Əli ƏHMƏDOV: Azərbaycanda keçiriləcək prezident seçkisində İlham Əliyevə rəqib olmaq parametrlərinə yaxın gələ biləcək siyasətçi mövcud deyil

 

 Yeni Azərbaycan Partiyasının sədr müavini–icra katibi Əli Əhmədovun “Trend”ə müsahibəsi

- Azərbaycanda seçkiöncəsi vəziyyəti necə dəyərləndirirsiniz?

- Mənə belə gəlir ki, Azərbaycanda 2013-cü ilin seçki kampaniyası ərəfəsindəki vəziyyəti kifayət qədər optimist şəkildə dəyərləndirmək mümkündür. Azərbaycan cəmiyyəti seçki kampaniyasına deyərdim ki, yüksək əhval-ruhiyyə ilə getməkdədir. Azərbaycan normal həyatını yaşayır, Azərbaycan iqtisadi və digər parametrlər üzrə inkişafını davam etdirməkdədir. Bütövlükdə 2013-cü il Azərbaycanda bir neçə il müşahidə olunan inkişaf tarixinə yeni səhifələr yazmaqdadır. Bu ilin birinci yarım ili ərzində Azərbaycanın bütün sahələrində, iqtisadi inkişafdan tutmuş digər sahələrədək inkişaf meyilləri müşahidə olunmaqdadır. Bu da ondan xəbər verir ki, bir neçə ildən bəri ardıcıl surətdə Azərbaycanda müşahidə etdiyimiz inkişaf davam etməkdədir.

Təbii ki, bu inkişaf da bütövlükdə Azərbaycan vətəndaşlarının, Azərbaycan əhalisinin rifahının bütövlükdə, yaxşılaşmasına xidmət göstərir. Azərbaycanın beynəlxalq aləmdə mövqeləri də kifayət qədər ürəkaçandır. Azərbaycan istər regional səpkidə, istər daha geniş beynəlxalq aləmdə öz mövqelərini gücləndirir. Azərbaycan artıq dünya birliyi tərəfindən hörmətlə qəbul olunan dövlət hesab olunur və bütün bunların hamısı 2013-cü ilin seçki ərəfəsini səciyyələndirən cəhətlərdir. Azərbaycan vətəndaşları onları ciddi şəkildə narahat edən hər hansı problemlərlə üz-üzə dayanmayıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanda bir çox sahələrdə əhəmiyyətli dəyişiklər həyata keçirilib, qarşıda duran problemlərin demək olar ki, əksəriyyəti həll olunub. Bu günə qədər Azərbaycanın həll olunmamış problemi Dağlıq Qarabağ münaqişəsinin nizama salınmamasdır. Bu problemdən başqa, Azərbaycan vətəndaşları 2013-cü ilin seçki kampaniyası ərəfəsində hər hansı ciddi problemlərlə üz-üzə dayanaraq seçkiyə getmirlər. Bu isə seçkiöncəsi Azərbaycan cəmiyyətinin ümumi əhval-ruhiyyəsini və ictimai ovqatını səciyyələndirir. Mən deyərdim ki, Azərbaycan 2013-cü ilin seçki kampaniyasına doğru bax bu əhval-ruhiyyə və ovqatla irəliləməkdədir.

“Seçki kampaniyasının aparılması üçün yeni texniki və texnoloji vasitələr tətbiq ediləcək”

- Yeni Azərbaycan Partiyası təbliğat dövründə yeni texnologiyalardan istifadə edəcəkmi?

- Əlbəttə, Yeni Azərbaycan Partiyası bundan əvvəlki bütün seçkilərdə yeni texnologiyalardan istifadə etməyi öz qarşısına məqsəd kimi qoyub və demək olar ki, hər dəfə də biz buna nail ola bilmişik. Mən hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının artıq illərdir ki, davam edən uğurlar silsiləsinin kökündə dayanan səbəblərdən biri də Yeni Azərbaycan Partiyasının bütövlükdə seçki kampaniyasına bir tərəfdən kifayət qədər ciddi şəkildə yanaşması ilə əlaqədardırsa, digər tərəfdən də seçki kampaniyası dövründə müasir texnologiyalardan istifadə etməyə üstünlük verməsidir.

2013-cü ilin seçki kampaniyası təbii ki, istisna olmayacaq. Birincisi ona görə ki, həyat dəyişir, inkişaf edir, yeni-yeni seçki texnologiyaları, siyasi fəaliyyət üsul və metodları meydana gəlməkdədir. Seçki kampaniyasının aparılması üçün yeni texniki və texnoloji vasitələr tətbiq edilir ki, Yeni Azərbaycan Partiyası bütün bu prosesləri diqqətlə izləyir və özünün seçki kampaniyasında istifadə etməyə çalışır.

Digər bir tərəfdən, Yeni Azərbaycan Partiyasının da, seçki kampaniyasına cəlb olunan partiya fəallarımızın da seçki təcrübəsi artır və bu təcrübənin artması seçki kampaniyasına daha peşəkar formada yanaşmağı mümkün edir və bu peşəkarlığın bir cəhəti də yenilikçi yanaşmadan ibarət olur. Üçüncü bir məqamı da qeyd etmək lazımdır. Məlumdur ki, Azərbaycanda prezident seçkiləri beş ildən bir keçirilir. 2008-ci ildən bəri Azərbaycanda çox ciddi dəyişikliklər baş verib, Azərbaycanın həm iqtisadi, həm siyasi həyatı ciddi müsbət dəyişikliklərlə müşayiət olunub və digər tərəfdən bütün dünya miqyasında seçki proseslərində, seçki texnologiyalarında ciddi dəyişikliklər baş verib. Biz bütün bunların hamısını diqqətlə izləyirik, təhlil edirik, araşdırıb öyrənirik və öz fəaliyyətimizə tətbiq etməyə çalışırıq. İndi biz seçki praktikasında tətbiq etmək istədiyimiz texnologiyaların mahiyyətini açmaq istəmirəm. Bir neçə müddətdən, namizədlər qeydə alındıqdan sonra seçki kampaniyasının təşviqat mərhələsi başlayacaq və həmin zaman Azərbaycan vətəndaşları, eyni zamanda mətbuat nümayəndələri seçki kampaniyasında Yeni Azərbaycan Partiyasının tətbiq etdiyi yeni texnologiyalar haqqında praktik olaraq informasiyalar əldə edə biləcəklər.

- Yeni Azərbaycan Partiyasının qarşısında duran prioritet məsələlər hansılardır və ümumiyyətlə, Yeni Azərbaycan Partiyası seçkilərdə hər hansı bir qüvvəni özünə rəqib görürmü?

- Əgər Yeni Azərbaycan Partiyasının və partiyamızın namizədi cənab İlham Əliyevin qarşıdan gələn beş illik fəaliyyətilə əlaqədar proqramı nəzərdə tutursunuzsa, cənab Prezidentin çıxışlarında bu barədə aydın mənzərə artıq formalaşıb. On il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan möhtəşəm bir inkişaf mərhələsini yaşayıb. Bu illər ərzində Azərbaycanın iqtisadiyyatı dəfələrlə artıb, digər sahələrdə də çox ciddi dəyişikliklər baş verib. Bütövlükdə, Azərbaycan on il ərzində tamamilə dəyişib. Biz əgər 2003-cü illə 2013-cü ili müqayisə etsək, artıq tamamilə başqa bir Azərbaycanın gerçəkliyə çevrildiyinin şahidi olacağıq. Bu illər ərzində təkcə Azərbaycan dəyişməyib, hər bir Azərbaycan vətəndaşı dəyişib. İnsanlarımız dəyişib, onların həyatı dəyişib, həyat səviyyəsi, həyat dəyərləri, həyat standartları dəyişib və yeniləşib.

