Ermənistan hakimiyyətinin və onun himayəsi altında fəaliyyət göstərən Dağlıq Qarabağdakı qondarma hərbi quldur rejiminin çirkin siması, iç üzü açılmaqdadır. Son günlərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fədakar əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində Azərbaycanın işğal altında saxlanılan əraziləri ilə bağlı ortaya çıxan növbəti gizli məqamlar da qeyd etdiklərimizi təsdiqləyir.
Bir daha ortaya çıxmışdır ki, Dağlıq Qarabağda narkotiklərin becərilməsi və tranziti regional səviyyədən çıxaraq, artıq qlobal problemə çevrilməkdədir. Serj Sarkisyan hakimiyyəti ilə Dağlıq Qarabağdakı separatçı rejimin beynəlxalq terrorçularla, eyni zamanda narkomafiya ilə sıx əməkdaşlığı nəticəsində işğal altındakı ərazilərdə narkoticarət “çiçəklənmə dövrünə” qədəm qoymuşdur.
Bu məsələ ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə dünyanın aparıcı dövlətlərini, nüfuzlu beynəlxalq təşkilatları məlumatlandırmış, təsdiqini tapmış faktlar ortaya qoymuşdur. ABŞ Dövlət Departamentinə, BMT-yə, Avropa İttifaqına və digər beynəlxalq qurumlara işğal altındakı ərazilərdə beynəlxalq terrorçuların təlim bazalarının yerləşdiyi, burada narkotika plantasiyalarının olduğu barədə kifayət qədər sənəd təqdim edilmişdir. Hətta ötən illərdə, ehtimal ki, Amerikanın kəşfiyyat orqanlarının verdiyi məlumatlar əsasında ABŞ Dövlət Departamentinin hazırladığı hesabatda rəsmi Bakının qeyd etdiyi bəzi məqamlar da öz əksini tapmışdı. Bununla belə, beynəlxalq ictimaiyyət dünya üçün artan təhlükə mənbəyinə çevrilən zəbt olunmuş torpaqların işğaldan azad edilməsi və bəşəriyyət üçün təhlükə törədən bütün neqativ hallara qarşı mübarizəni özünün daxili və xarici siyasətinin prioritetləri sırasına daxil edən Azərbaycanın suveren hüquqlarının bərpası istiqamətində kifayət qədər sərt addımlar atmır, konkret mövqe ortaya qoymur. Azərbaycanın təhlükəsizlik orqanlarının ardıcıl olaraq apardığı əməliyyatların nəticəsi isə belə deməyə əsas verir ki, erməni silahlı birləşmələrinin zəbt etdiyi ərazilərdəki vəziyyət bizim düşündüyümüzdən də acınacaqlı hal alıb. Məsələyə münasibətini öyrəndiyimiz Azərbaycan ictimaiyyətinin nümayəndələri də qeyd edirlər ki, əgər yaxın vaxtlarda beynəlxalq birlik real təşəbbüslərlə çıxış etməsə, proseslər tamamilə nəzarətdən çıxacaqdır.
Aydın MİRZƏZADƏ, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini:
– Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində növbəti ciddi faktlar ortaya çıxdı. Bir daha məlum oldu ki, işğal olunmuş ərazilərin sərhəd bölgələrində İranda narkotik yetişdirilməsi ilə məşğul olan dəstələr Dağlıq Qarabağda becərilmiş narkotiki əldə edərək, onu Azərbaycana ötürməyə çalışırlar. Reallıq budur ki, bu gün Dağlıq Qarabağ dünyadan təcrid olunduğuna və inkişafı üçün heç bir perspektiv görünmədiyinə görə, o ərazilərdən ancaq müxtəlif çirkli pullar qazanmaq üçün istifadə edilir. Həmin zonalar erməni silahlı qüvvələrinin nəzarətində olduğuna görə, Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı separatçı rejim beynəlxalq narkomafiya ilə “əməkdaşlıq” edərək orada böyük narkotik plantasiyaları salırlar. Əldə edilən narkotik maddələri isə İran vasitəsilə Azərbaycana və oradan da Rusiya və Avropaya ötürməklə böyük gəlir əldə etməyə çalışırlar. Bunun Əfqanıstandakı narkotika ticarəti ilə heç bir fərqi yoxdur.
Bir məsələni də qeyd etmək istərdim ki, ermənilər hələ sovet hakimiyyəti illərində, yəni indiki vəziyyətdən fərqli olaraq nəzarətin az və ya çox olduğu illərdə də terrorçu fəaliyyətlərini davam etdirmiş, beynəlxalq terrorçu qruplaşmalarla əlaqəli fəaliyyət göstərmişlər. Münaqişə böyüyərək genişmiqyaslı müharibəyə çevrilməmişdən əvvəl burada “Vrej” kimi erməni terrorçu təşkilatları silahlılara təlim keçir, silah tədarük edir, DQMV-də və onun ətrafında terror aktları törədir, bununla da Azərbaycanın infrastrukturuna ciddi ziyan vururdular. Səs-küyə səbəb olmuş terror hücumları arasında 1989-cu il sentyabrın 16-da və 1990-cı il avqustun 10-da müvafiq olaraq Tbilisi-Bakı və Tbilisi-Ağdam avtobuslarındakı partlayışları, habelə 1991-ci il aprelin 30-da və iyulun 31-də Moskva-Bakı qatarlarında törədilmiş partlayışları sadalamaq olar. Həmin terror aktları nəticəsində çoxlu günahsız vətəndaş həlak olmuşdu. Düşünün ki, bütün bunlar Dağlıq Qarabağın ermənilərin əlinə keçdiyi dövrdə baş vermişdi və reallıq budur ki, ötən müddət ərzində Dağlıq Qarabağ və ətraf ərazilər əvvəllər terrorçu qruplaşmaların daxilində fəallığı ilə seçilən Robert Koçaryan və Serj Sarkisyan hakimiyyətlərinin nəzarətində olmuşdur. Yəni, bu, o deməkdir ki, işğal olunmuş Azərbaycan torpaqları tamamilə erməni terrorçularının və beynəlxalq terrorçuların ixtiyarına verilmişdir. Bu gün həmin ərazilərdən fəal şəkildə narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan alveri, qeyri-leqal miqrasiya, beynəlxalq terrorçular və müxtəlif ölkələrin təhlükəsizlik xidmətləri tərəfindən axtarışda olan cinayətkarlar üçün sığınacaq, çirkli pulların yuyulması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur.
Digər bir reallıq da budur ki, Ermənistan işğal altında saxladığı “boz zona”nı nə iqtisadi cəhətdən inkişaf etdirə, nə də onun infrastruktur və sosial problemlərini həll edə bilir. Serj Sarkisyan hakimiyyətinin və Dağlıq Qarabağdakı separatçı rejimin bəşəriyyətə qarşı tutduğu mövqe nəticəsində bu gün işğal edilmiş ərazilər həm narkotik vasitələrin yetişdirilməsi üçün, həm də terrorçu qüvvələrin təlim bazası kimi tanınır. Bununla əlaqədar Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara müraciətində həyəcan siqnalı qaldırıb. Ölkəmiz dəfələrlə dünya birliyinin diqqətinə çatdırıb ki, Azərbaycanın işğal altındakı ərazilərinin dərhal işğaldan azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə icra edilməzsə, regionda daha böyük problemlər meydana gələ bilər, zəbt edilmiş ərazilərdə formalaşan “boz zona”dan irəli gələn beynəlxalq miqyaslı təhdidlər bir çox inkişaf etmiş Qərb dövlətləri üçün təhlükə mənbəyinə çevrilər. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatın nəticələri də dediklərimizi bir daha təsdiqləyir.
Sərraf BALAXAN,
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisinin rəhbəri:
– Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi son əməliyyat tədbirləri Azərbaycan Respublikası Prezidentinin dəfələrlə yüksək tribunalardan səsləndirdiyi fikri - Ermənistanın işğal etdiyi tarixi torpaqlarımızda narkotik vasitələr yetişdirdiyini və tranzitini həyata keçirdiyini bir daha təsdiqlədi. Azərbaycan Prezidenti bu problemi dəfələrlə gündəmə gətirərək dünyanın diqqətini təkcə Dağlıq Qarabağ probleminə deyil, həm də nəzarətsiz ərazilərdən bütün dünyaya yayılan “Ağ ölüm” təhlükəsinə cəlb etmişdir.
Hazırda Ermənistan işğal altındakı torpaqları gec-tez geri qaytaracağı həqiqətini dərk etməyə başlamışdır. Ona görə də Dağlıq Qarabağ məsələsini bilərəkdən uzadan Ermənistan hakimiyyəti fürsətdən istifadə edib münbit torpaqlardan və nəzarətsizlikdən yararlanmaq istəyir. Bu gün nəinki Qarabağda, heç Ermənistanın özündə belə yaşamaq istəməyən ermənilər hazırkı hakimiyyətə heç bir şans yeri qoymamışlar. Onların ölkədən, həmçinin Qarabağdan qaçması adi hal almışdır.
Azərbaycan dövləti Ermənistanın terrorçu, cinayətkar, narkotik vasitələr və silah biznesi ilə məşğul olan bir ölkə olduğuna dair yetərincə dəlil-sübuta malikdir. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat nəticəsində ələ keçirilən İran vətəndaşının etirafına diqqət edin: “...həmin narkotik vasitələrin İran ərazisində də əkilməsinə baxmayaraq, müştərilər əsasən Qarabağda yetişdirilmiş daha keyfiyyətli marixuanaya üstünlük verir.” Bu, bir azərbaycanlı kimi məni çox sarsıdır. Çünki bir zamanlar dünyaya nadir mədəniyyət və insansevərlik nümayiş etdirən Qarabağ indi “keyfiyyətli narkotik” təklif edir. Bu bərəkətli ərazilər qlobal təhlükə mənbəyinə çevrilmişdir. Dünya bundan xilas olmaq naminə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqq işinə dəstək olmalıdır. Düşünürəm ki, dünya dövlətlərinin, beynəlxalq təşkilatların başqa seçimi qalmayıb.
Hatəm CABBARLI, siyasi elmlər doktoru:
– Bir neçə gün bundan əvvəl Milli Təhlükəsizlik Nazirliyi İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq Azərbaycana narkotik vasitələr gətirən bir qrupu zərərsizləşdirib. Onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. İlkin istintaq zamanı məlum olub ki, həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi, emal edilməsi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında təşkil edilmiş və İran üzərindən Azərbaycana gətirilibmiş. İrandan qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən narkotik malların dövriyyəsində son zamanlarda artım müşahidə edilməkdədir. İrandan Azərbaycana gətirilən narkotik vasitələrin bir qismi Rusiyaya, Orta Asiyaya və ordan da Avropa dövlətlərinə göndərilir. İrandan Azərbaycan üzərindən keçirilən narkotik maddələrin dövriyyəsində cinayətkar qruplaşmalarla bərabər, həm də İranın xüsusi xidmət orqanlarının əlinin olduğu ehtimalı hər zaman var. Bu təcrübədən demək olar ki, bir çox ölkələrin xüsusi təhlükəsizlik idarələri illərdən bəri istifadə edir.
Bu ilk və son hadisə olmayacaq təbii ki. Son illərdə beynəlxalq narkotacirlərin Dağlıq Qarabağ üzərindən narkotik vasitələrin daşınmasında fəallığı xeyli artıb. Diqqəti çəkən digər məqam ondan ibarətdir ki, həmin narkotik vasitələrin xammalı da birbaşa Azərbaycanın işğal altındakı ərazilərində becərilir. Bu məsələ barədə Azərbaycan rəsmilərinin beynəlxalq ictimaiyyətə verdikləri bəyanatlar diqqətə alınmalıdır. Ermənistanın işğal altında olan ərazilərdə silah, narkotik vasitələrin qaçaqmalçılığı, terror qruplarının təlim gördüyü haqqında Azərbaycan dəfələrlə bəyanatlar verərək dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək istəmişdir. Son illərdə beynəlxalq terrorizmə qarşı yeni cəbhə açan Qərb dünyası Azərbaycanın bu bəyanatlarını diqqətə alaraq, Ermənistanın işğalı altında olan ərazilərə nəzarət edilməsi, terrorun, silah və narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması mexanizminin hazırlanması üçün Azərbaycan ilə əməkdaşlıqda maraqlı olmalıdır. Bildiyimiz kimi, qanunsuz silah ticarətinin əsas maliyyə mənbəyi qanunsuz narkotik vasitələrin satışıdır. Qanunsuz silah ticarətinin qarşısının alınması üçün maliyyə mənbələrinin, yəni qanunsuz narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması vacibdir.
Söhbəti qələmə aldı: Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.