BASELWORLD CƏVAHİRATLARI - tezliklə Bakıda!

 

 

 

 

 

 

Dünyada saatsazlıq və zərgərlik sənayesinin ən əhəmiyyətli və çox güman, ən geniş miqyaslı tədbirlərindən sayılan BaselWorld sərgi-yarmarkası artıq neçə ildir ki, İsveçrənin Bazel şəhərində keçirilir. Hər ilin baharında tanınmış saat və zinət əşyaları istehsalçıları, onların gerçək və gələcək tərəfdaşları, həmçinin zərgərlik və saatsazlıq sənətinin çoxsaylı xiridarları bura yığışır. 2013-cü ildəki sərgidə 1450 eksponat nümayiş etdirilib, yüz ölkədən təşrif buyurmuş qonaqların sayı isə 120 min nəfəri keçib: bu qədər insan dəbdəbə mühitindən həzz alaraq 141 min kvadratmetrdən artıq ərazidə yerləşmiş sayı bilinməyən  stendlərdəki zəngin eksponatlarla, incə çeşidlərlə tanış ola biliblər!

  Artıq uzun müddətdir ki, lüks seqmentinin ən nəhəng dünya brendlərinin iti nəzərlərini özünə cəlb edən Azərbaycan da Bazeldə təmsil olunur.

- İşləriniz necədir? Biznesinizdə nə yenilik?

- Sualınıza müsbət cavab alacağınıza ümid bəslənilir və mən də öz cavabımla sizi məyus etməyəcəyəm. İşlərimiz pis getmir, üstəlik, məşğul olduğumuz biznes yetərincə yüksək inkişaf göstəriciləri nümayiş etdirir. Biz yeni-yeni satış yerləri açır, öz çoxbrendli butiklərimizin çeşidlərini  zənginləşdirir və eyni zamanda, multibrend salonlarda təmsil olunan tərəfdaşlarımızın sayını artırırıq. Azərbaycan iqtisadiyyatının dinamik inkişafı - ümumiyyətlə, bizim zəmanəmizin ən mühüm əlamətlərindən biridir və “İtaldizain” şirkəti milli lüks industriyasının (sənayesinin) bayraqdarlarından biri kimi ölkənin addımladığı tempə uyğunlaşmaqdan ötrü hər şeyi edir.

– Sizin şirkətiniz üçün

BaselWorld sərgisinin əhəmiyyəti nədədir?

– Bizim şirkətimiz təkcə Azərbaycanda deyil, ümumiyyətlə, Cənubi Qafqazda lüks industriyasının ən nəhəng riteylerlərindən biridir. Bizim biznesin ən mühüm istiqamətlərindən biri top saat və zərgərlik brendləri olduğundan, məlum məsələdir ki, biz hər il Bazelə gəlirik. Bizim üçün BaselWorld sərgisini müntəzəm ziyarət etmək son dərəcə vacibdir - bu, zərgərlik və saatsazlıq yeniliklərini hamıdan əvvəl öyrənməkdir. Bizim müştərilərimiz çox tələbkardırlar, onlar zərgərlik və saatsazlıq kimi zərif sənətləri çox yaxşı bilir və biz də onların yüksək tələblərinə müvafiq cavab vermək üçün fəaliyyət göstərməliyik.

- Sizin fikrinizcə, Azərbaycanın saat və zərgərlik bazarı dünyanın digər analoji bazarlarından nə ilə fərqlənir?

- Bizim fərqlərimiz daha çox tarixən formalaşıb. Bildiyiniz kimi, Azərbaycan sürətlə inkişaf etməkdə olan gənc müstəqil dövlətdir. XXI əsrin əvvəlində Azərbaycan öz regionunda və bütün keçmiş postsovet məkanında iqtisadiyyatın inkişafına görə birinci yerə çıxıb. Üstəlik, Azərbaycan regionda və onun hüdudlarından kənarda nəhəng yatırımlar edən sərmayəçi dövlətə çevrilib. Həm iqtisadçı ekspertlər, həm də Azərbaycana yolu düşən xarici vətəndaşlar göz qarşısında olan inkişafımızın sürətinə heyrətlənməyə bilmirlər. Şübhəsiz ki, ümumi inkişaf lüks industriyasına da, dəbdəbə bazarına da aiddir. Bakıda təmsilçiliyini açan ən məşhur dünya brendlərinin sayı gündən-günə artır, paytaxtda məşhur saat və zərgərlik markalarının adları həkk edilmiş lövhələrin sayı getdikcə çoxalır. Elə bizim ən böyük fərqimiz - inkişafın tempi və Bakının dünyanın paytaxtları cərgəsində irəliləmə sürətidir.

- BaselWorld sərgisində neçə dəfə olmusunuz?

- Şübhəsiz ki, BaselWorld sərgi-yarmarkası biznesin inkişafından ötrü çox faydalıdır. Amma bu sərgi həm də yaxşı saat və gözəl zərgərlik əşyalarının bütün pərəstişkarları üçün dünya miqyaslı heyrətamiz hadisə kimi də maraqlıdır. Dünyanın heç bir yerində bütün sahələri bütövlükdə bu qədər dolğun təmsil edəcək lüks məhsulların rəngarəngliyini görmək qeyri-mümkündür. Mən 2003-cü ildən bəri müntəzəm surətdə Bazeldə oluram, hər dəfə də məxsusi “Bazel energetikasından” enerji alıram.

– Bu dəfəki sərgi sizdə xüsusi bir təəssürat oyatdımı?

  – 2013-cü ilin sərgisi mənə xüsusilə sanballı təsir bağışladı və yeni, birləşmiş pavilyon xeyli iri və səmərəlidir. Burada iki və hətta üçmərtəbəli stendlər də quraşdırmaq mümkün olmuşdu. Belə bir mənzərə xoş təəssürat oyadır! Ümumiyyətlə, BaselWorld sərgisinin nə qədər dəyişdiyi göz qabağındadır. Mühüm maliyyə axını vardır, təşkilatçıların yorulmaz və çox kreativ işi də məlumdur.

– Hansı saatlar sizin diqqətinizi çəkdi?

– Ulysse Nardin markası sərgidə məhdud sayda “Strangers in the Night” melodiyasını çalan Stranger saatını, həmçinin Skeleton Tourbillon modelini təqdim etdi.

***

Ulysse Nardin markasından Skeleton Tourbillon qol saatı  - manufaktura skeleton mexanizminə malik  ilk  modeldir. Orijinal yenilik əl ilə qurulan, manufaktura istehsalı sayılan Ulysse Nardin UN170 skeleton kalibrinin bazasında yığılıb.  Bütün siferblat skeletonlaşdırılıb, qara rum rəqəmləri və saat göstəriciləri saatın flanesində (yumru dairəsində) yerləşdirilib. Mexanizm 23 daşdan yığılıb, saat 18 000 yarımrəqs tezliyi ilə təchiz edilib, 170 saat gediş  ehtiyatı var. Ulysse Nardin markasından Skeleton Tourbillon saatının buraxılışı məhduddur: 18 karatlıq çəhrayı qızıl korpusda 99 nüsxə və platində 99 nüsxə.

***

Ulysse Nardin markasından  Stranger -  ştift mütəkkəli saat- musiqili mücrüdür. Saat “Strangers in the Night” melodiyasını  hansı düymənin basılmağından asılı olaraq,  ya hər saatın tamamında, ya da sahibi istəyən zaman çalır. Bu saatın da cəmi 99 nüsxəsi düzəldiləcək.

***

Blancpain markasının Le Brassus Tourbillon Carrousel modelini də xüsusi qeyd etmək istərdim. Saatsazlıq tarixində ilk dəfə olaraq, bu modeldə turbiyon və karusel kimi iki mürəkkəb qurğudan istifadə edilir.

***

Turbiyon və karusel cazibə qüvvəsinin saat mexanizminin işinə təsirini kompensasiya etmək  üçün nəzərdə tutulmuş iki əsas qurğudur. Saatsazlıq tarixində ilk dəfə Blancpain Le Brassus Tourbillon Carrousel saatında  bu iki mürəkkəb qurğudan eyni vaxtda istifadə edilib. Le Brassüdəki saat manufakturası turbiyon və karuseli, mürəkkəb saat markası üçün iki rəmzi bir modeldə  birləşdirərək, onu “süzən” turbiyon (“12 saat” vəziyyətində), “süzən” karusel (“6 saat” vəziyyətində) və tarix indikatoru (“3 saat” vəziyyətində) ilə təchiz edərək,  əsl texniki sıçrayışa imza atıb.

***

Hələlik Bakıda az tanınan  “Bell&Ross”  markası isə hava sürətini ölçənə bənzəyən saatı buraxmaqla, özünün BR-01 aviation xəttini davam etdirib. Bu model aviasiya pərəstişkarlarının ürəyincə olacaq!

***

2013-cü ildə “Bell&Ross” markası ötən il götürdüyü kursu davam etdirir. O zaman “Bell&Ross” öz dizaynı ilə görkəmcə aviasiya cihazlarını: altimetr, üfüq xətti indikatoru və koordinatorunu xatırladan model seriyasını buraxmışdı. Bu dəfə növbə cihaz panelinin daha üç alətinə: hava sürəti ölçəninə, şaquli sürət indikatoru və istiqamət indikatoruna yetişib. Bu modellərin hər biri 999 nüsxə buraxılıb.

***

Əgər cihazlardan danışırıqsa, yüksəkliyi ölçən və hava proqnozu verən “Breva Genie 01” kimi heyrətamiz saatı xatırlatmamaq olmaz.

- Zərgərlik brendlərindəki yeniliklər barədə fikrinizi bilmək olarmı?

– Şübhəsiz ki, bütün brendlər BaselWorld üçün möhtəşəm kolleksiyalar hazırlamışdılar.Bakılıların çox sevdiyi brendləridən olan Chopard “For You” yüksək zərgərlik kolleksiyasını təqdim etdi.

Hər şeydən çox öz tarixi pasxa bayramı yumurtaları ilə məşhur olan əfsanəvi Faberge firmasının bənzərsiz La Esmeralda sinəbəndini xatırlamaya bilmərəm. Fransanın Messika zərgərlik evinin yeni kolleksiyaları da çox gözəl idi, de Grisogono isə yeni  Sugar saat kolleksiyasında qadınların biganə qala bilmədiyi iki məqamı - şirniyyatı və zərgərlik bəzəklərini birləşdirib.

 - BaselWorld - yüzlərlə stend deməkdir. Bəs bütün qeyri-adi stendlər arasında fərqlənən hansısa stend vardımı?

- Heç şübhəsiz ki, bu, yapon layihəçisi Tokucino Yoşayokonun təxəyyülünün məhsulu olan “Swarovski” stendi idi. “Wings of Sparkle” adlanan stend birləşərək kristala oxşar strukturlar yaradan 22856 işıq diodlarından ibarət idi. Daha çox effektə nail olmaqdan ötrü stend güzgü səthli 253230 əksetdiricidən yığılmış, yeddi metr hündürlükdə tağ divar ilə əhatə edilmişdi! O möhtəşəmliyi əlbəttə, sözlə təsvir etmək mümkün deyil, amma inanın ki, ağlasığmaz gözəllik yaradılmışdı.

 - Yəqin ki, sizi heyrətləndirənləri sadalasaq, siyahı uzanar...

 - Hər şeydən çox Bazeldə Azərbaycana və Azərbaycan bazarına göstərilən diqqət və maraq  insanı fərəhləndirir. “BaselWorld Daily News” qəzetində mənimlə müsahibənin dərc edilməsi, Azərbaycana dair davamlı sorğu-suallar, çoxsaylı əməkdaşlıq təklifləri... buna sübutdur. Bunlar çox xoş duyğulardır, bu maraq çox şeydən xəbər verir.

–  Bazel sərgisi 2013-cü il mayın 2-də başa çatdı. Bəs BaselWorld 2014 sərgisinə nə vaxt hazırlaşmağa başlayacaqsınız?

– Biz hazırlığa 2013-cü il mayın 3-dən başlamışıq. Planlarımız böyükdür.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında