfəmi verə bilərəm.
Mən Azərbaycanın ziyalılarını, dövlət və ictimaiyyət nümayəndələrini, rəhbər işçiləri, alimləri, kütləvi informasiya vasitələrinin nümayəndələrini dialoqa dəvət edirəm. Onlara müraciət edirəm ki, gəlin, birləşib ulu öndər Heydər Əliyevin “azərbaycançılıq” ideyasını birlikdə yaşadaq, genişləndirək, təbliğ edək. İnanıram ki, bu ideyanın reallaşdırılması hər bir vətəndaşımızın “azərbaycanlı” adını daşımaq məsuliyyətini artıracaqdır. Hətta, düşünürəm ki, birlikdə azərbaycanlının bugünkü simasını, davranış qaydalarını əks etdirən toplu və yaxud əsaslar hazırlayaq.
- “Azərbaycanlı” ideyasının cəmiyyətimizi tam əhatə etməsi üçün nə etmək lazımdır?
- Məlumdur ki, tərbiyə ailədən və məktəbdən başlayır. Ona görə yaxşı olardı ki, Təhsil Nazirliyi şagirdlərin hələ kiçik yaşlarından bu ideyanın işığında tərbiyə olunmasına diqqəti artırsın. Bu yaxınlarda təhsil naziri Mikayıl Cabbarovun Azərbaycan Televiziyasında müsahibəsini dinlədim. Nazir bir neçə maraqlı məqama toxundu. O qeyd etdi ki, Azərbaycanda təhsilin əsas məqsədi dini əqidəsindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dəyərlərinin daşıyıcısı olan vətəndaş formalaşdırmaqdır. Valideynlərdə belə bir fikir formalaşıb ki, uşaqların tərbiyəsi ilə yalnız məktəb məşğul olmalıdır, yəni bu, dövlətin işidir. Lakin unutmamalıyıq ki, hər bir vətəndaşın formalaşmasında ailənin böyük rolu var. Nazirin dediyi kimi, təhsildə iki element var. Bunlardan birincisi tərbiyə, ikincisi bilikdir. Təhsilə, biliyə meyilli valideyn ailədə uşağın tərbiyəsində, təhsilində böyük rol oynayır. Valideynlər bunu unutmamalıdır. Təhsil milli dəyərlərə əsaslanmalı, eyni zamanda gələcəyə istiqamətlənməlidir.
Təkliflərimlə bağlı hörmətli Mikayıl Cabbarovla görüşmüşəm. Nazir bizim fikir və təkliflərimizi dəstəkləmiş, bu məsələnin prioritet olduğunu qəbul etmiş və nazirlik tərəfindən məktəblilərə, tələbələrə “azərbaycanlı” ideyasının aşılanması məqsədi ilə xüsusi proqramın hazırlanması və tətbiq edilməsini zəruri hesab etmişdir.
Dediklərim ali təhsil müəssisələrində də mütəmadi həyata keçirilə bilər. Məsələn, Bakı Slavyan Universitetində (BSU) 2006-cı ilin oktyabr ayından “Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzi” fəaliyyət göstərir. Bu mərkəz BSU-nun rektoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, görkəmli yazıçı, mənim çox böyük hörmət bəslədiyim professor Kamal Abdullanın təşəbbüsü ilə yaradılmışdır. Məqsəd azərbaycanşünaslıq sahəsində mütəxəssis hazırlığı işinə yardımçı olmaq, bu sahə üzrə elmi tədqiqatlar aparmaq, xaricdə azərbaycanşünaslığı inkişaf etdirmək, Azərbaycan haqqında obyektiv informasiyanı respublikamızda və beynəlxalq aləmdə yaymaq və təbliğ etməkdir. Düşünürəm ki, BSU-da fəaliyyət göstərən bu mərkəz ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikrini əsas tutaraq mükəmməl metodik vəsait hazırlaya bilər. Həmin metodik vəsaiti Azərbaycanın bütün ali məktəblərində tətbiq etmək olar. Əminəm ki, BSU ulu öndər Heydər Əliyevin məşhur kəlamının məğzinin tələbələrə çatdırılması istiqamətində aparıcı qüvvəyə çevriləcəkdir.
Qeyd etmək istəyirəm ki, bu işi gənclər arasında da genişləndirmək lazımdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva Rusiyada təhsil alan azərbaycanlı tələbələr arasında böyük iş aparır. Bu gənc xanımın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınması istiqamətində qətiyyətli tədbirləri ürəyimizi qürur hissi ilə doldurur.
Sevinirəm ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov da onunla görüşümüz zamanı konsepsiyamızı dəstəkləyəcəyini bildirdi. Buna görə hörmətli Əli müəllimə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında on minlərlə gənci birləşdirir. Əli Əhmədovun tapşırığı ilə partiyanın gənclər birliyinin rəhbərliyi artıq mənimlə əlaqə saxlamış və öz fikirlərini bölüşmüşdür. Düşünürəm ki, “azərbaycançılıq” ideologiyasının təbliğində aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası və onun gənc üzvləri bu işi daha da sürətləndirməkdə böyük töhfələr verəcəkdir.
Xeyli müddətdir ki, Azərbaycan Televiziyasında hər bazar günü gənclər üçün “Mən azərbaycanlıyam” adlı intellektual veriliş yayımlanır. Ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikri ilə başlayan bu veriliş, əsasən gənclərin intellektual səviyyəsinin artırılmasına xidmət edir. Bu, çox gözəl təşəbbüsdür. Bu işdə Milli Məclisin üzvü, hörmət bəslədiyim Arif Alışanovun böyük zəhməti var. Məncə, belə veriliş nəinki gənclərə, həm də yaşından asılı olmayaraq bütün tamaşaçılara ünvanlanmalıdır. Bu yolla “azərbaycançılıq” ideyası hər bir Azərbaycan vətəndaşının şüurunda, qəlbində yer tapacaq, daha da möhkəmlənəcəkdir. Həmin televiziya verilişinin sponsorlarından biri, gənclərin tərbiyəsi ilə ciddi məşğul olan gənclər və idman naziri Azad Rəhimovun rolunu xüsusi qeyd etmək istərdim.
Qeyd edim ki, konsepsiya ilə əlaqədar Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərovla da görüşmüşəm. Çünki bilirdim ki, o həm də “Azərbaycanşünaslığın əsasları” adlı kitabın müəllifidir. Alim həmin kitabında Azərbaycan xalqının, onun dilinin, ədəbiyyatının, mədəniyyətinin formalaşmasının tarixini, “Azərbaycançılıq” ideologiyasının mərhələlərini dərindən araşdırmışdır. Söhbət zamanı Nizami müəllimin azərbaycançılıq sahəsində görkəmli alim olduğunun bir daha şahidi oldum. Anladım ki, belə bir alimin məsləhətləri bu sahədə çox dəyərli ola bilər. Nizami müəllim də öz növbəsində bu sahədə fəaliyyətin genişləndirilməsi ilə bağlı fikrimi bəyəndi, onun həyata keçirilməsi üçün dəyərli məsləhət və tövsiyələrini verdi. Məsləhət gördü ki, bunun üçün debatlar, müzakirələr, müsabiqələr keçirmək və bütün bu tədbirlərdə Azərbaycanın geniş təbəqələrinin iştirakı məqsədəuyğun olardı. Bu işdə öz köməyini əsirgəməyəcəyini də bildirdi.
