Bugünkü firavan həyata və ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlara görə ulu öndərə minnətdarıq
Müsahibimiz hüquq üzrə fəlsəfə doktoru
Cahangir Hüseynovdur.
- Cahangir müəllim, müsahibəmizə qarşıdan gələn prezident seçkiləri ilə başlamaq istərdim. Bilirsiniz ki, bu ilin payızında ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bu böyük siyasi hadisəyə sizin də münasibətinizi bilmək istərdik.
- Prezident seçkiləri böyük siyasi hadisədir. Son illər Azərbaycanda keçirilən prezident seçkiləri şəffaflığına, ədalətliliyinə və demokratikliyinə görə beynəlxalq aləmdə yüksək qiymətləndirilib. Bunu beynəlxalq müşahidəçilərin seçkidən sonra verdikləri bəyanatlar da təsdiqləyir. Prezident seçkiləri ona görə böyük siyasi hadisə hesab edilir ki, xalq həmin gün öz gələcək taleyini həll edir və ölkənin gələcəyinin kimlərə etibar edilməsini müəyyənləşdirir. 1993 - cü ildə keçirilən prezident seçkiləri zamanı da bunun şahidi olduq. Xalqımız ulu öndər Heydər Əliyevi Prezident seçməklə gələcək taleyini, həmçinin ölkəmizin gələcəyini müəyyənləşdirdi. Bununla da müstəqil Azərbaycanın taleyi həll olundu. Bilirsinizmi, Heydər Əliyev kimi şəxsiyyətlərin yetişməsi nadir hadisələrdəndir. Belə şəxsiyyətlər çox az - az hallarda yetişir. Bu gün müstəqil Azərbaycanın dünya miqyasında tanınmasında, beynəlxalq aləmdə şöhrət qazanmasında, mövqelərimizin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin çox böyük xidmətləri olub. Azərbaycanın müstəqil dövlət kimi dünya birliyinə inteqrasiya olunması bu böyük şəxsiyyətin dövlət idarəçiliyindəki zəngin təcrübəsinin nəticəidir. Fəxr edirik və qürur hissi duyuruq ki, Heydər Əliyevin siyasi xətti bu gün də uğurla davam etdirilir. Hadisələrin gedişi də bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin alternativi yoxdur.
Heydər Əliyevin siyasi xəttinin onun ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin dünya birliyindəki mövqelərini daha da möhkəmləndirib. Bu bir faktdır ki, bu gün Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Artıq müstəqil dövlətimiz dünyada söz sahiblərindən biridir. Bütün bunlar ulu öndər Heydər Əliyevin siyasi xəttinin alternativinin olmamasından xəbər verir.
Bu günlərdə yeni Azərbaycan Partiyasının V qurultayı keçirilib və həmin qurultayda partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevin prezidentliyə namizədliyi yenidən irəli sürülüb. Mən bunu alqışlayıram. Çünki Prezident İlham Əliyev son on ildə böyük layihələrin həyata keçirilməsini öz üzərinə götürüb və o, həmin missiyanın öhdəsindən şərəflə gəlir. 2003-2013-cü illərdə - son 10 il ərzində Azərbaycan beynəlxalq aləmdə ən böyük zirvələrə çata bilmişdir, dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, bizim diplomatiyamızın, siyasətimizin, dövlətçiliyimizin qələbəsidir, təntənəsidir. Hətta ötən ilin mayında Azərbaycan bu mötəbər quruma sədrlik etmişdir.
Azərbaycanın ikitərəfli formatda qurduğu xarici siyasət bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı, hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinin üzərində qurulub. Son on ildə Azərbaycanda çox böyük işlər görülmüşdür. Yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşübdür. Bir milyon 100 mindən çox yeni iş yeri açılmışdır. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Azərbaycanın son illər qazandığı uğurlar, iri layihələrin reallaşdırılması və ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, təbii ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin məntiqi nəticəsidr. Xalq Azərbaycanın gələcəyini Prezident İlham Əliyevin adı ilə bağlayır, ona güvənir və etibar edir. Ona görə də əhali növbəti prezident seçkilərində də yenidən İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini açıq şəkildə bildirir. Cənab İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi hər şeydən əvvəl soydaşlarımızın daxili inamına əsaslanır, xalqın özünə layiqli rəhbər seçmək haqqını ifadə edir və bu səbəbdən yüksək ictimai dəyərə və gücə malikdir. Mən bunu alqışlayır və dəstəkləyirəm.
- Sizin 1992- ci ilin martında Ali Sovetin fövqəladə sessiyasındakı çıxışınızla tanış olduq. O zaman yüksək vəzifə tuturdunuz. Qorxmurdunuzmu ki, sizi tutduğunuz vəzifədən uzaqlaşdırarlar?
- Mən Ali Sovetin fövqəladə sessiyasında çıxış edən zaman Ağdaş Rayon Daxili İşlər Şöbəsinin rəisi işləyirdim. Həmin vaxt ölkədə çox ciddi qarşıdurma var idi. Bir tərəfdən Ayaz Mütəllibov hakimiyyəti əlində saxlamağa çalışırdı, digər tərəfdən isə Xalq Cəbhəsinin nümayəndələri hakimiyyətə can atırdılar. Sərhədlərimizi qoruyan, yeni yaranmaqda olan Milli Ordunun əsgərləri bu qruplaşmaların təsiri altında qarşı-qarşıya dayanmışdılar. Ermənilər isə bundan istifadə edib Xocalını işğal etdilər. Prezident günahı Xalq Cəbhəsində, digər tərəf isə hakimiyyətdə görürdü. Ona görə də bu qanlı faciə xalqdan gizlədilirdi. Nəhayət, xalqın təkidli tələbi ilə 1992-ci il martın 2-də Azərbaycan Pezidentinin iştirakı ilə Ali Sovetin fövqəladə sessiyası çağırıldı. Ali Sovetin sessiyasının çağırılması üçün 135 imza topladıq. Min cür təzyiqə məruz qala-qala, zülmlə o imzaları toplamışdıq. Kimin yanına gedirdik, deyirdi məndən uzaq edin. Çoxları bilirdi ki, biz sessiyada Heydər Əliyevin Ali Sovetə sədr gətirilməsi məsələsini qoymaq, bunu tələb etmək istəyirdik. Mən həmin sessiyada çıxış etdim və yaranmış ağır vəziyyətdən xalqın yeganə xilas yolunun Heydər Əliyevin hakimiyyətə dəvət edilməsində gördüyümü dedim. Dedim ki, Heydər Əliyev Azərbaycanda təcili hakimiyyətə gəlməlidir. Bilirdim ki, Heydər Əliyevin dövlət idarəçiliyində zəngin təcrübəsi var. İnanırdım ki, Azərbaycanı o dövrkü ağır vəziyyətdən Heydər Əliyev xilas edə bilər. Ona görə də 2 mart sessiyasında üzümü Ayaz Mütəllibova tutub dedim ki, siz respublikanı idarə edə bilmirsiniz. O vaxt çıxışımdakı bir məqamı olduğu kimi diqqətə çatdırıram. Mən bütün zala müraciətlə dedim: “Biz niyə bu məsələni uzadırıq? Axı bu parlament binasını tikdirən şəxsin - Heydər Əliyevin nəyə görə bu zalda oturmaq hüququ olmasın? Axı niyə respublika rəhbərliyi onu özünə düşmən sayır? Heydər Əliyev parlamentə dəvət olunmalıdır, onun təcrübəsindən, rəhbər zəkasından, dünyagörüşündən istifadə etməliyik. O, hamımızdan dahi və şəxsiyyət kimi məşhurdur”.
Mənim bu çıxışıma qədər Heydər Əliyevin adı nə parlamentdə, nə də qəzetdə çəkilmirdi. Bir faktı da diqqətə çatdırmaq istərdim. Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya gələndə onu qarşılayanlardan biri də mən idim. Heydər Əliyev hava limanına düşəndə ona sui-qəsd təşkil olunmuşdu. Biz orada çox qorxmuşduq. Mən polis rəisi ola-ola Heydər Əliyevi müdafiə eləməkdən çəkinmirdim. Çünki bu qüdrətli insanın Azərbaycan üçün lazımlı şəxsiyyət olduğunu bilirdim.
Həmin sessiyadakı çıxışımdan 21 il keçsə də, o müzakirələr həmişə gözlərim önündə canlanır. Ayrı yol yox idi. Torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Malıbəyli, Qaradağlı, Xocalı hadisələri hakimiyyət rəhbərlərinə olan inamı heçə endirmişdi. Xalq Xocalıda nələr baş verdiyini, bunun əsas günahlarının kimdə olduğunu bilmək istəyirdi.
– Fövqəladə sessiyadakı çıxışdan sonra sizə qarşı təzyiqlər oldumu?
— Bundan bir qədər sonra- mənim parlamentdəki çıxışımdan, xüsusilə də ölkə rəhbərliyinin bağışlanılmaz səhvlərə yol verməsi, qüdrətli şəxsiyyət Heydər Əliyevin Bakıya dəvət olunması, onun dövlət idarəçiliyindəki təcrübəsindən, biliyindən istifadə edilməsi fikrini səsləndirməyimdən sonra, “bəzi dostlar” məndən uzaqlaşdı, hətta, mənə salam da vermədilər. Sonradan rayonda yoxlamalar başlandı, məni xüsusi idarəyə dəvət edib sorğu-suala tutdular. Bütün bunlara baxmayaraq, martın 10-da televiziyaya gedib parlamentdəki çıxışımı birbaşa efirdən səsləndirdim və dedim ki, artıq bizim ayrı yolumuz yoxdur, böyük siyasi xadim Heydər Əliyevi Bakıya dəvət etməliyik. Respublikada vəziyyət getdikcə ağırlaşır.Mənim bu çağırışıma qədər Heydər Əliyevin adını heç kəs çəkməyə cürət etmirdi. Bütün bunlardan sonra tutduğum vəzifədən uzaqlaşdırıldım. Ancaq bundan təəssüflənmədim. Çünki xalqımın və müstəqil dövlətimin xilası üçün çalışırdım. Bir də ki, vəzifəyə görə susmalı idimmi? Axı respublika əldən gedirdi, ermənilər torpaqlarımızı işğal edir, soydaşlarımızı qəddarcasına qətlə yetirirdilər. Ölkə rəhbərliyi də buna göz yumur, vəzifəsini qoruyub saxlamaq üçün qətliamları, erməni vəhşiliyini ört-basdır edir, əsl həqiqəti xalqdan gizlədirdi. Ona görə də mən belə bir çıxış etdim və hamını birliyə çağırdım. Ayaz Mütəllibovdan sonra hakimiyyəti ələ alan AXC-Müsavat iqtidarı mənə qarşı daha aqressiv oldu.
Həmin vaxt çıxılmaz vəziyyətə düşmüş AXC -Müsavat iqtidarı da ölkənin xilas yolunu ulu öndərdə gördü və müdrik şəxsiyyəti ölkəyə rəhbərliyə dəvət etmək məcburiyyətində qaldılar. 1993 - cü ilin iyun ayında Heydər Əliyev Bakıya gəldi. Ondan sonra Azərbaycanda həyat tədricən öz axarına düşdü. Ölkədə nizam - intizam, qayda - qanun yaradıldı. Qeyri - qanuni silahlı birləşmələr ləğv edildi, müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi və əbədiləşdirilməsi yolunda qətiyyətli addımlar atıldı. Heydər Əliyevin dövlət idarəçiliyndəki zəngin təcrübəsi, dünya birliyindəki nüfuzu müstəqil dövlətimizin beynəlxalq aləmə inteqrasiyasında böyük rol oynadı.Azərbaycan xalqı bugünkü firavan həyata və ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlara görə ulu öndər Heydər Əliyevə minnətdar olmalıdır.
- Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişini dəstəklədiyinizə görə sonradan sizə sui - qəsd təşkil olundu və böyük itkilər verdiniz. Bu barədə bir qədər ətraflı məlumat vermənizi xahiş edərdik.
-1994-cü ildə respublikada çox gərgin vəziyyət yaranmışdı. Mən o zaman Abşeron rayonunda polis şöbəsinin rəisi idim. O zaman “Qardaşlıq” Cəmiyyəti adında bir quldur dəstəsi fəaliyyət göstərirdi. Həmin “Qardaşlıq” Cəmiyyətinin 4 nəfər üzvü iyunun 17-də bağ evimə hücum etdilər, bağda tək idim, məni güllə-barana tutdular. Ağır xəsarət aldım. Mən hospitalda ağır vəziyyətdə yatan zaman həmin adamlara mənim ailəmi qırmaq barədə əmr verilmişdi. Onlar da avqustun 5-də bacımın həyat yoldaşının avtomobilinə silahlı hücum etdilər. Avtomobildə mənim 13 yaşlı oğlum Hüseyn, bacımın həyat yoldaşı, eyni zamanda əmim oğlu Gündüz və sürücü qətlə yetirildi. Mən bir il hospitalda yatdım, Rusiyada, Amerikada müalicə olundum. 1995-ci il mayın 10 - da yenidən Abşeron rayonunda polis rəisi kimi işimə qayıtdım. Cinayətkarlar həbs olunmamışdı. İşə başlayandan iki ay sonra bizə qarşı cinayəti törətmiş 5 nəfəri ələ keçirdim...
O illər arxada qaldı. Bu gün Azərbaycanın dünya birliyindəki mövqeyinin getdikcə möhkəmlənməsindən, reytinqinin yüksəlməsindən qürur hissi keçirirəm. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. İnamla demək olar ki, postsovet respublikaları arasında Azərbaycan ən sürətlə inkişaf edən dövlətdir. Ölkəmizə gələn xarici qonaqlar son illər əldə olunan uğurlara və sürətli inkişafa heyran qaldıqlarını bildirirlər. Bütün bunlar ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir.
Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.