Aslan ASLANOV: Azərbaycanın dünyada nüfuzu artdıqca AzərTAc-ın da beynəlxalq əlaqələri möhkəmlənir

 

 

Artıq iqtisadi inkişaf səviyyəsinə görə planetimizin ən sürətlə inkişaf etmiş ölkələri sırasında mövqeyini getdikcə gücləndirən Azərbaycanın dünyada nüfuzu artdıqca AzərTAc-ın da beynəlxalq əlaqələri möhkəmlənir.

AzərTAc xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanov  Bakıda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclası zamanı jurnalistlərə müsahibəsində demişdir. Bildirmişdir ki, AzərTAc dünyanın ən iri informasiya alyansının üzvlərindən biridir.

 Hazırda AzərTAc bu nəhəng informasiya alyanslarından bir neçəsinin rəhbər orqanlarında fəaliyyətini uğurla davam etdirir. Eyni zamanda, AzərTAc bir sıra çox nüfuzlu informasiya agentlikləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrini də fəal surətdə davam etdirir.

 AzərTAc-ın baş direktoru demişdir ki, bu əlaqələrdən əlavə, agentlik bu gün iki ən nüfuzlu birliyə rəhbərlik edir. MDB-nin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurası da belə bir nüfuzlu regional informasiya agentliklərdəndir. Bu Birliyin nizamnaməsinə əsasən, ona uzun illər Rusiyanın İTAR-TASS agentliyinin sabiq baş direktoru Vitali İqnatenko sədrlik etmişdir. Bu gün Bakıda keçirilən MDB üzvü olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasında isə İTAR-TASS agentliyinin hazırkı baş direktoru Sergey Mixaylov şuranın yeni sədri seçilmişdir.

Aslan Aslanov qeyd etmişdir ki, bu gün Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclasında regionumuzu maraqlandıran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır. Qloballaşan dünyada informasiya cəmiyyətinin yarandığı indiki şəraitdə informasiya agentliklərinin qarşısında daha mühüm və geniş məsələlər durur. Bu Şura həm Avropa, həm də Asiya qitəsinin müəyyən bir hissəsini əhatə edən informasiya məkanında informasiya agentliklərinin fəaliyyətini əlaqələndirmək, təcrübə mübadiləsini genişləndirmək məqsədi ilə bir sıra faydalı tədbirlərin reallaşmasına kömək göstərir və ümumi istiqamətdə işimizə kömək edir.

Bu gün iclasda bir sıra cari məsələlərdən əlavə, informasiya texnologiyalarının sürətli inkişafı dövründə internet jurnalistikası, sosial şəbəkələrlə ənənəvi media arasında mövcud olan münasibətlərə də toxunulmuşdur. Eyni zamanda, bu qlobal problemin həlli istiqamətində fikir mübadiləsi aparılmışdır.

 AzərTAc-ın baş direktoru demişdir ki, bugünkü iclasın gündəliyində olan mühüm məsələlərdən biri - 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar Rusiya tərəfinin təklifi əsasında çox böyük tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Aslan Aslanov vurğulamışdır ki, Azərbaycan bu tədbirlərdə çox fəal surətdə  iştirak etməlidir. Çünki Azərbaycanın oğul və qızları da bu müharibədə qəhrəmanlıqla döyüşmüş, minlərlə soydaşımız alman faşizminə qarşı döyüşlərdə həlak olmuşdur.

Baş direktor jurnalistlərə Azərbaycan tərəfinin iclasda irəli sürdüyü daha bir mühüm təklif haqqında məlumat verərək demişdir:  “Biz məsələ qaldırdıq ki, 2013-cü il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilidir. Ulu öndər Heydər Əliyev nəinki Azərbaycan dövlətinin banisi və qurucusudur, bu dahi şəxsiyyət həm də MDB ölkələrinin hər birinin sosial-iqtisadi, humanitar sahəsinin inkişafında müstəsna xidmətləri  olmuş dünya şöhrətli dövlət xadimi və siyasətçidir. Hazırda MDB məkanında yaşayan hər bir insanın qəlbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi yeri vardır”.

İclas bizim bu məsələ ilə bağlı təklifimizi əsas götürərək qərara aldı ki, şuraya üzv olan dövlətlərin informasiya agentlikləri ulu öndərimiz Heydər Əliyevin 90 illik yubiley tədbirlərinin geniş işıqlandırılması ilə bağlı  konkret tədbirlər həyata keçirsinlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında