Şriftin ölçüsü:
23.07.2010 06:26 | Oxunma sayı: 780
İyulun 22-də ABŞ Senatının xarici münasibətlər komitəsi Ağ ev tərəfindən Azərbaycana səfir kimi təqdim olunan diplomat Mətyu Brayzənin namizədliyini nəzərdən keçirəcəkdir. Prezident Barak Obama tərəfindən Azərbaycana səfir təyinatını hələ bu ilin mayında alan ABŞ dövlət katibinin müşavirinə yeni vəzifəsinin icrasına başlamaq üçün indi yalnız Senatın təsdiqi lazımdır.
Vaşinqtonun Cənubi Qafqaz üzrə ekspertləri ABŞ-ın Bakıda səfiri postunun bir ilə yaxın müddətə vakant qalmasını ABŞ-Azərbaycan münasibətlərinin soyumasına şərait yaradan amil kimi dəfələrlə vurğulamışlar. Şübhəsiz, indiki məqamda iki strateji tərəfdaş arasında münasibətlərin gərginləşməsi Amerikanın erməni icmasının ümdə arzularından biridir. Nəhayət, Vaşinqtonun Azərbaycana yeni səfir təyin etməsi qərarından məyus olan ABŞ-dakı erməni icmaları Mətyu Brayzənin namizədliyi Ağ ev tərəfindən elan olunan gündən diplomata qarşı hücum kampaniyasına başlamışlar.
Artıq xeyli vaxtdır Mətyu Brayzəni gözdən salan dəlillər axtarışında olan ermənilərin ehtiyatlandıqları budur ki, Cənubi Qafqaz üzrə ekspert hesab edilən bu diplomat vəzifəsinə başlayandan sonra ABŞ-ın bölgədəki milli maraqlarının möhkəmlənməsi istiqamətində səylərini artıracaqdır. Bu isə vətəndaşı olduqları ölkənin deyil, yalnız özlərinin məhdud millətçi ideoloji maraqlarını güdən ABŞ ermənilərinə qətiyyən sərf etmir.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın erməni icma təşkilatları Senatın xarici münasibətlər komitəsinin tərkibində olan ermənipərəst üzvlərin köməyi ilə Ağ evin Yerevana səfir göndərmək istədiyi diplomat Riçard Hoqlandın namizədliyini rədd etməyə müvəffəq olmuşdular. Keçmiş SSRİ məkanı üzrə mütəxəssis sayılan R.Hoqlandın ermənilər qarşısında "günahı" onun Birləşmiş Ştatların rəsmi siyasətinə istinad edərək 1915-ci ildə Osmanlı imperiyasında baş verənləri "soyqırımı" kimi tanımaq istəməməsi idi. Müşahidəçilər iyulun 22-dəki dinləmələrdə Mətyu Brayzəyə də "sifarişli" sualların olacağını ehtimal edirlər.
Amerikada yaşayan Azərbaycan mənşəli seçiciləri birləşdirən ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvləri isə öz növbəsində dinləmələr ərəfəsində Senatın üzvlərinə müraciət edərək bölgə üzrə mütəxəssis, Dövlət Departamentində və Milli Təhlükəsizlik Şurasında uğurlu karyera quran savadlı diplomat Mətyu Brayzəni Azərbaycana səfir kimi təsdiq etməyə çağırmışdılar. Şəbəkənin yaydığı bəyanatda bildirilir ki, ABŞ-Azərbaycan strateji münasibətləri fəal səfir olmadan inkişaf edə bilməz. AzərTAc-ın xüsusi müxbiri Vaşinqtondakı Atlantik Şurada Avrasiya Mərkəzinin baş tədqiqatçısı Aleksandros Piterson ilə ABŞ-ın Cənubi Qafqaz bölgəsindəki siyasətində izlənilən meyillər barədə fikir mübadiləsi aparmışdır.
- Cənab Pitersen, siz dövlət katibi Hillari Klintonun bölgəyə səfəri ərəfəsində Strateji və Beynəlxaq Araşdırmalar Mərkəzində keçirilən müzakirələrdə çıxış edərkən bildirmişdiniz ki, Birləşmiş Ştatların Cənubi Qafqaz və Xəzər bölgəsindəki mövqeyi "soyuq müharibə" erası başa çatandan bəri ən zəif nöqtəyə çatmışdır. Bu, hansı siyasətin aparılması və yaxud yoxluğu nəticəsində baş vermişdir?
- Fikrimcə, ABŞ-ın bölgədəki mövqeyinin zəifləməsi siyasi strategiyanın kifayət qədər yaxşı formalaşmamasının və siyasi laqeydliyin məntiqi nəticəsidir. 2008-ci ilin avqustundan bəri ABŞ Gürcüstanın yalnız hakimiyyət dairələrinə deyil, həm də gürcü xalqına minimal dəstək vermişdir. Gürcüstan ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalansa da, bu istiqamətdə götürülmüş öhdəliklərin yerinə yetirilməsi vəziyyəti izlənilmir. Ermənistan-Türkiyə yaxınlaşması prosesi zamanı Azərbaycan ilə münasibətlərdə də olduqca böyük səhvlərə yol verilmişdir. Nəticədə yarımçıq qalan bu proses Vaşinqtonun Yerevan ilə də münasibətlərinə mənfi təsir göstərmişdir. Bütün bunların fonunda ABŞ Qara və Xəzər dənizləri bölgəsini hərtərəfli qiymətləndirə bilməyərək, bu əraziyə yalnız Əfqanıstana təchizat yüklərinin daşınması və potensial enerji mənbəyi kimi baxmışdır.
Azərbaycan ilə Türkiyə arasında təbii qazın tranziti ilə bağlı razılaşma istisna olmaqla ABŞ-ın bu bölgədə enerji sahəsində də heç bir qələbəsi olmamışdır. Bundan əlavə, ABŞ-ın siyasi dairələri Türkmənistanın Rusiya ilə münasibətlərinin zəifləməsi məqamından Mərkəzi Asiyanın bu ölkəsi ilə enerji sahəsində əlaqələri irəlilətmək üçün istifadə edə bilməmişdir.
- Sizcə, xanım Hilları Klintonun Cənubi Qafqazın hər 3 ölkəsinə səfəri ABŞ maraqları üçün nə edə bildi?
- Həm müdafiə naziri Robert Qeyts, həm də dövlət katibi Hillari Klintonun bölgə ölkələrinə səfərləri mənim qeyd etdiyim ziyanı bərpa etməyə başlamışdır. Klintonun Azərbaycan, Ermənistan və Gürcüstana səfərlərini "inandırma turu" adlandıranlar bunu çox dəqiq qiymətləndirmişlər. ABŞ-ın bölgəyə dair siyasəti Ermənistan-Türkiyə yaxınlaşması prosesinin iflasa uğramasından sonra keçid mərhələsindədir. Xanım Klinton ABŞ-ın bölgəyə dair yeni siyasətini və ya strategiyasını təqdim etməsə də, onun bu səfəri düzgün istiqamətdə birinci addım kimi qiymətləndirilməlidir.
- ABŞ-ın Stratfor Mərkəzi Qafqaza dair son təhlilində göstərmişdir ki, Birləşmiş Ştatların Dağlıq Qarabağı kimin idarə edəcəyində maraqsız olmasını nəzərə alaraq, masa üzərində Azərbaycanın mövqeyini müdafiə edən BMT qətnamələri ola-ola ABŞ-ın neytral qalmasını başa düşmək çətindir. Siz necə düşünürsünüz, Azərbaycanın ABŞ üçün açıq-aydın strateji əhəmiyyətinin artdığı indiki məqamda nəyə görə Amerika hələ də neytral mövqe tutur?
- ABŞ Minsk qrupundakı həmsədr roluna ciddi yanaşır. Ona görə də münaqişədə tərəf tuta bilməz. Digər həmsədr Rusiya isə qeyri-rəsmi olsa da Ermənistanı dəstəkləyərək qərəzli mövqedən çıxış edir. Hesab edirəm ki, ABŞ qeyri-rəsmi şəkildə Azərbaycanı dəstəkləməyə başlasa belə, bu, uğurlu nəticə verməyəcək və ya münaqişənin tezliklə həllinə gətirib çıxarmayacaqdır. Təbii ki, bu amilə ABŞ-ın daxili siyasətinin xarici siyasətlə üst-üstə düşməməsinin də təsiri vardır. Mən erməni diaspor qruplarının ABŞ Konqresi və digər dövlət qurumlarında nüfuzunu nəzərdə tuturam. Bununla yanaşı, Konqresin Ermənistana və tanınmayan Dağlıq Qarabağ qurumuna dəstəyi ABŞ-ın rəsmi xarici siyasəti kimi qəbul olunmamalıdır. ABŞ Azərbaycan ilə bir çox sahələrdə strateji tərəfdaşlığını gücləndirməlidir. Lakin bu, onun ATƏT-in Minsk qrupundakı rolunu dəyişdirə bilməz. ABŞ yalnız həmsədr ölkə kimi münaqişənin həlli üçün daha çox səy göstərə bilər.
- Cənab Pitersen, boşluqların biri kimi enerji sahəsini də göstərirsiniz. Dövlət katibinin səfəri zamanı Xəzər hövzəsinin enerji ehtiyatları ilə bağlı məsələlər kifayət qədər müzakirə olundumu?
- Xeyr. Enerji məsələlərinə istənilən qədər diqqət ayrılmadı. Bunun bir səbəbi də ABŞ Dövlət Departamentinin Xəzər hövzəsi üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın bölgəyə mütəmadi səfərlər edərək enerji məsələlərini müzakirə etməsi ilə bağlıdır. Bununla belə, ümid edirəm ki, Hillari Klintonun səfəri nəticəsində gündəmə gələn Xəzər hövzəsində Cənub enerji dəhlizinə daxil olan Nabukko, Transadriatik və Transxəzər kəmərləri layihələrinin reallaşması ilə bağlı işlər də sürətlənəcəkdir.
{nl}
Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.