Milli musiqi təhsilimizin inkişafı Azərbaycanı dünyaya tanıdır

 

Azərbaycan Milli Konservatoriyasının yaradılması ölkəmizdə milli musiqi təhsilinin inkaşafına dövlət qayğısının təzahürü, bariz nümunəsidir. İstedadlı gənclərə xüsusi dövlət qayğısının göstərilməsi, onların mükəmmə musiqi təhsili alması, ixtisaslı musiqi kadrlarının hazırlanması, məzunların xaricdə musiqi təhsillərini davam etdirmələri üçün geniş imkanlar yaradılmışdır.

 Ölkəmizdə milli musiqi təhsilinin kompleks və hərtərəfli inkişafı sayəsində Azərbaycan musiqi mədəniyyətinin təbliği və təşviqi dünyada geniş vüsət almış, milli musiqimiz yaxın və uzaq ölkələrdə tanınmışdır. Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi rəhbərlik etdiyi ali məktəbdə tədrisin təşkili, inkişafı və inteqrasiyası sahəsində həyata keçirilən layihələr barədə əməkdaşımızın suallarını cavablandırır.  

 – Siyavuş  müəllim, sizinlə yenidən görüşümüzə çox şadam. Öncə istərdim ki, ötən illər ərzində rəhbərlik etdiyiniz təhsil ocağının inkişafı yolunda görülən işlər barədə məlumat verəsiniz.

– Azərbaycan Milli Konservatoriyası (AMK) Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli  müvafiq fərmanı ilə yaradılmışdır. Bu ideya Azərbaycan milli mədəniyyəti, milli musiqisinin tədrisi, tədqiqi, təbliği, onun inkişafı, inteqrasiyası, ümumiyyətlə Azərbaycan musiqi mədəniyyətinin dünyaya bəyan olunması və Azərbaycan millətinin nə qədər mənəvi dəyərə sahib olması haqqında  geniş bir informasiya vermək  kimi  böyük  məqsəd daşıyır. 2001-ci il  avqustun 10-da möhtərəm Prezidentimiz Heydər Əliyev “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında” və mənim  Konservatoriyaya  rektor  təyin olunmağım barədə sərəncam imzalamışdır.  2002- ci ildən fəaliyyətimizə başlamağa  müəssər olduq  və  həmin zamandan   10 ildən çox vaxt  keçir. Milli Konservatoriya  mövcud ali məktəblər sırasında ən gənc olmasına baxmayaraq bu kiçik zaman ərzində böyük nailiyyətlər qazanmış və  uğurlar əldə etmişdir.

Əlbəttə, Milli Konservatoriyanın yaranmasında dövlətin, hökumətin dəstəyi mütləq rol oynayırdı. Azərbaycan Respublikası  Prezidentinin  xüsusi  dəstəyi, Heydər Əliyev Fondunun Azərbaycan musiqi mədəniyyətinə, muğam, milli  musiqi  ifaçılarına göstərdiyi  diqqət və qayğı, ənənələr milli musiqinin inkişafı və sıçrayışına səbəb olmuşdur. Bizdə bu gün neçə-neçə qürur duyduğumuz gənc ifaçılar vardır. Onlar Azərbaycan musiqisini, milli mədəniyyətini, muğamı ölkəmizin hüdudlarından kənarda təmsil edirlər.

Çox insanlar düşünürlər ki, bizim təhsil ocağı  ancaq  muğam konservatoriyasıdır. Amma bu, heç də belə deyildir. Yəni  Azərbaycan  milli klassik  musiqisi, ümumiyyətlə, Azərbaycan musiqisində  cərəyan edən bütün istiqamətlər bu ali məktəbdə  tədris edilir. Muğam, aşıq musiqisi bizim milli musiqinin əsas sütunlarıdır. Buna  görə də bu musiqilər  haqqında müəyyən informasiyalar, bilgilər tələbələrə tədris olunur. Bununla  belə Milli  Konservatoriyanın  çox möhtəşəm  filarmonik fəaliyyəti vardır. Bizim  yaşadığımız  günlərdə televiziya vasitəsilə  izlədiyimiz milli musiqi ifaçılarının 99 faizi  Konservatoriyanın ya müəllimi,  ya da tələbəsidir. 

Son illər Milli Konservatoriyanın  nailiyyətlərini görərək, uğurlarını izləyərək ölkəmizin  ali məktəbləri,  hətta xarici dövlətlərdə olan ali təhsil ocaqları  bizim konservatoriya ilə sazişlər bağlayır və razılaşmalar əldə edirlər. Hazırda bu barədə bizə  yeni  müraciətlər vardır. Bunlar  təkcə  Şərq ölkələrinin deyil, həm də Avropa,  Amerikanın ali təhsil müəssisələridir. Həmin ölkələr üzrə hər bir razılaşmaya  məsuliyyətlə yanaşırıq, müqavilələri tez əldə etməyə tələsmirik. Son zamanlar musiqiçilərimiz Azərbaycanın  görkəmli  bəstəkarlarının əsərlərini, muğamları yaxın-uzaq  ölkələrdə–Latviyada, Ukraynada,  Türkiyədə, Tacikistanda, Gürcüstanda, Avropanın digər ölkələrində çox uğurla ifa edirlər.

    Beynəlxalq əlaqələr getdikcə genişlənir. Bu yaxınlarda biz Tacikistan Respublikasının Konservatoriyası ilə 3 müqavilə bağladıq. Orada  bizim ifaçılar ustad dərsləri keçdilər, eləcə də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından  müəyyən  parçaları  tacik musiqiçiləri ilə bərabər, Tacikistanın  Opera  və Balet Teatrında nümayiş etdirdilər. Həmin tədbirdə Tacikistanın mədəniyyət naziri,  millət vəkilləri, görkəmli şəxslər iştirak edirdilər.

 Heydər Əliyev  Fondu  bu sahədə   böyük  musiqi layihələrini həyata keçirir. Azərbaycan musiqisi  Fransada, İtaliyada, Amerikada, dünyanın müxtəlif ölkələrində səslənir. Azərbaycanın  birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun  xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilən görüşlər, sərgilər, konsertlərdə  ölkəmizin qədim və zəngin mədəni irsi təbliğ olunur, ölkələr arasında dostluq əlaqələri inkişaf edir. Həmin layihələrdə iştirak edən musiqiçilərin, ifaçıların əksəriyyəti Azərbaycan Milli Konservatoriyasının yetirmələri, tələbələri, yaxud müəllimləridir.

Bu nailiyyətlərimiz ilə yanaşı, indiyə qədər bizim  inzibati  bina ilə bağlı problemlərimiz var idi. İnzibati bina uzun müddət tikiləndən sonra bu yaxın zamanlarda  belə  düşünürəm ki, Musiqi günü-Üzeyir Hacıbəylinin  doğum günü ilə əlaqədar, yəni sentyabrın 18-nə açılışı olmalıdır. Mən hesab edirəm ki, bu binanın açılışı Azərbaycanın  musiqi həyatında mühüm bir hadisə olacaq. Çox arzulayırıq,  istəyimizdir ki, ölkəmizin Prezidenti cənab İlham Əliyev həmin açılışda iştirak etsin. Çünki bu məktəbin təməlini, ideyasını yaradan məhz ümummilli liderimiz Heydər Əliyevdir.

 – 2012-2013-cü tədris ili imtahan sessiyası başa çatır. İlə necə yekun vurursunuz?

– Bu dərs ilində artıq  tələbələrimizin ümumi sayı 300-ə yaxınlaşır. Konservatoriya elə bir tədris müəssisəsidir ki, burada tələbə və müəllimlərin sayı demək olar ki, eynidir. Çünki bu, fərdi təhsil sayılır. Yəni müəllimlər tələbələrə fərdi olaraq dərs keçirlər. Bu günədək 2 fakültə fəaliyyət göstərir  və  gələcəkdə fakültələrin sayının artırılması nəzərdə tutulur. O cümlədən xalq çalğı alətləri, bəstəkarlıq, dirijorluq, xalq çalğı alətləri dirijorluğu, musiqişünaslıq,etno musiqişünaslıq, ifaçılıq, xanəndəlik, milli vokal ifaçılığı, simli, milli nəfəsli alətlər  ixtisasları üzrə kadrlar hazırlanır.  Yəni biz ilbəil öz fəaliyyətimizi genişləndiririk. İnzibati binamız istifadəyə verildikdə, şərait yarandıqda  bu ixtisasların sayı daha da artırılacaq.

  Konservatoriyada elmi laboratoriyaların fəaliyyəti genişlənir. Milli musiqinin araşdırılması sahəsində müəyyən iş aparılır və digər  laboratoriyalarda Azərbaycan milli musiqi alətlərinin təkmilləşdirilməsi, yenilərinin yaradılması, Azərbaycan milli musiqisində çatışmayan tembr xüsusiyyətlərinin izlənilməsi məqsədilə elmi-tədqiqat işləri aparılır. Bununla bərabər  bakalavr  təhsilindən başqa magistratura və doktorantura fəaliyyət göstərir.

AMK  yeganə təhsil müəssisəsidir ki, burada 3 pilləli təhsil  mövcuddur. Yəni onun tərkibində  ibtidai məktəb, respublika incəsənət gimnaziyası, keçmiş A.Zeynallı adına, indi Musiqi Kolleci,  yüksək pillə isə  bu konservatoriyadır.

AMK-nın  tələbələrinin və müəllimlərinin sayı digər ali məktəblərdən fərqli, yəni az olsa da, amma bizim pedaqoqlar ölkə üzrə ən tanınmış müəllimlərdir. Burada  çalışan və fəaliyyət göstərən  müəllimlər əməkdar artistlər, əməkdar incəsənət xadimləri, xalq artistləridir.

– Qarşıda daha hansı vəzifələr durur?

 – AMK-nın həyatı  hələ bundan sonra  irəlidədir. Çünki bu gün respublikada keçirilən müsabiqələr, festivallar, o cümlədən muğam festivallarının əhatə dairəsi ildən-ilə  genişlənir. Azərbaycana  dünyanın müxtəlif ölkələrindən musiqiçilər, ifaçılar gəlir. Azərbaycan musiqiçilərinin səviyyəsini və onların ifa üslublarını görəndən sonra bu  konservatoriyada  təhsil almaq arzularını bildirirlər. Biz əlbəttə,  konservatoriyanın  xarici əlaqələrinə çox məsuliyyətlə yanaşırıq. Qarşıda duran  əsas məsələ daha çox xarici tələbə cəlb edərək Azərbaycan milli musiqisini həmin tələbələrin vasitəsilə onların gəldikləri ölkələrə inteqrasiya etmək, milli musiqimiz haqqında müəyyən bilgilər göndərməkdir.

Cari tədris ilinin imtahan sessiyasını bitirərək, tezliklə Konservatoriyaya gələn yeni qəbulları qarşılayacağıq. Onu da deyim ki, bu il ali məktəbi, həm bakalavr, həm magistr pilləsini bitirən musiqiçilər arasında  Azərbaycanda keçirilən muğam müsabiqəsinin qalibləri, laureatları vardır. Bu gənc musiqiçilər  sabah Azərbaycanı dünya çapında təmsil edə biləcək insanlara çevrilirlər. Onlara uğurlar arzulayıram.  

Afət  SADIQOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında