Azərbaycan milli mətbuatının 135 illik yubileyi ilə əlaqədar dövlət başçısı İlham Əliyevin sərəncamına əsasən bir qrup mətbuat işçisi fəxri adlara və "Tərəqqi" medalına layiq görülmüşdür. Mükafata layiq görülmüş həmkarlarımızdan bir neçəsi ilə həmsöhbət olduq.
Şamil SABİROĞLU, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin həmtəsisçisi:
- Cənab Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalına layiq görülməyim məni yaxından tanıyanların sevincinə səbəb oldu. Mən bu mükafatı Qarabağ müharibəsində həyatlarını təhlükəyə ataraq ali vəzifələrini yerinə yetirən və Qarabağ həqiqətlərini dünyaya çatdıran jurnalistlərə verilən qiymət kimi dəyərləndirirəm. Mükafatlandırma mərasimində həqiqətən kövrəldim. Ona görə ki, jurnalistikadakı fəaliyyətimə dövlət tərəfindən yüksək qiymət verildi. Ulu öndər Heydər Əliyev mətbuatın və jurnalistlərin dostu idi, daima jurnalistlərin suallarına və qayğılarına diqqətlə yanaşırdı. Onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev də mətbuata dövlət dəstəyi siyasətini uğurla davam etdirir. Onun kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün maliyyə vəsaiti ayırması, mətbuatın problemlərinin aradan qaldırılmasındakı göstərdiyi xidmətlər biz jurnalistlərin sevincinə səbəb olur, daha yaxşı və inamla çalışmağımız üçün bizə stimul verir. Fürsətdən istifadə edib mətbuata və jurnalistlərə bu cür qayğı göstərdiyi üçün cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.
Sarvan AĞAYEV, "Qarabağ" qəzetinin redaktoru:
- "Qarabağ" qəzeti iyirmi ildir ki, nəşr edilir. Qəzetimizdə mütəmadi olaraq Qarabağ problemi ilə bağlı müxtəlif səpgili materiallar dərc edilir. Prezident İlham Əliyevin sərəncamı ilə mükafatlandırılan jurnalistlər arasında adımı eşidəndə çox sevindim. Çünki bu, təkcə mənim əməyimə deyil, ölkəmizin bir nömrəli problemi olan Qarabağ problemini gündəmdə saxlayan "Qarabağ" qəzetinin kollektivinə verilən qiymətdir. Bunun üçün Prezident İlham Əliyevə redaksiyamız adından təşəkkür edirik. Biz mükafat üçün çalışmırıq, ancaq əməyimizə verilən bu qiymət bizi hədsiz sevindirdi. Mətbuat işçisi olaraq, hamımız xalqımıza xidmət edirik. İnanıram ki, "Qarabağ" qəzeti bundan sonra da Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda öz missiyasını daha əzmlə yerinə yetirəcək.
İradə ƏLİYEVA, "Azərbaycan" qəzetinin əməkdaşı:
-Ulu öndər Heydər Əliyev jurnalistlərin dostu olub, o, daima mətbuata qayğı ilə yanaşıb, jurnalistlərə xüsusi diqqət göstərib. 2000-ci ildə ümummilli lider milli mətbuatımızın yubileyinin keçirilməsi kimi gözəl ənənənin əsasını qoydu. Möhtərəm Prezidentimiz İlham Əliyev bu sahədə də ulu öndərin siyasətini uğurla davam etdirir. Beş il bundan əvvəl mətbuatımızın 130 illik yubileyi təntənə ilə qeyd olundu. Elə həmin il cənab Prezident "Əməkdar jurnalist" adını bərpa etdi. Uzun illərdir, mətbuatda təcrübəsi olan peşəkar jurnalistlər bu mükafatı gözləyirdilər. "Əməkdar jurnalist" adı, məncə, jurnalist üçün ən böyük mükafatdır. Cənab Prezident həmçinin Mətbuat Şurasının yeni binasının açılışında iştirak etdi, mətbuatın qarşısında duran vəzifələrdən söhbət açdı. Jurnalist məsuliyyəti, jurnalist obyektivliyinin vacibliyini vurğuladı. Bizim üçün sevindirici hallardan biri o oldu ki, Prezident jurnalistlərin sosial-məişət problemlərinin həlli ilə bağlı qərar qəbul etdi və mənzilə ehtiyacı olan jurnalistlərin problemlərinin həlli üçün 5 milyon manat vəsait ayırdı. Bu gün ölkəmiz sürətlə inkişaf etməkdədir, iqtisadiyyatımız yüksəlir və biz çox şadıq ki, bu inkişafdan jurnalistlərə də pay düşür. 1977-ci ildən qəzetdə çalışıram. Ancaq tələbəlik illərindən daima yazılarım çap edilib. Artıq otuz üç ildir ki, mətbuatda fəaliyyət göstərirəm. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə "Gülüstan" sarayında keçirilən tədbirdə mükafatlandırılanlar arasında adımı eşidəndə böyük sevinc hissi keçirdim. Jurnalist əməyinə verilən qiymətə görə Prezident İlham Əliyevə təşəkkür edirik. Biz əmin edirik ki, "Əməkdar jurnalist" adını doğruldacaq və peşəkar fəaliyyətimizlə dövlətçiliyimizə, xalqımıza xidmət etməyə çalışacağıq.
Əyyub MEHDİYEV, Masallı rayonunda nəşr edilən "Yeni həyat" qəzetinin baş redaktoru:
-Azərbaycan milli mətbuatının 135 illiyi münasibəti ilə əlaqədar dövlət təltiflərinə layiq görülən jurnalistlər arasında mənim də adımın olmasından hədsiz qürur duyuram. Möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı sərəncamla "Tərəqqi" medalına layiq görülmüşəm. Bildiyimiz kimi, Azərbaycanın sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları uğurla həyata keçirilir. Bizim Masallı rayonunda da müxtəlif sahələrdə inkişaf nəzərə çarpır. Rayonumuzda böyük infrastruktur layihələr həyata keçirilir, aqrar sahə, turizm inkişaf edir. Əhalinin həyat səviyyəsi ilbəil yaxşılaşır. Fəxr edirəm ki, bu dinamika "Yeni həyat" qəzetinin səhifələrində dolğun əksini tapır. Uğurların, qələbələrin müjdəçisi mətbuatdır. Bu baxımdan dövlət səviyyəsində mətbuata, mətbuat işçilərinə diqqət və qayğı göstərilməsi, jurnalist əməyinin qiymətləndirilməsi fərəh doğuran amildir. Möhtərəm Prezidentimizə ürəkdən minnətdarlıq edirik, bundan sonra da cəmiyyətimizdə baş verən ictimai proseslərin mətbuatda doğru-düzgün, operativ və dolğun işıqlandırılması üçün əlimizdən gələni edəcəyik.
İdris ŞÜKÜRLÜ, "Lerik" qəzetinin baş redaktoru:
-Artıq Azərbaycanda mərkəz və əyalət qəzetləri arasında fərq, demək olar ki, aradan qaldırılıb. İndi bizim rayon qəzetləri ən yüksək poliqrafik tərtibatla nəşr olunur. Ölkənin sosial-iqtisadi sahədəki uğurlarını, yenilikləri ətraflı işıqlandırır. Mərkəz qəzetləri ilə yanaşı, rayon qəzetlərinin də maraqla oxunması, qaldırdığımız problemlərə diqqət göstərilməsi və reaksiya verilməsi çağdaş jurnalistikanın uğuru sayılır. Zəhmətimizin dövlət səviyyəsində yüksək qiymətləndirilməsindən məmnunuq və buna görə də Prezident İlham Əliyevə təşəkkür edirik.{nl}
Müsahibəni qələmə aldı: Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.