İndi Azərbaycan müasir dünyanın demək olar ki, fəal və qarşısında böyük perspektivləri dayanan üzvlərindən biridir. Azərbaycan dövləti, müstəqil Azərbaycan bütün dünya tərəfindən həm iqtisadi, həm də digər cəhətlərdən, sürətlə inkişaf edən və çox yaxın zamanlarda inkişaf etmiş ölkələr sırasına daxil olmağa namizədlərdən biri sayılan ölkələr sırasındadır. Bu, Azərbaycanın on il ərzində keçdiyi yolun ən ümumi şəkildə xarakteristikasıdır.

Prezident İlham Əliyevin növbəti fəaliyyət dövrünün də proqramının əsas cəhətləri Azərbaycanın on il ərzində bizim hər birimizin müşahidə etdiyimiz inkişafını davam etdirmək və Azərbaycanı inkişafın daha yüksək bir pilləsinə qaldırmaq məqsədlərini və hədəflərini öz qarşısına qoymaqdan ibarətdir. Əgər bir az da konkretləşdirsək, Azərbaycan iqtisadiyyatının qarşıdakı müddət ərzində iki dəfə artacağını da ifadə etmək olar. Təsəvvür edin, on il ərzində Azərbaycanın iqtisadiyyatı üç dəfə inkişaf edib və növbəti yaxın müddət ərzində üç dəfə inkişaf etmiş Azərbaycan iqtisadiyyatını yenidən iki dəfə inkişaf etdirmək hədəf seçilib. Etiraf etmək lazımdır ki, bu, möhtəşəm iqtisadi sıçrayış nümunəsidir. Təsəvvür edin ki, 15 il ərzində Azərbaycanın iqtisadiyyatı 5-6 dəfə inkişaf etmiş olacaq. Bu, möhtəşəm bir vəzifə olaraq qarşıya qoyulub.

 Təbii ki, Azərbaycanda adambaşına düşən illik gəlirin də 10 min dollardan yuxarı səviyyəyə çatdırılması qarşıya qoyulan vacib vəzifələrdən biridir. İnsanların rifahının yaxşılaşdırılması, əmək haqlarının, pensiyaların yüksəldilməsi də bu hədəflər içərisindədir. Azərbaycandakı yeniləşmə strategiyasının bundan sonra da davam etdirilməsi güman edirəm ki, hər bir Azərbaycan vətəndaşının həyatının dəyişdirilməsi və yaxşılaşdırılması baxımından doğru seçilmiş hədəflərdən biri sayılmalıdır. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sektorun bütövlükdə Azərbaycanın iqtisadiyyatında üstün mövqeyinin təmin edilməsi də qarşıda duran illər ərzində həll edilməsi nəzərdə tutulan Prezident proqramının vacib bir müddəasıdır. Bu minvalla bütövlükdə növbəti beş il ərzində İlham Əliyev Azərbaycanın daha da inkişaf etdirilməsini, daha da müasirləşməsini, yeniləşməsini və insanların həyatının daha da yaxşılaşdırılmasını nəzərdə tutan seçki proqramını müəyyənləşdirib. Eyni zamanda, hər bir Azərbaycan vətəndaşına çox yaxşı məlumdur ki, İlham Əliyevin seçki proqramı sadəcə vəd hesab oluna bilməz. Bu, həyata keçirilməsi ciddi şəkildə ölçülüb-biçilmiş, ciddi iradəyə və təcrübəyə əsaslanan konkret fəaliyyət proqramıdır.

İlham Əliyev 2003-cü və 2008-ci ildə seçki proqramında nəzərdə tutulan bütün müddəaları artıqlaması ilə yerinə yetirib. Seçki proqramında nəzərdə tutulan elə bir müddəa olmayıb ki, istər 2003-cü ildən sonra, istərsə də 2008-ci ildən sonrakı beşilliklər ərzində o müddəalar yerinə yetirilməmiş qalsın. Onlar artıqlaması ilə yerinə yetirilib. Misal üçün, 2003-cü ildə beş il ərzində 600 min yeni iş yerlərinin yaradılmasından ibarət olan, o zaman üçün möhtəşəm bir vəzifə kimi müəyyənləşdirilən hədəf yerinə yetirildi və on il ərzində 1 milyon 200 min yeni iş yeri yaradıldı. Çadır şəhərciklərinin ləğv olunması barədə İlham Əliyevin bəyan etdiyi proqram da uğurla yerinə yetirildi. Azərbaycanda yoxsulluq həddinin aşağı salınması sahəsində yenə də Prezidentin müəyyənləşdirdiyi seçki proqramı uğurla yerinə yetirildi və Azərbaycanda yoxsulluq həddi 50 faizdən 6 faizə qədər endirildi və bu da dünya miqyasında buna bənzər nümunənin tapılması mümkün olmayan əzəmətli uğurlardan biri sayılmalıdır.

Beləliklə, İlham Əliyevin vətəndaşlara öz fəaliyyəti ilə əlaqədar olaraq verdiyi bütün vədlər əslində proqram xarakterlidir və onların hamısının yerinə yetirilməsi ciddi şəkildə əsaslandırılır və ardıcıl surətdə həyata keçirilir. Odur ki, mənim demək istədiyim fikir ondan ibarətdir ki, İlham Əliyevin çıxışlarından növbəti beş il ərzində Azərbaycanın inkişafının əsas parametrlərindən ibarət olan mənzərənin reallığa çevriləcəyi və Azərbaycanın daha da inkişaf etmiş olacağı təbiidir.

O ki qaldı seçki kampaniyasının gedişində Yeni Azərbaycan Partiyasına və onun namizədinə müəyyən problemlər yarada biləcək alternativ namizədlər məsələsinə, mən birmənalı şəkildə dəfələrlə səsləndirdiyimiz bu fikri bir daha çatdırmaq istəyirəm ki, Azərbaycanın bugünkü reallıqlarında İlham Əliyevə rəqib ola biləcək, nəinki rəqib ola biləcək, rəqib olmaq parametrlərinə yaxın gələ biləcək bir siyasətçi mövcud deyil. Azərbaycan cəmiyyəti belə bir rəqibin mövcud olduğunu real hesab etmir. Birmənalı şəkildə Azərbaycan vətəndaşlarının əksəriyyəti qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini, əslində Azərbaycanın bundan sonrakı illər ərzində inkişafının təminatı kimi qəbul edirlər. Təbii ki, Azərbaycanın inkişafı hər bir Azərbaycan vətəndaşının şəxsi maraqlarına da uyğundur. Beləliklə də, İlham Əliyevin namizədliyinin vətəndaşlarımızın əksəriyyəti tərəfindən birmənalı şəkildə dəstəklənməsi, müdafiə edilməsi digər namizədlərin seçki kampaniyasında əhəmiyyətli şansa ümid etməsini qeyri-real edib.

 

 Bununla əlaqədar olaraq, mən seçki kampaniyasında iştirak etmək istədiklərini bu və ya digər formada ayrı-ayrı zamanlarda bəyan edən partiyalar və partiyaların təmsilçilərinin sırasından İlham Əliyevə rəqib ola biləcək hər hansı namizəd görmürəm. Əlbəttə, Azərbaycan demokratik bir ölkədir, ayrı-ayrı namizədlər seçki kampaniyasına qoşulacaqlar, öz güclərini və şanslarını sınayacaqlar, onların güclərinin və şanslarının nədən ibarət olacağını zaman göstərəcək. Amma təbiidir ki, biz birmənalı şəkildə namizədimizin böyük, yüksək şansının olduğunu nəinki etiraf edirik, həm də bunu Azərbaycan reallıqlarının qəti şəkildə indidən təsdiq etdiyi gerçəklik kimi vurğulayırıq.

“2013-cü ilin seçki kampaniyası Azərbaycan müxalifəti üçün böyük uğursuzluq vəd edir”

- Göründüyü kimi, “Milli Şura” artıq çətin duruma düşüb, vahid namizəd dalanından çıxa bilmir. “Milli Şura”dakı qüvvələr artıq parçalanıb. Bir qrup Rüstəm İbrahimbəyovun namizədliyi üzərində dayanır, digər qrup isə alternativ namizədin irəli sürülməsini təklif edir. Sizcə, seçkilərə çox az bir vaxt qaldığı halda Milli Şura bu çətin vəziyyətdən çıxa biləcəkmi?

- Əvvəlcə onu qeyd etmək istəyirəm ki, ümumiyyətlə hər bir seçkinin taleyini həll edən əhəmiyyətli amillərdən biri də uğurlu namizədin müəyyənləşdirilməsidir və eyni zamanda bu namizədin vaxtında müəyyən edilib bu barədə müvafiq qərarın çıxarılmasıdır. Yeni Azərbaycan Partiyası olaraq, biz bu məsələni həmişə diqqət mərkəzində saxlamışıq və Yeni Azərbaycan Partiyası heç bir tərəddüd keçirmədən çox ciddi siyasi məsələ ilə bağlı öz qərarını qəbul edib. Özlərini bizim rəqiblərimiz hesab edənlərin sırasında isə tamamilə başqa bir əhval-ruhiyyə müşahidə olunmaqdadır. Müxalifət düşərgəsində qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar namizədin müəyyənləşdirilməsi ilə bağlı böyük problemlər yaşanmaqdadır. Mən hesab edirəm ki, bunun başlıca səbəbi müxalifətin özünə, öz gücünə inamının olmamasıdır. Digər bir səbəb təbii ki, müxalifətin vətəndaşlar tərəfindən dəstəyinin olmadığının da onlara məlum olmasıdır. Beləliklə də, müxalifət seçkilərdə iştirak etmək istəyir, amma seçkilərdə iştirakın onlara hansısa bir dividend gətirə biləcək formasını və bu dividendi gətirə biləcək namizədi axtarıb tapmaqda çətinlik çəkirlər.

Çətinlik də ondan ibarətdir ki, sadəcə olaraq müxalifətin içərisində belə bir namizəd yoxdur. Birincisi, Azərbaycan vətəndaşlarının etimadını qazana biləcək, dəstəyini əldə edə biləcək, ikincisi Azərbaycan vətəndaşlarına onların ürəyindən keçə biləcək sözlərin əhəmiyyətli bir hissəsini demək iqtidarında olan namizədləri yoxdur. O ki qaldı “Milli Şura”nın müəyyənləşdirdiyi Rüstəm İbrahimbəyov məsələsinə və onun şanslarına, bu barədə biz fikirlərimizi dəfələrlə səsləndirmişik. Mən hesab etmirəm ki, Rüstəm İbrahimbəyovun “Milli Şura” tərəfindən bir namizəd kimi qəbul olunması onun siyasi çəkisi ilə əlaqədardır. Bəlkə də bu, daha çox müxalifətin içərisindən 2013-cü ilin seçki kampaniyasında müxalifəti lazımınca təmsil edə biləcək bir namizədin axtarılıb tapıla bilinməməsi ilə əlaqədardır və bu axtarışlar Rüstəm İbrahimbəyovun üzərində bir qərar qəbul edilməsinə gətirib çıxarıb. Hesab etmirəm ki, bu, uğurlu bir qərardır. Ən azından ona görə ki, Rüstəm İbrahimbəyov Azərbaycan cəmiyyətinin azacıq olsa da bir hissəni birləşdirmək imkanlarına malik olan bir şəxs deyil. O ki, qaldı, guya, müxalifətin böyük birlik məsələsinin təmin edilməsinə, müxalifətin Rüstəm İbrahimbəyovun namizədliyi ətrafında birləşməsinin səbəbi seçki kampaniyasında azacıq da olsa şansı ola biləcək bir namizədi tapa bilməməklə bağlıdır. Onlar kənardan bir namizəd tapmaqla azacıq da olsa seçki kampaniyası zamanı şans əldə etmək istəklərini ortaya qoyublar. Əslində isə onlar böyük bir səhvə yol veriblər və bu səhvlərin də acılarını yaşamaqdadırlar. Seçki artıq elan edilib, müxalifət isə namizədini müəyyənləşdirə bilməyib. Əgər namizəd müəyyənləşdirilə bilinməyibsə, demək müxalifətin seçki kampaniyası ilə əlaqədar hədəfləri məlum deyil. Onlar nə istəyirlər? Onların məlum olan yeganə bir istəyi var - prezident seçkilərində iştirak etmək. Nə məqsədlə? Hansı proqramla? Bunlar yəqin ki, onları heç düşündürmür də. Məqsədi, proqramı, resursları məlum olmayan namizədin və onun arxasında duran partiyanın isə seçkilərdə uğur qazanmaq şansı sıfıra bərabərdir. Əgər onlar özləri üçün nə etmək istədiklərini aydınlaşdıra bilməyiblərsə, xalqa hansı vədləri verəcəklər? Yəni Azərbaycan vətəndaşları siyasi cəhətdən kifayət qədər səriştəli insanlardır və onların etimadını qazanmaq üçün istənilən sadəlövh vədləri də vermək mümkün deyil. Bütün bunların hamısını ümumiləşdirərək mən qeyd etmək istəyirəm ki, “Milli Şura”nın içərisində və ətrafında baş verən proseslər ondan xəbər verir ki, müxalifətin daxilində böyük bir anlaşılmazlıq var. Bu anlaşılmazlıq, birincisi, ideoloji anlaşılmazlıqdır. İkincisi, bir çox başların bir qazanda qaynamasının qeyri-mümkün olmasından irəliyə gələn anlaşılmazlıqdır. Üçüncüsü, insanlar tərəfindən hər hansı bir dəstəyin olmamasından irəliyə gələn inamsızlıq və bu inamsızlığın müxalifət daxilində yaratdığı anlaşılmazlıqdır. Bütün bunların hamısı ondan xəbər verir ki, “Milli Şura”da birləşən müxalifət qarşıdan gələn prezident seçkilərinə ümumiyyətlə hazır deyillər.

İndidən artıq görünür ki, onlar bu seçki kampaniyasının yanından ötüb keçiblər. Bir halda ki, onlar nə ideoloji, nə proqramın müəyyən edilməsi, nə namizəd, nə təşkilatı cəhətdən, nə də insani resursların səfərbər edilməsi cəhətindən seçki kampaniyasına hazır deyillər, belə olan halda seçki kampaniyasında iştirak etməklə uğur qazanmaq mümkün deyil. Reallıq bundan ibarətdir və mən güman edirəm ki, 2013-cü ilin seçki kampaniyası Azərbaycan müxalifəti üçün böyük uğursuzluq vəd edir. Bu uğursuzluğu onlar özləri qazanıblar. Müxalifətin bu uğursuzluğa görə kimisə günahlandırmaq haqqı yoxdur.

- Hər seçki ilində baş verən proseslər onu göstərir ki, özlərini ana müxalifət hesab edən qüvvələrin, ümumiyyətlə, siyasətdən getməsi labüddür. Siz bu fikirlə razısınızmı?

- Bilirsiniz, siyasətdə olmaq “mən siyasətdə varam” demək anlamına gəlmir. Azərbaycan müxalifəti siyasətdən artıq gedib, özü də xeyli vaxtdır ki gedib. Azərbaycan müxalifəti siyasətlə məşğul deyil. Siyasət hər hansı bir partiya yaradıb, qəzetlərə bəyanatlar vermək deyil. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda müxalifət siyasəti qəzetlərdə bəyanat vermək, öz dövləti haqqında ayrı-ayrı ölkələrə dövlətin üzərinə kölgə salan, ona böhtan atan bəyanatlar vermək şəklində dərk edir. Real siyasətdə isə Azərbaycan müxalifəti yoxdur, çünki siyasət ictimai rəyə təsir deməkdir, siyasət insanların etimadını qazanmaq və dəstəyinə sahib olmaq deməkdir. Siyasət az sayda da olsa, cəmiyyətin müəyyən bir hissəsinin dəstəyinə sahib olmaq deməkdir. Əgər bu dəstək ümumiyyətlə yoxdursa, Azərbaycan müxalifəti ictimai rəyə təsir edə bilmirsə, ictimai rəyin dəyişdirilməsi üçün hər hansı ciddi mövqe ortaya qoya bilmirsə, Azərbaycanın ictimai rəyi müxalifətə biganədirsə, bu ondan xəbər verir ki, müxalifət çoxdandır ki, siyasətdə yoxdur. Onlar sadəcə olaraq elə bir görüntü yaratmaq istəyirlər ki, guya Azərbaycan siyasətində onlar da var. Xeyr, onlar Azərbaycan siyasətində yoxdurlar. Sadəcə olaraq bunu etiraf etmək qalır. Çox təəssüflə deyərdim ki, görünür, Azərbaycan müxalifətində belə bir mədəniyyət formalaşmayıb. Vaxtı keçdikdən sonra vaxtının keçdiyini özü də dərk etməsinə baxmayaraq, bunu etiraf etmir. Etiraf etmək istəmirlərsə, bu, artıq onların problemləridir. 2013-cü ilin seçki kampaniyası bir daha onu təsdiq edəcək ki, Azərbaycanın ənənəvi müxalifəti Azərbaycan siyasətində öz mövqeyini çoxdan itirib. Onlar sadəcə heç bir rolu, mənası və əhəmiyyəti olmayan bir yer tuturlar.

“Azərbaycanda Rüstəm İbrahimbəyovu ən yaxşı halda kinorejissor kimi tanıyırlar”

- Ümumiyyətlə, Rüstəm İbrahimbəyovun pasport məsələsi həll olunsa belə, onun prezident seçkilərində iştirakı qanunvericilik baxımından nə dərəcədə real görünür?

- Bunun bir texniki, bir də siyasi tərəfləri haqqında danışa bilərik. Siyasi cəhəti haqqında bəzi fikirləri artıq səsləndirdik. Rüstəm İbrahimbəyovun və ya müxalifətin başqa bir namizədinin qeydə alınmasının Yeni Azərbaycan Partiyasının namizədinə əngəl yaratmaq şansları sıfıra bərabərdir. Bu mənada, seçki kampaniyasında rəqiblərimizin kimlər olacağı bizi çox az maraqlandırır. Təbii ki, bizim rəqiblərimiz olacaq, yəni namizəd olaraq qeydiyyatdan keçənlər bizim rəqiblərimiz olacaq. Ancaq onların bizə rəqiblik etmək şansının nə dərəcədə olması başqa məsələdir. Bu mənada istər “Milli Şura”, istər ənənəvi müxalifətin digər partiyalarının adından olsun, seçki kampaniyasında kimin namizəd kimi iştirak etməsi bizi çox az qayğılandırır. Biz bu barədə demək olar ki, hətta heç düşünmürük də, çünki bu bizi narahat etmir. Bu məsələnin siyasi tərəfidir. Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması da bizim üçün fərqli bir situasiya yaratmayacaq. İstər Rüstəm İbrahimbəyov namizəd kimi qeydiyyatdan keçmiş olsun, istər İsa Qəmbər, istərsə də başqa bir adam olsun, bu, bizim üçün hər hansı bir düşüncə yarada biləcək problem deyil. Bu, məsələnin siyasi tərəfi. Texniki tərəfinə gəldikdə isə, bu, artıq onun problemidir. Doğurdanmı Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq istəyir? Mən güman etmirəm ki, Rüstəm İbrahimbəyov o qədər primitiv düşüncəli bir insan olsun ki, seçki kampaniyasında hansı şanslara malik olduğunu düzgün qiymətləndirməsin. Əlbəttə, Rüstəm İbrahimbəyov siyasətçi deyil, siyasi proseslərdən bixəbərdir və siyasətdə naşı bir insandır. Amma hər halda yəqin ki, o başa düşür ki, Azərbaycanda İlham Əliyevin qarşısında onun seçilmək şansı sıfırın ətrafında fırlanan bir rəqəmlə ifadə oluna bilər. Belə olan halda, doğurdanmı, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq istəyir? Çünki o, Rusiyada yaşayır, onun fəaliyyəti Rusiya ilə bağlıdır və Rusiya vətəndaşlığından çıxdıqdan sonra, Azərbaycanda da lap seçki kampaniyasında namizəd kimi qeydə alınmış olsa belə, özü də bilir ki, seçilməyəcək, bəs o Rusiya vətəndaşlığından çıxsa, Rusiyada fəaliyyətini davam etdirmək üçün indi malik olduğu imkanlara malik olacaqmı? Bu barədə də yəqin ki, o düşünür. Hesab edirəm ki, Rüstəm İbrahimbəyovun hərəkətindəki ziddiyyətlərin kökündə məhz elə bu dayanır. Gah bəyanatlar verir ki, ailəmdə narazılıqlar var ki, mən bu seçki kampaniyasına və müxalifətçiliklə məşğul olmağa pul xərcləyirəm, deyir Tbilisidə kino çəkməyə gedir və dostlarını da ora çağırır, orada görüşürlər.

Bütün bunların hamısı onun hərəkətlərindəki ziddiyyətlərdən xəbər verir və bu ziddiyyətlər onun Rusiya vətəndaşlığından imtina etmək istəyinin həqiqi olub-olmaması ilə bağlıdır.

Rusiya vətəndaşlığından imtina etdikdən sonra təbii ki, onun Rusiyada qalıb sərbəst fəaliyyət göstərməklə bağlı çətinlikləri olacaq. Bu da məsələlərdən biridir. Ümumiyyətlə, Azərbaycanda siyasət ilə məşğul olan insan gərək Azərbaycan qanunvericiliyinin müəyyənləşdirdiyi bütün normalar içərisində fəaliyyət göstərməyə üstünlük versin. Rüstəm İbrahimbəyov bu norma çərçivəsində fəaliyyət göstərə bilmir, ən azından ona görə ki, o ikili vətəndaşlığa sahibdir. Azərbaycan qanunvericiliyinə görə, ikili vətəndaşlığa icazə verilmir. Digər bir tərəfdən isə Rüstəm İbrahimbəyov uzun müddətdir başqa bir dövlətin vətəndaşıdır, orada yaşayır, fəaliyyət göstərir, orada gəlir əldə edib, vergilər ödəyir, təbii olaraq həmin dövlətin qarşısında müəyyən öhdəlikləri var. Vətəndaşlıqdan çıxmaq isə hələ o demək deyil ki, o dövlətin qarşısında üzərinə götürdüyün öhdəliklərin hamısından azad ola bildin.

 Əlbəttə, bütün bunların hamısı məsələnin texniki və əhəmiyyətli tərəfləridir. Ümumiyyətlə, prezident olmaq iddiasına düşən insanın bütün fəaliyyəti hər bir parametr üzrə şəffaf olmalıdır. Onun istər vətəndaşlıqla əlaqədar məsələləri, ayrı-ayrı ölkələr qarşısında öhdəlik məsələləri və digər məsələləri şəffaf olmalıdır. Rüstəm İbrahimbəyovun isə bu şəffaflığı yoxdur. Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşına o qədər də yaxından tanış olmayan bir insandır. Azərbaycanda ən yaxşı halda onu bir kinorejissor kimi tanıyırlar. Bundan başqa isə Rüstəm İbrahimbəyov haqqında Azərbaycan vətəndaşlarında, seçicilərində digər səhih məlumatlar yoxdur. Prezident seçilmək üçün isə kinorejissor olmaq kifayət deyil. Bunun üçün insanlar gərək ona etibar etsin. Etibar üçün isə ən azından etibar subyekti olan insanı gərək vətəndaş tanısın. Nəyə görə ona etibar etmək olar? Şəffaflığına, fəaliyyətinə, həyatına bələd olmayan bir insana bütün xalq necə etibar edə bilər?

Bütün bunların hamısı onları düşündürən, qayğılandıran problemlərdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında