Qürbətdə Vətən daha sevimlidir...

 

 

İllər öncə Azərbaycan jurnalistikasında çoxuna tanış olan bir imza vardı: Svetlana İsmayılova. Kitabları çıxırdı, oxucuları onu Svetlana Rəhimqızı kimi tanıyırdılar. İncəsənət Universitetində dərs deyirdi, tələbələrinin əziz Svetlana müəlliməsi idi.

Kifayət qədər geniş əhatəsi vardı, dostluq etməyi bacarırdı. Günlərin birində analıq hissi hər şeyi üstələdi, Almaniyada yaşayan qızlarının yanına  yığışdılar...

Artıq o vaxtdan 10 il keçib. Amma doğma Vətənini, burdakı yaxınlarını, dostlarını heç vaxt unutmur, darıxanda Azərbaycana gəlir, hamımızı sevindirir. Svetlana xanım yenə Bakıdadır. Onunla görüşüb, söhbət etdik. Ürəyimdən keçənləri duyubmuş kimi sözə başladı:

—Üzbəüz oturmuşuq. Əsas mövzu uzaqda olmağımdır. Necə yaşayıram, başqa dilli dövlətdə peşəmlə nə edirəm? Bu məni sıxmır, ruhdan salmır ki?!  Deyirlər qürbətdi... Təki insanın içində qəriblik olmasın. Dünyanın hər yerində insanlar eynidir.Yaxşısı da var, pisi də. Mənim dünyam özümlədir. Torpaq, Vətən – bu coğrafi anlayışdır. Əlbəttə, öz evim, öz divarlarım, öz torpağım unudulmur. Məni öz torpağımdan 5-6 saatlıq məsafə ayırır. Nə zaman istəsəm gəlib-gedə bilirəm. Rəsmiyyətdən başqa qadağa yoxdur. Mənim burda məslək dostlarım var, doğmalarım var. Onlarla internetlə, “skype” – la əlaqə saxlayıram. Azərbaycanın televiziya kanallarını izləyirik.

— Svetlana xanım, Vətənin dəyəri, qiyməti uzaqda olanda daha qabarıq bilinir. Kənardan Azərbaycana baxış sizdə hansı hissləri  yaradır?

—Uzaq eldə Azərbaycanın hər bir uğuru bizə qürur hissi yaşadır və çox sevindirir.

Biz ora əbəs yerə getmədik. Bu, qızımız Samirə və Elnarənin taleyi və sənətdə inkişafı ilə bağlıdır. Hər ikisi Azərbaycanın mədəni və ictimai həyatı ilə sıx bağlıdır.

 Ətrafımızda o qədər azərbaycanlı, türk var ki... Azərbaycan ailələrinin müxtəlif şəhərlərdə yaşamalarına baxmayaraq, əlaqələrimiz çox möhkəmdir. Azərbaycan süfrəsi ilə almanları da azərbaycanlaşdırırıq.

Qarabağ dərdi Azərbaycanlılar arasında da çox ümdədir.

20 Yanvar və Xocalı faciələri, Kəlbəcər, Şuşa və digər rayonların işğal günlərində plakatlarla küçələrə çıxır,öz sözümüzü deyirik, müxtəlif tədbirlər keçiririk.

— Svetlana xanım, siz yaradıcı  insansınız və təbii ki, evə qapılıb qala bilməzsiniz. Nə işlə məşğulsunuz?

— Düsseldorfda  “Sinema Klub” var. Mən oranın fəxri üzvüyəm. Ora gələnlərin əksəriyyəti rusdillilərdir. Orda Azərbaycan kinosu haqqında söhbətlər aparıram. Ailə mövzusunda olan bizim filmlərə çox böyük maraqla yanaşırlar. Mən hiss elədim ki, incəsənətin bütün sahələrində olduğu kimi, kinoda da mövzu nə qədər sadədirsə, o qədər çox maraq oyadır. Pafossuz, bər-bəzəksiz.

 Bu dəfə şəhərimizi necə gördünüz? Dəyişikliklər çoxdurmu?

—Əlbəttə, Bakı çox inkişaf edib, dəyişib. Bəzi yerləri tanımadım. Ən çox xoşuma gələn Koroğlu metro stansiyasının  rekonstruksiyası, Bayılın geniş, gözoxşayan avtomobil yolları, Bayraq meydanıdır. Şəhərin panoramı füsunkar gözəllikdir. İnanın ki, bu gələcək nəsillər üçün açılan qapılardır.

Söhbəti yazdı: Sədaqət YUSİFQIZI,

 jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında