Mən bütün İzmiri və izmirliləri sevirəm. Gözəl İzmirin təmiz qəlbli insanlarının da məni sevdiklərinə əminəm.
Mustafa Kamal Atatürk
İzmirə növbəti gəlişimdə həmkarlarımdan birinin hələ bir il əvvəl yazdıqlarını xatırladım: bu qədim şəhəri görmək lap çoxdankı arzum idi. O üzdən, Türkiyənin Azərbaycandakı Böyükelçiliyinin Azərbaycan Mətbuat Şurası ilə birgə elan etdiyi müsabiqənin qaliblərindən biri olaraq bu ölkəyə səfər edəcəyimi eşidəndə sevincimin həddi-hüdudu yox idi. Böyükelçiliyin kültür müşaviri Seyid Əhməd bəyin bu səfərin özəlliklə İzmir şəhərinə nəzərdə tutulduğunu deməsi isə mənə əlavə bir sevinc yaşatdı.
İstanbula sübh çağı endik. Buradan isə yolumuz əfsanələr diyarına - İzmirə idi. Adnan Menderes Hava Limanında bizi Turizm Nazirliyinin əməkdaşları qarşıladılar. “Nağıllar aləmi”nə səyahətimiz də elə buradan başladı.
İzmir şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Abdüləziz Edizlə ilk tanışlığımız da o vaxtlara təsadüf edir. Egey bölgəsinin “turizm nazirinin” (azərbaycanlı jurnalistlər onu elə o vaxtlar belə adlandırmışdı) isti münasibət və qayğısı bizləri olduqca məmun etmışdi. İdərənin bölmə müdiri Güzfənt xanım deyirdi ki, “patron” bütün işlərlə maraqlanır və Seyid Əhməd bəyin əmanətlərinə xüsusi diqqət etməyi tapşırır. Təqribən, bir ildən sonrakı görüşümüzdə də ilk olaraq o təəsüratlarımızı bölüşdük. Egey dənizinin sahilində, olduqca maraqlı və insanların çox gur oldugu “Körfəz” restoranında idarənin şöbə müdüri Cingiz Keskinər və Güzfent xanım Diləmrənin iştirakı ilə söhbətimizi davam etdiririk.
Abdüləziz bəy deyir:
– Aralıq dənizi Avropası turist gəlmələri üzrə Avropada birinci yeri tutur. Burada başlıca turizm ölkələri İspaniya, İtaliya, Yunanıstan, Kipr və İsrail, o cümlədən Türkiyədir. Türkiyə dövləti turizm sənayesinin inkişafına və bu sahə üçün ixtisaslı kadrların hazırlanmasına böyük diqqət yetirir. Ölkədə turistlərə xidməti çoxsaylı özəl türk, xarici şirkətlər, habelə nəhəng holdinqlər həyata keçirir.
Bu bölgələr istiqamətində salınmış gözəl yollar, yol istismar-xidmət sahələri, kempinq dayanacaqları və aerodromlar uzunmüddətli, maraqlı ekskursiya turları keçirmək, mehmanxana təsərrüfatı və müxtəlif nəqliyyat növlərindən səmərəli istifadə etmək imkanı yaradır. Bu gün turizm iqtisadiyyatın mühüm bir faktoruna çevrilmişdir. Ona görə də biz ona yalnız səyahət və istirahət vasitəsi kimi baxa bilmərik. Bu, daha geniş anlayış, insanın səyahətdə müşahidə etdiyi hadisələrin, əlaqələrin vahidliyi və münasibətlərin məcmusudur. Turizm dedikdə iqtisadiyyatın böyük bir sektoru başa düşülür. Müasir dünya iqtisadiyyatında tutduğu roluna görə turizm təkcə neftçıxarma və avtolmobilqayırma sənayesi ilə rəqabət aparan bir sənaye halına gəlmişdir. Cəmiyyətin sosial inkişafı nöqteyi-nəzərindən də turizmin əhmiyyəti çox böyükdür.
Ayrı-ayrı regionlarda, bütövlükdə ölkədə turizmin inkişaf etdirilməsi bir çox sosial-iqtisadi problemlərin kökündən həll edilməsi üçün əlverişli şərait yaradır. Onun inkişaf etməsi ilə çox sayda yeni iş yerlərinin açılması, kənd əhalisinin şəhərə xaotik axınının qarşısının alınması, əhalinin kommunikasiya və mədəni əlaqələrinin artmasında irəliləyişlərə nail olmaq mümkündür. Turizm inkişaf edən regionlarda mədəniyyətlərarası inteqrasiyanın güclənməsi üçün də əlverişli şərait yaranır.
– Adamların söylədiyinə görə, İzmir bölgəsi cənnət içində cənnətdir. Siz nə deyərdiniz? Belə bir məkanda turizm “naziri” olmaq, yəqin ki, şərəfli olduğu qədər də məsuliyyətlidir!?
– Türkiyədə əsas beynəlxalq turizm mərkəzləri Egey və Aralıq dənizləri sahillərində yerləşir. Onların sırasına İzmir, Antalya, Bodrum, Mərmərə, Çeşmə daxildir. Aralıq dənizi sahillərində yerləşən Antalya kurortu bütün dünyada məşhurdur. Türkiyənin ən şöhrətli 5 ulduzlu otelləri burada cəmləşib. Türkiyədə 2000-dən çox mehmanxana var. Bu otellərdə tətbiq olunan turizm xidməti insanların istirahət və əyləncəsində, asudə vaxtın təşkilində mühüm əhəmiyyət kəsb edir. Turistlər üçün gündəlik yeyib-içmək, türk hamamı, sauna və s. nəzərdə tutulub. Avropanın bütün ölkələrindən, ilk növbədə, Rusiyadan bura turistlər axışır. Rusiyadan gələn qonaqların sayına görə Türkiyə birinci yerdə gedir.
Egey dənizinin İzmir körfəzi sahili boyunca uzanan, 5 milyona qədər əhalisi olan İzmir həm çox qədim tarixi, həm də muasirliyi ilə diqqəti cəlb edir. Bu gün İzmir Türkiyənin üçüncü böyük şəhəri sayılır. Egey sahil bölgəsinin tipik bir nümunəsidir. Şimalda Madra dağları, cənubda Quşadası körfəzi, qərbdə Çeşmə yarımadasının Təknə burnu, şərqdə isə Aydın, Manisanın sərhədləri ilə əhatə olunan İzmir, qərbdə İzmir adıyla tanınan körfəzlə qucaqlaşır. Kənd təsərrüfatı, sənaye, ticarət, turizm sektorlarındakı inkişaf, adamların zəhmətsevərliyi, Vətənə, torpağa böyuk sevgisi diqqətdən yayınmır. İzmir təhsil və səhiyyə xidmətləri, mədəniyyət və sənət fəaliyyətləri baxımından təkcə Egey bölgəsində deyil, Türkiyə miqyasında da xüsusi çəkiyə malik bir mərkəzdir və bölgənin inkişafına lokomotivlik edir desək yanılmarıq.
– İzmir həm də tarixi baxımdan bir söhbətə sığa biləcək diyar deyil, 8500 illik bir tarixi ilə Efes, Məryəm Ana kimi tarixi məkanların ünvanıdır. Bu diyar tarixi mənbələrdə Homerin Vətəni kimi də təqdim olunur. Bugünkü İzmir bu zəngin tarix üzərində necə dayanıb?
– İzmirin tarixi ənənələri, milli mətbəxi, Şərq bazarları xarici alıcıların istənilən ehtiyacının ödənilməsinə şərait yaradır. Bununla bağlı alver məqsədilə ölkəyə gələn turistlərin ekskursiya turları proqramlarına türk bazarlarına və ticarət mərkəzlərinə səyahət də daxil edilir. Hazırda Türkiyə turizm sənayesinin inkişaf tempi 20 faiz olmaqla dünyada I yeri tutur. Qeyd etmək lazımdır ki, bu məhz Türkiyə hökumətinin məqsədyönlü siyasətinin və ilk növbədə, bu siyasətin nəticəsində yaradılmış, dünya standartlarına cavab verən infrastrukturun sayəsində baş vermişdir.Türkiyədə turizmin təşkili və idarə edilməsi məsələlərinin həlli, əslində, Mədəniyyət və Turizm Nazirliyi nəzdində turizm məsələləri üzrə baş idarənin üzərinə düşür. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ölkə hüdudlarından kənarda da böyük işlər görür. Turizm firmaları, otellər (yerləşdirmə), qidalanma obyektləri, nəqliyyat sənayesi, əyləncə obyektləri, suvenir-hədiyyə emalatxanaları, tarixi abidələr, mədəniyyət obyektləri, KİV və digərləri – bunlar birbaşa və üzdə olan sahələrdir. Bu sahələrin inkişafı istehsalat, emaledici sahələrin inkişafı və yeniləşməsindən birbaşa asılıdır.
Gümüldür, Özder, Foça, Karaburun, Bulaq sahil və çimərlikləri İzmir üçün böyük bir turizm əhəmiyyət kəsb edir. Girintili və çıxıntılı gözişlədikcə uzanan sahil təbii olaraq saysız gözəllikdə yaşayış məskənləri və çimərliklərin meydana gəlməsi ilə nəticələnir. Bu xüsusiyyətləriylə İzmir təbii bir turizm və liman şəhəridir.
İzmir müasir, inkişaf etmiş, eyni zamanda, işlək bir ticarət mərkəzidir. Hər zaman şən olan alver mərkəzində gəzmək olduqca ürəkaçandır. İzmirin qərbində nəfis rəngli dənizi, çimərlikləri və termal mərkəzləri Çeşmə yarımadası uzanır. Antik çağların ən məşhur şəhərlərindən olan Efes Roma dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün Ion mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes, sıx bədii fəaliyyətlərlə də adını sübut edir. Beləliklə, tarixdə olduğu kimi, bu gün də İzmir Egey bölgəsinin birinci simasıdır. İzmirin iqlimindən tutmuş yerləşdiyi coğrafi məkana qədər hər bir özəlliyi bizi heyran etsə də, ən böyük sərvəti sayıla biləcək termal su qaynaqlarının çoxluğu, həqiqətən, bu bölgəyə Allahın bir lütfü sayıla bilər. Egey sahili boyunca 629 kilometrlik məsafədə uzanan İzmir bu gün dünya çapında təkcə arxeoloji və tarixi əsərləri ilə deyil, həm də geotermal qaynaqları ilə məşhurdur. Min bir dərdin dərmanı olan bu müalicəvi bulaqların çoxluğu isə İzmiri turizm üçün unikal bir bölgəyə çevirib. Dünyanın dörd bir yanından buraya axın edən turistlər təkcə şəhəri ana kimi qolları arasına alan Egey dənizinin lacivərd sularında üzməkdən zövq almır, həm də buranın otellərinin ən böyük avantajı olan termal su hovuzlarının müalicəvi üstünlüyündən yararlanır ki, bu da İzmiri turizm məkanı olaraq dünya miqyasında cəlbedici edir.
Bir də yeri gəlmişkən qeyd edim ki, son 10 ildə səhiyyə turizminin çox sürətli bir inkişafı görünməkdədir. Getdikcə böyüməkdə olan dünya sağlamlıq turizmindən faydalana biləcək ölkələrin başında Türkiyə durur. İzmir olaraq bundan kafi payı almaq üçün əlimizdəki bütün arqumentləri sonuna qədər istifadə etməliyik.
– Uzun illərdir ki, Bakı-İzmir qardaşlaşmış şəhərlərdir. Amma təəssüflər olsun ki, İstanbulu, Ankaranı çıxsaq, azərbaycanlılar Antaliya, Alaniya, Bodrum, Mersin kimi şəhərləri daha çox tanıyıblar.
– Azərbaycanlıların İzmiri daha çox tanımasını biz də çox istərdik. Xüsusən də illər boyu qardaşlıq ənənələri ilə bir-birlərinə daha çox bağlı olan bu şəhərlərin əlaqələrinin, xüsusən də turizm əlaqələrinin genişləndirilməsi bizim üçün də önəmlidir. Nədənsə, illər boyu bu vacib məsələ, sanki, bir xeyli dərəcədə diqqətdən uzaqda olub, amma şükürlər olsun ki, son illərdə bu sahədə çox uğurlu və ümidverici işlər həyata keçirilməkdədir. Bu bizi xeyli dərəcədə sevindirir.
– Haqlısınız, xüsusən, son bir ildə azərbaycanlıların İzmirə–Egey bölgəsinə marağı çox artmışdır. Bu gün bizim KİV-lərdə də İzmirdən daha çox yazılır. Məncə, bu marağın bir qismi TC-nin Bakıdakı səfirliyinin uğurlu işinin bəhrəsidir. Siz bu barədə nə söyləyərdiniz?
– Son vaxtlar qısa müddət ərzində turizm sənayesi dinamik şəkildə inkişaf edən və bir çox amillərə görə Azərbaycana yaxın olan Türkiyə xüsusi maraq kəsb edir. Bu gün Azərbaycanla Türkiyə arasında kulturoloji əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. İzmirlə əlaqələrın genışləndirilməsində TC-nin Bakıdakı səfirliyinin, xüsusən də möhtərəm səfirimizin turizm müşaviri Seyid Əhməd Arslanın əvəzsiz xidmətlərini qeyd etmək yerinə düşər.
Mən illər öncə Turizm Nazirliyində Seyid Əhmədlə birgə çalışmışam, onun nə qədər işgüzar, olduqca məsuliyyətli və böyük Türk dünyasına bütün varlığı ilə bağlı bir insan oldüğunu yaxşı bilirəm. Bu gün İzmirin Azərbaycanda bu cür geniş və elitar bir şəkildə tanıdılmasında onun əvəzsiz xidmətlərini dəyərləndirirəm.
Ümumiyyətlə, qeyd edilməlidir ki, bu gün bu sahədə aparılan işlərin vüsəti olduqca yüksələn bir səviyyədə davam etdirilməkdədir. Biz də öz növbəmizdə bu ideyaları dəstəkləyir, Azərbaycandan bizlərə üz tutan insanlara bütün sevgilərimizlə kömək etməyə özümüzü borclu bilməkdəyik.
Artıq uzun illərdir ki, turizmə dünya iqtisadiyyatının yüksək gəlirli və intensiv inkişaf edən sahələrindən biri kimi baxılır. Təsadüfi deyil ki, hazırda dünyada formalaşan ümummilli məhsulun 10 faizi turizmin payına düşür. Statistik məlumatlara görə, turizm və onunla sıx əlaqəli olan sahələrdə dünya üzrə məşğul əhalinin 8,1 faizi çalışır. Proqnozlara görə isə bu göstərici 2014-cü ildə 8,6 faizə çatacaq.Turizmin yüksək templə inkişafı, böyük həcmdə valyuta axını iqtisadiyyatın müxtəlif sahələrinə fəal təsir göstərir ki, bu da hər bir ölkədə turizm sənayesinin yaradılmasına təkan verməkdədir. O cümlədən, qardaş Türkiyədə olduğu kimi, doğma Azərbaycanda da...
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”
Bakı–İzmir–Bakı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.