Bundan əlavə, küçələrdə, nəqliyyatda Azərbaycan dəyərlərini əks etdirən reklam lövhələri, reklam çarxlarından mütəmadi istifadə etmək olar. Onların mətni təqribən belə ola bilər: “Azərbaycanı sevin, onu qoruyun”, “Azərbaycan bizim Vətənimizdir, ondan başqası yoxdur”, “Azərbaycanlıyam, Azərbaycan övladıyam” və s. Belə mətnlərin insanların şüuruna güclü təsir edəcəyini düşünürəm. Həmçinin Azərbaycan Rəssamlar İttifaqının sədri, dəyərli dostum Fərhad Xəlilova müraciətlə xahiş edirəm ki, həmkarları ilə birlikdə “azərbaycançılıq” ideyasını özündə əks etdirən kiçik bir döş nişanının eskizini hazırlayıb, mətbuatda müzakirəyə çıxarsın, müsabiqə elan etsin. Cəmiyyətimizin də fikrini öyrənəndən sonra bunun hazırlanmasına təşəbbüs göstərsin. Əminəm ki, belə döş nişanını yaşından və vəzifəsindən asılı olmayaraq hər bir azərbaycanlı öz yaxasında fəxrlə gəzdirəcək və “azərbaycanlıyam” kəlamına sadiq olduğunu bildirəcək.
- “Azərbaycançılıq” ideologiyası insanların şüurunda hansı dəyişiklikləri yaratmalıdır?
- Öz sənətimə aid bir fikrimi bölüşmək istəyirəm. 1981-1989-cu illərdə daxili işlər nazirinin əməliyyat və polis üzrə müavini, o cümlədən yol polis xidmətinin kuratoru olmuşam. Bu gün biz nəyə görə piyada yolu qadağan olunmuş yerdən keçərkən onu saxlamır, ona həyatını təhlükə altına atdığını başa salmırıq? Nəyə görə onları tənbeh etmirik, qınamırıq? Əgər qanunu pozan şəxs qınaq obyektinə çevrilərsə, o öz səhvini anlayacaq, pis əməldən çəkinəcək və gələcəkdə belə əməllərə yol verməyəcəkdir. Yeri gəlmişkən, yenə öz sahəmlə bağlı bir məsələni də qeyd edim. Avtomobil tıxacları problemi bu gün Bakı sakinlərini narahat edir. Hazırda Azərbaycanda bir milyon iki yüz min nəqliyyat vasitəsi var. Onların da 600 mindən çoxu Bakı şəhərindədir. Deməli, o qədər də sürücü var. Amma çox təəssüf ki, onların çoxu bir-birinə hörmət qoymur, sürücülük mədəniyyətini, sürücülük etikasını unutmuşdur. Bir-birinə yol vermək, hörmət etmək hissi itmişdir. Gəlin, statistikaya diqqət yetirək. Bu ilin əvvəlindən avqustun 3-dək Bakıda 1766 sürücü sərxoş olduğuna, 7996 nəfər qırmızı işıqda keçdiyinə, həmçinin 75 minə yaxın piyada yol hərəkəti qaydalarını pozduqlarına görə cərimələnmişdir. Belə qanun pozuntuları paytaxtda tıxac problemi də yaradır. Gərək sürücülər özləri avtomobillərini harada oldu, necə oldu saxlamaq vərdişlərindən əl çəksinlər. Bakı 2015-ci ildə ilk Avropa Oyunları kimi böyük tədbirə ev sahibliyi edəcək, bunun üçün insanlarımız yollarda qayda-qanuna əməl etməyə tam hazır olmalıdırlar. Ona görə də hər birimiz sükan arxasında olarkən həmkarlarımızla münasibətimizdə dönüş yaratmağa çalışmalıyıq. İnsanlar arasında ictimai qınaq güclənərsə, onların şüuruna təsir olarsa, bu cür halların qarşısını xeyli almış olarıq. Hesab edirəm ki, bu, mütləq öz bəhrəsini verəcəkdir.
Xalqımız qədim və zəngin mədəniyyətə, adət-ənənələrə malikdir, ölkəmizdə böyüyə, ağsaqqala hörmət, ailənin müqəddəsliyi, qonaqpərvərlik kimi ali dəyərlər hər zaman uca tutulur. Qədim mədəniyyət milli “Mən” anlayışının formalaşmasına güclü təsir göstərir. Bu, xalqın hər bir nümayəndəsinin özünün məhz azərbaycanlı olmasından qürur duyması, onu yaşatmağa çalışması üçün çox vacib amillərdən biridir. Təəssüflər olsun ki, bəzi azərbaycanlılar öz mənfi hərəkətləri ilə “azərbaycanlı” adına xələl gətirirlər. Ona görə düşünürəm ki, hər bir azərbaycanlı öz mədəniyyətinin qədimliyini, zənginliyini yaxşı bilməlidir, onun hansı dəyərlərlə əhatə olunduğunu anlamalıdır.
“Azərbaycançılıq” ideologiyasının hər birimizin şüurunda möhkəm yer tutmasını heç kim inkar edə bilməz. Amma, fikrimcə, biz bunu əməllərimizlə nümayiş etdirməliyik. Hər birimizin azərbaycanlı adına layiq olması, xalqımızın həm ailədə, həm cəmiyyətdə əsrlərlə mövcud olan nümunəvi davranış ənənələrini qoruması, yaşatması son dərəcə vacibdir. Müasir dövrdə bu dəyərlərin məhz “azərbaycançılıq” kontekstində daha geniş yayılması zəruridir. Qürurla “Mən azərbaycanlıyam” deyən hər kəs bu dəyərləri cəmiyyətimizin digər üzvlərinə də tövsiyə etməli, onların şüuruna təsir göstərməlidir. Özümüzü azərbaycanlı adlandırırıqsa, qanunlarımıza, qədim ənənələrimizə riayət etməli, dəyərlərimizi yaşatmalı, daha etibarlı şəkildə gələcək nəsillərə çatdırmalıyıq. Mənə elə gəlir ki, yalnız bu yolla cəmiyyətimizdə düzgün, nümunəvi davranış formalaşdıra bilərik.
Yuxarıda qeyd olunan məsələlərin həyata keçirilməsində, irəli sürülən məsələlərin həllində mən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyinə ümid edirəm.
- Ölkəmizin son illərdə keçdiyi uğurlu yol Azərbaycanın ən böyük dəyəri olan müstəqilliyini daha da möhkəmləndirdi. Sizcə, “Azərbaycançılıq” ideologiyasının sürətlə reallaşdırılması cəmiyyətin daha da sıx birləşməsinə necə təsir edər?
- Həqiqətən, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Ancaq bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Möhtərəm Prezidentimiz İlham Əliyevin xalqına, Azərbaycana xidməti bu ideologiyaya sədaqət nümunəsidir. Dünya Azərbaycanlılarının 2011-ci il iyulun 5-də Bakıda keçirilən 3-cü Qurultayında dövlət başçımızın bir fikri hələ də qulaqlarımda səslənir: “Bizim bir Vətənimiz var-Azərbaycan, bizim bir dilimiz var-Azərbaycan dili, bizim bir ideologiyamız var-azərbaycançılıq ideologiyası...”. Bu sözlər gərək hər birimiz üçün səfərbərlik rəmzi olsun. Mən ulu öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideologiyasını özündə təcəssüm etdirən, öz əməlləri ilə onun təbliğinə parlaq töhfələr verən Prezidentimizin bu istiqamətdə gördüyü işlərdən iftixar hissi keçirir, hər kəsi onun ətrafında daha sıx birləşməyə, hər kəsi bu birliyə, bu həmrəyliyə öz töhfəsini verməyə dəvət edirəm...
Qarşıdan prezident seçkiləri gəlir. Mən Yeni Azərbaycan Partiyasının İlham Əliyevə səs verməyə çağırışını ürəkdən dəstəkləyirəm. Azərbaycan Prezidentinin, Ali Baş Komandanın əmrinə bağlıyam. Əmr edərsə, hərbi formamı geyinib üçüncü dəfə Qarabağa, torpaqlarımızı işğalçılardan azad etməyə gedəcəyəm.
Müsahibəni apardı,
E.ŞAHBALAYEV,
AzərTAc-ın müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.