Vətəndaş müraciətlərinə baxılmasında əsas meyar ədalət prinsipidir

 

 

 

 

Dövlətimizin başçısı İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında, fevralın 12-də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda, həmçinin 2013-cü il aprelin 14-də keçirilən, bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda vətəndaşları narahat edən problemlərə xüsusi diqqət yetirmiş, bəzi mənfi hallar barədə daha təsirli tədbirlər görülməsini tələb etmişdir. Bu, ictimaiyyət tərəfindən çox yaxşı qarşılanmış və vətəndaşların dövlət qurumlarına daxil olan müraciətlərində də öz əksini tapmışdır.

AzərTAc Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovdan respublikada vətəndaşların müraciətlərinə baxılması vəziyyəti barədə ətraflı məlumat verməsini xahiş etmişdir. S.İsmayılov demişdir:

- İli ilindən, günü günündən uğurlu başlayan Azərbaycanın iqtisadi və sosial sahələrdə qazandığı nailiyyətlərin, uğurların miqyası durmadan genişlənir. Ölkənin iqtisadi və müdafiə qüdrəti, elmi-texniki inkişafı, bütün sahələrdə tərəqqisi onu regionun öncül dövlətləri sırasına çıxarmışdır. Ötən ili yeni yüksəliş pillələrində başa vuran respublikamız artıq bu ilin, demək olar, beş ayını arxada qoymuş, qısa müddət ərzində Azərbaycanın tarixinə maraqlı və yaddaqalan səhifələr yaza bilmişdir. Azərbaycan kosmik dövlətlər sırasına daxil olmuş, region ölkələri arasında birinci olaraq öz telekommunikasiya peykini kosmosa çıxarmış, artıq onu müstəqil idarə etməyə, həmçinin növbəti yeni peyklərin hazırlanması üçün sifariş verməyə başlamışdır. Azərbaycanda ən müasir texnologiyaların tətbiq olunduğu sənaye sahələrinin yaradılması, yeni müəssisələrin işə salınması davam edir.

Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən böyük quruculuq işləri vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların qayğı və problemlərinin həllinə, cəmiyyətdə mənfi halların kökünün kəsilməsinə, vətəndaşların gündəlik tələblərinin yerinə yetirilməsinə şərait yaradır. Eyni zamanda, dövlət orqanlarında və idarələrində vətəndaş müraciətlərinə daha diqqətlə yanaşılması, dövlət məmurlarının onlara qayğısının artırılması, hər bir vətəndaşın dövlətin və cəmiyyətin mövcud imkanlarından daha yaxşı bəhrələnməsi təmin edilir.

Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, Azərbaycan vətəndaşları dövlətimizin başçısının yeritdiyi iqtisadi və sosial siyasəti ürəkdən bəyənir, insanlara qayğı göstərilməsi ilə bağlı dövlət məmurları qarşısında qoyduğu ciddi tələbləri tam dəstəkləyirlər. 

Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Azərbaycanda iqtisadi islahatlar uğurla aparılır, davam etdirilir. İslahatlar artıq gözəl nəticələrə gətirib çıxarır və bu baxımdan 2013-cü il də keçən illərdən fərqlənmir... biz 2013-cü ildə keyfiyyətcə daha böyük nəticələr görəcəyik”. Təbiidir ki, bu nəticələr, ilk növbədə, əhalinin güzəranında özünü göstərəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev özünün müəyyən etdiyi sosial siyasətin ardıcıl həyata keçirilməsinə həmişə böyük diqqət yetirmiş və yetirir. Prezidentin qeyd etdiyi kimi, bu il də maaşların, pensiyaların artırılması, müxtəlif sosial proqramların icrası, sosial infrastrukturun yaradılması, bütün bölgələrdə səhiyyə və təhsil müəssisələrinin, digər sosial obyektlərin tikintisi davam etdiriləcəkdir.

P rezident İlham Əliyev bütün çıxışlarında Azərbaycan dövlətinin yeritdiyi siyasətin mahiyyətindən bəhs edərkən onun mərkəzində insan amilinin, Azərbaycan vətəndaşının dayandığını böyük qürur hissi ilə qeyd edir, bunu respublikanın hər yerində həyata keçirilən geniş infrastruktur layihələri ilə və bilavasitə əhalinin sosial təminatının, maddi vəziyyətinin yaxşılaşdırılması üçün gördüyü tədbirlərlə təsdiq edir.

Azərbaycanın müstəqillik illərində, xüsusilə son 10 ildə qazandığı nailiyyətlər artıq dünyanın aparıcı ölkələrində belə heyrət doğurur və bu, ilk növbədə İlham Əliyev fenomeni ilə, onun yeni düşüncə tərzinə malik rəhbər olması ilə əlaqələndirilir. Bu baxımdan 2013-cü ilin aprelində Böyük Britaniyanın “The Buisness Year” jurnalının Prezident İlham Əliyevdən aldığı və öz səhifələrində geniş yer verdiyi müsahibədə göstərilən faktlar və rəqəmlər ibrətamizdir. Həmin müsahibədə son 10 ildə ölkəmizdə gedən böyük quruculuq işlərindən, tikilən yüzlərlə təhsil, mədəniyyət, idman qurğularından, qaçqın və məcburi köçkünlər üçün salınan onlarla müasir şəhərcikdən, əhalinin güzəranını yaxşılaşdırmaq üçün görülən tədbirlərdən, o cümlədən sovet dövründən qalan əmanətlərin qaytarılmasından, həmçinin yaxın dövrdə görüləcək böyük işlərdən söz açılır.

Ölkə rəhbərinin qeyd etdiyi kimi, respublikanın əsas inkişaf istiqamətlərindən biri də ən müasir avadanlıq və texnologiyaları gətirməklə, dünyanın inkişaf etmiş ölkələrində bütün sahələrdə mövcud olan müsbət təcrübədən istifadə etməklə Azərbaycanı sözün həqiqi mənasında ən müasir dövlətə çevirməkdir.

Bu baxımdan dövlətimizin başçısının məqsəd və vəzifələri hamıya aydındır və özü dəfələrlə bunu açıq şəkildə bildirmişdir. Azərbaycan Prezidenti dünyanın qabaqcıl təcrübəsinin bütün sahələrdə tətbiqini mühüm vəzifə kimi qarşıya qoyur, bunu hamıdan qətiyyətlə tələb edir, iqtisadi münasibətlərin inkişaf etdirilməsini, idarəetmədə müasir ödəmə sistemlərinin tətbiqini, vətəndaşların öz gündəlik problemlərini maneəsiz həll etməsini, onların dövlət orqanlarında bürokratiya və süründürməçilik halları ilə üzləşməməsini, cəmiyyətdəki mənfi halların aradan qaldırılmasını idarəetmənin vacib şərti hesab edir.

Ölkənin rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən cəmiyyətdə saflığın, təmizliyin və şəffaflığın təntənəsinə çalışan Prezident İlham Əliyev bu işdə bilavasitə vətəndaşların problemləri ilə əlaqədar olan, onlarla gündəlik ünsiyyətdə olan dövlət məmurlarının qarşısında ciddi vəzifələr qoyur və qəti surətdə tələb edir: “...dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər... Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və Vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır”.

Azərbaycan vətəndaşları gündəlik həyatda qarşılaşdıqları hər bir problemin həllində dövlət orqanlarının qayğı və diqqətindən bəhrələnir, onlar üçün yaradılmış həyat şəraitinin kifayət qədər yüksək olduğunu görür və hiss edirlər.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının, dərindən düşünülərək hazırlanmış çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Azərbaycanda əhalinin həyat şəraiti, gəlirləri xeyli yüksəlmişdir. İnsan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında Azərbaycanın birinci yerə layiq görülməsi, “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna keçməsi uğurlu sosial-iqtisadi siyasətin göstəricisidir. BMT yanında İnkişaf və Artım Komissiyası son məruzəsində qeyd etmişdir ki, 1950-ci ildən sonra belə sürətli inkişafa 13 ölkə nail olub. Bu, Azərbaycanın böyük uğurudur. 2012-ci ilin sonunda Avropa İttifaqının maliyyələşdirdiyi “Avropa Qonşuluq Barometri” sorğusunda bildirilir ki, 1000 respondentdən 92 faizi Azərbaycan hökumətinə inanır.

Bu gün hər bir Azərbaycan vətəndaşı Azərbaycan Konstitusiyasında təsbit olunmuş hüquqlarından istifadə edə və yaşadığı kəndin, rayonun, şəhərin problemlərini müvafiq dövlət orqanları qarşısında qaldıra bilir.

Hər gün Prezident Administrasiyasına vətəndaşlardan daxil olan müraciətlərdə qaldırılan məsələlərin həlli üçün müvafiq qanunvericiliyə uyğun olaraq müxtəlif araşdırma, nəzarət və təhlil formalarından istifadə olunur, vətəndaşların Prezident Administrasiyasında keçirilən şəxsi qəbullarında onları narahat edən problemlərin operativ həlli üçün əlaqədar dövlət orqanları və təşkilatlar qarşısında məsələ qaldırılır. Bu işdə müraciətlərə nəzarətlə baxılması və belə müraciətlərlə əlaqədar görülən tədbirlər xüsusi qeyd olunmalıdır.

Prezident Administrasiyasında bilavasitə nəzarət qaydasında baxılmış müraciətlərin sayı bu il daha da artmış, onların bir çoxu müsbət həll olunmuş, qalanları barədə müvafiq izahat verilmiş, qaldırılan bir sıra məsələlərin həlli növbəti illərin inkişaf planlarına salınmışdır. Məhz vətəndaşların əsaslı müraciətlərinin araşdırılması nəticəsində təkcə bu ilin əvvəlindən ayrı-ayrı vəzifəli şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilmiş, bəziləri işdən kənarlaşdırılmışdır.

Azərbaycan vətəndaşlarının Prezident Administrasiyasına göndərdikləri müraciətlərin ərizə, şikayət və təklif olmasından asılı olmayaraq onların hamısını birləşdirən  bir fikir var ki, bu, bütün müraciətlərin içərisindən qırmızı xətt kimi keçir: “Mən Prezidentə çox inanıram və onun siyasətini dəstəkləyirəm”. Bunu əks etdirən yüzlərlə nümunə göstərmək olar.

Vətəndaşlar Prezident Administrasiyasına göndərdikləri çoxsaylı müraciətlərində onların problemlərinin həll olunmasına, göstərilən qayğı və diqqətə görə minnətdarlıq hisslərini ifadə etməyi özlərinə borc bilirlər. Təkcə bu ilin əvvəlindən bilavasitə problemlərinin həlli ilə əlaqədar vətəndaşlardan yüzlərlə təşəkkür məktubu daxil olmuşdur. Vətəndaşlarımız bu müraciətlərində respublikanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirirlər.

Prezident Administrasiyasına müraciət edən hər bir Azərbaycan vətəndaşı çox gözəl bilir ki, burada hər bir müraciət diqqətlə araşdırılır, qaldırılan problemlərin həlli üçün tədbirlər görülür. Eyni zamanda, müraciətlərə baxılmasının yaxşılaşdırılması üçün lazımi yeniliklər həyata keçirilir.

İndi elə bir dövr gəlib çatmışdır ki, dövlət strukturları ilə əhali arasında əlaqələr get-gedə sadələşir, bu işdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı böyük rol oynayır. Əhalinin böyük əksəriyyətinin müasir kommunikasiya vasitələrindən, o cümlədən internetdən istifadəsinin adi hal aldığı indiki şəraitdə hakimiyyətlə vətəndaşların qarşılıqlı münasibətlərinin sadələşdirilməsi davam etdirilir. Artıq öz telekommunikasiya peykinə sahib olan Azərbaycan bu istiqamətdə işləri daha da sürətləndirir və bütün dünyanı bürüyən internet şəbəkəsi sistemində hakimiyyətin xalqla interaktiv qarşılıqlı əlaqələrini inkişaf etdirir.

Vətəndaşlarla əlaqələrin təkmilləşdirilməsi üçün tətbiq olunan yeniliklərdən bəzilərini qeyd etmək yerinə düşərdi. Keçən ilin sonlarından başlayaraq hazırlanıb tətbiq edilmiş yeni proqram əsasında Azərbaycanda vətəndaşların elektron qəbula yazılması təmin edilmişdir. Artıq vətəndaşlar Bakıya gəlmədən Prezident Administrasiyasının struktur bölmələri rəhbərlərinin qəbuluna yazıla bilirlər. Bunun üçün onlar yaşadıqları şəhər və rayondan Prezidentin rəsmi saytı vasitəsilə istədikləri vəzifəli şəxsin qəbuluna yazılır və təsdiq edilmiş cədvələ uyğun olaraq qəbula gəlirlər. Bu ilin əvvəlindən yüzlərlə vətəndaş məhz elektron formada qəbula yazılmaq üçün müraciət etmiş, bir çoxu qəbula yazılmış, yaxud kimə və haraya müraciət etməli olduqları barədə onlara elektron izahat verilmişdir. Eyni zamanda, Prezidentin rəsmi saytının “Vətəndaşların müraciətləri” xanası müntəzəm olaraq təkmilləşdirilir, bu barədə vətəndaşlara vaxtaşırı məlumatlar verilir. Vətəndaşların sayt vasitəsilə müraciət etməsi üçün imkanların genişləndirilməsi sahəsində müntəzəm iş aparılır. Bunu da xüsusi qeyd etmək lazımdır ki, artıq bir sıra mərkəzi icra hakimiyyəti orqanları vətəndaşların birbaşa videoqəbulunu təşkil etməkdədirlər.

Prezident Administrasiyasında əvvəlki illərdə olduğu kimi, bu il də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılması vəziyyəti barədə məlumatlar hərtərəfli təhlil edilir, bu məsələyə harada və nə dərəcədə məsuliyyətlə yanaşıldığı, yaxud diqqətsizlik göstərildiyi öyrənilir, təhlillər nəticəsində əldə olunmuş məlumatlar əsasında müvafiq tövsiyə və təkliflər verilir, görüləcək tədbirlər dəqiqləşdirilir.

2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin əvvəlindən indiyədək Prezident Administrasiyasına daxil olan müraciətlərin mövzular üzrə təhlili göstərir ki, ayrı-ayrı mövzular, o cümlədən dövlət qulluğuna qəbul, mənzil, tikinti, məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyəti, ipoteka kreditlərinin verilməsi ilə bağlı müraciətlərin sayı artsa da, şəhər və rayon icra hakimiyyətlərinin, o cümlədən onların nümayəndələrinin fəaliyyəti, özəlləşdirmə, ekologiya, sosial müdafiə, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər, məişət və su təchizatı məsələləri üzrə müraciətlərin sayı azalmışdır. Vətəndaşların qəbulu ilə bağlı müraciətlərdə qəbulların bəzən birinci şəxslərin özlərinin aparmadığı, ayrı-ayrı idarələrdə müraciətlərə vaxtında cavab verilmədiyi, qəbul zamanı verilmiş vədlərin heç də həmişə yerinə yetirilmədiyi göstərilir və belə halların aradan qaldırılması xahiş edilir.  Müraciətlərin növlərinə gəldikdə isə qeyd etməliyik ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə şikayətlərin faiz nisbəti azalmışdır.

Vətəndaşların problemlərinin daha yaxından öyrənilməsi və bilavasitə yerlərdə müvafiq tədbirlər görülməsi məqsədilə Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikanın mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları rəhbərlərinin yerlərdə səyyar qəbullar keçirmələri vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır və Prezident tərəfindən vətəndaşlara göstərilən birbaşa qayğı və diqqət kimi qiymətləndirilir.

Təkcə aprel ayında respublikanın 20 mərkəzi icra hakimiyyəti orqanının rəhbərləri tərəfindən müxtəlif regionlarda 60 şəhər və rayonu əhatə edən qəbullarda 2 min nəfərə yaxın vətəndaş qəbul edilmiş, onların qaldırdıqları məsələlərin əksəriyyəti nəzarətə götürülmüş, əsaslı müraciətlər müsbət həll olunmuş, qalanları barədə isə lazımi tədbirlər görülür. Bu qəbulların əsas məqsədi yerlərdə əhali ilə birbaşa ünsiyyət yaradılması, real vəziyyətin öyrənilməsi və mümkün olan hər bir məsələnin operativ həll edilməsidir.

Hər bir qəbulda vətəndaşların diqqət və qayğı ilə dinlənilməsi, problemlərin nə dərəcədə əsaslı olub-olmadığının öyrənilməsi, həlli mümkün olan məsələlər barədə dərhal lazımi göstərişlər verilməsi artıq qaydaya çevrilmiş və bu iş ardıcıl olaraq davam etdirilir. Belə qəbullar hər bir rayon və şəhər icra hakimiyyətinin başçısı, həmçinin mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarının rəhbərləri tərəfindən müntəzəm olaraq bundan sonra da keçiriləcək, ölkə əhalisini narahat edən məsələlər öz həllini  tapacaqdır.

Azərbaycan dövlətinin başçısı İlham Əliyevin şəhər və rayonlarımızda aparılan böyük quruculuq işləri ilə yerində tanış olmaq, həmçinin insanlarla görüşmək üçün regionlara səfərləri, yeni istifadəyə verilən müxtəlif obyektlərin açılışında iştirak etməsi, bu işlərin daha sürətlə aparılması üçün əlavə vəsait ayırması bu il də davam etmiş, Prezidentin 36 sərəncamı ilə onun ehtiyat fondundan və dövlət büdcəsindən 146 milyon manatdan artıq vəsait ayırmışdır. Təkcə Mingəçevir şəhəri ilə əlaqədar 4 sərəncam verilmişdir ki, bu da şəhər sakinlərinin çoxsaylı minnətdarlıq məktublarında öz əksini tapmışdır.

A zərbaycan Respublikasının Prezidenti İlham Əliyev mütəmadi olaraq vətəndaşların rəy və təkliflərini özü də öyrənir, ilk növbədə, bütün məsələlərdə ədalətli qərarlar qəbul olunmasını ön plana çəkir. Azərbaycan Prezidenti bu il aprelin 14-də keçirilmiş iclasda bildirmişdir: “Cəmiyyətdə sosial ədalət prinsipləri tam şəkildə tətbiq edilməlidir. Bunu bizim əsas Qanunumuz - Konstitusiya tələb edir və ümumi normal davranış elə olmalıdır ki, sosial ədalət prinsipləri pozulmasın. Çünki deyə bilərəm ki, insanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar. Əgər qərar ədalətsizdirsə, əgər belə demək mümkündürsə, bundan böyük ədalətsizlik ola bilməz”.

Azərbaycan Prezidenti həmin iclasda respublikada bu il görüləcək mühüm işlər sırasında bilavasitə əhalini daha çox düşündürən və narahat edən məsələlərin də həll olunacağını inamla bildirmişdir. Bunlardan ən başlıcası şəhər və kəndlərimizin, xüsusilə Bakı şəhərinin qazla təchizatının daha da yaxşılaşdırılması, Bakıətrafı qəsəbələrin inkişaf proqramının başa çatdırılması, kənd yollarının, qəsəbədaxili və qəsəbələrarası yolların tikintisinə diqqət yetirilməsi, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə daha çox vəsait ayrılması, əhalinin rahatlığı üçün “ASAN xidmət” qurumunun fəaliyyətinin genişləndirilməsi, bu sahədə səyyar xidmətlər təşkil edilməklə respublikanın daha geniş ərazisinin əhatə olunması, kənd təsərrüfatının inkişafının sürətləndirilməsi, bununla da ölkənin etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığını yaxşılaşdırmaq məqsədilə yeni idman obyektlərinin tikilib istifadəyə verilməsi, turizm və kurort işinin inkişafının təmin edilməsi və sair vəzifələrdir.

Ümidvarıq ki, bu vəzifələr hər bir dövlət hakimiyyəti orqanı tərəfindən ardıcıl yerinə yetiriləcək, o cümlədən vətəndaşların problemləri daha dərindən öyrənilərək həll ediləcək, çoxsaylı məmur ordusu vətəndaşlara daha çox diqqət və qayğı göstərəcəkdir.  

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında