Vətənini və xalqını qəlbən sevən gənclər xarici düşmənlərimizin çirkli pullarına aldanmaz
Azərbaycanda yaddaqalan daha bir siyasi hadisənin şahidi olacağıq. Söhbət bu ilin sonuna yaxın keçiriləcək prezident seçkilərindən gedir. Ölkəmizin inkişafını gözü götürməyən dairələr son vaxtlar bir qədər fəallaşaraq ictimai-siyasi sabitliyi pozmağa cəhd edir, gəncləri qeyri-qanuni aksiyalara cəlb etməyə çalışır və bu məqsədlə milli xəyanətkarlardan, satqınlardan və pula həris radikal müxalifət nümayəndələrindən bir alət kimi istifadə edirlər.
Əməkdaşımız Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirovla görüşüb bir sıra beynəlxalq təşkilatların demokratiyaya zidd hərəkətlərinə münasibət bildirməsini xahiş etmişdir.
- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvüsünüz. QHT-lərə dövlət necə kömək edir?
- Azərbaycan müstəqillik əldə etdikdən sonra çoxlu sayda qeyri - hökumət təşkilatları yaradıldı və bu təşkilatlar pərakəndə şəkildə fəaliyyət göstərirdi. Onlar bir sıra beynəlxalq təşkilatların, hətta ölkəmizi gözü götürməyən təşkilatların maraqları daxilində çıxışlar edirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin dekabrında imzaladığı fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı və bir il sonra möhtərəm Prezidentimizin sərəncamı ilə sura üzvləri təyin edildi. Bundan sonra Qeyri - Hökumət Təşkilatlarınin fəaliyyətində əsaslı dönüş nəzərə çarpdı. Milli mənafeyimizi qoruyan, hərbi vətənpərvərlik mövqeyindən çıxış edən, gəncliyin inkişafına diqqət göstərən, ölkəmizin inkişafında yaxından iştirak edən QHT-lərin fəaliyyətində böyük bir canlanma yarandı.
Bu gün Qeyri - Hökumət Təşkilatlarına yalnız maliyyə baxımından deyil, eyni zamanda qabaqcıl dövlətlərin bu sahədəki təcrübəsindən yararlanmaq istiqamətində də böyük köməklik göstərilir. Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu da fəaliyyət göstərir. Bu iki dövlət qurumu QHT-lərin maddi - texniki bazasının möhkəmləndirilməsində önəmli rol oynayır. QHT - lərin maliyyələşdirilməsi onların təqdim etdikləri layihələr əsasında aparılır. QHT - lər öz fəaliyyət istiqamətlərinə görə layihələr təqdim edir və bu layihələr ekspertlər tərəfindən müsabiqə yolu ilə seçilərək maliyyələşdirilir.
- Bu gün Azərbaycanda elə QHT - lər var ki, xarici təşkilatlar tərəfindən maliyyələşdirilir. Həmin xarici təşkilatların məqsədi nədir?
- Bilirsinizmi, son illər ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, iqtisadi cəhətdən getdikcə qüdrətlənməsi respublikamızda qarışıqlıq yaratmaq istəyən xarici düşmənlərimizi ciddi narahat edib. Onlar milli xəyanətkarları ələ alaraq qrantlar ayırır və onları daxildə ictimai - siyasi sabitliyi pozmağa yönəldirlər. Elə götürək son vaxtlar bir qrup gəncin qeyri - qanuni aksiya keçirmək cəhdini. İctimai Palata adlı qondarma qurum tərəfindən təşkil olunan, əsasən də AXCP və Müsavat Partiyası üzvləri olan gənclərin martın 10-da keçirdikləri qeyri - qanuni aksiyanın ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyi tərəfindən maliyyələşdirildiyi məlum oldu. Bu təşkilat əsasən dağıdıcı müxalifəti maliyyələşdirir, onları ölkədə qarşıdurma yaratmağa təhrik edir ki, bununla beynəlxalq təşkilatların diqqətini Azərbaycana cəlb etsin.
Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs son 3 ildə öz hesabından 2 milyon dollara yaxın vəsait çıxarmışdır. Bu vəsait əsasən müxalifətyönlü təşkilatların maliyyələşdirilməsinə yönəldilmişdir. Elə bir QHT- yə qrant verilmişdir ki, həmin təşkilat hələ də rəsmi qeydiyyata alınmamışdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən Aleks və onun kimiləri tərəfindən maliyyələşdirilən təşkilatların əsas məqsədi prezident seçkiləri ərəfəsində ölkədə qeyri - qanuni aksiyalar keçirmək, hakimiyyətlə xalq arasında süni narazılıq, qarşıdurma yaratmaqdır. Belə milli xəyanətkarların xarici düşmənlərimizin çirkli pulları hesabına ikrah doğuran hərəkətlərə yol verməsi azərbaycanlı adına ləkədir. Məsələn, Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin maliyyələşdirdiyi müxalifətyönümlü “Nida” adlı təşkilatın fəallarının ölkəmizdə təhlükəli təxribatlar törətməyə hazırlaşdıqlarının üstü açıldı. Nə yaxşı ki, hüquq- mühafizə orqanları belə xəyanətkarların çirkin əməllərinin qarşısını vaxtında aldılar. Mən belə satqınların təmiz azərbaycanlı olmasına şübhə edirəm. Çünki əsl azərbaycanlı öz xalqına, Vətəninə, millətinə xəyanət etməz.
- Ölkəmizdə ictimai - siyasi sabitliyi pozmaqda maraqlı olan dairələrin “xeyir - duası” ilə yaranan təşkilatlardan biri də Eldar Namazovun rəhbərlik etdiyi “EL” hərəkatıdır. Siz bu qurumun perspektivlərini necə qiymətləndirirsiniz?
- Açığını deyim ki, Eldar Namazovu siyasi aləmdə heç kim tanımır. O, nə siyasətçi kimi siyasətçidir, nə də politoloq kimi politoloq. Eldar Namazovun adicə danışıq qabiliyyəti, nitqi, siyasi düşünsə tərzi yoxdur. Cəmiyyətdə nə müxalifətçi, nə bitərəf, nə də iqtidar kimi qəbul edilir. Ortalıqda qalmış bir adamdır. İndi hansısa düşmən dairənin və ya erməni lobbisinin çirkli pulları hesabına bir qurum yaradıb və ona rəhbər təyin edilib. Bu gün erməni lobbisi hansı havanı çalsa, Eldar da ona oynamağa məhkumdur. Axı, özünün elə bir siyasi düşüncəsi yoxdur ki, hadisələrdən müstəqil səkildə baş çıxarsın? Belə satqın və xəyanətkarların vətəni olmur. Kim çox pul versə, onların adamı olurlar.
Eldar Namazov çox yaxşı bilir ki, ondan nəinki prezident, heç klub müdiri də olmaz. Çünki klub müdiri də olanda kim ona çox pul versə, onların dedikləri kimi hərəkət edəcək. Belə insanlar özlərini siyasət aləminə atmaqla iç üzlərini açmış olurlar. Eldar Namazovun siyasət meydanına atılması üzgüçülüyü bacarmayan uşağın özünü axar çaya atmasına bənzəyir. Təbii ki, həmin uşaq dərhal boğulacaq. Eldar Namazov da artıq boğulmağa başlayıb. Erməni lobbisinin himayədarlığı ilə özünə dəbdəbəli ofis alıb. Ancaq siyasət dəbdəbəli ofislə ölçülmür. Adamın gərək üzaqgörənliyi, düşüncəsi, təşkilatçılıq qabiliyyəti, dərrakəsi olsun. Bunların heç biri Eldar Namazovda yoxdur. Onun rəhbərlik etdiyi hərəkatdan nə olacaq? Belə qurumların ömrü çox qısa olur. Ona qrant verən xarici təşkilatlar da bir az sonra peşman olacaqlar.
- Siz Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatına rəhbərlik edirsiniz. Bu vaxta qədər hər hansı bir beynəlxalq təşkilatdan, xüsusilə ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyindən qrant almısınızmı? Axı, rəhbərlik etdiyiniz QHT sırf qaçqın və məcburi köçkün gənclərin problemləri ilə məşğul olur.
- Çox təəssüflər olsun ki, xarici təşkilatların heç biri bizimlə maraqlanmır. Bunun da əsas səbəbi təşkilatımızın onların sifarişlərini yerinə yetirməməsidir. Biz əsasən qaçqın və məcburi köçkünlərlə işləyən qeyri - hökumət təşkilatıyıq. Bizim kimi onlarla təşkilat var. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində bir milyondan artıq soydaşımız öz yurd - yuvalarından didərgin düşüb. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar hələ də qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın pozulmuş hüquqları ilə maraqlanmırlar. Təqdim etdiyimiz onlarla layihə heç vaxt maliyyələşdirilməyib. Bəzi xarici təşkilatlar Vətənini sevən, Azərbaycanın mövqeyindən çıxış edən təşkilatları maliyyələşdirmirlər. Onlar o təşkilatları maliyyələşdirirlər ki, onları idarə edə bilsinlər, öz iradələrinə tabe etdirsinlər və belə üzüdönüklər vasitəsilə çirkin niyyətlərini həyata keçirə bilsinlər. Əsasən də radikal müxalifət nümayəndələrini. Bu gün xarici təşkilatların daha çox əməkdaşlıq etdikləri QHT - lər əsasən AXCP və Müsavat Partiyasının nəzarətində olanlardır. Onlara külli miqdarda qrantlar ayıraraq ölkədə çaxnaşma yaradır, qeyri - qanuni aksiyalar təşkil edirlər. Xarici düşmənlərimizin çirkli pulları hesabına respublikamızın beynəlxalq aləmdə artan nüfuzuna xələl gətirən radikal müxalifət nümayəndələri, xüsusilə AXCP və Müsavat Partiyasının rəhbərləri belə antimilli əməllərindən xəcalət çəkməlidirlər. Bir faktı diqqətinizə çatdırmaq istərdim. 2011- ci ildə ABŞ-ın Demokratiyanı Milli Himayə Fondu (NED) ölkəmizin 25 QHT-sinin 26 layihəsi üçün 25 min dollardan 186 min dollara qədər, ümumilikdə 1 milyon 21 min dollar vəsait ayırmışdır. Maliyyələşdirilən layihələrin əksəriyyəti siyasi xarakter daşımış və müxalifətin dəstəklənməsinə yönəlmişdir. NED-in qrantlarını alan təşkilatlar öz fəaliyyətlərini dövlətçiliyin əleyhinə və Azərbaycanda insan haqlarının vəziyyəti ətrafında aparılan “qara piar” kampaniyasına yönəltmişlər. Budur onların “demokratlığı”, insan hüquq və azadlıqlarının müdafiəçisi rolunda çıxış etmələri. Bu gün demokrat cildində çıxış edən “Amnesty İnternational”, “Human Rights Watch”, “Avropada Sabitlik Təşəbbüsü”, ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin və bu qəbildən olan digər təşkilatların da əməlləri antidemokratiya üzərində köklənməyibmi?
- Siz gənclərlə, xüsusilə qaçqın və məcburi köçkün olan gənclərlə tez-tez görüşürsünüz. Yəni, doğrudanmı bizim gənclərimiz düşmən dairələrin çirkli pullarına asanlıqla aldanıb milli xəyanətkarlıq girdabına yuvarlana bilərlər?
- İstər ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyi olsun, istərsə də ikili standart nümayiş etdirən digər beynəlxalq təşkilatlar, onlar öz çirkin məqsədlərini Azərbaycanda həyata keçirə bilməyəcəklər. Məndə olan məlumata görə, ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs müxtəlif ölkələrdə də Milli Demokratiya İnstitutunun nümayəndiliyinə rəhbərlik edən zaman öz bəd əməlləri və gənclərin hakimiyyətə qarşı qeyri - qanuni aksiyalara cəlb edilməsinə külli miqdarda vəsait xərcləməsi ilə ad qazanıb. Moldovada “Twitter inqilabını” Azərbaycanda “Facebook inqilabı” kimi reallaşdırmaq istəyən Aleks Qriqoryevs və bu xislətdə olanlar ölkəmizin gəncləri haqqında bədnam fikrə düşməkdə yanılır. Onlar azərbaycanlı gəncləri çox asanlıqla tora sala bilməyəcəklər. Çünki ölkəmizdə gənclərin təhsil almaları, işlə təmin olunmaları və qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir, dövlət proqramları qəbul edilir və proqramların qarşıya qoyduğu vəzifələrin icrasına ciddi nəzarət olunur.
İndi respublikamızın əksər rayonlarında “Gənclər evi” tikilmişdir və bu sahədə işlər davam etdirilir. “2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”çərçivəsində 5 min gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. Hazırda ölkəmizdə 200-ə yaxın gənclər təşkilatı, çoxlu sayda tələbə gənclər təşkilatları fəaliyyət göstərir. Gənclərimiz QHT vasitəsilə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. İndi gənclərimizin səsi dünyanın müxtəlif ölkələrindən gəlir. Aleks Qriqoryevs və onun kimi ictimai - siyasi sabitliyi pozmaqda maraqlı olan bəzi beynəlxalq təşkilatların nümayəndələrinin toruna düşmüş bir qrup gənc isə asan yolla pul qazanmaq istəyənlərdir. Həmin gənclər çirkli pullara aldanaraq ictimai - faydalı əməklə məşğul olmaq istəmir və milli xəyanətkarlıq girdabına yuvarlanıblar. Onlar da səhv yolda olduqlarını dərk edəcək, gec - tez haqq yoluna qayıdacaqlar. Azərbaycan gəncliyi möhtərəm Prezidentimizin ətrafında sıx birləşib. Bu birliyi heç bir qüvvə poza bilməz.
Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.