Gürcüstanın xarici işlər naziri: “Azərbaycan ilə Gürcüstanın strateji tərəfdaşlığı regionda sabitliyin çox mühüm amilidir”

 

 

 Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Azərbaycana səfəri çərçivəsində AzərTAc-a verdiyi məxsusi müsahibədə ölkələrimiz arasındakı münasibətlərinin əsas istiqamətlərindən və perspektivlərindən danışmışdır.

- Xanım nazir, Azərbaycana xoş gəlmisiniz! İlk sualımız ölkələrimiz arasında münasibətlər barədədir. Bütövlükdə Azərbaycan ilə Gürcüstanın qonşuluğunu necə qiymətləndirirsiniz?

- İlk növbədə, icazə verin, sizin hamınızı ölkənizdə ən mühüm bayram olan Novruz münasibətilə təbrik edim. Birinci dəfədir ki, bu bayramda Bakıya gəlmişəm və Bakı baharı mənim çox xoşuma gəlir.

Suallarınızı məmnuniyyətlə cavablandıracağam, çünki ölkənizi, Bakını çox sevirəm. Bu, mənim xarici işlər naziri kimi buraya ikinci səfərimdir. Yəqin, yadınızdadır, hökumətimiz işə başlayan kimi Baş nazirimiz Brüsseldən sonra dərhal Bakıya gəlmişdi. Bu, Brüsseldən sonra Baş nazirimizin ilk səfəri idi və onu mən müşayiət edirdim. Bu səfər keçən ilin dekabrında olmuşdu. Məni ölkənizlə çox şey birləşdirir, burada olmağımdan məmnunam.

İndi isə terrorizmə qarşı mübarizəyə dair beynəlxalq konfransda iştirak etmək üçün gəlmişəm. Bundan başqa, səfər çərçivəsində mən Azərbaycan Prezidenti ilə, Baş nazirlə, parlament sədrinin birinci müavini ilə və əlbəttə, həmkarım - xarici işlər naziri ilə görüşmüşəm. Mədəniyyət naziri ilə çox maraqlı görüşüm olub. Bir sözlə, bu, çox səmərəli səfər olmuşdur. Düşünürəm ki, bu, ölkələrimiz arasında münasibətlərin səviyyəsini nümayiş etdirir. Yaxşı münasibətlərimiz təkcə qonşu olmağımızdan irəli gəlmir, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Bu, təkcə ikitərəfli münasibətlərdə deyil,  çoxtərəfli münasibətlərdə də özünü büruzə verir. Bizim çox sıx iqtisadi əlaqələrimiz, bir çox ümumi layihələrimiz vardır. Belə hesab edirəm ki, Azərbaycan və Gürcüstan bu əməkdaşlığı, strateji tərəfdaşlığı inkişaf etdirməlidirlər. Çünki bu, regionumuzda sabitliyin çox mühüm amilidir.

- Regional layihələrin həyata keçirilməsi zamanı Azərbaycan-Gürcüstan əlaqələrinin əhəmiyyətini nədə görürsünüz? 

- Bizi bir çox regional layihələr birləşdirir. Neft və qaz kəmərlərini misal göstərmək kifayətdir. Bunlar Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və s. kəmərlərdir. Əlbəttə ki, hazırda həyata keçirilən yeni layihəni də qeyd etmək lazımdır. Bu, əməkdaşlığımızda mühüm mərhələ olacaq Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu dəmir yolu bu il açılacaq və ümidvaram ki, ölkələrimiz üçün çox faydalı olacaqdır.

Bundan başqa, Azərbaycan ilə birlikdə GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. kimi bir sıra çoxtərəfli formatlarda iştirak edirik. Qeyd etdiyim kimi, təkcə ikitərəfli deyil, çoxtərəfli münasibətlərimiz də əhəmiyyətlidir. Bir neçə gündən sonra Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Gürcüstana səfər edəcəklər. Belə üçtərəfli formatımız vardır, biz onu Trabzon formatı adlandırırıq. Bu format ilk dəfə keçən il həyata keçirilmişdir, bu il isə ikinci görüş Batumidə olacaqdır. Orada biz üç ölkəni birləşdirən məsələləri müzakirə edəcəyik. Belə məsələlər çoxdur.

- Siz Gürcüstanın iqtisadi inkişafına sərmayə qoyan bir ölkə kimi  Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan Gürcüstan üçün çox mühüm iqtisadi amildir. Çünki Azərbaycanın Gürcüstana birbaşa investisiyaları lap çoxdur, ölkəniz iqtisadiyyatımıza qoyulmuş sərmayələrin həcminə görə ikinci yeri tutur. Təkcə keçən il Azərbaycan sərmayəsinin iştirak etdiyi 134 müəssisə qeydə alınmışdır. Belə müəssisələrin sayı 500-dən çoxdur. Bu, onu göstərir ki, bizim çox sıx iqtisadi əlaqələrimiz vardır. Gürcüstana yönəldilmiş bütün birbaşa investisiyaların 12 faizi Azərbaycandandır. Bu, çox şey deməkdir. Biz çox istəyirik ki, belə müəssisələrin sayı daha da artsın. Çünki belə qonşu yardımından yaxşı şey yoxdur. Üstəlik, bu əlaqələr regionda sabitlik və yaxşı münasibətlər üçün çox əhəmiyyətlidir.

- Qeyd etdiyiniz kimi, bu il Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu işə salınacaqdır. Dəmir yolunun Gürcüstan hissəsində tikinti işlərinin gedişi barədə nə deyə bilərsiniz?

- Zənnimcə, biz nəzərdə tutulan iş cədvəlinə əməl edirik.  Gürcüstan tərəfindəki hissənin tikintisini bu ilin sonunda başa çatdırmağa heç nə mane olmayacaqdır. Biz nəinki Avropanı Asiya ilə birləşdirəcək, həm də Əfqanıstandan Avropaya uzanan çox mühüm nəqliyyat yolu olacaq yeni polad magistralın açılışını səbirsizliklə gözləyirik. Biz ölkələrimiz üçün bir çox müsbət dəyişiklikləri bu layihə ilə əlaqələndiririk.

- Xanım nazir, müsahibəyə görə çox sağ olun.

- Sağ olun.

Albina ATLIXANOVA

AzərTAc-ın müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında