Antiazərbaycan qüvvələr bəd niyyətlərini “El” hərəkatı pərdəsi arxasında gizlətməyə çalışırlar

 

 

Bu günlərdə radikal müxalifət düşərgəsində yeni yaradılan “El” hərəkatı adlı qondarma qurum fəaliyyətə başladığını elan edib. Adıçəkilən hərəkatın perspektivi barədə danışmağa dəyməz. Çünki qarşıdurmalarla, ziddiyətlərlə dolu olan bu düşərgənin özündə belə “El”in gələcəyinə heç bir inam yoxdur. Bəziləri bunun növbəti dəfə dağıdıcı müxalifətin daxilində parçalanmağa hesablanmış addım olduğunu deyir, bəziləri isə xaricdən daha çox qrant almaq üçün bir vasitə kimi ortaya atıldığını bildirirlər. Azərbaycanın tanınmış siyasətçiləri, millət vəkilləri və siyasətşünasları da deyilənləri təsdiqləyirlər.

Siyavuş NOVRUZOV, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı:

– “El” hərəkatı sadəcə diqqəti cəlb etmək üçün ortaya atılmış bir təşkilatdır. İnsanlar hərdən bir kostyumlarını dəyişdiyi kimi, bunlar da təşkilatlarının adlarını dəyişirlər. Bu hərəkat oldu, olmadı, onun ətrafına cəmləşən adamların nə mahiyyəti, nə də xüsusiyyəti dəyişəcək. Həmçinin, cəmiyyətin də onlar haqqında fikri konkretdir. İctimaiyyət onları qəbul etmir və bu, belə də olacaq. Lap istəyirlər, hərəkatın adını “El” yox, “Sel”, “Dağ”, “Qaya” qoysunlar. Mahiyyət dəyişmir və tamamilə mənasız bir ideyadır. Sadəcə olaraq, müəyyən dövrdə diqqəti cəlb etmək üçün atılmış bir addımdır. Özü də bu adamların Azərbaycanda heç bir sosial bazası, elektoratı yoxdur.

Riyaziyyatda belə bir tərif var ki, toplananların yerini dəyişəndə, cəm dəyişmir. Bunlar da hansı işə əl atsalar, nəticə ortadadır. Onlar gah “Ziyalılar Forumu”, gah da “Ziyalılar Hərəkatı” yaratdılar. Ondan da keçdilər “El” hərəkatına. Bir azdan başqa ada keçəcəklər, yəni bu adamlar sadəcə gündəmdə qalmaqdan ötrü ortaya belə məsələlər atırlar. Onlar Azərbaycan cəmiyyətində qəbul olunmayan insanlardır. O insanların nə yaratmalarından asılı olmayaraq, heç bir səmərəsi olmayacaq. Çox keçmədən “El”in daxilində də ciddi fikir ayrılıqları yaranacaqdır. Azərbaycan cəmiyyəti yaxşı başa düşür ki, bu cür insanlar öz şəxsi maraqları naminə çalışırlar, onları xalqın, insanların, cəmiyyətin problemləri maraqlandırmır, öz maddi maraqlarını güdürlər, özlərinin maddi şəraitlərini yaxşılaşdırmaq üçün çalışırlar və bu hərəkata da yalnız bir vasitə kimi baxırlar.

Zahid ORUC, Milli Məclisin deputatı:

– Siyasi-politoloji nöqteyi-nəzərdən birinci anlayışlara diqqət yetirməliyik. Hərəkat özlüyündə əhalinin böyük əksəriyyətini təmsil edən, daha çox xalq birliyi xarakterini daşıyan və əsas ideoloji fikri əsas götürərək milli səfərbərliyi təmin etməyi bacaran, buna qadir olan qurumlara deyilir. Hazırki halda isə yalnız adın mənimsənilməyindən söhbət getdiyini görürük. Yəni görünür ki, Eldar Namazov adının iki hərfini bu hərəkata qoymağı vacib bilib, sonra da onun adından qalan “dar” hissəsini də seçkidən sonra hərəkata əlavə edəcək. İndi “Ziyalılar Birliyi” deyilən, əslində isə daha çox müxtəlif zəmində hakmiyyətdən incimiş olanların bir klubu kimi fəaliyyət göstərən “Ziyalılar Forumu”nun da bütün nüvəsi həmin quruma daşınmayıb. Forumdan təkcə Eldəniz Quliyev və Gültəkin Hacıyevanın iştirakı ilə təqdimatın keçirilməsi də bunu bir daha təsdiqləyir.

Eldar Namazov liderlik keyfiyyətindən tamamilə uzaq bir siyasi fiqurdur. Onun siyasi portretindəki ən əsas cizgi tənhalıqdır. Bunu onun keçmişi də sübut edir. Eldar Namazovda xarizmatik keyfiyyətlərin olmaması, insanları birləşdirmək, hansısa ideyalara çatdırmaq yönündə fəaliyyət aparmaq əzminin görünməməyi bizdə o qənaət yaradıb ki, belə bir şəxsin təmsil olunduğu hər hansı bir qurumun hakimiyyətə alternativ olma şansı yoxdur. Təkcə bu fakt bizə onu deməyə əsas verir ki, hərəkat ictimai-siyasi hadisələrə təsir göstərən və yenilikçi mövqeyi ilə seçilən bir quruma çevrilməyəcəkdir.

Faktiki olaraq bu hərəkat kimləri təmsil edir və hansı təbəqəyə istinad edir? Hərəkatın bəyanatında qeyd olunur ki, guya qeyri-siyasi kəsim, indiki dövrdə apolitik kütlə sayılan dairələr onun əsas bazisi olacaqdır. Həqiqətənmi Eldar Namazovun indiki resursları həmin sosial bazanı öz elektoratına çevirə biləcəkdir? Potensial olaraq müxtəlif narazı qüvvələr hansısa bir formada ölkədə dəyişiklik istəyirsə, bunu bütün hallarda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərdə görürlər.Yəni protest elektoratı kimi xarakterizə olunan qüvvələr heç bir halda həmin şəxsin bazisinə çevrilməyəcəkdir. Digər tərəfdən, belə bir sual da ortaya çıxır: ölkəmizin ziyalı kəsimi Eldar Namazovun timsalında Azərbaycanın siyasi gələcəyini görə bilərmi? Qətiyyən yox! Çünki onun siyasi parametrləri insanlara uzaqlaşdırıcı təsir göstərir. Belə şəxslər daha çox icraçı kimi fəaliyyət göstərə bilərlər. Çünki müəyyən həlledici məqamlarda doğru qərar vermək imkanlarına malik deyillər. Halbuki komanda quruculuğunda siyasi nöqteyi-nəzərdən bu çox önəmli keyfiyyətlərdən hesab olunur. Buna görə də hansısa yenilikçi gənclər ordusunun, Avropa təmayüllü və liberal xətti daşıyan insanların Eldar Namazova güvənməməsi və burada təmsil olunmamaları bu klubun gələcəyi haqqında bizə dəqiq fikir söyləməyə imkan verir.

Əslində, mən sizə çox açıq deyim: hakimiyyət üçün belə zəif müxalif qüvvələr çox sərfəlidir. Bunların yol xəritəsi aydındır. Düşüncə sistemi, atacaqları addımlar və onun ümumi əhatə dairəsi və sair bəllidir və proqnozlaşdırıla biləndir. Mənə elə gəlir ki, “El” Rusiyadakı milyarderlərin demirəm, milyardlarını və ya milyonlarını, amma müəyyən miqdarda vəsaitlərini qoparmağa hesablanmış qondarma bir qurum kimi meydana çıxıb. Buna nə dərəcədə nail olacaqlar, onu zaman göstərəcəkdir. Birmənalı şəkildə deyə bilərəm ki, “El” hərəkatı hakimiyyətə iddialı partiya modeli deyil. Necə deyərlər, konkret pul qazanmaq iddiası ilə ortaya atılan bir qurumdur.

Təqdim etdi:

R.ƏLİYEV,

A.ƏLİYEV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında