Argentinanın erməni cəmiyyəti Azərbaycanla münasibətlərə təsir edə bilməz
Argentinanın Azərbaycandakı ilk səfiri Karlos Dante Rivanın APA-ya müsahibəsi
- Hörmətli səfir, siz ilk dəfədir ki Azərbaycandasınız. Ölkəmiz sizin təsəvvürünüzdəki Azərbaycandan nə ilə fərqlənir?
- Argentina prezidenti Kristina Kirşner məni Azərbaycana səfir təyin edəndə bu, mənim üçün çox təəccüblü oldu. Bura səfir gələcəyimi heç gözləmirdim. Sonra araşdırmağa başladım, Azərbaycanda olan həmkarlarımdan, dostlarımdan məlumat topladım. Lakin Azərbaycana gələndə daha da təəccübləndim, Azərbaycanı başqa cür təsəvvür etsəm də, müasir standartlara uyğun bir ölkə olduğunu gördüm. İnsanlar çox mehriban və qonaqpərvərdir, digər tərəfdən, Bakı şəhəri çox gözəldir və gündən-günə inkişaf edir. Ölkənizin gələcəyi parlaqdır və hər şey yeniliyə doğru gedir. Mənim əsas işim ondan ibarət olacaq ki, ölkələri, xalqları bir-birinə yaxınlaşdırım. Mədəni səviyyədə insanlar bir-birinə yaxın olanda digər sahələrdəki əlaqələr də sürətlə inkişaf edəcək. Bu, çox vaxt tələb edən işdir, ona görə də yavaş-yavaş getmək lazımdır. Burada medianın, turizmin, qarşılıqlı səfərlərin rolu olacaq, Azərbaycandan Argentinaya tələbələr gedəcək. Ölkələr arasında güclü siyasi əlaqələr var və bu əlaqələri dinamik şəkildə inkişaf etdirmək lazımdır.
- Bizə yarım il əvvəl müsahibə verən Argentinanın müvəqqəti işlər vəkili Alberto Alonso demişdi ki, iki ölkə bir-birini tanımağa çalışır və hansı istiqamətdə əməkdaşlığın mümkün olduğunu dəqiqləşdirir. Bu istiqamətdə hansı işlər görülmüşdür?
- Yenə qeyd etmək istəyirəm ki, siyasi baxımdan əlaqələrimiz yüksək səviyyədədir. Düzdür, bunu daha da gücləndirə bilərik. İki tərəf mövcud olan təcrübələrini bölüşməyə çalışır. Məsələn, bilirsiniz ki, Argentina kənd təsərrüfatı ölkəsidir, bu sahədə çox böyük təcrübəsi var. Biz buradan başlamağa qərar vermişik. Azərbaycanın isə neft sahəsində böyük təcrübəsi var. Argentinada da bir müddət əvvəl neft çıxarılırdı, amma bu sahədə Azərbaycan kimi güclü deyilik. Biz bu istiqamətdə Azərbaycanın təcrübəsindən istifadə edə bilərik. Argentina mallarının burda satışını təşkil etmək olar, təhsil sahəsində böyük işlər görə bilərik, telekommunikasiya sahəsində də potensialımız var. Elm sahəsində güclü əlaqələrimiz olacaq. Əsas odur ki, maraq olsun, istək olsun, bu isə var. Gərək layihələri konkretləşdirək və onun üzərində işləyək.
- Azərbaycanda nə qədər argentinalı investor var? Ümumiyyətlə, Azərbaycan Argentina iş adamları üçün nə qədər maraqlıdır?
- Qarşılıqlı ticarət əlaqələrinin gücləndirilməsində investisiyalar mühüm rol oynayır. Hər halda, Azərbaycanda argentinalı investorlar var və onlar bura gəlməyə davam edir. Əsas tibbi və daşınma sahəsində çalışırlar, amma gələcəkdə inanırıq ki, maraq sahələri artacaq.
- Konsulluq şöbəsi açıldıqdan sonra neçə Azərbaycan vətəndaşına viza verilib?
- Ümumiyyətlə, mən turizmə inanıram, turizmin iki ölkənin yaxınlaşmasında böyük rol oynayacağını düşünürəm. Azərbaycanın gələcək üçün böyük turizm potensialı var, Bakı çox gözəldir, Azərbaycanın gözəl rayonları və təbiəti var. Ölkəniz öz turizmindən başqa, Mərkəzi Asiya və digər ölkələrdə turizmin inkişafında da çox böyük rol oynaya bilər, çünki tam kəsişmə nöqtəsində yerləşir. Digər tərəfdən, əlbəttə ki, ölkələrə səyahət edəndə viza məsələsi önəmlidir, biz çalışırıq ki, insanlar bizim ölkəyə getsinlər və oradan bura gəlsinlər, çünki bir ölkəni öz gözünlə görüb o barədə danışmaq tamam başqa bir şeydir. Yarım il ərzində Azərbaycan vətəndaşlarına 50-yə yaxın viza verilib. Biz həm də viza sadələşməsi prosesi üzərində çalışırıq, istəyirik çox az tələblər qoyaq. Digər tərəfdən, turizm əlaqələrində ən önəmli hadisələr o oldu ki, Argentinaya birbaşa reys açıldı - Türk Hava Yolları və Qətər Hava Yolları reyslər açdılar. Qətər Hava Yolları Dohadan gedir, Türk Hava Yolları isə İstanbuldan. Bundan başqa, futbol bizim əlaqələrin yaxınlaşmasında böyük rol oynaya bilər, çünki Azərbaycanda idmana böyük maraq var. Səfirlik bu işdə rol oynaya bilər.
- Azərbaycan-Argentina parlamentlərarası dostluq qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Hələlik bu qrupun üzvləri ilə görüşmək şansım olmayıb, amma artıq bu həftəyə görüş planlaşdırırıq.
- Argentinada böyük erməni diasporu var onlar çoxdan Argentinada yaşayır. Həmin diaspor Azərbaycan-Argentina yaxınlaşmasına maneçilik törədə bilərmi?
- Düzdür, Argentinanın erməni cəmiyyəti çox güclüdür, çox qədim zamanlardan orada yaşayırlar. Argentinanın bütün ölkələrlə yaxşı münasibətləri var, Argentinanın erməni cəmiyyəti Azərbaycanla münasibətlərə təsir edə bilməz. Argentina sülhsevər ölkədir, Argentina çalışır ki, bütün ölkələr digər ölkələrlə olan problemlərini sülh yolu ilə həll etsinlər. Həmişə onun tərəfdarıyıq ki, BMT-nin dəstəklədiyi yollarla bütün münaqişələr həll olunsun. Azərbaycanla Argentinanın ortaq maraqları və gələcək üçün böyük planları var, ona görə də çalışırıq ki, əlaqələrimizi daha da gücləndirək.
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Argentina hökumətinin rəsmi mövqeyi necədir?
- Hər bir ölkə başqa bir ölkənin ərazi bütövlüyünə hörmət etməlidir, bütün hüquqlar qorunmalıdır. Mən düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan və Ermənistan üçün deyil, ümumilikdə bu region üçün böyük bir problemdir və mütləq sülh yolu ilə həll olunmalıdır. Biz münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həll olunmasını dəstəkləyirik.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.