Mübariz QURBANLI: Azərbaycanda müxalifətin radikal qanadı iflasa məhkumdur

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının yap.org.az saytına müsahibəsini təqdim edirik.

- Mübariz müəllim, bu günlərdə Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini təsdiq edib. YAP bundan sonra hansı tədbirləri həyata keçirəcək?

- Qeyd etdiyiniz kimi, partiyamızın namizədi cənab İlham Əliyevin müvafiq qaydada sənədləri MSK-ya təqdim olunmuş və MSK Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq sədrimizin prezidentliyə namizədliyini təsdiq etmişdir. Eyni zamanda, MSK prezidentliyə namizədimizin səlahiyyətli nümayəndələrini də təsdiq edib. Bundan sonra isə seçki kampaniyasının növbəti mərhələsinə daxil olmuşuq. Avqustun 12-də YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Həmin müşavirədə partiyanın sədr müavini-icra katibi Əli Əhmədov çıxış edərək növbəti mərhələdə qarşıda duran vəzifələr haqqında müəyyən tövsiyə və tapşırıqlarını vermişdir. Növbəti mərhələ isə namizədlərin qeydə alınması üçün imzatoplama prosesindən ibarətdir. Bilirsiniz ki, seçki qanunvericiliyinə görə prezidentliyə namizəd üçün vətəndaşların dəstək imzası alınmalıdır. Bununla bağlı da YAP-ın rayon və şəhər təşkilatlarında hazırlıq işləri yüksək səviyyədədir və müşavirədə yerli strukturların görəcəyi işlər barədə fikir mübadiləsi aparılıb, tapşırıqlar verilib.

Partiyanın yerli strukturları artıq imza vərəqələri götürüblər və avqustun 13-dən imzatoplama prosesi başlanır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin müəyyən etdiyi qaydaya görə ən azı 60 seçki dairəsindən 40 mindən yuxarı imza toplanaraq MSK-ya təqdim olunmalıdır. Qeyd edim ki, YAP həmişə seçki kampaniyasında bütün dairələrdən imza toplanılmasına diqqət yetirmiş və bu dəfə də bu prinsipi nəzərdə tutaraq 125 dairənin hər birindən vətəndaşların prezidentliyə namizəd cənab İlham Əliyevə imza verməsi üçün fəaliyyət göstərəcəyik. Əlbəttə, cənab İlham Əliyevin namizədliyinə milyonlarla Azərbaycan vətəndaşı imza verməyə hazırdır. Hesab edirəm ki, qısa zaman kəsiyində rayon və şəhər təşklatlarımız imzatoplama prosesini uğurla başa vuracaq, partiyada bu sənədlər bir daha yoxlanılacaq və bundan sonra isə imza vərəqələri doldurulmuş formada MSK-ya təqdim olunacaq.

Bizim seçki kampaniyası ilə bağlı bundan sonra qarşımızda duran əsas mərhələlərdən biri təşviqat prosesidir. Təbliğat-təşviqat kampaniyası sentyabrın 16-dan başlanır və biz bu kampaniyaya da hazırlıq işlərimizi zamanında görmüşük və bundan sonra da müəyyən məsələləri də yerinə yetirərək təşviqat kampaniyamızı çox böyük uğurla həyata keçirə biləcəyik. Bu gün hər kəs başa düşür ki, partiyamızın namizədi, Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan cəmiyyətində dəstəyi kifayət qədər yüksəkdir və aparılan rəy sorğuları, reytinqlər göstərir ki, seçkilərdə YAP-ın namizədi, dövlət başçısı İlham Əliyevin qələbə qazanması şübhəsizdir.

- Yeni Azərbaycan Partiyası bu seçkilərə hansı şüarlarla gedir?

- YAP-ın təşviqat kampaniyasında irəli sürdüyümüz şüarlar bəyan ediləcək. Bizim təşviqat kampaniyası ilə bağlı geniş proqramımız var. Bu proqramda ən müasir texnoloji yeniliklərdən və təbliğat kampaniyasının ən yeni modellərindən istifadə edəcəyik.

Bir daha cəmiyyətə və bizimlə rəqabət aparan dairələrə bizim sivil, müasir seçki kampaniyamızın nümunələrini göstərəcəyik. Hər dəfə seçki kampaniyalarına yeniliklər gətiririk və bu dəfə də belə olacaq. Əsas şüarlarımız, çağırışlarımız, hədəflərimiz Prezidentimiz cənab İlham Əliyevin çıxışlarında aydın şəkildə ifadə edilib. Necə deyərlər- hədəf bəlli, lider bəlli, məqsəd bəlli. Bizim bəlli istiqamətlərimiz var və qarşıda duran vəzifələrin həlli üçün də bütün cəmiyyətimizin potensialının bir araya gəlməsi naminə əlimizdən gələni əsirgəməyəcəyik. Ona görə də təşviqat kampaniyası zamanı partiyamızın irəli sürəcəyi şüarlar açıq şəkildə cəmiyyətin diqqətinə çatdırılacaq.

- Mübariz müəllim, son günlər ayrı-ayrı partiyaların prezidentliyə namizədləri də MSK-ya sənədlərini təqdim edib. Amma müxalifətin radikal qanadından namizədin irəli sürülməsi hələ də həll olunmamış qalır. Bununla bağlı nə deyə bilərsiniz?

- Azərbaycanda həmişə azad, ədalətli və demokratik seçkilər keçirilir. Şübhəsiz ki, bu dəfə də belə olacaq. Bu seçkilərdə YAP bütün siyasi qüvvələrin hamısının iştirakına maraqlıdır. Biz hər bir siyasi təşkilatın öz namizədi ilə seçkilərə qatılmasının tərəfdarıyıq. Çünki bu seçkilərin azad və şəffaf keçirilməsi üçün normal mühit var və hər bir vətəndaşın qanun çərçivəsində seçkilərə qatılaraq kampaniyada iştirakı problem deyil.

Yəni bu seçkilərdən sonra kimlərsə onun nəticələri haqqında müxtəlif fikirlər səsləndirməkdənsə, seçkilərə qatılıb öz siyasi imkanlarını nümayiş etdirsə daha yaxşı olar. Dünyanın hər yerində seçkilərdən sonra iştirakçı olan namizədlər nəticələrə uyğun olaraq açıqlamalar verir, məğlub olsa məğlubiyyətini etiraf edir və qalibi təbrik edir. Biz Azərbaycanda da bu cür ənənənin olmasına həmişə tərəfdar olmuşuq. Ötən prezident seçkiləri kampaniyasında iştirak edən namizədlərin böyük əksəriyyəti səsvermədən sonra özlərinin məğlub olduqlarını etiraf edərək qalib namizədi təbrik etmişdilər. Belə ənənəni bundan sonra da davam etdirməliyik.

Müxalifətin radikal qanadının namizədinin rəsmi şəkildə hələlik irəli sürülməməsi barədə sual verdiniz. Radikallar “Milli şura” adlanan qurumda toplaşıblar və bu təşkilatın ətrafında müxtəlif hay-küy də qaldırmışdılar. Amma göründüyü kimi, hələlik radikal qanad öz namizədini tam müəyyənləşdirə bilməyib.

Həmin qanaddan kimin seçkidə iştirak etməsi bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Biz hər bir namizədə siyasi rəqib kimi baxaraq seçki posesində onlarla ideloji platformaların və proqramların müqayisəli şəkildə cəmiyyətə çatdırılması baxımından yarışmağa hazırıq. Müxtəlif partiyaların namizədləri sənədlərini MSK-ya təqdim ediblər, radikal qanadda isə biz daxili birliyin və vahid mövqenin olmadığını görməkdəyik. Onların namizəd kimi müəyyənləşdirdiyi Rüstəm İbrahimbəyovun sənəd problemləri var. Eləcə də, bu düşərgədə digər iddalı şəxslər var ki, onlar da hələ qəti qərara gələ bilməyiblər. Əlbəttə, radikallığın sonu həmişə cəmiyyətdə məğlubiyyətlə nəticələnir. Çünki radikallığın içərisində ambisiyalar gizlənir. Düşünürəm ki, bu seçkilər radikalların ideoloji və siyasi baxımdan iflası demək olacaq. Bilirsiniz, Azərbaycan cəmiyyəti sabitlik, iqtisadi inkişaf, sosial rifah, milli müstəqiliymizin daha da güclənməsini istəyir. Ona görə də, cəmiyyətimiz indiyədək qazanılmış uğurların qorunmasının tərəfdarıdır. Amma müxalifətin radikal qanadı isə hakimiyyətə gəlmək naminə yenidən qarşudurmalara, dağıdıcılığa, Azərbaycanın başqa ölkələrin təsir dairəsinə sürükləməyə hazırdır. Bu səbəbdən də, cəmiyyətimiz radikal qanadı inkar edir. Radikalların inkarı bütün hallarda özünü göstərir. Hazırda konstruktiv müxalifətin çəkisi radikal qanadın çəkisindən çox üstündür. İlbəil radikal çağırışların tərəfdarlarının sayı azalmaqdadır. Ona görə də, müxalifətin radikal qanadını özündə birləşdirən “Milli şura” kimin namizədliyini irəli sürürsə sürsün, həmin namizədin uğur qazanacağı qeyri-mümkündür. Eyni zamanda, yəqin ki, radikal qanadın namizədi nəticədə müxalifətin konstruktiv qanadından az səs toplayacaq. Proqnozlar da bunu göstərir. Bu baxımdan, 2013-cü il prezident seçkilərini Azərbaycanda müxalifətin radikal qanadının süqutu və iflası kimi dəyərləndirmək olar. Radikalların ideoloji-siyasi iflası seçkiöncəsi proseslərdə də özünü qabarıq şəkildə göstərdi. Biz gələcək seçkilərdə Azərbaycanda azad və demokratik bir mühitdə sabitliyə, rifaha, inkişafa səs verən elektoratın üstünlüyünü görəcəyik. Sabilik, inkişaf və rifah Azərbaycan cəmiyyətinin əsas istəyidir və bu istəyi də həyata keçirən siyasi qüvvə YAP və onun namizədi cənab İlham Əliyevdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında