Heydər – qalib

 

 

Mixail QUSMAN: “Əgər Andropovun siyasi ömrü bir qədər uzun olsaydı, Heydər Əliyev SSRİ hökumətinin çox güclü və qüdrətli başçısı olardı”

 

Rusiyanın nüfuzlu “Moskovskiy komsomolets” qəzetinin 7 may tarixli nömrəsində bu nəşrin siyasi icmalçısı Mixail Rostovskinin İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini, agentliyin şef-redaktoru Mixail Qusman ilə müsahibəsi “Heydər-qalib” sərlövhəsi ilə dərc edilmişdir. AzərTAc həmin müsahibəni oxuculara təqdim edir.

Mayın 10-da yaxın keçmişimizin siyasi nəhənglərindən birinin – Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur. Əliyevin siyasi karyerası “Stalindən Putinə qədər” davam etmiş və ən ağlasığmaz peripetiyaları əhatə etmişdir. Hakimiyyət piramidasının demək olar ki, ən uca zirvəsinə çatmış H.Əliyev - SSRİ dövründə o, Azərbaycanın partiya lideri, siyasi bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuşdur - Qorbaçovun ucbatından həmin zirvədən qəflətən, daş kimi aşağı düşmüşdür. Lakin bu, Heydər Əliyevin növbəti yüksəlişi üçün bir prelüdiya oldu: Postsovet dövründə baş alıb gedən qanunsuzluq və dağıntı şəraitində Heydər Əliyev çoxsaylı düşmənlərini məğlub edərək artıq müstəqil Azərbaycanın rəhbəri oldu.

Lakin Əliyevin karyerasında əsas məsələ onun  tutduğu vəzifələrin və layiq görüldüyü rütbələrin uzun siyahısı deyildir. Onunla görüşən insanların istisnasız olaraq hər biri Əliyevin fantastik xarizmaya, qeyri-adi dərəcədə güclü şəxsi energetikaya malik olmasını söyləyir. Heydər Əliyevin siyasi sirri nədən ibarətdir? Əgər Moskvada bu suala cavab verə biləcək bir adam varsa, bu, İTAR-TASS agentliyinin şef-redaktoru Mixail Qusmandır. Azərbaycan siyasəti üzrə hamının qəbul etdiyi mütəxəssis olan M.Qusman hələ məktəbli ikən Heydər Əliyev ilə görüşmüşdür.

- Mixail Solomonoviç, sizin fikrinizcə, Əliyevin məhz hansı keyfiyyətləri ona sovet və postsovet dövründə siyasi nəhənglərdən biri olmağa imkan vermişdi?

- Dünyada siyasətçilərin mütləq əksəriyyətinin taleyi heç də həsəd aparılmalı deyildir. Onlar siyasi arenadan gedəndən cəmi bir neçə il, bəzən də bir neçə ay sonra öz ölkələrində unudulur. Nəinki tarixdə qalmaq, həm də bu tarixə getdikcə daha dürüst yazılmaq yalnız tək-tək insanlara qismət olur. Axı, bir sıra hadisələrin həqiqi mənası çox vaxt yalnız uzun illərdən sonra üzə çıxır.

“Barmaqla sayıla biləcək” bu cür siyasətçiləri qalan kütlədən ayıran onların hansı keyfiyyətləridir? Mənim fikrimcə, bir keyfiyyət var ki, onu nə tərbiyə etmək mümkündür, nə azaltmaq, nə də çoxaltmaq. Bu, fitri siyasi duyum, intuisiyadır. Mən sözün həqiqi mənasında böyük siyasətçi olan bircə nəfər də tanımıram ki, onun bu fitri atributu olmasın. Və əksinə, yalnız incə və güclü duyuma malik olan siyasətçilərin tarixə düşmək şansı vardır. Heydər Əliyev fenomenal siyasi duyuma malik idi. Bunu onun tərəfdarları da etiraf edir, düşmənləri də.

- Siz Heydər Əliyevin əfsanəvi “şəxsi magiya” sını ilk dəfə öz üzərinizdə nə vaxt hiss etdiniz? Onunla ilk görüşünüzü necə xatırlayırsınız?

- Ən birincisini deyirsiniz? Bu görüş çox gülməli olmuşdu. Mən doqquzuncu sinifdə oxuyurdum. Bizim məktəbdə komsomol drujinaçıları vardı. Biz yaşadığımız mikrorayonda qayda-qanuna riayət olunmasına nəzarət edirdik. Yəni, çalışırdıq ki, orada xuliqanlar olmasın, pis oğlanlar bizim qızlara sataşmasınlar. Bir dəfə biz üç xuliqanı yaxalamışdıq. Onlar pəncərə şüşələrini qırmaq istəyirdi, biz buna imkan verməmişdik. Bununla əlaqədar, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin müavini Heydər Əliyev bizim məktəb drujinasını fəxri fərmanla təltif etməyə gəlmişdi.

- Yəqin ki, Əliyev haqqında növbəti dəfə o, respublikanın rəhbəri təyin ediləndə eşitmiş olarsınız, düzdürmü?

- 1969-cu ilin o iyul gününü çox yaxşı xatırlayıram. Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin plenum iclası gedirdi. Yeni birinci katib vəzifəsinə kimin seçiləcəyini heç kəs bilmirdi. O vaxt mən anam və atamla birlikdə şəhər ətrafındakı pansionata istirahətə gedirdik. Biz ailəmizin dostu olan bir nazirin yaşadığı evin yanından keçib gedirdik. Onda valideynlərim mənə dedilər: Sən yuxarı qalx, soruş görək kimi seçiblər. Mən nazirin evinə qalxıb öyrəndim ki, Əliyevi seçiblər. Onda mən bir də soruşdum: hansı Əliyevi? Axı Əliyev Azərbaycanda çox populyar soyaddır. O vaxt respublikada Əliyev soyadlı nazir də vardı, vilayət partiya komitəsinin birinci katibi də. Amma mən eşidəndə ki, söhbət bu adamların heç birindən deyil, Heydər Əliyeviçdən gedir, bu, son dərəcə gözlənilməz oldu. Onun bu vəzifəyə təyin edilməsi ehtimalı barədə heç şayiə də yayılmamışdı.

- Adamların Heydər Əliyevi başqa əliyevlərlə dolaşıq salmaması üçün nə qədər vaxt keçdi?

- Bu, çox tez baş verdi. Heydər Əliyev bütün səviyyələrdə siyasi elitanı kəskin şəkildə yeniləşdirdi, elə addımlar atmağa başladı ki, uzun illərdən sonra bu addımlar Yeltsinin Moskva şəhər partiya komitəsinin birinci katibi olduğu dövrdə Moskva reallıqları nümunəsində bizə tanış gəldi. Məsələn, günlərin birində o, şəhəri gəzir, Bakının ticarət obyektlərinin necə işlədiyini yoxlayırdı. Başqa bir gün o, şəhər nəqliyyatına minir və avtobusların necə işlədiyini yoxlayırdı.

Bu yerdə qeyd etməliyəm ki, mənimlə eyni nəslə mənsub olan insanlar keçən əsrin 60-cı illərində “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Uzaq sahillərdə” filmini yaxşı xatırlayırlar. Bu film almanların arxa cəbhəsində fəaliyyət göstərən əfsanəvi sovet kəşfiyyatçısı, Mixaylo ləqəbli Mehdi Hüseynzadədən bəhs edirdi. Mehdi öz partizanları ilə birlikdə tamamilə gözlənilməz yerlədə peyda olanda almanlar telefonla xəbər verirdilər: “Mixaylo şəhərdədir”. Əliyev də Bakının müxtəlif ticarət obyektlərinə qəfil səfərləri sayəsində xalq arasında Mixaylo ləqəbi qazanmışdı. O vaxt bakılılar tez-tez zarafatla deyirdilər: “Bax ha, Mixaylo yenə şəhərdədir!”.

- Bəs Heydər Əliyev özü bu “fəxri adı” barədə bilirdimi?

- Bilirsinizmi, nə qədər qəribə olsa da, mən bu suala onun öz dili ilə cavab verəcəyəm. Qorbaçovun hakimiyyətinin son vaxtlarında Moskvada istedadlı rejissor Murad İbrahimbəyovun - mənim böyük dostum, Azərbaycanın böyük yazıçısı Maqsud İbrahimbəyovun oğlunun filminin premyerası idi. O vaxt artıq Siyasi Büronun üzvü vəzifəsindən istefaya göndərilmiş Heydər Əliyev Kino Evinə həmin filmin premyerasına gəlmişdi. Yeri gəlmişkən, Əliyev oraya köhnə “Moskviç” maşınında gəlmişdi. Sükan arxasında onun mühafizə dəstəsinin keçmiş rəisi Saşa İvanov əyləşmişdi. Bədəncə çox böyük olan Əliyev həmin maşına güclə yerləşirdi.

Filmə baxışdan sonra, mənim təəccübümə rəğmən, Əliyev banketə də qaldı, hərçənd bu məclisdə ondan başqa yalnız kino işçiləri vardı. Siyasi Büronun keçmiş üzvünü belə bir məclisdə görmək çox qeyri-adi idi. Mən onun yanında əyləşmişdim. Maraq mənə güc gəldi və soruşdum: “Siz bilirdinizmi ki, ləqəbiniz Mixaylo olmuşdur?” H.Əliyev ürəkdən gülərək dedi ki, əlbəttə bilirdim. Hiss olunurdu ki, bu ləqəb onun xoşuna gəlirdi.

- Bəs onun Brejnevi hamıdan yaxşı tərifləməyi bacaran adam reputasiyası necə, bu da xoşuna gəlirdi? Leonid İliç vəfat edəndə mənim cəmi 7 yaşım vardı. Lakin Brejnevin “Şiroko şaqayet Azerbaydjan” cümləsi hətta mənim də yaddaşımda həkk olunmuşdur.

- Gəlin, Sovet İttifaqının həyatının Brejnevlə bağlı dövrünü karikaturaya çevirməyək. Baş katibin belə bir cümlə işlətməsinə nail olmaq üçün hünər lazım idi. Özü də bu, heç də ritorik vasitələrlə qazanılan nailiyyət deyildi. H.Əliyevin MK-nın birinci katibi olduğu dövrdə Sovet Azərbaycanının, məsələn, neft hasilatında qazandığı uğurlar barədə konkret rəqəmlər əsasında söhbət açmağa hazır deyiləm, lakin baş katibin müttəfiq respublikalardan hansına tez-tez getməsi və onun məhz nə deməsi iqtisadi göstəricilər sayəsində müəyyən olunurdu. Axı, hər kəs istəyirdi ki, Brejnev məsələn, “Şiroko şaqayet Moldaviya” və ya “Şiroko şaqayet Tadjikistan” desin. O isə bu sözləri yalnız Azərbaycan haqqında demişdir. Əlbəttə, bu fakt təkcə Brejnevin H.Əliyevə rəğbətinin göstəricisi deyil, H.Əliyevin rəhbərliyi altında respublikada görülmüş real işlərin göstəricisi idi.

Amma bir məsələdə siz haqlısınız. Bilirsinizmi nə məsələ? Sizin dediyiniz “tərifləmək bacarığı” sözlərini “insanlarla ünsiyyət qurmaq bacarığı” sözləri ilə əvəz etsəniz düz hədəfə düşərsiniz. Heydər Əliyev lap əvvəldən olduqca güclü xarizmaya malik idi. Onun gözəl natiqlik istedadı vardı. Ən müxtəlif yerlərdə həmişə odlu-alovlu çıxışlar edirdi. Jurnalistikanın, televiziya işinin əhəmiyyətini instinktiv duyurdu. Lakin Əliyevin həmkarları olan respublika rəhbərləri arasında bu məziyyətə malik olanlar yalnız sonradan faciəvi şəkildə həlak olmuş Belarusun rəhbəri Pyotr Maşerov və Gürcüstanda Eduard Şevardnadze idi.

- Demək istəyirsiniz ki, piar baxımından Heydər Əliyev öz zəmanəsini qabaqlamış siyasətçi idi?

- Təkcə piar baxımından yox. Məsələn, partiya lideri H.Əliyevin dövründə respublika Mərkəzi Komitəsinin plenumlarının və ya Ali Sovetin sessiyalarının necə keçdiyini xatırlayıram. Adətən, H.Əliyev o dövr üçün qısa - qırx dəqiqəlik birinci məruzə ilə çıxış edirdi. Sonra daha 30 nəfər çıxış edə bilərdi. Yekun sözündə H.Əliyev əvvəlki natiqlərin demək olar ki, hər biri ilə dialoq və diskussiya aparırdı. Üç saat, bəlkə daha çox davam edən bu cür nitqlər çox güclü təsir bağışlayırdı. İnsanlar hətta inana bilmirdilər ki, Əliyev bütün çıxışları bu dərəcədə diqqətlə dinləyir və hər kəs üçün ya onu dəstəkləyən sözlər, ya da əks dəlillər tapırdı.

- Heydər Əliyevin arxa otağında bir növ xüsusi analitik mərkəz vardı?

- Xeyr, H.Əliyevin fenomenal yaddaşı vardı. O, ömrünün sonuna qədər neçə il əvvəl baş vermiş hadisələrin ən xırda təfərrüatlarını və nüanslarını xatırlayırdı. Heydər Əliyevlə özümün söhbətlərimdə bunu dəfələrlə yəqin etmək imkanım olmuşdur. Bir halda ki, siz H.Əliyevin komandası mövzusuna toxundunuz, bu barədə də danışım. O, ən yaxın ətrafındakı insanlara münasibətdə çox ciddi idi. Lakin onun etimadını qazanan insanlar həyatda, necə deyərlər, axıra qədər onunla yanaşı addımlamışlar.

- Heydər Əliyevin Azərbaycana partiya lideri təyin edilməsi gözlənilməz olmuşdu. Bəs, 1982-ci ildə onun Moskvaya çağırılması gözlənilməz oldumu?

- Birmənalı şəkildə deyirəm, mənim üçün bu, gözlənilməz olmadı. Artıq 70-ci illərin ortalarında məndə belə təəssürat yaranmışdı ki, Əliyev şəxsiyyətinin miqyası onun rəhbərlik etdiyi respublikadan qat-qat genişdir. Həyatda bəzən belə olur. Bəzən də hər şey əksinə olur, siyasətçinin şəxsiyyətinin miqyası ölkənin miqyası ilə müqayisədə kiçik, məhdud, bəsit, kobud olur. Bu, hətta demokratiyanın inkişaf etdiyi ölkələrdə də olur. Demokratik prosedurlar bəzən elə şəxsi üzə çıxara bilər ki, ola bilsin, həmin adamın hər xüsusiyyəti yaxşıdır, amma ölkəni idarə edə bilmir. Məsələn, tarixçilərin çoxu deyir ki, İkinci Dünya müharibəsi dövründə görkəmli sərkərdə olmuş Duayt  Eyzenhauer ABŞ-ın prezidenti kimi çox zəif olmuşdur. Yaxud, ABŞ-ın digər prezidenti Cimmi Karteri götürək. Onun Ağ evə gəlişi Amerika ictimaiyyətinin prezident Nikson dövründəki siyasi qalmaqallar çirkabından təmizlənmək arzusundan irəli gəlmişdi. Lakin Karter yalnız bir müddət prezident oldu. O, cəmi 4 il hakimiyyətdə olandan sonra peşman olmuş amerikalılar ona qapını göstərmişdilər. Heydər Əliyev Karterin tam əksidir.

- Bəs sonrakı hadisələr baxımından, Heydər Əliyevin Moskvaya çağırılması həlledici səhv təsiri bağışlamırmı? Əgər Qorbaçov ölkəni dağıdan dövrdə H.Əliyev Azərbaycana rəhbərliyi davam etdirsəydi nələr baş verə bilərdi?

- Tarixin alternativ versiyasını qurmaq cəhdləri hipotetik və əvvəlcədən sadəlövh cəhddir. Lakin mən əminəm: Əgər H.Əliyev Respublikada qalsaydı, nə Dağlıq Qarabağla bağlı münaqişə baş verərdi, nə də Ermənistanla müharibə. Bilirsinizmi, nə üçün mən bu cür qəti danışıram? Ona görə ki, bütün bu hadisələr ilk növbədə həm Moskvada, Bakıda, Yerevanda, həm də Dağlıq Qarabağın özündə yol verilmiş çoxsaylı siyasi səhvlərin nəticəsidir. H.Əliyev isə elə siyasətçi idi ki, o, əvvələn özü bu cür səhvlər etməzdi və ikincisi, qonşuları da, ittifaq mərkəzini də bu səhvlərdən çəkindirə bilərdi. Əlbəttə, mən demirəm ki, ümumiyyətlə heç bir hadisə olmazdı. Lakin H.Əliyev elə edə bilərdi ki, bütün bu hadisələr çoxlu qan tökülməsi ilə nəticələnməsin. Onun siyasi istedadı və məharəti bunun üçün kifayət edərdi.

Üstəlik, həmin illərdə Ermənistanın rəhbəri Karen Dəmirçiyanın H.Əliyevə necə böyük hörmət bəslədiyini mən özüm bilirəm. Yeri gəlmişkən, bu yaxınlarda mən Ermənistanın indiki prezidenti Serj Sarkisyanla söhbət edirdim. O, Stepanakert şəhərinin partiya işçisi kimi siyasi karyerasında ilk dəfə Heydər Əliyevin yanında müsahibədən keçmişdi. O da mənə dedi ki, Heydər Əliyevə bu gün də çox böyük hörmət bəsləyir.

- Bəs Heydər Əliyev 1982-ci ildə Moskvaya gedəndə Bakıda öz yerinə nə üçün belə zəif bir varis qoyub getmişdi?

- Bu, yaxşı sualdır. Azərbaycanın yeni partiya lideri Kamran Bağırov çox təmiz adam idi, korrupsiyadan uzaq idi, lakin eyni zamanda, çox zəif siyasi lider idi. 1986-cı ildə məni Moskvada işə köçürəndə Bağırov məni öz kabinetinə dəvət etmişdi. Onun tərtəmiz stolunu görəndə necə heyrətlənməyimi heç vaxt unutmaram. Elə təsəvvür yaranırdı ki, o, öz kabinetinə indicə daxil olub. Stolunun üstündə heç bir kağız yox idi!

Lakin sizin sualınız 2013-cü ilin siyasi reallıqları baxımından yaxşıdır. 1982-ci ildə H.Əliyev Moskvaya gedəndə isə reallıqlar tamam başqa cür idi. Sovet İttifaqı əla vəziyyətdədir, sosializm çiçəklənir, respublika şokoladı xatırladır. Ola bilsin ki, həmin dövrdə Azərbaycana məhz belə bir adamın rəhbərlik etməsi H.Əliyevə lazım idi. Axı, o özü Moskvadan respublikaya göz-qulaq olmağa hazırlaşırdı.

- 1982-ci il noyabrın 12-də Yuri Andropov Sov.İKP MK-nın baş katibi seçildi. 12 gündən sonra Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. H.Əliyev Andropovun komandasının mühüm üzvü idimi?

- Tamamilə doğrudur. Bir dəfə Heydər Əliyeviç özü mən ondan müsahibə götürərkən söyləmişdi: 1969-cu ildə onun Azərbaycanın partiya lideri vəzifəsinə irəli sürülməsinin  təşəbbüskarı Yuri Andropov və onun birinci müavini Semyon Sviqunun şəxsində SSRİ DTK-nın rəhbərliyi olmuşdur. Brejnevlə çox yaxın münasibəti olan Sviqun Azərbaycan DTK-nın sədri kimi H.Əliyevin bilavasitə sələfi olmuşdur.

H.Əliyevin Moskvada işə keçirilməsi məsələsinə gəldikdə isə mən belə bir versiyaya inanıram: əgər baş katib Andropovun siyasi ömrü bir qədər uzun olsaydı, H.Əliyevi Sovet İttifaqının baş naziri vəzifəsi gözləyirdi. Təəssüf ki, belə olmadı. Mənə belə gəlir ki, H.Əliyev İttifaq hökumətinin çox güclü və qüdrətli rəhbəri olardı.

- Bəs sizin fikrinizcə, bu tandem Sovet İttifaqının vəhdətini qoruyub saxlaya bilərdimi?

- Biz yenə hipotetik mühakimələr müstəvisinə keçirik. Amma siz soruşursunuzsa, mən də öz nöqteyi-nəzərimi deyərəm. Mən dərindən inanıram ki, tarixi perspektivdə hər bir başqa imperiya kimi Sovet İttifaqının da dağılması onsuz da qabaqcadan müəyyən edilmişdi. Lakin SSRİ-nin dağılmasının məhz həmin şəraitdə, həmin gündə və saatda baş verməsi əvvəlcədən müəyyən edilməmişdi. Məsələn, şərait, o cümlədən iqtidardakı komandanın tərkibi başqa ola bilərdi. Onda İttifaq hansısa bir formada hələ müəyyən qədər, bəlkə də xeyli müddət mövcud ola bilərdi.

- Bəs necə oldu ki, Andropovun irəli çəkdiyi o biri adam - Mixail Qorbaçov hakimiyyətə gələn kimi H.Əliyevi tezliklə pensiyaya göndərməyə çalışdı? Yəni, doğurdanmı vaxtilə Heydər Əliyeviçin qızı Sevil xanımın dediyi kimi Qorbaçov H.Əliyevin simasında öz təhlükəli rəqibini görürdü?

- Mən bu məsələni Mixail Qorbaçovun özü ilə - təbii ki, o, prezident vəzifəsindən istefa verəndən sonra, müzakirə etmişəm. Deməliyəm ki, Mixail Sergeyeviç özünün indiki vəziyyətində H.Əliyev haqqında çox yaxşı fikirdədir. Onun sözlərinə görə o, H.Əliyevi həmişə çox güclü siyasətçi və rəhbər hesab etmişdir. Lakin yenilənmə, siyasi elitanın dəyişməsi tələb olunurdu. Dövlətin ali mənafeləri naminə rəhbər işçilərin böyük bir qrupunun tərkibində H.Əliyev pensiyaya göndərilmişdi.

Təbii ki, yuxarıda deyilənlərin hamısı Qorbaçovun postfaktum, H.Əliyev pensiyaçıdan fəal siyasi liderə çevriləndən sonra irəli sürdüyü versiyadır.  Lakin mən güman etmirəm ki, Qorbaçov haçansa H.Əliyevi dövlətdə ali vəzifə uğrunda mübarizədə öz rəqibi hesab etmişdir. Stalinin ölümündən sonra Ukrayna və Belarusdan başqa milli respublikaların nümayəndələrinin SSRİ-yə yenidən başçılıq etməyə heç vaxt şansı olmamışdır.

- Amma əvəzində Heydər Əliyev başqa bir şansdan tam istifadə etdi: O, nəinki özü Azərbaycana yenidən rəhbərlik etdi, həm də hakimiyyəti irsən öz oğluna verdi. İnkişaf etmiş demokratik dövlətlərdə belə hal o qədər də qəbul edilməmişdir, elə deyilmi?

- Sizinlə mübahisə etməyə hazıram - həm sizin sualınızın mahiyyəti barədə, həm də sizin işlətdiyiniz “hakimiyyətin irsən verilməsi” termini barədə. Tamamilə demokratik ölkə olan Amerikada mənim dərin rəğbət bəslədiyim bir adam var - oğul Corc Buş. Məgər, bunu inkar etmək olarmı ki, o, vaxtilə prezident atası tərəfindən işlənib hazırlanmış siyasi mexanizmlər sayəsində hakimiyyətə gəlmişdir? Bəs, müasir Argentinanı demokratik dövlət hesab edirsinizmi? Əgər belədirsə, onda Prezident vəzifəsinin Nestor Kirxnerdən onun arvadı Kristina Fernandesə keçməsi faktını necə qiymətləndirirsiniz?

- Lakin oğul Buş və oğul Əliyev ilə bağlı vəziyyətlər eyni dərəcədə əhəmiyyətlidirmi? Məgər ABŞ-ın və Azərbaycanın siyasi sistemlərinin inkişaf səviyyəsini ciddi müqayisə etmək olarmı?

- Mənə belə gəlir ki, bu halda mücərrəd nəzəri mühakimələrdən imtina etmək düzgün olardı. Gəlin, siyasi reallıqlardan çıxış edək. Məsələn, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə hansı şəraitdə qayıtmasını xatırlayırsınızmı? O vaxt Heydər Əliyev doğma Naxçıvanda bacısının kiçik mənzilində yaşayır, ömrünü orada başa vurmaq istəyirdi. Lakin əvvəlcə Əliyevi bu muxtar respublikanın parlamentinin rəhbəri vəzifəsinə seçirlər, sonra isə onu Bakıya - ölkəni xilas etməyə çağırırlar. Bakıya gedəndə aeroportda onu minlərlə insan gül-çiçəklə qarşılayır. Bunun hansısa dövlət xidmətləri tərəfindən təşkil edildiyini düşünməyin. O dövrdə belə xidmətlər sadəcə olaraq yox idi. 1993-cü ildə Azərbaycan həm Ermənistanla müharibə, həm də vətəndaş müharibəsi ucbatından dağılmaq həddinə çatmışdı.

Başqa bir misal, 1995-ci ildə nüfuzlu güc qurumlarının rəhbərləri - Cavadov qardaşları Azərbaycanda dövlət çevrilişi cəhdi göstərmişdi. Artıq gecədən xeyli keçmiş Əliyev televiziya ilə çıxış edərək xalqı prezident sarayının yanında toplaşmağa çağırdı və cəmi bir saatdan sonra orada onminlərlə insan toplaşmışdı. Bu adamların çoxu oraya əllərində Heydər Əliyevin portretlərini tutaraq gəlmişdi. Bu qiyam cəhdi bir neçə saat da davam gətirmədi.

Mən “filankəs öz xalqının gücünə arxalanırdı” kimi pafoslu ifadələr işlətməyi xoşlamıram. Lakin Heydər Əliyev barəsində bu ifadə pafos deyil, sadəcə faktın xatırladılmasıdır. Eyni qayda ilə 2003-cü ildə İlham Əliyev də istər elitanın, istərsə bütün cəmiyyətin nəzərində üstünlük verilən namizəd oldu.

- 2003-cü ildən bəri on il keçib. Doğrudanmı bu müddətdə Azərbaycanda ölkəyə rəhbərlik etməyə layiq olan, soyadı Əliyev olmayan bir siyasətçi yetişməyib?

- Bir daha təkrar edirəm: obyektiv reallıq deyilən bir anlayış var. Azərbaycanda həmin reallıq bu gün belədir: ölkədə öz şəxsiyyətinin miqyasına görə İlham Əliyev ilə müqayisə edilə biləcək siyasətçi yoxdur. Bu yaxınlarda mən Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının birinci forumunun tribunasından çıxış edərkən zarafatla demişdim: “Mən burada MDBMİ-yə daxil olmayanların böyük gildiyasını təmsil edirəm. 70 il ərzində sizin sayınız cəmi 40 min nəfər olmuşdur. Biz isə milyonlarıq. Bizi iki hiss birləşdirir: bizə münasibətdə ədalətsizlik hissi və sizə münasibətdə həsəd hissi”.

Bəli, MDBMİ-nin məzunu və keçmiş müəllimi İlham Əliyevə münasibətdə mənim “həsədim” yalnız təmiz həsəddir. O, həqiqətən çox dərin, ağıllı və iradəli insandır. Hətta sizin arqumentlərinizi qəbul etsək belə, bunu sübut etmək çətin deyil. Siz deyirsiniz ki, İlham Əliyev “ölkəni miras kimi almışdır”. Fərz edək elədir. Lakin onda o necə nail ola bilmişdir ki, beynəlxalq statistikaya görə Azərbaycan ÜDM-in artım sürətinə görə artıq illər boyu mütəmadi olaraq dünya liderləri üçlüyünə daxildir. Heydər Əliyevi tanıyan bir adam kimi nəyə desəniz and içməyə hazıram: əgər o, öz oğlunun siyasi istedadına tam əmin olmasaydı, heç vaxt ölkənin növbəti prezidenti vəzifəsinə onu tövsiyə etməzdi. Mənim fikrimcə, zaman bu seçimin müdrikliyini birmənalı şəkildə sübut etmişdir.

 

- Bəs Heydər Əliyevin ünvanına başqa bir standart məzəmmətə nə deyirsiniz – o, müstəqil Azərbaycanın prezidenti kimi Rusiyaya münasibətdə o qədər də dostcasına fəaliyyət xətti yeritmirdi?

- Bu, tamamilə boş sözdür. Bu tezisin xeyrinə heç bir ciddi arqument gətirmək mümkün deyil. Heydər Əliyev müstəqil dövlətin lideri kimi ilk növbədə öz ölkəsinin mənafelərini gözləməli, bununla bərabər Rusiyanın mənafelərini də nəzərə almalı idi. Mənə belə gəlir ki, o, bu məsələnin öhdəsindən yüz faiz gəlmişdir. Heydər Əliyev ilə Vladimir Putin arasında böyük etimada əsaslanan, bu sözü işlətməkdən çəkinmirəm, o qədər səmimi münasibətlər vardı ki, siyasətçilər arasında belə münasibətlər çox nadir hallarda olur.

Heydər Əliyeviç özü mənə söyləyirdi ki, onların ilk görüşü Kiyevdə ali səviyyəli sammitlərin birində olmuşdur. Rəsmi iclas başa çatanda axşam saat 10-a yaxın idi. Buna baxmayaraq, Heydər Əliyev Vladimir Vladimiroviçi öz iqamətgahına, bir fincan çay içə-içə söhbəti davam etdirməyə dəvət etmişdi. O vaxt Əliyevin yaşı 80-ni haqlamışdı. Vladimir Vladimiroviç əvvəlcə cavab vermişdi ki, artıq gecdir, bəlkə başqa bir vaxt söhbət edək. Əliyev isə demişdir: Nə olsun ki, gecdir? Bir bax, mən səndən nə qədər yaşlıyam, amma mən hazıram. Təbii ki, Vladimir Vladimiroviç bu dəvəti qəbul etmiş və onlar az qala səhərə qədər oturub söhbət etmişdilər.

Onların münasibətləri ilə bağlı daha bir epizod barədə danışmaqdan özümü saxlaya bilmirəm. Putin Bakıda səfərdə olarkən iki prezident birlikdə Bakının Şən və Hazırcavablar Klubu komandasının konsertinə getmişdi. Həmin konsertdə belə bir zarafat səslənmişdi: Aleks və Yustas görüşür. Onlardan biri Almaniyada, digəri mərkəzdə işləyirdi. Bu zarafata həm Putin, həm də H.Əliyev ürəkdən gülmüşdü.

- Heydər Əliyevin siyasətdən kənar həyatı vardımı? O, daha nə ilə maraqlanırdı?

- Heydər Əliyeviçin ailəsi Mstıslav Rostropoviç və Qalina Vişnevskaya ailəsi ilə səmimi dostluq edirdi. Rostropoviç emosional şəkildə söyləyirdi ki, sən demə H.Əliyev musiqini çox yaxşı bilirmiş. Bu söhbət mənim yaddaşıma həkk olmuşdur. Bu yaxınlarda, Heydər Əliyev haqqında film üzərində işləyərkən, maraqlı bir videofraqment tapdım. Heydər Əliyev “Gecə patrulu” kinofilmindən “Quş da vətənsiz olmasın” mahnısını oxuyur. Onu pianoda müşayiət edən isə mərhum həyat yoldaşı Zərifə xanımdır.

Əliyev gəncliyində dram teatrında rollar ifa etmişdir. Bir dəfə mən ona birbaşa sual verdim: uşaq vaxtı kim olmaq istəyirdiniz? Bu suala tamamilə gözləmədiyim bir cavab aldım: memar. Obrazlı şəkildə desək, əslində o, elə memar olmuşdur – öz ölkəsinin memarı.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında