Çex Respublikasının Prezidenti Miloş Zeman: Azərbaycan strateji müttəfiqdir

 

Çex Respublikasının Prezidenti Miloş Zeman AzərTAc-a məxsusi müsahibə vermişdir. Azərbaycan-Çexiya münasibətlərindən danışılan müsahibəni təqdim edirik:

– Cənab Prezident, Çexiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

– Biznesə meyilli insan olduğum üçün həmişə Çex Respublikasının qarşılıqlı əlaqələrinin ticarət aspektlərinə xüsusi diqqət yetirmişəm. Bu baxımdan Çexiyanın ticarət tərəfdaşları arasında Azərbaycan böyük potensiala malikdir. İllik 1,7 milyard ABŞ dolları məbləğində ticarət dövriyyəsi Azərbaycanı dövlətimizin ixrac strategiyasında bəyan edildiyi kimi, Çex Respublikası üçün yüksək ixraca malik maraqlı ölkəyə çevirmişdir. Artıq çoxsaylı ikitərəfli layihələr həyata keçirilmişdir və bundan çoxu üzərində isə müzakirələr aparılır.

– Çexiyanın xarici işlər naziri Karel Şvartsenberqin, istər Azərbaycanda guya demokratiya çatışmazlığı, istərsə də yaxın keçmişdə tariximiz, xüsusilə Xocalı faciəsi barədə söylədiyi fikirlər Azərbaycanda ictimaiyyətin, həmçinin ölkə rəhbərliyinin təəccüb və narazılığına səbəb olmuşdur. Sizin bu məsələyə münasibətiniz necədir?

– Xarici işlər naziri Karel Şvartsenberqin, mənim fikrimə görə yersiz son bəyanatlarından xəbərdaram. Bununla belə, inanıram ki, bu, Çexiya-Azərbaycan əlaqələrinə heç bir xələl gətirməyəcəkdir. Əks halda bu, çox böyük təəssüf doğuracaqdır. Paytaxtlarımızda ölkələrimizin səfirlikləri açılandan sonra münasibətlərimizin inkişafı üçün çox iş görülmüşdür. Azərbaycan dünyanın bu dəyişkən hissəsində daha çox ehtiyac duyulan strateji müttəfiqdir. Onu da qeyd edim ki, Azərbaycan yaxın gələcəkdə xarici işlər naziri ilə danışıqlarımda müzakirə ediləcək mövzulardan biri olacaqdır.

– Çexiya-Azərbaycan münasibətlərinin perspektivlərini necə görürsünüz?

– Olduqca parlaq. Azərbaycan hazırda iqtisadiyyatı yüksək inkişaf edən ölkədir. Əminəm ki, biz ikitərəfli münasibətlər, həmçinin Avropa məsələləri, xüsusilə “Şərq tərəfdaşlığı” sahəsində işləyə bilərik və bu, qarşılıqlı faydalı nəticələr verəcəkdir. 2008-ci ildən sonra, xüsusən də Prezident İlham Əliyevin keçən il Çexiyaya dövlət səfərinin nəticəsində yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi artmışdır. Buna əsaslanaraq emal sənayesi, infrastruktur, tibbi avadanlıq və müdafiə sənayesi sahələrində əməkdaşlığımızı dərinləşdirmək istərdim.

2010-cu ildə Praqada Azərbaycan səfirliyi fəaliyyətə başlayandan sonra Çexiya-Azərbaycan ticarət dövriyyəsi artaraq təkcə keçən il təxminən 200 milyon çex kronundan, 35 milyard çex kronuna çatmışdır. Bu, mənim dəstəkləmək istədiyim meyildir.

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Praqa


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında