“Bresser Avrasiya” Şirkətinin rəhbəri: Azərbaycanda həyata keçirəcəyimiz layihə “Ginnesin Rekordlar Kitabı”na düşəcək

 

 

Azərbaycanın daşınmaz əmlak sektorunda unikal layihə həyata keçiriləcək. Aparılan yol genişləndirilməsi və abadlaşdırma işləri ilə əlaqədar olaraq, paytaxtın mərkəzində tarixi binanın yeri dəyişdiriləcək. Bu barədə layihəni həyata keçirəcək “Bresser Avrasiya” Şirkətinin rəhbəri Leon Sveyxer “Hilton” mehmanxanasında keçirilən mətbuat konfransı zamanı məlumat vermişdir.

Layihə ilə bağlı cənab Sveyxerlə hazırladığımız müsahibəni oxuculara təqdim edirik.

– Cənab Sveyxer, ilk olaraq, təmsil etdiyiniz “Bresser Avrasiya” Şirkəti haqqında məlumat almaq istərdik. Şirkətinizin əsas fəaliyyət istiqamətləri hansılardır?

– Məhsullarımız və xidmətlərimiz əsasən mühəndislik, konsaltinq, binaların, tarixi abidələrin, sənaye və infrastruktur obyektlərinin köçürülməsi, yenidən hamarlanması, bərpası və təmirindən ibarətdir.  Bundan əlavə, torpaqların təmizlənməsi və təkmilləşdirilməsi, eləcə də yenidən bərpa olunması kimi tədbirlər də həyata keçiririk. Əməkdaşlıq etdiyimiz qurumlar sırasında hökumətin milli və yerli nümayəndəlikləri, yol-nəqliyyat, dəmir yolu və su təsərrüfatı təşkilatları, neft-kimya sahəsində çalışan transmilli şirkətlər, mənzil assosiasiyaları və fiziki şəxslər vardır.

– Şirkətinizin bina və obyektlərin köçürülməsi sahəsindəki təcrübəsi haqda nə deyə bilərsiniz? Azərbaycanda bu tədbirlərin həyata keçirilməsi gözlənilirmi?

– Qeyd edim ki, binaların köçürülmə texnologiyasını məhz “Bresser Avrasiya” şirkəti özü yaradıb və artıq 30 ildir ki, biz bu işləri həyata keçiririk. İndiyədək Qərbi Avropa dövlətlərində və digər ölkələrdə 30-dan artıq sosial əhəmiyyətli binanın köçürülməsini həyata keçirmişik. Əksər hallarda köçürülmə zərurəti həmin binaların mədəni və tarixi əhəmiyyət kəsb etməsi səbəbindən qorunması ilə bağlı olur. Misal çəkmək istərdim. Biz Rozental şəhərində 1904-cü ildə tikilmiş binanı 1500 metr məsafəyə çəkmişik. İndiyədək şirkətin tikilini köçürdüyü ən uzaq məsafə 12 km olub - böyük bir villa bu məsafəyə daşınıb. Şirkətin planlaşdırdığı layihələr arasında Niderlanddakı stadionlardan birinin köçürülməsi də var.

Hazırda Azərbaycanda da həyata keçirəcəyimiz ilk layihə Bakının Füzuli küçəsində yerləşən tarixi-mədəni əhəmiyyət kəsb edən arxitektur binanın köçürülməsi olacaq.

– Bu, Azərbaycanda və bütövlükdə MDB məkanında ilk işiniz olacaq. Bu haqda oxucularımıza ətraflı məlumat verə bilərsinizmi?

– Böyük məmnuniyyətlə. Bakıda daşınmaz əmlak sektorunda unikal layihə həyata keçiriləcək. Paytaxt  Bakıda aparılan yol genişləndirilməsi və abadlaşdırma işləri ilə əlaqədar olaraq, binalardan birinin yeri dəyişdiriləcək. Füzuli küçəsində yerləşən tarixi bina hazırkı yerindən təqribən 10,6 metr kənara çəkiləcək. MDB məkanında ilk dəfə Bakıda baş tutan relokasiya - bina köçürülməsi əməliyyatını məhz “Bresser Avrasiya” şirkəti həyata keçirəcək.

– Bakıdakı binanın köçürülməsinin yeni rekord olacağını qeyd etmişdiniz. Bu barədə fikirlərinizi tam olaraq almaq istərdik.

– Bakıda yeri dəyişdirilən bina şirkətin indiyədək köçürdüyü ən böyük və ən ağır binadır - uzunluğu 52 metr, eni 35 metr və hündürlüyü 20 metr olan binanın çəkisi 18 min tondur.

Aldığım məlumata görə, Füzuli küçəsində yerləşən tarixi bina 1908-ci ildə tikilib və vaxtı ilə Bakının məşhur milyonçuları sayılan Hacınski qardaşlarına məxsus olub. Aprelin 18-də bina köçürülməyə hazır olacaq, yəni bütün hazırlıq işləri başa çatacaq.

Bizim üstünlüyümüz ondadır ki, texnologiyamız binanın hansı tarixdə tikilməsindən asılı olmayaraq, əgər bina normal vəziyyətdədirsə, onu daşımaq imkanı verir.

Hazırda fəaliyyətimiz dövründən ən böyük və ən ağır binanı köçürürük. Bu dünya rekordu Azərbaycanda qeydə alınaraq  “Ginnesin Rekordlar Kitabı”na düşəcək. Biz bununla fəxr edirik.

– Layihənin texniki tərəfləri haqqında daha ətraflı məlumat verə bilərsinizmi?

– Bakıdakı abadlıq işləri baxımından bu binanın köçürülməsi nümunəvi bir iş olacaq. Binanın köçürülməsi üçün onun altında 210 ədəd hidravlik qaldırıcı qurğu quraşdırılıb. Bu qurğular vasitəsilə bina bir neçə millimetr qaldırılacaq və 9 hidravlik qurğu vasitəsilə lazım olan yerə çəkiləcək. Binanın köçürülməsi 5 gün davam edəcək. Bütün proses fasiləsiz olaraq videoya çəkiləcək və sonradan həmin videoyazı sürətləndiriləcək ki, binanın necə köçürüldüyü əyani olaraq nümayiş etdirilsin. 

– Bəs bu işlər görülərkən hər hansı çətinliklə üzləşmişsinizmi?

– Təbii ki. Bəzi çətinliklər oldu. Binanın bünövrəsinin həddən artıq qalın - təqribən 10 metr olması bizi təəccübləndirdi. Avropada binaların bünövrəsi belə olmur. Hazırlıq işləri çərçivəsində  “Bresser Avrasiya” şirkəti bünövrəni təzələdi  və nəticədə bu bina yeni yerində daha yaxşı dayanacaq. Əminliklə deyə bilərik ki, binanın bundan sonrakı ömrü indiyə qədərkindən də uzun olacaq. Bundan əlavə, ehtiyac olarsa, binanı bir qədər çevirmək və s. də mümkündür. Bir sözlə, bizim şirkətin imkanları və texnologiyaları bina ilə istənilən hərəkəti etməyə imkan verir. 

– Cənab Sveyxer, uğurunuza əminsinizmi?

– Bilirsinizmi, hazırlıq işləri elə bir dəqiqlik və ehtiyatla həyata keçirilib ki, köçürülmə prosesi zamanı 8 ballıq zəlzələ olsa belə, binaya heç bir ziyan dəyməyəcək. Biz yüz faiz əminik ki, bu proses qaydasında gedəcək. Uğur əldə edəcəyimizə hətta bir faiz belə şübhəmiz olarsa, bu işə başlamırıq. 

– Bu layihənin Prezident İlham Əliyev üçün də maraqlı olduğunu qeyd etmişdiniz. Bu barədə nə deyə bilərsiniz?

– Bəli. Binanın yerinin dəyişdirilməsi - relokasiya prosesi MDB-də ilk dəfədir ki, həyata keçirilir. Bu işlər ölkə rəhbərliyi tərəfindən diqqətlə izlənilir. Hətta ötən il dekabr ayının 29-da Prezident İlham Əliyev hazırlıq işləri ilə tanış olmaq üçün işlərin aparıldığı sahəyə gəlmişdi. Hazırlıq işlərinin necə aparılması Prezidentin özü üçün də maraqlı idi.

– Azərbaycanda həyata keçirəcəyiniz yeni layihələrlə bağlı nə deyə bilərsiniz?

–Təbii ki, müəyyən ideyalarımız var. Hazırda müzakirə olunan maraqlı ideyalardan biri binalardan birinin sadəcə köçürülməsi deyil, onun müvəqqəti olaraq kənara çəkilməsi, onun altında qaraj tikilərək, yenidən yerinə qaytarılmasıdır. Bakıdakı tıxacların qarşısını almaq üçün bu çox əlverişli ola bilər. Mən də Azərbaycanda avtomobilimi özüm idarə edirəm və bilirəm ki, ən  böyük problem tıxac zamanı avtomobilin sükanı arxasında olmaqdır.

–Müsahibə üçün təşəkkür edirik!

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında