Kiprin ən böyük universitetinin azərbaycanlı vitse-prezidenti

 

 

Müsahibim  informasiya texnologiyaları və rabitə sistemləri üzrə tanınmış alim, Şimali Kiprin Yaxın Şərq Universitetinin prorektoru və Azərbaycan diasporunun Kipr təmsilçisi, professor Fəxrəddin Məmmədovdur.

– Fəxrəddin müəllim, Azərbaycanda hansı universitetdə təhsil almısınız?

– 1970-ci ildə ADNA-da informasiya ölçmə və hesablama texnikası ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. 1982-ci ildə texnika elmləri namizədi (indiki texnologiya üzrə fəlsəfə doktoru), 1986-cı ildə isə dosentlik diplomu aldım. Elmi rəhbərim SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, akademik Tofiq Əliyev olmuşdur. Daha sonra 1987-ci ildə Şevçenko adına Kiyev Dövlət Universitetində 10 aylıq intensiv fransız dili kursunu əla qiymətlə, 1988-ci ildə Fransanın Paul-Valeri Universitetində 3 aylıq təkmilləşdirmə kursunu bitirdim. 1988-1994-cü illər arasında Əlcəzairin Sidi-Bel-Abbas və Bumerdes universitetlərində informatika və elektronika sahəsində müəllim olaraq fransızca dərs verməyə başladım. Eyni zamanda siqnal və sistem elmi-tədqiqat labarotoriyasının müdiri oldum. 1993-cü ildə professor adı aldım. 1990-1995-ci illərdə Əlcəzairin qərb bölgəsində işləməyə göndərilən Sovet mütəxəssislərinin rəhbəri vəzifəsində çalışdım.

Kiprə necə gəlmisiniz?

  – 1995-ci ildə Şimali Kipr Türk Cümhuriyyətinin Yaxın Şərq Universitetinə dəvət aldım. Universitetin tədris dili ingiliscədi. 1995-1997-ci illərdə  universitetin elektrik və elektronik bölümündə  professor, 1997-2000-ci illərdə kafedra müdiri və  2000-ci ildən bu günə kimi mühəndislik fakültəsinin  dekanı və  universitetin vitse-prezidentiyəm.

Universitetdə magistratura və doktorantura təhsili verən Fənn və  Sosial Bilimlər İnstitutunu qurdum. Elektrik - elektronik, telekommunikasiya, peyk-rabitə sistemləri, fiber-optik sistemləri, rəqəmli rabitə sistemləri dərslərini verdim. İngiliscə  çap olunmuş “Telekommunikasiya”, “Rabitə sistemlərinin əsasları”, “Kontrol sistemlər”, “Rəqəmli siqnal işləmə sistemləri”, “Kriptokrafiya və kodlama nəzəriyəsi”  kitabları bir çox universitetlərdə tədris olunmaqdadır.

– Müəllimliklə yanaşı universitetdə həm də yüksək vəzifə tutmusunuz.

– Dediyim kimi, 10 ildən çoxdur ki, 10-dan çox ixtisası özündə cəmləşdirən fakültənin dekanıyam. Mən bura gələndə fakültədə sadəcə 3 ixtisas,  universitetimizdə isə 7000 tələbə var idi. Bu gün fakültəmizdə ixtisasların sayı 10-a yüksəlib, tələbələrin sayı isə 20 mindən çoxdur. Tibb fakültəsindən tutmuş hüquq, jurnalistika, biznes, dünyada mövcud olan 18 fakültə, 90-dan çox ixtisas üzrə tələbələr təhsil alır. Yaxın coğrafiyanın ən böyük kitabxanası və super kompyuteri bizim universitetdədir. Universitetimiz Dünya Universitetlər Birliyinin, Avropa Universitetlər Birliyinin və İslam Dünyası Universitetlər Konfederasiyasının tamhüquqlu üzvüdür. Sevinirəm ki, bütün bunlar mənim vitse-prezident olduğum dövrlərdə baş vermişdir.

– Professor, siz eyni zamanda, Azərbaycan Diaspor Təşkilatının Şimali Kiprdə sədrisiniz. Kiprdəki Azərbaycan diasporunun fəaliyyəti haqqında məlumat verməyinizi  xahiş edirəm.

– 2005-ci ildə Şimali  Kiprdə Azərbaycan mədəniyyət mərkəzini qurduq və dövlət qeydiyyatından keçirdik. Azərbaycan həqiqətlərinin tanıdılması sahəsində böyük işlər gördük. Həmin illər  Azərbaycandan Şimali Kiprə və əksinə uçan aviareyslərin, Azərbaycan və Şimali Kipr iş adamlarının iqtisadi Forumunun təşkil edilməsinə başçılıq etdim. 2007-2011-ci illər arasında “Türk Dünyası Ekonomi Bilişim ve Kültür Forum”unu, daha sonra “Füzuli və onun Türk sənət kültür dünyasında yeri”, “Dədə Qorqud və keçmişdən bu günə  türk dastanları” kimi Azərbaycan mədəniyyətinin incilərinə həsr olumuş beynəlxalq konfrans və simpoziumlar təşkil etdik. Sevindirici haldır ki, bu gün Lefkoşanın mərkəzi prospektlərindən birinə ulu öndər Heydər Əliyevin adının verilməsinə nail olduq. Azərbaycandan Şimali Kiprə gələn bütün ziyalılarımızı, millət vəkillərimizi və iş adamlarımızı hər zaman burada görməkdən məmnun oluram.

 – Şimali  Kiprdə nə qədər azərbaycanlı var?

 – Bu gün Şimali  Kiprin 5 universitetində 1000-ə yaxın azərbaycanlı tələbə ingilis dilində təhsil almaqdadır. Universitetimizdə 30-dan çox  azərbaycanlı müəllim və professor çalışmaqdadır. Onlarla iş adamı isə Şimali Kipr iqtisadiyyatına investisiya qoyub.

 

Afət  SADIQOĞLU,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında