Mətbuata dövlət qayğısına əməli işimizlə cavab verək!

Prezident İlham Əliyevin sərəncamları milli mətbuatın inkişafına böyük təkan verəcək
Müsahibimiz "Səs" qəzetinin baş redaktoru, "Tərəqqi" medalına layiq görülmüş Bəhruz Quliyevdir.
- Bəhruz müəllim, Prezident İlham Əliyevin sərəncamı ilə milli mətbuatın 135 illik yubileyinin ölkə miqyasında geniş qeyd edilməsi sizdə hansı təəssüratlar doğurdu?
- Doğrusu, bir jurnalist və qəzet redaktoru olaraq çox qürur duydum. Bu, ilk növbədə cənab Prezidentin Azərbaycan mətbuatına, ölkə jurnalistlərinə göstərdiyi böyük diqqət və qayğının göstəricisidir. İkinci bir tərəfdən milli mətbuatımız bu diqqəti qazanıb, çünki son illərdə bu sahədə xeyli inkişaf əldə olunub.
Azərbaycan mediası öz tarixinin bütün dövrlərində proqresə meyilli, optimist əhval-ruhiyyədə və cəmiyyətdə avanqard rolu oynayan bir qüvvə olub. Həsən bəy Zərdabinin "Əkinçi"sindən üzübəri mətbuatımız şərəfli və çətin yol keçib.
Azərbaycan mətbuatının ən böyük inkişaf mərhələsi ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə başlayıb. Bu gün ölkə Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də inkişafın əldə olunmasına çalışır və bunu həyata keçirir.
Qürurverici haldır ki, indi Azərbaycanda azad mətbuat var və peşəkar jurnalistlər yetişir. Ölkədə vətəndaş cəmiyyətinin qurulmasında mətbuatın rolunu qeyd etməmək olmaz. Biz də öz növbəmizdə dövlətimizə, xalqımıza layiqli xidmət etməyə, mətbuatımızın şərəfli tarixi ənənələrini yaşatmağa çalışırıq.
- Prezidentin imzaladığı sərəncamla qəzetlərə və informasiya agentliklərinə ayrılan birdəfəlik maliyyə yardımları bu sahədə hansı təsirlər göstərəcək?
- Dövlət başçımız ulu öndər Heydər Əliyev ənənələrinə sadiq qaldığını bir daha nümayiş etdirdi. Bunu kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Prezident sərəncamı da aydın göstərir. Belə ki, Prezidentin Ehtiyat Fondundan 1 milyon manat məbləğində vəsait ayrılıb. Bu vəsait hesabına Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 280 min manat məbləğində birdəfəlik maliyyə yardımı edilib.
Sərəncamın digər bəndinə əsasən 32 qəzet redaksiyasının hər birinə 20 min, 8 informasiya agentliyinə isə 10 min manat birdəfəlik maliyyə yardımı ayrılıb. Çox şadıq ki, maliyyə yardımları ayrılan qəzetlər arasında "Səs" qəzeti də var.
Hesab edirəm ki, belə ciddi maliyyə vəsaiti ölkə qəzetləri üçün maddi-texniki bazanın gücləndirilməsi və jurnalistlərin sosial problemlərinin həlli üçün böyük imkanlar yaradacaq.
- Dövlət başçısının digər bir sərəncamı ilə mətbuat işçiləri üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılıb...
- Zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatı xalqımızın azadlıq amallarının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, müstəqil dövlətçiliyimizin qurulması və inkişafına mühüm töhfələr verib. Müstəqillik illərində mətbuatımız daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub, söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib. Möhtərəm Prezidentin imzaladığı bu sərəncam milli mətbuatın inkişafına dövlət tərəfindən davamlı dəstəyin göstərilməsinə, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bu gün şəxsi mənzili olmayan jurnalistlər çoxdur. Onların mənzillə təminatı, ümumilikdə jurnalistlərin bu probleminin həll edilməsinə və dolayısı ilə işin keyfiyyətinin artmasına stimul yaradacaqdır.
- Azərbaycan mətbuatının 135 illik yubileyi münasibətilə bir qrup mətbuat işçisinə fəxri adlar və "Tərəqqi" medalı təqdim edildi. Medala layiq görülənlər arasında siz də varsınız...
- Bu mükafatı cənab Prezidentin mənə və bütün jurnalistlərə böyük diqqəti və qayğısı kimi dəyərləndirirəm. Belə dövlət mükafatı almaq mənim üçün böyük şərəfdir. Əslində, bu mükafat bizim üzərimizə daha böyük məsuliyyət qoyur. Dövlət başçısı xidmətlərimizi layiqincə qiymətləndirib, amma biz qələmi yerə qoymamalı, bundan sonra daha böyük əzmlə çalışmalıyıq.
Ümumiyyətlə, bu cür dövlət təltiflərinin böyük mənəvi-psixoloji təsiri var. Hər hansı bir insan özünün əməyinə qiymət verildiyini gördükdə, onda əvvəlkindən daha səmərəli işləmək həvəsi yaranır. Ona görə də hesab edirəm ki, qarşıda bizi milli mətbuatımızın böyük hədəflərə çatması yolunda gərgin işlər gözləyir. Cənab Prezidentin və xalqın etimadını doğrultmaq üçün var gücümüzlə çalışmalıyıq.
-Azərbaycan mətbuatının müstəqillik dövründəki inkişaf tendensiyasını necə qiymətləndirirsiniz?
- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə bir mətbuat bumu yaşandı. Yeni qəzet və jurnallar fəaliyyətə başladı. Lakin müstəqilliyin ilk illərində mətbuata təzyiqlər, jurnalistlərin döyülməsi halları var idi.
1992-93-cü illərdə ümumiyyətlə, Azərbaycanda mətbuat azadlığından danışmaq mümkün deyildi. Mətbuata senzura tətbiq olunurdu. "Azərbaycan" nəşriyyatında bütün qəzetlər senzuradan keçdikdən sonra çapa icazə verilirdi. Qəzetlər istədiyi yazını, məlumatı səhifəyə qoya bilmirdi.
Keçid dövrünün problemləri bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də problemlər yaratmışdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan mətbuatının inkişafına dövlət dəstəyi gücləndi.
Ümummilli lider başqa sahələrdə çalışanlarla yanaşı, jurnalistlərin fəaliyyətini də stimullaşdırmaq məqsədilə dəfələrlə müxtəlif tapşırıq və tövsiyələr verib. Azad sözün inkişafı naminə müxtəlif sərəncamlar imzalayıb və mətbuatın inkişafı üçün münbit şərait yaradıb.
1998-ci ildə Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyev tərəfindən mətbuat üzərində dövlət tənzimlənməsini nəzərdə tutan bütün mexanizmlər, o cümlədən senzura ləğv olundu. Azad mətbuatın inkişafı üçün dövlət hər cür şərait yaratdı.
Mətbuat təsis etmək üçün bütün dövlət icazəvermə mexanizmləri ləğv olundu, "Mətbuat haqqında" Qanun tam liberallaşdırıldı, Avropa standartlarına uyğunlaşdırıldı. Mətbuat vasitələri və çap mediası dövlət vergilərindən azad olundu. Mətbuatın inkişafına dövlət qayğısını təmin edən bir neçə sərəncam imzalandı, o cümlədən Azərbaycan mətbuatının dövlət nəşriyyatına olan borcları öncə 3 il donduruldu, sonra isə ləğv olundu.
Ulu öndər Heydər Əliyev mətbuata tolerant yanaşan, azad fikirli, demokrat bir insan idi. Onun siyasi kursu bu gün cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Xatırladım ki, cənab Prezident ulu öndərin yolunu davam etdirərək, mətbuatın inkişafı naminə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcunu birdəfəlik ləğv edib və layiqli jurnalistlərə mükafatlar verib. İnkişaf olan yerdə, sözsüz ki, problemlər də var. Lakin, milli mətbuatımız inkişaf etmiş Avropa ölkələrindən, demokratik ənənələri yüz illərlə ölçülən ölkələrin mediasından heç də geri qalmır. Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılandan sonra ölkə mətbuatında bir canlanma yaranıb. Fondun KİV-lərə verdiyi maliyyə yardımları, qrantlar mətbuatımızın inkişafına təkan verib.
2003-cü ildə Azərbaycan Mətbuat Şurası yaradılıb, qurumun maddi-texniki bazasının gücləndirilməsinə dair bir sıra tədbirlər görülür. Mətbuat Şurasının fəaliyyəti də son vaxtlar xeyli təkmilləşib və ölkə mətbuatına öz töhfəsini verib.
2005-ci ildən indiyədək 300-ə yaxın media nümayəndəsi mükafatlandırılıb. Hazırda ölkədə 4200-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində uçota götürülüb, 50-dən artıq informasiya agentliyi, 200-dən artıq qəzet fəaliyyət göstərir.
Ümumiyyətlə, cənab İlham Əliyev 2003-cü ildə Azərbaycanın dövlət başçısı seçildikdən sonra media azadlığı, jurnalist sərbəstliyi geniş şəkildə təmin olundu. Jurnalistlərin azad informasiya toplamaq, onu sərbəst şəkildə işləmək, yaymaq, cəmiyyətdə baş verən hadisələr haqqında sərbəst fikir mübadiləsi aparmaq, istənilən sahələr üzrə tənqidi yazılar yazmaq, ictimai əhəmiyyət kəsb edən məsələləri ictimai müzakirəyə çıxartmaq və onlar ətrafında sərbəst fikir mübadiləsi aparmaq imkanları yaradıldı.
Cəmiyyətin fundamental informasiya azadlığı hüququ, söz, mətbuat fəaliyyəti ilə məşğul olmaq hüququ, azad şəkildə baş verən hadisələr haqqında informasiya almaq hüququ və yaxud jurnalistlərin informasiya toplayıb yaymaq hüququ təmin edildi.
Son 3 ildə medianın inkişafı ilə bağlı dövlət xüsusi bir təşəbbüslə çıxış edib, medianın inkişafını şərtləndirən xüsusi bir dövlət proqramı qəbul olunub. Bundan başqa, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu qurumun büdcəsinə vəsait ayrılıb və onun vasitəsilə medianın işini stimullaşdırmaq, dövlətin bu sahəyə qayğısını mərkəzləşdirilmiş şəkildə təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilir.
Ötən müddətdə bu fondun fəaliyyəti mətbuatın inkişafına təkan verib. Fond tərəfindən keçirilən müsabiqələr, qəzetlərə edilən yardımlar, qrant layihələrinin maliyyələşdirilməsi kimi işlər həm jurnalistlərin sosial problemlərinin həllində, həm də mətbuatın inkişafında böyük rol oynayıb.
Ümumiyyətlə, Prezident İlham Əliyevin mətbuata birdəfəlik maliyyə yardımlarının ayrılması, jurnalistlərə fəxri adların verilməsi barədə sərəncamları ölkə mətbuatının inkişafına öz töhfəsini verib. Yeri gəlmişkən, Azərbaycan milli mətbuatının 135 illik yubileyinin geniş qeyd olunması haqqında sərəncam, yubiley günü Mətbuat Şurasının yeni binasının açılışında dövlət başçısının söylədiyi fikirlər, habelə bir gün əvvəl imzaladığı sərəncamlar milli mətbuata dövlət səviyyəsində verilən dəstəyin təsdiqidir.

{nl}

Müsahibəni apardı: Qüdrət PİRİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında