“MDİ Azərbaycan dövlətinin bəyanatına adekvat cavab verməsə, qanunvericilik çərçivəsində tədbirlər görüləcək”
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya müsahibəsi
- ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyinin fəaliyyəti ilə bağlı rəsmi Bakı tərəfindən müəyyən narazılıqlar bildirilir. Hətta baş prokuror Zakir Qaralov bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinə də müraciət edib. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Azərbaycanda həm yerli, həm də beynəlxalq QHT-lərin fəaliyyəti qanunvericiliklə tam tənzimlənir. Son illər bu sahədə, eyni zamanda, beynəlxalq QHT-lərlə bağlı qanunvericiliyə etdiyimiz dəyişiklər təşkilatların fəaliyyətinin şəffaflığa yönəlməsinə xidmət edib.
Milli Demokratiya İnstitutunun fəaliyyətinə gəldikdə, onlar əvvəllər öz ölkələrində müxalif olan zaman da Azərbaycanda fəaliyyət göstəriblər. Amma öz sələflərindən – o vaxt iqtidarda olan Respublikaçılar Partiyasının maliyyələşdirdiyi və Azərbaycanda fəaliyyət göstərmiş Beynəlxalq Respublikaçılar İnstitutundan fərqli olaraq, onlar balanslaşdırılmış fəaliyyət göstərmirlər. Əlbəttə ki, beynəlxalq təşkilatlar ölkələrdə insan hüquqları, demokratiya və sair ilə bağlı müxtəlif layihə həyata keçirirlər. Lakin bütün bu fəaliyyət qarşılıqlı anlaşma, şəffaflıq çərçivəsində, məram və məqsəd aydın olmalıdır. Hər hansı təşkilatın fəaliyyəti ölkədə qarşıdurma yaratmağa, daxili sabitliyi pozmağa, ölkə həyatına müdaxiləyə yönəldikdə isə qarşısı alınmalıdır. Bu istiqamətdə Azərbaycan hüquq-mühafizə orqanlarının mövqeyi başa düşüləndir.
MDİ həyata keçirdiyi layihələrdə tərəfli partnyorlar seçib və onlar daha çox radikal siyasi müxalifətin təsiri altında fəaliyyət göstərənlərdir. Bizim onlara göstərəcək müqayisəmiz də var. Məsələn, Amerika Hüquqşünaslar Assosiasiyası, ABŞ Dövlət Departamentinin Beynəlxalq Əməkdaşlıq Agentliyi və sair bu kimi həm ABŞ təşkilatları, həm də bir çox Avropa təşkilatları qeydiyyatlarının olub-olmamasından asılı olmayaraq, daha çox balanslı, açıq fəaliyyət göstərərək, həm müxalifət ilə, həm də hakimiyyətlə tərəfdaşlıq edirlər. Ola bilsin ki, müəyyən hallarda onlar da müxtəlif məsələlərə müdaxilə edirlər, amma şəffaf fəaliyyət göstərirlər. Buna görə də Azərbaycanda hansısa ciddi problemlə üzləşməyiblər. Amma MDİ daha çox tərəfli mövqe tutur. Müstəqil yox, daha çox siyasiləşmiş QHT-lərlə layihələr həyata keçiriblər.
Eyni zamanda keçirdikləri bu layihələrin özü də tam şəffaf deyil. Baxmayaraq ki, buna görə MDİ təkziblər verir, amma ciddi əsaslandırmır. Müşahidə etmişik ki, radikal müxalifətin təsiri altında olan QHT-lər, hüquq müdafiəçiləri ilə layihələr həyata keçirib, amma bunu qapalı, qeyri-şəffaf ediblər. Bu, çox ciddi problemdir və MDİ Azərbaycandakı bu fəaliyyətində mütləq dönüş yaratmalıdır.
Azərbaycanda əvvəlki prezident və parlament seçkiləri zamanı müşahidə həyata keçirən çoxlu sayda radikal müxalifətə bağlı şəxslər, QHT-lər müşahidə prosesini məhz MDİ-nin maliyyə dəstəyi əsasında həyata keçirirdilər. Təəssüf ki, bu cür siyasi əhəmiyyət kəsb edən hadisələrin maliyyələşdirilməsi nə MDİ-nin özü tərəfindən, nə də maliyyələşdirdiyi şəxslər tərəfindən heç vaxt açıqlanmayıb.
Bütövlükdə demək istəyirəm ki, MDİ-nin, ABŞ səfirliyinin təkzibləri olsa da, İnstitutun fəaliyyətinin şəffaflığını şübhə altına alan çoxlu hərəkət var. MDİ bu hərəkətləri ciddi faktlarla təkzib etməyə borcludur və etməlidir. Bunu etmək əvəzinə, MDİ-nin hazırkı təkzib cavabları çox emosionaldır. Onlar özləri daim konstruktiv dialoqdan danışırlar. Təəssüf ki, onlara qarşı irəli sürülən iddialara çox emosional cavab verirlər. Məncə, bu adekvat cavab deyil. Biz ki, onlara qarşı cinayət işi qaldırmamışıq? Sadəcə, qaranlıq qalan suala cavab istəmişik. MDİ fəaliyyəti ilə bağlı şübhə, narahatlıq yaranıbsa, ona ünvanlanmış sualı, müraciəti cavablandırmağa borcludur. Buna emosional deyil, adekvat formada cavab verməlidirlər. Əks halda, MDİ-nin bu cür fəaliyyəti təbii ki, Azərbaycan hakimiyyətində, müstəqil araşdırmaçılarda ciddi suallar yaradır...
- MDİ fəaliyyətində vurğuladığınız dəyişikliyi etməsə, Azərbaycanla münasibətdə təşkilatı nə gözləyir?
- Azərbaycan beynəlxalq tərəfdaşlıq üçün də açıq dövlətdir. Məhz bu səbəbdən burada çoxlu beynəlxalq təşkilat fəaliyyət göstərir. Məsələn, Azərbaycanda ATƏT kimi böyük bir təşkilatın nümayəndəliyi var və bu yaxınlarda onun statusu ilə bağlı dialoqumuz oldu, biz də mövqeyimizi bildirdik.
Eyni zamanda, tam səmimi olaraq onu da demək istəyirəm ki, ölkədə elə beynəlxalq təşkilatlar var ki, ona Azərbaycan dövlətinin ehtiyacı yoxdur. Amma vətəndaş cəmiyyətinin ehtiyacı olduğu, ümumi demokratikləşmə prosesində xaricilərlə tərəfdaşlıq əlaqələrini qorumaq üçün biz onların fəaliyyətinə imkan veririk. Bu da bizim milli qanunvericiliklə yüksək səviyyədə tənzimlənir. Bu səbəbdən də MDİ Azərbaycan dövlətinin məktubuna, bəyanatına adekvat cavab verməsə, reaksiya olmasa, təbii ki, qanunvericilik çərçivəsində tədbirlər görüləcək. QHT haqqında mövcud qanunvericilik, bundan irəli gələn bütün məsuliyyət növləri, o cümlədən inzibati məsuliyyət növləri tətbiq oluna bilər.
- Burada qeydiyyatın ləğv olunmasından da söhbət gedir?
- O da nəzərdə tutulur.
Eyni zamanda, qanunvericilikdə daha ciddi sanksiyalar da var...
- MDİ-nin bu fəaliyyətinin Azərbaycanda prezident seçkiləri ərəfəsində qabarması seçkilərə kənar müdaxilələrdən xəbər verirmi?
- Hər dəfə Azərbaycanda seçki əvvəli, dediyim kimi, belə aktivləşmə müşahidə edirik və buna da reaksiyamız adekvat olur. Məsələlərin çox böyük hissəsinə dözümlü yanaşıb ictimailəşdirmirik. Amma müəyyən hədd var ki, ölkə qanunların ciddi şəkildə pozulmasına başlananda artıq məsələ bu ictimailəşir və reaksiyalar olur. O ki qaldı qarşıdan gələn prezident seçkilərinə müdaxilələrə, onu deyə bilərəm ki, MDİ-də fəaliyyət göstərən insanlar təcrübəli və bu işlərdə peşəkardırlar. Yəqin onların da öz araşdırmaları var və hətta bəzən etiraf edirlər ki, Azərbaycanda çox güclü sabitlik var, ölkə prezidentinin siyasəti xalq tərəfindən dəstəklənir. Ona görə də hesab edirəm ki, prezident seçkilərinə müdaxilə onlar tərəfindən ağılsızlıq və absurd olardı.
- Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara hansı formada nəzarət olunması və onlarla hazırkı münasibətlər barədə bilmək istərdik...
- Qeyd etdiyim kimi, Azərbaycanda çoxlu beynəlxalq təşkilat fəaliyyət göstərir. Hətta qeydiyyatsız da fəaliyyət göstərən təşkilatlar var və onlar üçün heç bir maneə yoxdur. Amma biz müşahidə etmişik ki, seçki prosesi ərəfəsində onlardan bəziləri aktivləşir. Məsələn, IREX, ATƏT kimi təşkilatlar seçki prosesi öncəsi aktivləşirlər. Baxmayaq ki, bir sıra halda onların bu aktivliyi müəyyənləşmiş balansı pozmaqla həyata keçirilir, amma Azərbaycan dövləti buna dözümlə yanaşır. Bu təşkilatlar Azərbaycanda keçmiş SSRİ məkanında ən liberal münasibət görüblər. Çünki biz açıq, azad ölkəyik.
Hazırda Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatın məqsəd və məramı məlumdur, onların layihələrinin icrası zamanı da heç bir sapma baş vermir. Mən bunu təkcə komitə sədri kimi yox, bir ictimai təşkilatın – Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri kimi də deyirəm. Çünki biz hüquq islahatları ilə bağlı bir sıra təşkilatlarla əməkdaşlıq edirik. Onlar Azərbaycana çox faydalı töhfələr veriblər. Onlarla əməkdaşlıqda bəzən müəyyən anlaşılmazlıqlar olsa da, açıq diskussiyaya üstünlük verdikləri üçün bu anlaşılmazlıqlar da həllini tapıb.
Azərbaycanda qanunlar çərçivəsində fəaliyyət göstərən təşkilatlar heç vaxt problemlə üzləşmir. Onlara hansısa nəzarət mexanizmini tətbiq etməyə ehtiyac qalmır. Ümumiyyətlə, biz təşkilatlara hansısa orqan tərəfindən nəzarət müəyyənləşdirməmişik. Onlar normal qaydada qeydiyyatdan keçməli, layihələr həyata keçirərkən maliyyə hesabatlılığı ilə bağlı müvafiq orqanlara hesabatlar verməlidirlər. Bundan başqa, biz beynəlxalq təşkilatlara hansısa nəzarət həyata keçirmirik.
- Son vaxtlar sosial şəbəkələrdə dövlət atributlarının təhqiri, eləcə də dövlət çevrilişinə çağırışlara rast gəlinir. Sosial şəbəkələrlə bağlı qanunvericilikdə yeniliklər nəzərdə tutulurmu?
- Eyni elektorat onlarca, hətta yüzlərcə addan istifadə edib, bu cür çağırışların çox olduğunu göstərmək istəyir, lakin mən onların əhəmiyyətli təsir imkanlarını görmürəm. Bu baxımdan onlar Azərbaycan üçün təhlükəli deyillər. Çünki onların arxasında real elektorat yoxdur. O ki qaldı istənilən halda burada qanuna zidd olan hərəkətlərlə bağlı ölçü götürülməsinə, açığı, mən də bu barədə nəsə deməyə çətinlik çəkirəm. Çünki Azərbaycanda internet azadlığı mövcuddur, onlar isə bundan sui-istifadə edirlər. Bu, artıq onların siyasi mədəniyyət məsələsidir. Məncə, biz buna dözümlü yanaşmalıyıq. Çünki Azərbaycanda reallıq belədir ki, həmin o azlıq heç vaxt ümumi vəziyyətə təsir edə bilməz.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.