İnsanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir
Müsahibimiz Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovdur.
– Bəhram müəllim, ilk öncə, sizi və rəhbərlik etdiyiniz kollektivi Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə təbrik edirik. Sizə və kollektivinizə yeni-yeni uğurlar arzulayırıq. Dövlət qulluqçusu kimdir və bu gün onun qarşısına qoyulan əsas vəzifələr hansılardır?
-Sualınıza cavab verməmişdən öncə onu bildirmək istərdim ki, dövlət qulluqçusunun dövlətin, cəmiyyətin və hər bir vətəndaşın həyatında önəmini, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması prosesində dövlət qulluğunun rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin günü Dövlət Qulluqçularının Peşə Bayramı günü kimi təsis etmişdir. Bu bayram ölkəmizdə 2006-ci ildən qeyd olunur.
Dövlət qulluqçusunun anlayışı “Dövlət qulluğu haqqında” Qanunda dəqiq verilib. Həmin qanuna görə dövlət qulluqçusu maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Dövlət qulluqçusunun qarşısında qoyulan əsas vəzifələrə gəlincə, bu vəzifələr xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməkdən, vətəndaşların hüquq və azadlıqlarını qorumaqdan, əxlaqı, mənəviyyatı, insanlarla rəftarı, qəbul etdiyi qərarları ilə rəsmi orqanlara hörmət qazandırmaqdan, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmaqdan ibarətdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev çağdaş, sivil, demokratik vətəndaş cəmiyyətinin tələblərinə tam cavab verən dövlət idarəçiliyi sisteminin daim inkişaf etdirilməsi üçün dövlət qulluqçularının qarşısında əlavə vəzifələr də qoymuşdur. Belə ki, hər bir dövlət qulluqçusu dünyada gedən qlobal proseslərdən xəbərdar olmalı, informasiya texnologiyalarını, demokratik idarəçilik metodlarını mənimsəməli, müasir düşüncə sahibi olmalıdır.
- Qeyd etdiniz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qulluqçularının qarşısında əlavə vəzifələr qoymuşdur. Sizcə, dövlət qulluqçuları bu vəzifələrin öhdəsindən gəlirmi?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqları durur. Bu siyasətin uğurla həyata keçirilməsində dövlət qulluqçularının öz payı var. Bilirsiniz ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının, habelə Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi müəyyən edib. Bu məqsədin həyata keçirilməsi yolunda əzmlə çalışan hər bir dövlət qulluqçusu dövlət-cəmiyyət, dövlət-vətəndaş münasibətlərini vahid bir maraq ətrafında cəmləşdirərək ümumi bir marağın - milli maraqların həlli istiqamətində gərəkli töhfəsini verir.
-Gənc dövlət olmasına baxmayaraq, Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir. Ölkəmizin dövlət qulluğu sistemi bu inkişafla bir cərgədə addımlaya bilirmi?
- İnkişaf tempinə görə, hazırda ölkəmiz dünya ölkələri sırasında öncül yerlərdən birini tutur. Təbii ki, Azərbaycanın dövlət qulluğu sistemi bu inkişafa adekvat inkişaf edir. Artıq Azərbaycan Respublikasının özünəməxsus dövlət qulluğu sistemi mövcuddur və bu sahədə qabaqcıl dövlətlərin təcrübəsindən istifadə edilmişdir. Dövlət qulluğu sisteminin formalaşdırılması ilə əlaqədar aşağıdakı sahələrdə uğurlu nəticələr əldə edilmişdir:
1. Dövlət qulluğu sahəsində hüquqi baza yaradılmışdır.
2. Dövlət qulluqçusu anlayışı dəqiqləşdirilmiş və dövlət qulluqçularının dairəsi konkretləşmişdir.
3. Status və funksiyalarına uyğun olaraq dövlət orqanlarının kateqoriyaları fərqləndirilmişdir.
4. Funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq dövlət qulluğu vəzifələri inzibati və yardımçı vəzifələrə bölünmüşdür.
5. Dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması, dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır və s.
Dövlət qulluğu sisteminin ölkəmizin inkişafına adekvat inkişaf etməsində düzgün kadr siyasətinin də önəmli payı var.
- Düzgün kadr siyasətindən söz düşmüşkən sizin rəhbərlik etdiyiniz komissiya ölkəmizin kadr siyasətində ən önəmli yerlərdən birində durur. Dövlət qulluğu sistemi keyfiyyətli kadrlarla təmin olunurmu?
- Yuxarıda qeyd etdiyim kimi, komissiyanın yaradılmasında əsas məqsədlərdən biri dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi olmuşdur. 2006-cı ilin oktyabrından fəaliyyətə başlayan komissiya müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişafına, xalqımızın istək və arzularının daha çevik və səmərəli şəkildə həyata keçirilməsinə xidmət edən dövlət idarəçiliyi sistemini bu tələblərə cavab verən kadrlarla təmin edir.
Dövlət qulluğuna qəbulun şəffaf və obyektiv şəkildə həyata keçirilməsi üçün müvafiq prosedurlar tətbiq edilmişdir. Komissiya yaradılarkən onun qarşısında qoyulan əsas vəzifələrdən biri dövlət qulluğuna qəbulda neqativ halların qarşısının alınması olub. Bu gün biz deyə bilərik ki, 5-7-ci təsnifat inzibati vəzifələrin tutulmasında neqativ halların qarşısı alınmışdır. 2007-ci ildən başlayaraq vətəndaşların dövlət qulluğuna qəbulu ilə bağlı on üç müsabiqə keçirilmişdir. Hazırda on dördüncü müsabiqənin test imtahanı mərhələsi davam edir. Bu müsabiqələrdə 36000-ə yaxın namizəd iştirak etmişdir. Onlardan 2686 nəfəri müsabiqədə uğur əldə etmişdir. Bunlardan da 2196 nəfər dövlət qulluqçusu adını qazanmışdır. Ümumiyyətlə isə komissiyanın keçirdiyi müsbiqə və müsahibələr nəticəsində 3331nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunmuşdur.
- Dövlət qulluğuna qəbulla bağlı komissiyanın əldə etdiyi uğurlar var. Bəs komissiyanın qarşısında qoyulan digər məqsədlərə çatmaq üçün rəhbərlik etdiyiniz qurum hansı işləri görür?
- Komissiya qarşısına qoyulan məqsədlərə çatmaq üçün tələb olunan bütün işləri uğurla həyata keçirir. Belə ki, komissiya dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihəsini hazırlayır, dövlət qulluqçularının peşə hazırlığı və ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, bu sahədə işlərin vəziyyətini təhlil edir, təkliflər hazırlayır, dövlət qulluqçuları üçün həm ölkə daxilində, həm də xarici ölkələrdə təlimlər təşkil edir, dövlət qulluqçularının etik davranış qaydalarına əməl etmələrinə nəzarəti həyata keçirir, dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə komissiyaya həvalə olunmuş digər vəzifələri yerinə yetirir.
- Bəhram müəllim, çıxışlarınızın birində kadr siyasətinin inkişafı strategiyasının layihəsinin hazırlandığını qeyd etmişdiniz. Bu sənədin əhəmiyyəti nədir? Orda nələr öz əksini tapıb?
- İctimai həyatın müxtəlif sahələrində dövlət siyasətini həyata keçirən, vətəndaşlara və cəmiyyətə xidmət edən dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsinin, ilk növbədə, bu orqanlarda qulluq keçən dövlət qulluqçularının peşəkarlığından və vəzifə borclarını məsuliyyətlə yerinə yetirməsindən asılı olduğunu nəzərə alan komissiya 2013-2015-ci illər üçün “Azərbaycan Respublikasının dövlət orqanlarında kadr siyasətinin inkişafı Strategiyası”nın layihəsini hazırlayaraq Azərbaycan Respublikası Prezidentinə təqdim etmişdir.
Qeyd edilən strategiyanın əsas məqsədi dövlət qulluğu sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi, dövlət orqanlarında insan resurslarının idarə edilməsində mövcud çatışmazlıqların aradan qaldırılması, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi və ondan effektiv istifadə, insan resurslarının idarə edilməsi sahəsində qabaqcıl texnologiyaların tətbiqi, yüksək mənəvi və etik dəyərlərə, bilik, bacarıq və şəxsi keyfiyyətlərə malik dövlət qulluqçuları heyətinin formalaşdırılması yolu ilə dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır. Strategiya dövlət orqanlarında kadr siyasəti sahəsində həyata keçiriləcək çoxşaxəli, ardıcıl və mərhələli, uzun və qısa müddətli tədbirləri müəyyən edir.
-Gənclərin dövlət qulluğuna cəlb edilməsi üçün komissiya hansı addımları atır?
-Qeyd edək ki, dövlət qulluğuna qəbulda gənclərin fəallığı çox yüksəkdir. Belə ki, qeydiyyatdan keçmiş namizədlərin 79 faizini, test qalibi olmuş namizədlərin 83 faizini, müsahibə mərhələsində uğur əldə edən namizədlərin 81 faizini, vəzifəyə təyin olunanların 81 faizini gənclər təşkil etmişdir.
Əvvəllər ali təhsil müəssisələrini yeni bitirmiş məzunların dövlət qulluğuna gəlməsində maneələr var idi. Belə ki, bəzi dövlət orqanları tərəfindən müsabiqəyə təqdim edilmiş bütün vəzifələrə, yerli bölmələrində olan vəzifələr də daxil olmaqla, staj tələbi qoyulurdu. Ali təhsil müəssisələrini yeni bitirmiş gənclərin dövlət qulluğuna cəlb edilməsi, habelə vakant dövlət qulluğu vəzifələrinin tutulması zamanı vəzifənin təsnifatının və funksiyalarının nəzərə alınması, həmçinin dövlət orqanından asılı olmayaraq bu vəzifələrə iddia edən şəxslər üçün ümumi tələblərin müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş ümumi şərtlərdə qeyd edilən təsnifatlara uyğun olan vəzifələrin tutulması üçün təhsil, iş təcrübəsi və zəruri minimal biliklərə dair ümumi tələblər nəzərdə tutulmuşdur. Şərtlərə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatında olan “aparıcı məsləhətçi” və “məsləhətçi” vəzifələrinə, habelə aşağı təsnifat vəzifələrinə, rəhbər vəzifələr istisna olmaqla, apellyasiya və birinci instansiya məhkəmələri üzrə müsabiqəyə çıxarılan bütün vakant dövlət qulluğu vəzifələrinə staj tələbi qoyula bilməz.
Bundan başqa bu ilin may ayında komissiya əməkdaşlarının Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində, Dövlət İqtisad Universitetində, Dillər Universitetində, Memarlıq və İnşaat Universitetində, Texniki Universitetdə, Qafqaz Universitetində və Turizm İnstitutunda bu il məzun olacaq tələbə və magistrlarla görüşləri olmuşdur. Görüşdə komissiyanın əməkdaşları təqdimatla çıxış edərək dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsi şərtlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd etmək istərdim ki, belə görüşlər hər il keçirilir. Komissiya Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Məzun 2013” respublika əmək yarmarkasında da iştirak etmişdir. Onu da bildirmək istəyirəm ki, komissiya 2010-cu ildən başlayaraq bu yarmarkaların iştirakçısıdır.
Komissiyanın rəhbərliyi və əməkdaşları “2007-2015-ci illərdə gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" üzrə xaricdə təhsil almış gənclərin dövlət qulluğuna marağının artırılması məqsədilə Xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı tələbələrin Beynəlxalq Forumunun (ASAİF) hər il keçirdiyi forumlarda iştirak edirlər. Bu ilin mart ayında “Azərbaycan: 2020 Gənclərin baxışı” başlığı altında belə bir forum İtaliyanın paytaxtı Romada keçirilmişdir. Eyni zamanda komissiya Dövlət Proqramı üzrə xaricdə təhsil alan gənclərimiz üçün müxtəlif dövlət orqanlarında, o cümlədən, komissiyanın özündə təcrübə keçməyi təşkil edir.
- Komissiyanın təşkil etdiyi müsabiqə nəticəsində dövlət qulluqçusu adını qazanmış gənc dövlət qulluqçularının peşə bacarıqlarının artırılması sahəsində komissiya hər-hansı işi görürmü?
-Təbii ki, komissiya təşkil etdiyi müsabiqə nəticəsində dövlət qulluğuna qəbul edilmiş gənclərin inkişafını daim diqqətdə saxlayır. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq komissiya may ayının 19-u və 21-də bu gənclər üçün təlimlər keçirmişdir. Təlimin məqsədi gənc dövlət qulluqçularının peşə bacarıqlarının artırılması və müasir dövrün tələblərinə cavab verməsi olmuşdur. Təlimdə dövlət orqanlarının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən gənc dövlət qulluqçuları iştirak etmişlər. Təlimdə komissiyanın əməkdaşları “İş bölgüsü”, “Vaxtın idarə edilməsi” və “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzuları ətrafında çıxış etmiş, dövlət qulluqçularını maraqlandıran suallara cavab vermişlər. Bu cür təlimlər keçən il də keçirilmişdi.
- Bu gün gender məsələsi ictimaiyyətin və beynəlxalq qurumların diqqət mərkəzindədir. Dövlət qulluğunda gender məsələsi nə yerdədir?
- Öncə onu qeyd edim ki, dövlətimizin bütün sahələr üzrə siyasətində, o cümlədən də kadr siyasətində gender bərabərliyi tam qorunur. Buna saysız misallar gətirmək olar. Eyni zamanda Azərbaycan Respublikası qanunvericiliyi də bütün sahələrdə gender bərabərliyini tam təmin edir. Məsələn, dövlət qulluğuna qəbulda bir cinsin nümayəndəsi üçün vakant vəzifənin müsabiqə və ya müsahibəyə çıxarılması qadağandır. Bununla belə Komissiyanın keçirdiyi müsabiqə və müsahibələrdə iştirak edən qadın namizədlərin xüsusi çəkisi 30 faizə belə çatmır. Müsabiqələrin bütün mərhələlərində iştirak edən namizədlərin ortalama 27 faizini, vəzifəyə təyin olunanların isə ortalama 26 faizini qadınlar təşkil etmişdir.Onu da xüsusi vurğulamaq istərdim ki, dövlətimizdə nəinki cinsinə görə, milli, dini, sosial mənsubiyyəti və digər xüsusiyyətlərə görə də kimsəyə fərq qoyulmur.
- Bəhram müəllim, vətəndaş cəmiyyəti hər bir dövlətin inkişafında önəmli rol oynayır. Komissiyanın vətəndaş cəmiyyəti ilə münasibətləri necədir?
- Komissiyanın vətəndaş cəmiyyəti ilə münasibətləri faydalı əməkdaşlıq müstəvisi üzərində qurulub. Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin həm test imtahanı, həm də müsahibə mərhələlərində komissiyanın dəvəti ilə qeyri-hökumət təşkilatları və media nümayəndələri müşahidəçi kimi iştirak edir. Artıq vətəndaş cəmiyyəti üzvləri, həm də müsahibə qrupunun üzvü kimi iştirak edir, namizədin dövlət qulluğuna uyğun olub-olmaması barədə qiymətləndirmə aparırlar. Bu, Komissiya ilə vətəndaş cəmiyyətinin faydalı əməkdaşlığının göstəricisidir. Onu da qeyd edim ki, bu təcrübə bir-çox xarici dövlətlərin dövlət qulluğu sahəsində analoji qurumlarında və beynəlxalq təşkilatlarda böyük maraqla qarşılanmışdır. Onlar Azərbaycanın bu təcrübəsini öyrənmək arzusunda olduqlarını bildirmişlər. Onu da qeyd edim ki, dövlət qulluğu sahəsində müxtəlif məsələləri müzakirə etmək və vətəndaş cəmiyyətinin təklifini almaq və rəyini öyrənmək üçün 2010-cu ildən başlayaraq komissiya ildə bir neçə dəfə QHT-lərlə görüş keçirir. Sonuncu belə görüşlərimizdən biri “Dövlət Qulluğu Məcəlləsi”nin müzakirəsi ilə bağlı olmuşdur.
- “Dövlət Qulluğu Məcəlləsi”ndən söz düşmüşkən Məcəllə tam hazırdırmı?
- “Dövlət Qulluğu Məcəlləsi”nın layihəsi tam hazırdır və həm dövlət orqanlarının, həm də vətəndaş cəmiyyətinin fikir və təkliflərini almaq üçün onlara təqdim olunub. Eyni zamanda məcəllənin layihəsi komissiyanın rəsmi internet saytı vasitəsilə ictimai müzakirəyə çıxarılıb. Daxil olan bütün mütərəqqi təklif və rəylər nəzərə alındıqdan sonra Məcəlləyə bir daha ictimai baxış keçiriləcək.
-Müsabiqənin test imtahanı mərhələsi kompyuter vasitəsilə keçirilir. Müsahibə mərhələsində şəffaflığı təmin etmək üçün hansı işlər görülmüşdür?
-Müsabiqənin ikinci mərhələsi olan müsahibənin daha obyektiv və şəffaf şəraitdə, səmərəli və peşəkar şəkildə keçirilməsi üçün komissiya bütün zəruri addımları atır. Birincisi, vətəndaşların təkliflərini nəzərə alaraq test imtahanında uğur qazanan namizədlərlə müsahibə aparan qrupun tərkibində komissiyanın və vakant dövlət qulluğu vəzifəsinin mövcud olduğu dövlət orqanının nümayəndələri ilə yanaşı müstəqil mütəxəssislərin iştirakı təmin edilir. Komissiya tərəfindən dövlət orqanlarının fəaliyyət istiqamətləri təhlil edilərək müxtəlif sahələr üzrə mütəxəssislərə olan tələblər müəyyənləşdirilmiş, bu mütəxəssislərin müsahibə qrupuna cəlb edilməsi məqsədi ilə elm və təhsil müəssisələrinə müraciət edilmişdir. Ali məktəb müəssisələrindən komissiyaya təqdim edilmiş mütəxəssislər üçün müsahibələrin keçirilməsi ilə bağlı interaktiv təlimlər keçirilmiş, müsahibə aparılmış və 50-yə yaxın mütəxəssisin müsahibələrin aparılmasında ekspert kimi iştirak etməsi uyğun bilinmişdir. Onu da qeyd edək ki, müstəqil mütəxəssislərin müsahibələrə cəlb edilməsi müsahibələrdə obyektivliyin və şəffaflığın artırılması, dövlət qulluğuna qəbul sahəsinə ictimai nəzarətin və etimadın yüksəldilməsi, namizədlərin potensialının, bilik və bacarıqlarının hərtərəfli qiymətləndirilməsi məqsədi daşıyır.
İkincisi, müsahibə zamanı namizədlərə təqdim ediləcək sualları əhatə edən mövzular və bu mövzular üzrə ədəbiyyat siyahısı olan müsahibə proqramları müsabiqə və ya müsahibə elan olunan gündən Komissiyanın internet saytı vasitəsi ilə namizədlərə təqdim edilir. Bu isə namizədlərin müsahibələrə daha səmərəli və sistemli hazırlaşmasına, müsahibələrin daha peşəkar və vəzifə yönümlü aparılmasına imkan verir və müsahibələrdə şəffaflığın artırılmasına xidmət edir.
Üçüncüsü, namizədlərin razılığı ilə müsahibə mərhələsi videokamera vasitəsilə çəkilir və arxivləşdirilir. Bu, şəffaflığın və aşkarlığın təmin edilməsi ilə yanaşı pozuntuların aşkarlanması və qarşısının alınmasında ən səmərəli vasitədir. Eyni zamanda bu mərhələdə qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla müşahidəçilərin iştirakı üçün zəruri şərait yaradılır. Yuxarıda qeyd etdiyim kimi vətəndaş cəmiyyəti üzvləri müsahibələrdə, həm də müsahibə qrupunun üzvü kimi iştirak edirlər.
Dördüncüsü, müsahibə mərhələsində müsahibə qrupunun üzvlərinin namizədin qiymətləndirilməsi zamanı verdiyi ümumi ballar arasında 3 və daha çox bal olduqda və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda komissiyanın sədri tərəfindən müsahibənin nəticəsi ləğv edilə bilər və bu halda yeni müsahibə qrupu yaradılır.
- Bəs namizəd müsahibənin nəticəsindən narazı qalarsa?..
-Müsahibə nəticəsindən narazı qalan namizədlərin müraciətlərinin operativ şəkildə hərtərəfli araşdırılaraq cavablandırılması üçün komissiyada Apellyasiya Komissiyası fəaliyyət göstərir. Müsahibənin nəticəsindən narazı qalan namizədin apellyasiya şikayətinə baxılması üçün onun şəxsi işi, müsahibənin video çəkilişi, “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” və “Yekun protokol”, habelə digər zəruri sənədlər Apellyasiya Komissiyasına təqdim edilir. Namizəd tərəfindən verilmiş şikayət Apellyasiya Komissiyasında onun iştirakı ilə baxılır. Apellyasiya Komissiyası müsahibə qrupunun üzvlərini, müsahibədə müşahidəçi qismində iştirak etmiş şəxsləri və müvafiq sahə üzrə mütəxəssisləri apellyasiya şikayətinə baxılmasına dəvət edir. Apellyasiya Komissiyasında araşdırmalar namizədin və ya apellyasiya şikayəti vermiş müsahibə qrupu üzvünün apellyasiya şikayətinə dair mülahizələrinin dinlənilməsi, namizədə aid və müsahibənin keçirilməsi ilə bağlı olan zəruri sənədlərin nəzərdən keçirilməsi, video çəkilişə baxılması və digər zəruri halların araşdırılması yolu ilə aparılır.
-Əsrimiz informasiya və kommunikasiya texnologiyaları əsridir. Bu il ölkəmizdə İKT ili elan olunub. Komissiya öz fəaliyyətində İKT-nın imkanlarından necə istifadə edir?
-İKT-nın dövlət idarəedilməsində, “elektron hökumət”in və “informasiya cəmiyyəti”nin təşəkkül tapmasında önəmini nəzərə alan komissiya dövlət qulluğuna kompüter və əsas ofis proqramlarını bilən, habelə internetlə işləmək bacarığı olan vətəndaşların qəbulunda maraqlıdır. Buna görə də komissiya dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanlarında 15 sualı məhz İT sahəsinə aid edib.
Komissiyanın göstərdiyi elektron xidmətlər sırasında dövlət qulluğuna qəbul edilmək üçün e-qeydiyyatı xüsusi vurğulamaq lazımdır. Belə ki, vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində komissiyaya elektron və ya kağız daşıyıcılar vasitəsilə müraciət göndərə bilərlər. Keçirilən son müsabiqələr göstərir ki, vətəndaşlar daha çox müraciətin elektron formasına üstünlük verirlər. Bu, namizədlərin əlavə vaxt itkisinin və əlavə xərclərinin qarşısını almaqla yanaşı, komissiyanın da işini yüngülləşdirmişdir. Bundan başqa hazırda komissiya müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi, Dövlət Qulluqçularının Reyestrindən məlumatların verilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu kimi e-xidmətləri də göstərir. Dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi, dövlət qulluğu stajı kalkulyatoru və onlayn sınaq test imtahanlarının keçirilməsi üzrə e-xidmətlərin göstərilməsi üçün hazırlıq işləri davam edir.
Komissiyanın saytı vətəndaşlar arasında kifayət qədər populyardır. 2008-ci ildən indiyə kimi komissiyanın rəsmi www.dqmk.gov.az ttp://www.dqmk.gov.az saytında verilən yazılara 6 milyon 400 mindən çox baxış olub, istifadəçilərin sayı isə 14500-dən çoxdur. Bütün bunlar Komissiya ilə vətəndaşlar arasında yaranmış qarşılıqlı etibar və güvənin göstəricisidir.
Onu da qeyd edim ki, Komissiya dövlət qulluqçularının İKT sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə həm ölkə daxilində, həm də xaricdə treninq, seminar və konfranslar təşkil edir.
-Son olaraq dövlət qulluqçularına sözünüz və arzularınız.
-Bütün dövlət qulluqçularını 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə ürəkdən təbrik edir, onlara gördükləri çətin, amma şərəfli işlərində uğurlar diləyirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi “Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir.”
Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.